Məhkəmə qərarları › İş №1(003)-472/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-472/2025

20.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-472/2025 20.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X5, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 255.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Qanunları ilə müəyyən edilmiş qaydada qeydiyyata alınmadan 2024-cü ilin oktyabr ayından xx.xx.2025-ci il tarixədək olan müddət ərzində Abşeron rayonunun inzibati ərazisi olan, Bakı şəhəri, Xəzər rayonu Türkan qəsəbəsi “Türkan-1” əhəng daşı faydalı qazıntı yatağının ərazisində yerləşən 40.390273, 50.209074; 40.390083, 50.210509 koordinatlı sahədə yerləşən 800 kv. metr torpaq sahəsində yerin təki hesab olunan yer qabığının yer səthindən və torpaq qatından istifadəsi mümkün olan dərinliklərədək uzanan əhəng daşı süxurlarını iki ədəd daşkəsən kombayndan istifadə etməklə qazıb çıxarmaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi X9 X1 “Dağ-Mədən Ayırması” aktı olmadan daş karxanası kimi qanunsuz fəaliyyət göstərərək həmin ərazidə 800 kv. metr sahədə 0,4 metr dərinlikdə 129 metr uzunluğunda 6 metr enində 320 kub metr həcmdə və xx.xx.2025-ci il tarixdə xx.xx.2025-ci il tarixədə olan müddət ərzində isə həmin ərazidə qazılmış 800 kv.m sahənin enini 4 metr də artıraraq ümumilikdə 1.290 kv. metr sahədə 0,4 metr dərinlikdə 129 metr uzunluğunda 10 metr enində 516 kub metr həcmdə əhəng daşı qazıb çıxardaraq hasil etməklə istintaqa məlum olmayan şəxslərə vahid niyyətlə satıb mənfəət əldə edərək Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ziyan vurmaqla və əhəng daşı kimi faydalı qazıntının yerləşdiyi həmin ərazidə cəmi 1.290 kv. metr sahədə “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci, 4-cü, 9-cu, 10-cu, 13-cü, 17-ci, 21-ci, 27-ci, 30-cu və 31-ci maddələri ilə nəzərdə tutulmuş tələblərə əməl etmədən faydalı qazıntıların keyfiyyətini aşağı salınmasında, yerin məhsuldar qatının korlanmasında, yataqların sənaye əhəmiyyətli işləməsini mürəkkəbləşdirməklə ifadə olunan hərəkətlərlə torpaq sahəsinin vəziyyətinin pisləşməsi və ətraf mühit obyektinin ekoloji vəziyyətinin korlanmasına səbəb olmaqla yerin təkinin qorunması və istifadə qaydalarını pozmaqla təbiətə 7.224 (yeddi min iki yüz iyrmi dörd) manat məbləğində əhəmiyyətli zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona CM- nin 255.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək bildirdi ki, uzun müddətdir ki, Türkan qəsəbəsində yaşayır. Həmin qəsəbədə ata-babasından qalma torpaq sahəsi vardır. Həmin sahə ona 99 illik icarə müqaviləsinə əsasən verilmişdir. Maddi imkanı aşağı olduğundan həmin torpaq sahəsində olan əhəng daşı suxurlarından iki ədəd daşkəsən kombaynla mişar daşı kəsərək satmağa başlamışdır. Bir müddət sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi X9 X2 əməkdaşları həmin əraziyə gələrək akt tərtib etmişlər. Belə ki, onun əhəng daşını kəsərək istifadə etməsinə müvafiq icazəsi olmamışdır. Əlavə olaraq Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşman olduğunu, vurduğu maddi ziyanı qismən ödədiyini bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Zərərçəkmiş şəxs qeyd etdi ki, xidməti vəzifəsi təhkim olunmuş ərazidə ekoloji tarazlığın və təhlükəsizliyin təmin edilməsi məqsədilə monitorinqlərin aparılmasından, mövcud olan qanun pozuntularına dair İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən tədbirlərin görülməsindən ibarətdir. Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, “Türkan-1” əhəngdaşı yatağında qanunsuz olaraq əhəngdaşı hasilatı işlərinin aparılması faktı aşkar edilərək tərəfindən akt tərtib edilmişdir. Belə ki, “Zeytun bağları” olaraq tanınan ərazidən bir qədər irəliyə doğru getdikdən yolun sol tərəfindən bir qədər aralıda, Təqsirləndirilən şəxs tərəfindən bir ədəd daşkəsən kombayn texnikası vasitəsilə mişar daşı hasilatı aparılması faktı aşkar edilmişdir. xx.xx.2025-ci il tarixdə 88746 nömrəli Akt tərtib edilərək vurulmuş ziyan müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixə dair aparılmış hasilat işləri hesablanmış və müəyyən edilmişdir ki, orta istismar dərinliyi 0.4 metr, qazıntı işləri aparılmış ərazinin uzunluğu 129 metr, eni isə 6 metr təşkil etdiyindən 800 m2 ərazidə 320 m3 həcmində hasilat işlərinin aparıldığı aşkar edilmişdir. Əraziyə təkrar keçirilən baxış zamanı aparılmış hasilat işlərinin artması, belə ki, qazılmış sahənin en hissəsinin 6 metrdən 10 metrə artması yəni işlərin davam etdirilməsi aşkar edilmişdir. Şahid tərəfindən ərazinin ölçü işləri “Garmin” GPS ölçü aləti vasitəsilə koordinatlar götürülərək hesablama yolu ilə aparılmışdır. Bundan başqa ərazidə mişar daşının kəsilməsi üçün nəzərdə tutulmuş bir ədəd şırımaçan texnika mövcuddur. Yekun ziyan hesablanaraq cədvəl formasında sonradan araşdırmaya təqdim edilmişdir. Belə ki, hesablamaya əsasən 1290 m2 ərazidə 516 m3 həcmində yeni hasilat işlərinin aparıldığı müəyyən olunmuşdur. Faktla bağlı tərtib edilmiş akt və toplanmış sənədlər X4 Xidmətinə göndərilmiş və orada toplanmış material tədbir görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinə göndərilmişdir. İdarəyə dəymiş 7224 manat maddi ziyandan 500 manat ödəniş edilmişdir. Qalan 6724 manat məbləğindən heç bir ödəniş edilməmişdir. Verilmiş mülki iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid Ekologiya və Təbii Sərvətlər Nazirliyi X9 X2 aparıcı mütəxəssisi Şahid verdiyi ifadəsində zərərçəkmiş hüquqi şəxsin və mülki cavabdehin nümayəndəsinin ifadəsinə oxşar məzmunli ifadə verərək sonuncunun bildirdikləri xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli aktdan aydın olur ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində "Türkan-1” əhəng daşı yatağında yerin təkindən qanunsuz istifadə halı aşkar edilmişdir; - xx.xx.2025-ci il tarixli baxış keçirilməsi barədə protokoldan müəyyən edilir ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi "Türkan-1” əhəng daşı yatağına baxış keçirilmişdir. xx.xx.2025-ci il tarixə 800 kv. metr sahədə, 0.4 metr dərinlikdə 129 metr uzunluğunda, 6 metr enində 320 kub metr həcmdə əhəng daşı hasilatı aparıldığı müəyyən edilmişdir. Daha sonra keçirilən baxış zamanı qazılan ərazinin dərinliyində və uzunluğunda dəyişiklik olmasa da, eninin 6 metrdən 10 metrə qalxdığı müəyyən olunmuşdur; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur; - Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınma haqqında xx.xx.2025ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır; - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞnin müstəntiqi E.Ağayev tərəfindən Azərbaycan Respublikasının CM-nin 255.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - xx.xx.2025-ci il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir; - Zərərçəkmiş hüquqi şəxs tərəfindən verilmiş mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurduğu zərərin əvəzi kimi 6724 manat məbləğində pulun tutularaq mülki iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs təqsirinin mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 255.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 255.1-ci maddəsinə əsasən dağmədən müəssisələrinin və ya yeraltı qurğuların, faydalı qazıntıların çıxarılması ilə əlaqəsi olmayan layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi, istismara buraxılması və ya istismarı zamanı yerin təkinin qorunması və istifadə edilməsi qaydalarının pozulması, habelə faydalı qazıntıların yerləşdiyi ərazidə qanunsuz tikinti aparılması əhəmiyyətli zərərə səbəb olduqda- altı min manatdan on min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs vurulmuş maddi ziyanı qismən ödəməsini, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını (CM-59.2.) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 255.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, cəza çəkdiyi bütün dövr ərzində ona elektron nəzarət vasitəsi tətbiq edilməli, cəzasını çəkdiyi dövrdə axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməməli, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirməlidir. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxsnın yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməli, cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs hüquqi şəxs və mülki iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbİi Sərvətlər İdarəsi tərəfindən verilmiş mülki iddia təmin edilməlidir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 67-ci bəndində qeyd edilir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci maddəsində qeyd edilir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə görə Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. 183.2-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. 316.1-ci maddəsinə əsasən mülki iddiaçı verdiyi iddianı müdafiə etmək üçün bu Məcəllənin 89.4-cü maddəsində nəzərdə tutulmuş hüquqlardan istifadə etməklə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak edə bilər. 316.2-ci maddəsinə görə mülki iddiaçı və ya onun nümayəndəsi məhkəmə iclasına gəlmədikdə mülki iddia baxılmamış saxlana bilər. Bu, mülki iddia vermiş şəxsi iddianı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququndan məhrum etmir. 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərar qəbul edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs hazırki cinayət əməli nəticəsində zərərçəkmiş şəxs və mülki iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbİi Sərvətlər İdarəsinə 6724 manat maddi ziyan vurması tam sübuta yetirildiyindən tam təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həlledir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1 -ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 255.1-ci maddəsi ilə təqsieləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əasasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 255.1-ci maddəsi i ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Məktəbli küçəsi, döngə 2, ev 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Mülki iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbİi Sərvətlər İdarəsinin mülki iddiası təmin edilsin, Təqsirləndirilən şəxs 6724 (altı min yeddi yüz iyirmi dörd) manat məbləğində vurulmuş maddi ziyan tutularaq iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbi Sərvətlər İdarəsinə ödənilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi vaxta görə 165 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar