Məhkəmə qərarları › İş №1(003)-475/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-475/2023

07.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-475/2023 07.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1962-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2anında yaşayan, ünvan 3i Qərarı ilə barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş, həbsetmənin əvvəli tutulduğu 01 noyabr 2023-cü il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 20 yanvar 2023-cü il tarixdə, saat 21:40 radələrində etibarnamə əsasında idarə etdiyi X2 məxsus “Ford Connect” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xəzər rayonu Şüvəlan-Mərdəkan avtomobil yolu ilə Mərdəkan körpüsü istiqamətində saatda 30-40 km sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq onun hərəkəti üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görüb hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməmiş, mövcud şəraitdə ehtiyatsızlıqdan Mərdəkan körpüsü yaxınlığında yerləşən işıqforda yolu piyada keçidi ilə soldan-sağa keçməkdə olan piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan avtomobilin ön hissəsi ilə vuraraq ona sağ bazu sümüyünün orta üçdə birinin, sol incik sümüyünün, sağ qamış sümüyünün kondiluslararası yerdəyişməyən, oynaqdaxili sınıqları, alın nahiyəsinin sıyrıqları, sağ dizin əzilmiş yarası ilə nəticələnən və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərərvurmaya aid bədən xəsarəti almasına səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxin ifadələri, cinayət işinin materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, etibarnamə ilə idarə etdiyi “Ford Connect” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobillə 20 yanvar 2023-cü il tarixdə, saat 21:40 radələrində Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində Şüvəlan qəsəbəsindən Mərdəkan körpüsü istiqamətinə saatda 30-40 km sürətlə hərəkət edirmiş. Şağan işıqforuna çatanda işıqforun yaşıl işığı yandığından hərəkətini davam etdirmişdir. Piyada keçidinə çatanda piyada keçidinin üzərində sonradan adını bildiyi Oktay adlı piyadanın yolu keçməsini görüb həmin piyadanı vurmamaq üçün əyləci sıxmış, lakin qəzanın qarşısını ala bilməyib avtomobilin qabaq hissəsi ilə həmin piyadanı vurmuş və piyada zərbənin təsirindən yerə yıxılmışdır. O, cəld avtomobildən düşüb Oktaya yaxınlaşmış və onun xəsarət aldığını bilib onu avtomobili ilə xəstəxanaya aparmışdır. Oktay xəstəxanada 20 gün yatdıqdan sonra evə buraxılmışdır. Həmin vaxt o, 2-3 dəfə xəstəxanaya gedib Oktaya baş çəkmiş və gücü çatdığı məbləğdə maddi yardım göstərmişdir. Ehtiyatsızlıq üzündən törətdiyi bu əməlindən səmimi peşman olmuş və Oktay ilə barışaraq ona dəymiş maddi ziyanı tamamilə ödəmişdir. Hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Barışmalarının nəzərə alınaraq onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, 20 yanvar 2023-cü il tarixdə, saat 21:40 radələrində Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsi ərazisində Mərdəkan-Bakı yolunu X5 doğru piyada zolağı ilə piyada keçərkən Mərdəkan qəsəbəsindən Bakı şəhəri istiqamətinə hərəkət edən sonradan adını bildiyi Yaşar adlı şəxs idarə etdiyi “Ford Connect” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobillə onu vurduğundan huşunu itirərək yerə yıxılmış, ayılanda artıq xəstəxanada olduğunu görmüşdür. Qabırğaları qırılmış, ayaqlarında sınıq olmuşdur, qollarına mil qoyulmuşdur. Maddi vəziyyəti ağır olduğundan, qohum-əqrəbasından təxminən 7-8 min manat pul borc alaraq müalicəsinə xərcləmişdir. Hazırda səhhəti yaxşıdır, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tamamilə ödədiyindən, o, onunla barışmışdır, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar ondan heç bir şikayəti və ya digər tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxsə hər hansı cəzanın verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokola əlavə edilmiş Sxemdən görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsi ərazisində Mərdəkan-Bakı yolunu X5 doğru istiqamətdə baş vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzindən alınmış sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 20 yanvar 2023-cü il tarixli 1/302 №-li aktla müəyyən edilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 26 yanvar 2023-cü il tarixli, 85 saylı rəyindən görünür ki, 2004-cü il təvəllüdlü X3 bədəni üzərində sağ bazu sümüyünün orta üçdə birinin, sol incik sümüyünün, sağ qamış sümüyünün kondiluslararası yerdəyişməyən, oynaqdaxili sınıqları, alın nahiyəsinin sıyrıqları, sağ dizin əzilmiş yarası aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən onun “X7” X9 müraciətindən az əvvəl törənmişlər, 20 yanvar 2023-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsirindən törənmələri istisna olunmur və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvurmaya aiddirlər. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 5 aprel 2023-cü il tarixli, 8/769 saylı rəyi ilə müəyyən olunmuşdur ki, “Ford Connect” markalı, **- HL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbayjan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85,00 (səksən beş) manatdır. İş materiallarında olan Azərbayjan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin 03 aprel 2023-cü il tarixli, 3-13-16/2-39637/2023 saylı məktubundan görünür ki, DİN-nin Baş X10 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx xxxx 1962-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 05 fevral 2018-ci il tarixdə (05 fevral 2028-ci ilədək etibarlı olan) AD 136114 nömrəli “B C D BE CE DE” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-475/2023 saylı 09 oktyabr 2023-cü il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs bir neçə dəfə təyin edilmiş məhkəmə iclaslarına heç bir üzrlü səbəb olmadan gəlmədiyinə görə barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. İş materiallarında olan Xəzər RPİ-nin 1-ci PŞ-nin məhkəməyə ünvanladığı 01 noyabr 2023-cü il tarixli 3-13-45-1/2-4274 saylı məktubdan göründüyü kimi, barəsində 26 oktyabr 2023-cü il tarixdə axtarış işi açılmış Təqsirləndirilən şəxs 01 noyabr 2023-cü il tarixdə könüllü olaraq PŞ-nə gəlmiş və aidiyyəti üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 15 may 2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin müvtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş, lakin həmin məhkumluqlar ödənilmiş və hazırda o, məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması faktı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin ifadəsi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş 07 dekabr 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs onunla barışaraq dəymiş maddi ziyanı tamamilə ödəmişdir, hal-hazırda onun ondan heç bir şikayəti yoxdur. Təqsirləndirilən şəxs hər hansı cəzanın verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması və təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəməsi ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası CM-nin 10.3-cü maddəsinin tələbinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışması və təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı tamamilə ödəməsi ilə əlaqədar xitam verilməsinə razılığını, təqsirləndirilən şəxsin ehtiyatsızlıqdan ilk dəfə törətdiyi əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş maddi ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun dərhal məhkəmə iclası zalında həbsdən azad edilməsi məqsədə uyğundur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85,00 (səksən beş) manat Azərbaycan Respublikası CPM-in 198-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 28 iş saatına görə (ibtidai istintaq zamanı 10 saat və və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 18 saat) cəmi 168,00 (yüz altmış səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığına və ona dəymiş maddi ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs 85,00 (səksən beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 168,00 (yüz altmış səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar