Məhkəmə qərarları › İş №1(003)-477/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-477/2025

08.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-477/2025 08.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X7 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokurorları Dövlət ittihamçısı və X3, müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs iştirakları ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında xx xxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs" növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs saxlanc yerinə və yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını təkrar gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 25 noyabr 2024-cü il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs1 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Hacı Məmmədov küçəsi, Zeytun bağları yaşayış massivində yerləşən nömrəsiz fərdi evin saxlanc yeri hesab olunan həyətyanı sahəsinə hasardan aşmaqla qanunsuz daxil olub həmin həyətdən Zərərçəkmiş şəxs1 məxsus olmaqla həyətin içərisində yerləşən fərdi yaşayış evinin giriş qapsının qarşısına qoyulmaqla saxlanılan 50 manat dəyərində 01 ədəd su nasosunu, 200 manat dəyərində 01 ədəd su çənini, 60 manat dəyərində 01 ədəd dəmir materialdan olmaqla yük daşıma məqsədilə isdifadə olunan arabanı və cəmi dəyəri 150 manat təşkil edən 02 ədəd "Çinar" markalı soyuducunun mühərəklərini götürərək hasardan aşmaqla özü ilə aparıb istintaqla müəyyənləşdirilməsi münkün olmayan şəxslərə dəyərindən aşağı qiymətə satıb əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına sərf edərək özgənin əmlakını saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb zərər çəkmiş səxs Zərərçəkmiş şəxs1 ümumillikdə 610 manat məğləbində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 17 dekabr 2024-cü il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs2 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Hacı Məmmədov küçəsi, Zeytun bağları yaşayış massivində yerləşməklə yaşayış olmayan tikintisi tamamlanmamış iki mərtəbəli nömrəsiz fərdi evin həyətyanı sahəsinə, oradan isə həmin evin yaşayış sahəsi olunan birinci mərtəbəsinə açıq qapıdan qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs2 məxsus olmaqla evin 1-ci mərtəbəsində dəhliz hissəsində giriş qapısının qarşısına qoyulmaqla saxlanılan markası və istehsal ölkəsi istintaqa məlum olmayan cəmi 2.600 dəyərində 866 metr uzunluğunda elektirik naqillərini götürürək açıq qapıdan çıxardıb özü ilə apararaq istintaqla müəyyənləşdirilməsi münkün olmayan şəxslərə dəyərindən aşağı qiymətə satıb əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına sərf edərək özgənin əmlakını saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumillikdə 2.600 manat məğləbində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü ilkin olaraq təqsirli bilməyib oğurluq etmədiyini bildirsə də, sənədlərin tədqiq mərhələsində videogörüntü təqdim edilərkən həqiqətən də oğurluq cinayətlərinin onun tərəfindən törədilməsini etiraf etmişdir. Eyni zamanda məhkəmə iclasında Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri aşkar surətdə müəyyən edilməklə o, tez-tez ifadələrini dəyişərək bir-biri ilə əlaqəsi olmayan, rabitəsiz fikirlər söyləyirdi. İbtidai istintaq dövründə isə müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, maddi vəziyyəti ilə əlaqədar olaraq Xəzər rayonu Şüvəlan qəsəbəsi ərazisindən iki dəfə oğurluq etmişdir. Belə ki, birinci dəfə 25 noyabr 2024-cü il tarixdə təxminən gecə saat 02 radələrində sonradan adm bildiyi Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Zeytun bağları yaşayış massivində yerləşən evin həyətinə hasardan keçmə yolu ilə daxil olub oradan 01 ədəd su nasosu, 01 ədəd su çəni, 01 ədəd araba və 02 ədəd "Çinar" markalı soyuducunun mühərrikini oğurlayıb aparmışdır. Oğurladığı əşyaları araba ilə daşıyaraq əvvəlcə yaşadığı evin həyətinə gətirmiş, səhəri gün isə Şüvəlan qəsəbəsində yerləşən metal qəbulu yerinə cəmi 100 manata satmışdır. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Təxminən 20 gün sonra pulu qurtardığından yenidən oğurluq etmək qərarına gəlmiş və gecə saat 02 radələrində sonradan adnıı bildiyi Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi H.Məmmədov küçəsində yerləşən yaşayış olmayan fərdi evə daxil olaraq evin birinci mərtəbəsindən xeyli miqdarda elektrik naqilini oğurlayıb kisənin içərisinə yığaraq aparmışdır. Həmin elektrik naqillərini də metal kimi metal qəbulu yerinə cəmi 210 manata satmışdır. Əldə etdiyi pulun hamısını şəxsi ehtiyaclarına xərcləmişdir. Hər iki oğurluğu tək etmiş, onunla həmin cinayətlərin törədilməsində heç kəs iştirak etməmiş, oğurluq etməsi barədə heç kəsə heç nə deməmişdir, oğurladığı əşyaları satdığı metal qəbulu yerinə əşyaların özünə məxsus olduğunu, istifadə etmədiyi üçün satdığını bildirmiş, həmin şəxsin ondan aldığı əşyaların cinayət yolu ilə əldə edilməsi barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, 25 noyabr 2024-cü il tarixdə gecə saat 02 radələrində ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Zeytun bağları yaşayış massivində yerləşən nömrəsiz fərdi evinin həyətinin giriş hissəsindən naməlum şəxs və ya şəxslər qiyməti 50 manat olan 01 ədəd su nasosunu, qiyməti 200 manat olan 01 ədəd su çənini, qiyməti 60 manat olan 01 ədəd arabanı və ümumilikdə qiyməti 300 manat olan 02 ədəd “Çinar” markalı soyuducunun mühərrikini oğurlayıb aparmışlar. Hadisə nəticəsində ona ümumilikdə 610 manat məbləğində maddi ziyan dəymişdir. Ona dəymiş maddi ziyan ödənilməmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, 17 dekabr 2024-cü il tarixdə gecə saat 02 radələrində ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, H.Məmmədov küçəsində yerləşən yaşayış olmayan evinin 1-ci mərtəbəsinin dəhliz hissəsindən naməlum şəxs və ya şəxslər xeyli miqdarda elekrik naqilini oğurlayıb aparmışlar. Oğurlanmış elektrik naqillərinin istehsal ölkəsi və markasına fikir verməmişdir, buna görə də bu barədə məlumatı olmamışdır. Hadisə nəticəsində ona ümumilikdə 2.600 manat məbləğində maddi ziyan dəymişdir. Ona dəymiş maddi ziyan ödənilməsə də, təqsirləndirilən şəxsin psixi xəstəliyini və maddi durumunu nəzərə alıb ona qarşı iddia və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6, eləcə də ibtidai istintaq zamanı dindirilmiş və məhkəmə iclasında ifadələri tədqiq edilmiş Bakı şəhər Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşıları X10 və X2 şahid X4 ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertizanın rəylərini və digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2025-d il tarixli 281 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə yüngül ifadə olunmuş əqli gerilik (kəmağıllıq) qeyd olunmuşdur. Təqsirləndirilən şəxs hazırda yüngül dərəcəli əqli gerilik (kəmağıllıq) aşkar olunur. Təqsirləndirilən şəxs qeyd olunan yüngül əqli gerilik (kəmağıllıq) əlamətlər onu öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs olan yüngül əqli gerilik (kəmağıllıq) onu ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarından məhrum etmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir, onun əməli CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür, qeyd olunan yüngül əqli gerilik (kəmağıllıq) əlamətlər onu öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir, bununla yanaşı qeyd olunmalıdır ki, onda olan yüngül əqli gerilik (kəmağıllıq) onu ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarından məhrum etmişdir, anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs olması nəzərə alınmaqla öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur, istintaq üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir, qeyd olunan psixi pozuntu onunla istintaq hərəkətləri aparılmasına imkan verir. Təqsirləndirilən şəxs səciyyələndirən fərdi-psixi xüsusiyyətlərini müəyyən edərkən mühakimələrində səthilik, təfəkküründə konkretlik, primitivlik və inertlik, ümumiləşdirmə, analizetmə və proqnozlaşdırma funksiyalarında zəiflik, diqqətinin eyni vaxtda iki müxtəlif və daha artıq işi yerinə yetirmək, həmçinin şüurlu surətdə bir obyektdən başqa obyektə və ya bir fəaliyətdən başqa fəaliyyətə yönəlmə bacarığının normadan aşağı olması, yaddaş pozuntusu qeydə alınmasa da, ixtiyari yadda saxlanılmasında zəiflik, əsasən mexaniki yaddaşın üstünlük təşkil etməsi, maraq dairəsinin məhdudluğu dünyagörüşünün və elmi biliklərinin kasadlığı, xarakterində sadəlövlük səthilik məsuliyyətsizlik aşkar olundu, onun əqli inkişafında yüngül dərəcəli gerilik əlamətləri müəyyən edilir, əqli psixi inkişafı nəzərə alınmaqla, öz hərəkətlərinin mahiyyətini ümumən dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır, baş vermiş hadisələri yadda saxlamaq və yada salmaq qabiliyyətinə malikdir, onda müəyyən edilən əqli geriliklə əlaqədar yalan danışa bilər. “Hadisə yerinə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, hadisə Bakj şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Zeytun bağları yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs1 məxsus nömrəsiz fərdi evinin həyətində, həyətin giriş hissəsindən baş vermişdir. “Hadisə yerinə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, hadisə məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, H.Məmmədov küçəsində yerləşən yaşayış olmayan Zərərçəkmiş şəxs2 məxsus nömrəsiz fərdi evinin 1-ci mərtəbəsinin dəhliz hissəsində baş vermişdir. “Diskə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, diskdə bir ədəd videogörüntü var, doqquz saniyə davam edir. Videogörüntüdə Təqsirləndirilən şəxs içərisi yüklü olan araba ilə hərəkət etməsi və onunla yanaşı ikinci bir şəxsin də hərəkət etməsi müşahidə olunur. Baxış zamanı Təqsirləndirilən şəxs arabanı sürən şəxsin özü olduğunu, oğurladığı əşyaları oğurladığı araba ilə daşıyıb apararkən müşahidə kamerasına düşdüyünü, yanında piyada hərəkətdə olan şəxsi isə tanımadığını, oğurluq edib qayıdarkən təsadüfən yolda rastlaşdığını, oğurluğu tək etdiyini bildirmişdir. Baxış zamanı sübut əhəmiyyətinə malik ola biləcək başqa bir hal aşkar edilməmişdir. “İfadənin yerində yoxlanılması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərərək təsdiq etmişdir. Bir ədəd disk sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. “Tutma haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2025-ci il tarixdə Bakı şəhər Xəzər rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri sesilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və həmin tarixdə onun barəsində “başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmklə MSY-dən azad olunmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs məhkəmənin çağırışlarına gəlməkdən yayındığına və qaçıb gizləndiyinə görə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilərək onun axtarışı elan edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tutularaq 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə təqsirli bilməyib özünü müdafiə etmək məqsədilə oğurluq etməməsi kimi məhkəmə iclasının ilkin mərhələsində verdiyi ifadəsinə məhkəmə tənqidi yanaşıb inandırıcı hesab etməyərək bu ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Sənədlərin tədqiq mərhələsində videogörüntü təqdim edilərkən təqsirləndirilən şəxs həqiqətən də onun tərəfindən oğurluq cinayətlərinin törədilməsini etiraf etmiş və onun əqli inkişafında gerilik əlamətləri aşkar surətdə müəyyən edilməklə tez-tez ifadələrini dəyişərək bir-biri ilə əlaqəsi olmayan, rabitəsiz fikirlər söyləmişdir. Təqsirləndirilən şəxs müəyyən edilən əqli geriliklə əlaqədar yalan danışa bilməsi ekspertiza rəyi ilə də təsdiq olunur. Təqsirləndirilən şəxsin ilkin olaraq ona verilmiş ittihamı inkar etməsinə dair ifadəsi cinayət işinin materiallarında olan sübutlarla üst-üstə düşməməklə yanaşı təsdiq olunmur. Əksinə, onun ibtidai istintaq zamanı və məhkəmə iclasının sonrakı dövründə verdiyi ifadələr, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 arabasında oğurlanmış əşyaları daşımasına dair videoğörüntü, müdafiəçisinin iştirakı ilə keçirilmiş istintaq hərəkətləri protokolları, əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədlər ayrı-ayrılıqda tədqiq edilməklə belə nəticəyə gəlmək olar ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs saxlanc yerinə və yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını təkrar gizli olaraq talayıb oğurluq etməsi cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif olunmalı və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs “yüngül debillik dərəcəsində oliqofreniya” psixi xəstəlikdən əziyyət çəkməsini, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ondan şikayət və tələbinin olmamasını, ilk dəfə az ağır cinayət törətməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə növündə cəzalar nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, cəzanın yüngülləşdirici halların mövcudluğunu, cəzasını ağırlaşdıran halların isə olmamasını, təqsirkarın şəxsiyyətini, psixi xəstəlikdən əziyyət çəkməsini, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qanunvericiliklə nəzərdə tutulmuş həddə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Cinayət qanunvericiliyin tələblərinə görə anlaqlı vəziyyətdə olan, lakin cinayət törətdiyi zaman psixikanın pozulması nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməyən və ya həmin əməli idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilir (CM-nin 22.1-ci maddəsi). Anlaqlılığı istisna etməyən psixi pozuntu məhkəmə tərəfindən cəza təyin edilərkən nəzərə alınır və bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsas ola bilər (CM-nin 22.2-ci maddəsi). Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur (CM-nin 52- 1.1-ci maddəsi). Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir (CM-nin 52-1.2-ci maddəsi). Odur ki, CM-nin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 41.2-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, Təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəliliyini, cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq onun barəsində təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, CM-nin 69.3-cü maddəsinin tələblərinə uyğun olaraq şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlandığı müddətin təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmasını, üzərinə qanunvericiliklə nəzərdə tutulmuş vəzifələrin qoyulmasını, cəzasının başlanğıcının azadlığın məhdudlaşdırılması cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını, barəsində seçilmiş «həbs» növündə qətimkan tədbirinin “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməsini, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməsini, “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmasını, məcburi müalicəyə ehtiyacı olmadığına görə psixi xəstəliyi ilə bağlı ona məcburi müalicə təyin olunmamasını qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış bir ədəd diskin cinayət işinə əlavə olunması nəzərə alınmalı, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 220 (iki yüz iyirmi) manat, eləcə də Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 110 (bir yüz on) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və CPM-nin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu, eləcə də xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlandığı 01 (bir) ay 14 (on dörd) gün, cəmi 01 (bir) ay 16 (on altı) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanıb 03 (üç) ay 02 (iki) gün həddində müəyyən edilməkə təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1 ünvanını axşam saat 18:00-dan səhər saat 10:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələrin yerinə yetirilməsi kimi vəzifələr qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkməsinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. “Başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış bir ədəd diskin cinayət işinə əlavə olunması nəzərə alınsın. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 220 (iki yüz iyirmi) manat, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 110 (bir yüz on) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar