Məhkəmə qərarları › İş №1(003)-48/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-48/2023

16.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-48/2023 16.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxsu və Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1958-ci ildə Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, orta təhsilli, evli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 14 iyul 2022-ci il tarixdə saat 11:30 radələrində sürücülük hüququ olmaqla etibarnamə əsasında idarə etdiyi BMW 728 markalı ** LG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan-Qala yol ayrıcının cənub-qərb hissəsində yerləşən «Socar Petroleum» yanacaq doldurma məntəqəsinin ərazisində Mərdəkan qəsəbəsi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq-yəni sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə baş verə biləcək yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələbləri pozması avtomobilin qabaq sağ hissəsi ilə yanacaq doldurma məntəqəsinin daxilində olan ərzaq mağazasının qarşısında dayanmış Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vuraraq ona ehtiyatsızlıqdan baş beyinin orta dərəcəli əzilməsi, sol təpəgicgah sümüklərinin kəllə əsasına keçən xətti sınığı, sağ beyin yarımkürəsi üzərində subkortikal hemorragik kontuziya, sol gicgah payda hemorragik kontuziya, pnevmosefaliya, travmatik subaraxnoidal qansızma, ənsə nahiyəsinin əzilmiş yarası, döş qəfəsinin sıyrıqları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirib yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü əvvəl təqsirli bilməsə də, daha sonra təqsirli hesab edərək göstərdi ki, onun “BMW” markalı ** LG *** dövlət qeydiyyat nişanlı avtomobili var. Həmin avtomobili BC kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə edir. xx.xx.2022-ci il tarixdə saat təxminən 11:30 radələrində idarə etdiyi “BMW” markalı ** LG *** dövlət qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu, Mərdəkan qəsəbəsi, “Rahat” marketin yaxınlığında yerləşən Socar YDM-nə daxil olmuş və avtomobilə benzin vurdurmuşdur. Sonra avtomobili işə salmış və yavaş hərəkətə başlamışdır. Bu zaman avtomobil öz-özündən qaza gəlmiş və yüksək sürətlə irəli hərəkətə başlamışdır. O, avtomobilin öz özünə təcillənərək qəza törədəcəyini bildiyi üçün əyləci var gücü ilə sıxsa da avtomobil dayanmayaraq hərəkət etmişdir. O, orada olan adamları vurmamaq üçün avtomobili sağa qaçırmış, orada olan soyuducuların yanında adam olmadığını görmüş və avtomobilin dəyib dayanması üçün soyuducuların üstünə istiqamətləndirmişdir. Maşın soyuduculara dəymiş və dayanmışdır. Daha sonra o, avtomobildən düşən zaman bir şəxsin yerdə uzanmasını görmüşdür. O, təcili yardım çağırmış və həmin şəxsi təcili yardım maşını ilə aparmışlar. O, hadisə yerinə gələn polis əməkdaşları ilə birlikdə sərxoşluq müayinəsinə getmiş, oğlunun dostlarını xəstəxanaya göndərmişdir ki, onun polis idarəsində olduğu müddət ərzində xəsarət alan şəxsin ehtiyaclarını ödəsinlər. Bir saat sonra polis əməkdaşları onu buraxmışlar və o, dərhal Neyrocərrahiyə xəstəxanasına getmişdir. 5 gün ərzində səhər 9-dan axşamadək Neyrocərrahiyə xəstəxanasında olmuşdur. Həmin müddət ərzində dərman və digər həkim xərclərini ödəmiş, 7800 manat pul xərcləmişdir. Həmin pulun 4800 manatını rəsmi olaraq xəstəxananın kassasına ödəmiş və bununla bağlı qəbz mövcuddur. Əlavə olaraq qeyd etmişdir ki, o, bu günədək zərərçəkmiş şəxsə imkanı çatan dərəcədə kömək etmiş, qəza ondan asılı olmayan səbəblərdən baş vermişdir. Bütün bunların nəzərə alınmasını xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, o, 2015-ci ildən Socar şirkətinə məxsus, Bakı şəhəri, Qala qəsəbəsi, Mərdəkan şossesində yerləşən yanacaq doldurma məntəqəsində mühafizəçi vəzifəsində çalışır. xx.xx.2022-ci il tarixdə saat təxminən 11:30 radələrində Bakı şəhəri, Qala qəsəbəsi, Mərdəkan şossesində yerləşən yanacaq doldurma məntəqəsində işdə olarkən siqaret çəkmək üçün yanacaq doldurma məntəqəsinin siqaret çəkmək üçün ayrılmış guşəsinə getmiş, YDM mağazasının qarşısında olan zaman qəfil səs eşitmiş, geri çevrilmiş və avtomobilin onun üstünə gəldiyi görmüş, lakin gec gördüyü üçün qaçmağa imkan tapmamışdır. Həmin maşın qabaq sağ hissəsi ilə onu vuraraq tullamışdır. O, yerə yıxılmış və başından ağır xəsarət almışdır. Bu zaman ona hadisə iştirakçıları yaxınlaşmışlar və yardım etməyə çalışmışlar. Sonra o, huşunu itirdiyindən baş verənlərin xatırlamamışdır. O, 1 aydan çox komada olmuş, Kəpəz klinikası və Neyrocərrahiyə xəstəxanasında yatmışdır. Hadisəni törədən Təqsirləndirilən şəxs əvvəlcə onun müalicə xərclərinin bir qismini ödəmiş, hətta 410 manat banka olan aylıq borcunu da, Neyrocərrahiyə xəstəxanasına 4000 manatdan çox pulu ödəmişdir. Lakin Kəpəz klinikasına olan 7500 manat pulu ödəməkdən imtina etmişdir. Hazırda Təqsirləndirilən şəxs onlara heç bir yardım etmir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X3 göstərdi ki, o, Bakı şəhəri, Qala qəsəbəsi, Mərdəkan şossesində yerləşən, Socar şirkətinə məxsus yanacaq doldurma məntəqəsində növbə rəisi vəzifəsində işləyir. Hadi baş verdiyi tarixdə o, iş yerində olmuşdur. xx.xx.2022-ci il tarixdə saat təxminən 11:30 radələrində işdə olarkən Zərərçəkmiş şəxs və Nurlan Süleymanov siqaret çəkmək üçün yanacaq doldurma məntəqəsinin siqaret çəkmək üçün ayrılmış guşəsinə getmişlər. Bir qədər sonra o, “BMW” markalı avtomobilin ofisə, daha sonra soyuduculara dəyərək sürətlə Sənan və Nurlanın üstünə gəldiyi görmüşdür. Hadisə nəticəsində həmin avtomobil Nurlanın ayağını sürtmüş, Sənan isə yerə yıxılmış və baş nahiyəsindən xəsarət almışdır. Həmin vaxt sürücü mübahisə etməmişdir. Təqsirləndirilən şəxs hadisə ilə bağlı bildirmişdir ki, o, əyləci sıxsa da avtomobil dayanmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X1 göstərdi ki, o, Bakı şəhəri, Qala qəsəbəsi, Mərdəkan şossesində yerləşən, Socar şirkətinə məxsus yanacaq doldurma məntəqəsində mühafizəçi vəzifəsində işləyir. Hadi baş verdiyi tarixdə o, iş yerində növbədə olmuşdur. xx.xx.2022-ci il tarixdə saat təxminən 11:30 radələrində işdə olarkən Zərərçəkmiş şəxs ilə siqaret çəkmək üçün yanacaq doldurma məntəqəsinin siqaret çəkmək üçün ayrılmış guşəsinə getmişdir. Bir qədər sonra o, qəfil səs eşitmiş və bir avtomobilin ofisə, daha sonra soyuduculara dəyərək sürətlə onların üstünə gəldiyi görmüşdür. O, qəzadan qaça bilsə də, Sənan gec gördüyü üçün qaçmağa imkan tapmamışdır. Hadisə nəticəsində Sənan yerə yıxılmış və baş nahiyəsindən xəsarət almışdır. Cinayət işinin materiallarına əlavə olunmuş yol-nəqliyyat hadisə yerinə baxış keçirilməsi haqqında 14 iyul 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəl və sxemdən görünür ki, hadisə Bakı şəhəri Bakı-Mərdəkan şosesində yerləşən SOCAR yanacaq doldurma məntəqəsində baş vermişdir. Cinayət işinin materiallarına əlavə olunmuş 14 iyul 2022-ci il tarixli 2/23325 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən olunmamaqla ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 16 iyul 2022-ci il tarixli 1123 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində baş-beynin orta dərəcəli əzilməsi, sol təpəgicgah sümüklərinin kəllə əsasına keçən xətti sınığı, sağ beyin yarımkürəsi üzərində subkortikal hemorragik kontuziya, sol gicgah payda hemorragik kontuziya, pnevmosefaliya, travmatik subaraxnoidal qansızma, ənsə nahiyəsinin əzilmiş yarası, döş qəfəsinin sıyrıqları aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən onun "Respublika Neyrocərrahiyyə Xəstəxanası” X5 müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı törənmələri istisna olunmur və dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 18 avqust 2022-ci il tarixli 8/2071 saylı ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən BMVV 728 markalı, ** LG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində cYol hərəkəti haqqından Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixdə verilmiş AC seriyalı 387136 nömrəli sürücülük vəsiqəsindən görünür ki, onun “B” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən 05 sentyabr 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Kəpəz Hospital tərəfindən verilmiş arayışdan görünür ki, pasient Zərərçəkmiş şəxs xx.xx.2022-ci ildə “Kəpəz Hospital”-a ağır - kəllə beyin travması diaqnozu ilə daxil olmuşdur. Hospitalda, reanimasiya şöbəsində –xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixinə qədər yatışda olmuşdur. Pasientə ümumisərf olunmuş məsrəflərin məbləği 12.726 azn-dir. Zərər çəkənə 4800 azn məbləğində ödəniş olunub və 7.926 azn borc qalıb. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ağır dərəcədə xəsarət alması səbəb olma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü məhkəmə istintaqı zamanı təqsirli bilməmiş, lakin onun həmin ifadəsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan ilk dəfə az ağır cinayət törətməsini, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, baş vermiş hadisədən sonrakı davranışını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85,00 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının 23-cü bəndinə əsasən, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut BMW 728 markalı ** LG *** dövlət qeydiyyat nişanlı avtomobil sahibində olması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əssən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əssən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 183.3-cü maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmin Məcəllənin 183.4-cü maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı mülki iddianın əsasını və iddia tələbinin məbləğini dəqiqləşdirmək zəruri olduqda müvafiq fiziki və ya hüquqi şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək mülki iddiasına əlavələr və dəyişikliklər etməyə haqlıdır. Həmin Məcəllənin 184-cü maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı fiziki və ya hüquqi şəxsin tələbi bu Məcəllənin müddəalarına əsasən mümkün deyilsə, mülki iddia vaxtında və ya müvafiq şəxsə verilməmişdirsə, yaxud iddia ərizəsi bu Məcəllənin 183.3-cü maddəsində nəzərdə tutulmuş tələblərə uyğun deyildirsə, cinayət prosesini həyata keçirən orqan iddia ərizəsini qəbul etməkdən imtina edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Zərərçəkmiş şəxs mülki iddia ərizəsi baxılmamış saxlanılmalı və ona mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut BMW 728 markalı ** LG *** dövlət qeydiyyat nişanlı avtomobil sahibində olması nəzərə alınsın. Zərərçəkmiş şəxs mülki iddia ərizəsi baxılmamış saxlanılsın və ona mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs 85,00 (səksən beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar