Məhkəmə qərarları › İş №1(003)-484/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-484/2022

12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-484/2022 12.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X1 nümayəndəsi X2, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1977-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 03 iyun 2022-ci il tarixdə saat 23:30 radələrində Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində yerləşən “Süleyman” marketin yaxınlığında qonşuları Şahid1 və X3 gənclərə narkotik vasitə satması ilə bağlı iradını bildirdikdən sonra aralarında baş vermiş münaqişə zamanı Şahid1 əvvəlcədən üzərində olan bıçaqla qəsdən bir neçə dəfə onun əl nahiyəsinə vuraraq Şahid1 sol saidin və sol əl barmaqlarının kəsilmiş yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aid bədən xəsarətləri yetirdikdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avromobilə əyləşərək oradan uzaqlaşmaqla yaşadığı evə gəlmiş, lakin evin açarını tapa bilmədiyi üçün münaqişə yerində düşürdüyünü fikirləşərək açarı tapmaq məqsədi ilə yenidən həmin yerə qayıtmış, bu zaman onun qayıtdığını görən Zaur Mustafayevin təşəbbüsü ilə yenidən yaranmış münaqişə zamanı X8 Əliyevi kürəyi üstə yerə yıxaraq vurmağa başladıqdan sonra Təqsirləndirilən şəxs əvvəlcədən üzərində olan bıçaqla qəsdən Zaur Mustafayevin döş və bel nahiyəsinə bir neçə dəfə vuraraq Zaur Musatafayevə döş qəfəsinin sol yarısının sol və sağ yarısının 2 ədəd, bel nahiyəsinin 3 ədəd deşilmiş-kəsilmiş yaraları kimi sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Zaur Mustafayev onun qonşusudur, əvvəllər aralarında heç bir mübahisə və ədavət olmamışdır. Eləcə də, Şahid1 də tanıyır, əvvəllər aralarında heç bir mübahisə və ədavət olmamışdır. 03 iyun 2022-ci il tarixdə axşam saat 22 radələrində yaşadığı evdə yemək yedikdən sonra idarə etdiyi **-OX-*** dövlət qeydiyyat nişanlı, “VAZ-2106” markalı avtomaşınına minərək bacısının evinə getmişdir. Qonşu Şahid1 evinin yaxınlığından keçən zaman orada 14-15 yaşlarında bir neçə nəfər yetkinlik yaşına şatmayan uşağın toplaşdığını görüb avtomobili dayandıraraq həmin uşaqlara yaxınlaşmış və onlara məsləhət vermək məqsədi ilə pis vərdişlərdən və narkotikadan uzaq durmaqlarını, oxuyub təhsilli olmaqlarını məsləhət etmişdir. Bu zaman Gündüz evindən çıxmış və onunla görüşmüş, o, Gündüzə demişdir ki, “uşaqlar bizim gələcəyimizdir, birdən onlara narkotika satarsan haa, bu heç yaxşı olmaz”. Çünki, Gündüzü narkotik vasitə satan şəxs kimi tanıyır, onun əvvəllər bir neçə dəfə narkotik vasitə satdığını görmüş ona öz iradını bildirmişdir. Həmçinin Gündüzə demişdir ki, Zaurla çox otutubdurur, sözlərini ona da çatdırsın. Çünki Zaurun da narkotik vasitə satdığını bilmişdir. Bundan sonra Gündüz ona demişdir ki, “yox, elə bir şey ola bilməz”. Gündüz ilə bir neçə dəqiqə söhbət etdikdən sonra avtomobilinə oturmuş, avtomobil tərpənən zaman oraya Zaur Mustafayev gəlmişdir. Onlar ona “maşını saxla” demiş, o da avtomobili dayandırıb yerə düşmüş, bu zaman Gündüz cibindən bıçaq çıxarıb onu söymüş və bıçaqla vuracağı barədə hədələmişdir. Həmin vaxt aralarında mübahisə baş vermiş, sonra mübahisə münaqişəyə çevrilmiş, Zaur və Gündüz onunla dava etməyə və əlbəyaxa döyüşməyə başlamışlar. Gündüz həmin vaxt bıçaqla iki dəfə onun sol əlinə zərbə vurmuş, onun əlində isə heç bir kəsici alət və silah olmamışdır. O, Zaur və Gündüzə gücü çatmayacağını görüb avtomobilinə oturmuş və oradan yaşadığı evə getmişdir. Evə çatdıqdan sonra qapını açmaq istəyəndə açarın cibində olmadığını görmuş, açarın Zaur və Gündüzün onunla dava edən zaman cibindən həmin yerə düşmüş olacağını düşünüb açarı götürmək üçün yenidən avtomobili ilə həmin yerə qayıtmış və orada çoxlu adam olduğunu görmüşdür. Avtomobildən düşüb açarı axtarmaq istəyəndə görmüşdür ki, Zaur onun ünvanına nalayiq ifadələr işlədərək onu vurmaq üçün üzərinə doğru gəlir. Həmçinin Gündüz də onun üzərinə gəlmişdir ki, onu vursun. O, əlindən bıçaq yarası aldığı üçün və qan axma olduğuna görə özünü halsız hiss edirmiş. Buna görə də, özünü müdafiə etmək üçün məcbur olub avtomobilində olan dəmir parçasını və hərdən iş görmək üçün istifadə etdiyi bir ədəd bıçağı götürüb əlində saxlamışdır ki, Zaur və Gündüz bıçağı görüb bəlkə onunla dava etməkdən çəkinərlər. Lakin buna baxmayaraq, Zaur və Gündüz onun üzərinə doğru gəlmişlər. Bu zaman Zaur onun çiynindən vuraraq yerə yıxmış və onun üzərinə uzanmış, o, Zaurun altında yerdə kürəyi üstə uzanıqlı vəziyyətdə qalmışdır. Zaur onu vurmağa başlamış, Gündüz də onun bədəninin müxtəlif nahiyələrinə təpiklə zərbələr vurmuşdur. Zaura gücü çatmadığı üçün sağ əlində olan bıçaqla onun kürək nahiyəsindən bir neçə dəfə vurmuş, həmçinin sol əlində olan metal parçası ilə də Zaurun bədəninə zərbələr vurmuşdur ki, onu buraxsın. Bundan sonra hadisə yerinə gələn tanımadığı adamlar onları aralamışlar. O, durub avtomobilinə minərək hadisə yerindən uzaqlaşmış, yolda həmin bıçağı xatırlamadığı yerə atmış və bacısının Albalılıq yaşayış massivində yerləşən evinə getmiş, orada bacısı onun əlini sarımışdır. Sonra 2-ci Polis şöbəsindən ona zəng gəlmiş və onu Polis şöbəsinə dəvət etmişlər. O, əlini sarıtdıqdan sonra Polis şöbəsinə getmişdir. Belə bir hadisənin baş verməsini istəməmiş və hadisənin təsadüfi axarı zəminində törətdiyi əməlindən peşman olaraq Zaur ilə barışmaq üçün onlara gedib bağışlanmasını xahiş etmək istəmiş, lakin yenidən münaqişə baş verəcəyindən ehtiyat edərək getməmişdir. Hazırkı məhkəmə iclasında bir daha həmin əməlindən peşmançılıq çəkdiyini bildirir, üzrxahlıq edərək bağışlanmasını və bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilən X5 göstərdi ki, Təqsirləndirilən şəxs onun oğlu X4 döyərək ona xəsarət yetirmişdir. Hazırda oğlu yataq rejimində müalicə olunur və onun müalicəsi bundan sonra da davam etdiriləcəkdir. Hikmət isə oğlunun səhhəti ilə maraqlanmamış və müalicə xərclərinə köməklik göstərməmişdir. Bu səbəbdən oğlu Zaurun Hikmət ilə barışmaq fikri yoxdur, ondan şikayətçidir, törətdiyi əməlinə görə ona müvafiq cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X1 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, 03 iyun 2022-ci il tarixdə saat 23:30 radələrində Buzovna qəsəbəsində yerləşən evinin giriş qapısının qarşısında olan zaman qonşusu Təqsirləndirilən şəxs digər qonşusu Şahid1 ilə mübahisə etdiyini görmüş və Hikmətin nalayiq ifadələr işlətdiyini eşitmişdir. Sonra Hikmət idarə etdiyi avtomobilinə oturmuş, o da Gündüzə yaxınlaşıb Hikmətin kimə qarşı nalayiq ifadələr işlətdiyini soruşmuşdur. Gündüz ona Hikmətin onu söydüyünü demiş, o da bundan sonra Hikmətə yaxınlaşaraq ona qarşı nə üçün nalayiq ifadələr işlətdiyini soruşduqda aralarında mübahisə yaranmışdır. Hikmət avtomobilinə minərək oradan getmiş, təxminən 10 dəqiqədən sonra yenidən həmin yerə qayıtmış və onun üzərinə gəlmişdir. Hikmət ilə əlbəyaxa dava etməyə başlamışlar və o, Hikməti yerə yıxmışdır. Bu zaman Hikmət əlindəki bıçaqla onun bel nahiyəsinə bir neçə dəfə vuraraq xəsarət yetirmişdir. Daha sonra hadisə yerinə kənar şəxslər gələrək onu xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, Hikmət və Zaur onun qonşularıdır. 03 iyun 2022-ci il tarixdə saat 23:30 radələrində o, anasıgildən evə gəlmişdir. Avtomobili evinin yaxınlığında saxlayaraq siqaret almaq üçün Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində yerləşən “Süleyman” market tərəfə getmişdir. Marketdən siqaret alaraq bayıra çıxmış, yolda əmisi oğlu Kərəmi görüb onunla bir neçə dəqiqə söhbət etmişdir. Kərəmin yanında həmin vaxt iki nəfər tanımadığı şəxs də olmuşdur. Onlar söhbət edən zaman dövlət qeydiyyat nişanını xatırlamadığı “VAZ-2106” markalı avtomobil sürətlə gələrək “Süleyman” marketin qarşısında dayanmışdır. Həmin avtomobili Təqsirləndirilən şəxs idarə etmişdir. Hikmət avtomaşından düşmüşdür. Həmin vaxt o, əmisi oğlu ilə söhbət edirmiş. Hikmət avtomaşından düşdükdən sonra "ay aman, kömək edin, öldürdü, vurdu" kimi ucadan səslər eşitmişdir. O, dərhal səs gələn tərəfə qaçmış, görmüşdür ki, Hikmət yerdə arxası üstə uzanmış vəzityyətdədir, Zaur isə onun üzərində uzanmış vəziyyətdədir. Hikmət yerdə uzanmış vəziyyətdə bir əlində bıçaq, bir əlində isə dəmir parçası ilə Zaura sağ və sol tərəfindən zərbələr vurmuşdur. Kərəm ilə birlikdə onlar tərəf qaçmış, o, Hikmətin bir əlindən, Kərəm isə digər əlindən tutaraq bıçağı almışlar. Bu zaman Hikmət yerdən duraraq qaçıb avtomobilinə oturmuş və hadisə yerindən uzaqlaşmışdır. O, Kərəm və hadisə yerində olan digər şəxslər Zaura kömək edib, X9 zəng etmişlər, TTY avtomobili hadisə yerinə gəldikdən sonra onlar Zauru xəstəxanaya aparmışlar. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 elan edilmiş ifadəsi ilə onun da oxşar, eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etməsi müəyyən edildi. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, 03 iyun 2022-ci il tarixdə saat 23:30 radələrində o, Zaur Mustafayev və oğlu yaşadıqları məhəllədə dayanıblarmış. O, Zaurun oğluna pul vermişdir ki, marketdən “Bizon” içkisi alıb gətirsin. Zaurun oğlu marketdən “Bizon” içkisi alaraq gətirib ona verdikdən sonra ondan bir qədər aralıda dayanan atası Zaurun yanına getmiş və onlar söhbət etməyə başlamışlar. Həmin vaxt Təqsirləndirilən şəxs dövlət qeydiyyat nişanını xatırlamadığı “VAZ-2106” markalı avtomobili ilə oraya gəlmiş və oradakı gənc uşaqlarla söhbət etmişdir. Sonra o, Hikmətin yanına gəlmiş və ondan nə olduğunu soruşmuşdur. Hikmət ona yaxınlaşıb ondan soruşmuşdur ki, “bilmirsən, buralarda “patı” kim satır?”. O, Hikmətdən kimi dediyini soruşmuş, Hikmət ona demişdir ki, “Naxçıvanlı Zaur”u deyir. Hikmət Zaurun narkotik vasitə satdığını deyib, Zaurun ünvanına nalayiq ifadələr işlətmişdir. O, telefonunu götürmək üçün qayıdıb evinə keçmiş, bir neçə dəqiqədən sonra telefonu götürüb yenidən küçəyə çıxmış və görmüşdür ki, Hikmət avtomaşınına oturub getmək istəyir. Bu zaman Hikmət Zaur ilə mübahisə etmişdir. Zaur Hikməti avtomobildə sükanın arxasında oturmuş vəziyyətində avtomobilin pəncərəsindən bayıra çıxarmaq istəmişdir. Həmin vaxt Hikmətin əlində isə dəmir parçası olmuş və Zauru vurmaq istəmiş, lakin vurmamışdır. Bu zaman o, cibində olan cib bıçağını çıxarmış və Hikmətə demişdir ki, “bizdə bıçaq çıxaranda vurular”. Bu sözü dedikdən sonra Hikmət avtomobilə qaz verərək oradan çıxıb getmişdir. Hikmət getdikdən təxminən 5-10 dəqiqə sonra geri qayıtmış, həmin vaxt o, bir qədər aralıdan görmüşdür ki, Hikmət Zaur ilə dava edir. Zaur Hikməti yerə yıxmış vəziyyətdə olmuş, Hikmət isə Zaurun altında olan vəziyyətdə əlindəki bıçaqla Zaurun bel nahiyəsindən vurmuşdur. O, Zaura və Hikmətə yaxınlaşmaq istəsə də, qandan qorxduğu üçün həmin yerə yaxınlaşmamışdır. Daha sonra həmin yerə kənar şəxslər gəlmiş və Zauru xəstəxanaya aparmışlar. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 16 avqust 2022-ci il tarixli 1070 nömrəli rəyində göstərilmişdir ki, 1977-ci il təvəllüdlü X1 məhkəmə-tibb ekspertizasına, tibbi sənəddə yazılanlara əsasən, hadisə haqqında məlumatları nəzərə alıb və qərarda qoyulmuş suallara müvafiq olaraq aşağıdakı nəticəyə gəlinir: 1) Zaur Mustafayevin bədəni üzərində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin sol yansının sol və sağ yarısının 2 ədəd, bel nahiyəsinin 3 ədəd deşilmiş-kəsilmiş yaraları deşici- kəsici təsirə malik əşya (alət(ola bilsin bıçaq)) təsirindən törənmiş, törənmə müddətləri onun "X10" X11 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 03 iyun 2022-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər; 2) Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zaur Mustafayevin bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Qeyd: Zaur Mustafayevin adına tərtib olunmuş xəstəlik tarixində göstərilmiş - sol beyin yarımkürəsində beyin qan dövranın işemik tipli pozğunluğu, sağ tərəfli hemiplegiya, motor afoziya, hipertoniya xəstəliyi İİİ mərhələ, şəkərli diabet İ tip xəstəliklərlə onun dindirilməsi və ya onunla hər hansı bir istintaq hərəkətlərinin aparılması mümkün deyildir və almış olduğu xəsarətlərlə heç bir səbəbli əlaqəsi yoxdur İş materiallarında olan və Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş 21 iyul 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsə sağlamlığın qısa müddət pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurması cinayətini törətməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirildi. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi böyük ictimai təhlükə törətməyən əməli etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmağa cəhd göstərməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə şübhəli şəxs qismində saxlanılmış, 06 iyun 2022-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 04 iyun 2022-ci il tarixdən 06 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. İş materiallarından görünür ki, 19 avqust 2022-cvi il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2 çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 30 (otuz) iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və məhkəmə baxışı zamanı 10 saat) cəmi 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 04 iyun 2022-ci il tarixdən 06 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Səbail rayonu Oqtay Daşdəmirov küçəsi ev 30 ünvanını axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar