Məhkəmə qərarları › İş №1(003)-485/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-485/2021

06.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-485/2021 06.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X2, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1968-ci il tarixdə Gədəbəy rayonunun Göyəlli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Gədəbəy rayonunun Göyəlli ərazi dairəsi Göyəlli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Nərimanov rayonu Montin qəsəbəsi Daş karxanasında nömrəsiz fərdi evdə kirayədə yaşamış, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 avqust 2021-ci il tarixli 4(003)- 346/2021 saylı qərarı ilə həbs qətimkan tədbiri ilə dəyişdirilmiş, həbsetmənin əvvəli tutulduğu 20 avqust 2021-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs aldatma yolu ilə özgə əmlakını ələ keçirmək niyyətilə X3 aldadıb verəcəyi 4500 manat pul müqabilində oğlu X1 Neft şirkətində bölük komandiri kimi işə düzəldə biləcəyini və 1200 manat maaş alacağını vəd verərək vahid niyyətlə əhatə olunmaqla 06 iyul 2020-ci il tarixdə təxminən saat 13 radələrində Xəzər rayonu Buzovna qəsəbəsi M.Musayev küçəsində yerləşən yaşadıqları evdə 2000 manat pulunu, 07 iyul 2020-ci il tarixdə saat 15 radələrində isə tanışı Şahid1 vasitəsilə Xəzər rayonu Buzovna qəsəbəsi M.Musayev küçəsində yerləşən yaşadıqları evdə 2500 manat pulunu, cəmi 4500 manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuşdur. 2020-ci ilin iyun ayının sonunda təsadüfən Facebook sosial şəbəkəsində Aygün adlı bir qadınla tanış olmuş, onunla münasibətləri yaranmış, hətta ailə qurmaq barədə fikirləri yaranmışdır. Ona yalandan Prezident Aparatında kurator işlədiyini, bir neçə il olar ki, ailəsinin dağıldığını, bir qız və bir oğlunun olduğunu, qızının ailəli olmaqla bir qız nəvəsinin olduğunu bildirmiş, Aygün də ona özü və ailəsi haqqında bütün məlumatları demişdir. 2020-ci ilin iyul ayının əvvəlində Aygünə hazırda yadında qalmayan müxtəlif problemlərinin olduğunu deyərək ümumilikdə 1336 manat borc pul istəmiş, Aygün də onunla razılaşmış və o, həmin günün səhəri Buzovna qəsəbəsi Büllur zavodunun yaxınlığında asfalt yolun kənarında Aygünlə görüşüb ondan həmin məbləğdə pulu almışdır. Bundan bir neçə gün sonra Aygünlə Facebook sosial şəbəkəsində görüntü ilə danışarkən ona qardaşını Neft şirkətində bölük komandiri kimi işə düzəldə biləcəyini və aylıq 1200 manat maaş alacağını bildirmiş, həmçinin qeyd etmişdir ki, bu iş 10000 manata düzəlir, lakin onlara hörmət olaraq 5000 manata həll edə bilər. Aygün bu barədə atası ilə məsləhətləşmiş, atası da onunla bu barədə danışaraq bildirmişdir ki, 5000 manat yox, 4000 manat verə bilər. O da razılaşaraq növbəti gün taksi ilə onların yaşadığı Buzovna qəsəbəsindəki evə getmiş, oturub bir stəkan kompot içmiş, bir qədər söhbət edəndən sonra Aygünün atası İslamdan 2000 manatı almış və çıxıb getmişdir. Onların yaşadığı evi və vəziyyətlərinin yaxşı olduğunu görüb Aygünə zəng edərək bildirmişdir ki, 4000 manata iş düzəlmir, pulun üstünə əlavə 500 manat da qoyarlar və səhər adam göndərəcək, qalan 2500 manatı həmin şəxsə verib ona göndərərlər. Aygün atası ilə məsləhətləşib onunla razılaşmışdır. Həmin günün səhəri o, bir gün əvvəl Aygüngilə getdiyi taksi sürücüsü ilə əlaqə saxlayıb onların evlərinə göndərmiş və sürücü gedib 2500 manatı alaraq gətirib ona vermişdir. Aygünün atasından pulu oğlunu işə düəzltmək adı ilə alsa da, reallıqda belə bir fikri olmamış, məqsədi onu aldadıb pulunu ələ keçirmək olmuş və belə də etmişdir. Bir neçə gün onlarla telefonla danışaraq hər dəfə bir bəhanə ilə vaxtı uzatmış, sonda isə telefonu söndürmüş və bir daha əlaqə saxlamamışdır. Maddi imkanı olmadığından, həmin pulu indiyə qədər qaytara və zərərçəkmiş şəxslə barışa bilməmişdir. Ona etimad göstərilərək azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilərsə, azadlığa çıxandan sonra borcunu hissəhissə ödəyəcəkdir. Əməlindən peşmandır. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X6 göstərdi ki, onunla bir ünvanda yaşayan, 25 il bundan əvvəl boşanmış və həmin vaxtdan subay olan qızı Aygün 24 iyun 2020-ci il tarixdə Facebook sosial şəbəkəsində İlyas adlı bir nəfər şəxslə tanış olmuşdur. İlyas Aygünə həmyaşıd olduqlarını bildirərək onunla ailə qurmaq fikrinin olduğunu və bu məqsədlə elçi göndərmək istədiyini demiş, qızı da İlyasın səmimiyyətinə inanaraq onlara demişdir. Bundan bir müddət sonra İlyas Aygündən borc kimi 1336 manat pul almışdr. X9 aparatında işlədiyini və nə köməklik lazım olsa edə biləcəyini, həmçinin, qardaşı X11 şirkətinə işə düzəldə biləcəyini və işə düzəldikdən sonra aylıq 1200 manat maaş alacağını demişdir. Aygün ondan bunun necə baş verəcəyini soruşduqda isə o, bildirmişdir ki, yarı qiymətinə məsələni həll edəcək, başqalarına 10000 manata düzələn işi 5000 manata həll edəcəkdir. Aygün bu barədə ona bildirmiş, bundan sonra o, İlyasla telefonla danışmışdır. İlyas bildirmişdir ki, 4000 manata Kamalı işə düzəldəcək və aylıq 1200 manat maaş alacaqdır. Bundan sonra, yəni 06 iyul 2020-ci il tarixdə təxminən saat 13 radələrində İlyas yaşadıqları evə gəlmiş, yenidən onunla iş barədə söhbət etmişlər. İlyasa bildirmişdir ki, onun pulu yoxdur, ona tanışlardan borc pul alaraq verəcəkdir. İlyas da narahat olmamağını, oğlu Kamalı işə düzəldəcəyini bildirmişdir. Bundan sonra o, 2000 manat düzəldib İlyasa vermiş, bildirmişdir ki, qalan 2000 manatı da sabah gəlib götürər. Bundan sonra İlyas pulu götürüb getmiş və həmin gün axşam onlara zəng edərək bildirmişdir ki, 4000 manata iş düzəlmir, 500 manat da əlavə düzəldilməlidir, odur ki, sabah üçün 2500 manat pul düzəldilməlidir. O da İlyasla razılaşmış və pulu düzəltmişdir. Səhəri gün İlyas ona zəng etmiş, o da ona pulun hazır olduğunu demişdir. İlyas ona bildirmişdir ki, sürücüsünü göndərir, pulu ona versin. O da razılaşmış, bundan bir qədər sonra İlyas ona zəng edərək bildirmişdir ki, sürücüsü yaşadıqları evin qarşısındadır, çıxıb pulu ona versin. O da evdən çölə çıxıb görmüşdür ki, “Mercedes” markalı **-GH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil dayanmışdır. Həmin avtomobilə yaxınlaşıb görmüşdür ki, İlyasın sürücüsüdür. Çünki bir gün əvvəl də İlyas yaşadıqları evə onunla gəlmişdir. O, avtomobilin şüşəsini aşağı endirən sürücüyə 2500 manatı əlbəəl vermiş və sürücü pulu aldıqdan sonra çıxıb getmişdir. İlyas 20-21 iyul 2020-ci il tarixdə işin tam düzələcəyini və oğlu Kamalın işə çıxacağını bildirsə də, yalançı çıxmış və oğlunu işə düzəltməmişdir. Bundan sonra o, ondan pulunu geri istəmiş, lakin İlyas hər dəfə bir bəhanə gətirərək pulu qaytarmamış, o da məcbur qalıb ondan şikayət etmişdir. Həmin pul indiyə qədər qaytarılmamışdır, bu səbəbdən də İlyas ilə barışmaq fikri yoxdur, ondan şikayətçidir. Bütün bunların nəzərə alınaraq ona dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsini və törətdiyi əmələ görə İlyasa müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 da zərərçəkmiş şəxs X2 ifadəsinə uyğun məzmunda ifadə verməklə onun ifadəsini təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, ailəsilə birlikdə Masazır qəsəbəsində nömrəsiz fərdi evdə yaşayır. Təxminən 2019-cu ilin dekabr ayında “Mercedes-Benz” markalı **-CH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili gündəlik 25 manata icarəyə götürərək 8777 çağırışlı "xxxx" MMC taksi şirkətinə qoşulub taksi xidməti ilə məşğul olmuşdur. 2020-ci ilin təxminən iyul ayının əvvəllərində avtomobilinə müştəri kimi əyləşən İlyas adlı şəxslə tanışlığı yaranmış, məlum olmuşdur ki, o, onun taksi kimi dayanıb müştəri gözlədiyi yerin, yəni Biləcəri qəsəbəsində yerləşən “Kristal Abşeron”un yanında bir nəfər qadınla ər-arvad kimi yaşayır. O, İlyasa mobil nömrəsini verərək taksi lazım olduqda birbaşa onunla əlaqə saxlamasını bildirmişdir. Bundan sonra o da hər dəfə taksi lazım olduqda onunla əlaqə saxlamış və hara lazımdırsa, xidmət haqqını alıb onu aparıb gətirmişdir. İlyası müştəri kimi ümumilikdə iki dəfə Xəzər rayonu Buzovna qəsəbəsinə aparmışdır. Birinci dəfə təxminən 2020-ci ilin iyul ayının 3-də saat 10 radələrində İlyası Buzovna qəsəbəsinə gətirmiş, onun istəyilə onu həmin yerdə olan yerüstü piyada keçidinin yaxınlığında avtomobildən düşürtmüş, özü isə avtomobillə hərəkətini davam etdirərək gedib qabaqdan dönüb üzü şəhər istiqamətində geri qayıtmışdır. İlyası düşürtdüyü yerə çatanda görmüşdür ki, o, artıq yolun digər tərəfinə keçərək həmin yerdə dayanmışdır. Avtomobili saxlayıb onu götürmüş və geri qayıtmışlar, xidmət haqqı kimi ondan 20 manat pul almışdır. Bundan bir neçə gün sonra günorta radələrində İlyası yenidən Buzovna qəsəbəsində yerləşən bir evə gətirmiş, İlyas həmin yerdə avtomobildən düşüb evə daxil olmuşdur. O isə həmin yerdə taksinin içərisində oturub onu gözləmişdir. Təxminən 1 saat sonra İlyas evdən çıxıb gəlmiş və avtomobilə əyləşmişdir. O, onu Biləcəri qəsəbəsinə “Kristal Abşeron”un yanına geri qaytarıb düşürtmüş və xidməti haqqı kimi 20 manat pulunu almışdır. Bundan bir neçə gün sonra İlyas yenidən ona zəng edərək ondan xahiş etmişdir ki, bir neçə gün öncə onu apardığı Buzovna qəsəbəsində yerləşən evə getsin, həmin evdən ona pul verəcəklər, onu götürüb Biləcəri qəsəbəsində yerləşən “Kristal Abşeron”un yanına gətirərək ona versin. O, onunla razılaşaraq Buzovna qəsəbəsinə həmin ünvana getmiş, çatandan sonra İlyasa zəng edərək onun dediyi ünvanın qarşısında olduğunu bildirmişdir. Bir dəqiqə sonra bir kişi həyət darvazasından çölə çıxıb avtomobilə yaxınlaşmış və onunla görüşərək sellofanın içərisində olan məbləğini bilmədiyi pulu ona vermiş və bildirmişdir ki, həmin pul İlyasa çatacaqdır. O, pulu götürüb geri qayıtmış, Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsində Dəmiryolu xəstəxanasının arxa qapısının yanında yerləşən “Ocaq” kafesində əlbəəl İlyasa vermişdir. İlyas pulu alıb cibinə qoymuş, ona 20 manat zəhmət haqqını vermiş və onun yanında kiməsə zəng edərək pulun çatdığını bildirmişdir. Bundan sonra o, çıxıb getmişdir. İş materiallarından görünür ki, İslam Dostalıyev ilə Təqsirləndirilən şəxs arasında 21 avqust 2021-ci il tarixdə keçirilmiş üzləşdirmə zamanı İslam Dostalıyev istintaqa verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə demiş, sonuncu onun dediklərini təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 17 avqust 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə bir neçə dəfə cinayət məsuliyyətinə cəlb edilmiş, sonuncu dəfə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 aprel 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 dekabr 2017ci il tarixli qərarı ilə hökmdən bir epizod xaric edilmiş və cəzası 03 (üç) ilə endirilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 yanvar 2018-ci il tarixli qərarı ilə 22 (iyirmi iki) gün vaxtından əvvəl şərti azad edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidin ifadələri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşman olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə, onun şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alır və Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli tutulduğu 20 avqust 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxs X6 tərəfindən 4500 manat məbləğdə maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxsə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs X5 hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 30 iş saatına görə (ibtidai istintaq zamanı 15 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 15 saat) cəmi 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı 20 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs X5 hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar