Məhkəmə qərarları › İş №1(003)-485/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-485/2022

03.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-485/2022 03.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs1 24 avqust 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Təqsirləndirilən şəxs2 xx xxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üstündə saxlayaraq daşımışdır. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə hesab olunan heroini əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ona təmənnasız olaraq pay kimi verdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,670 qram kustar üsulla hazırlanmış narkotik maddə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində üzərində saxlayaraq daşımışdır. 31 may 2022-ci il tarixdə, saat 10:15 radələrində Xəzər RPİ-nin 3-cü Polis şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R.Məmmədhüseynov küçəsində yerləşən “Al Market”in qarşısında saxlanılaraq 3-cü Polis şöbəsinə gətirilmişdir. Şöbədə üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın sağ cibindən hər birində müvafiq olaraq 0,134 qram, 0,066 qram, 0,101 qram, 0,100 qram 0,144 qram, 0,125 qram olmaqla xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan 6 gümüşü rəngli siqaret kağızı bükümündə ümumilikdə təmiz çəkisi 0,670 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni hər birində müvafiq olaraq 0,134 qram, 0,066 qram, 0,101 qram, 0,100 qram, 0,144 qram, 0,125 qram olmaqla ümumi təmiz çəkisi 0,670 qram olan 06 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə və hər birində müvafiq olaraq 0,133 qram, 0,134 qram, 0,132 qram, 0,118 qram olmaqla ümumi təmiz çəkisi 0,517 qram olan 04 ədəd qızılı rəngli siqaret kağızı bükümündə ümumilikdə 1,187 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib həmin narkotik vasitə heroinin 06 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə olan 0,670 qramını 31 may 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində tanışı Təqsirləndirilən şəxs1 satmışdır. 04 ədəd qızılı rəngli siqaret kağızı bükümündə olan 0,517 qram narkotik vasitə heroini isə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində üzərində saxlamaqla daşımışdır. 31 may 2022-ci il tarixdə, saat 10:15 radələrində Xəzər RPİ-nin 3-cü Polis şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R.Məmmədhüseynov küçəsində yerləşən “Al Market”in qarşısında saxlanılaraq 3-cü Polis Polis şöbəsinə gətirilmişdir. Şöbədə video çəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli idman şalvarının sağ cibindən dörd ədəd qızılı rəngli siqaret kağızı bükümündə qeyd edilən çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, narkotik vasitə heroindən 2-3 gündən bir gündə bir dəfə olmaqla istifadə edir. Təqsirləndirilən şəxs2 ilə 3 il olar ki, qeyri-rəsmi münasibətləri vardır. 31 may 2022-ci il tarixdə səhər saatlarında Tutu ilə birlikdə özlərinin istifadəsi üçün narkotik vasitə almaq məqsədi ilə avtomobil ilə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsinə getmişlər. O, tutu ilə birlikdə avtomobildə arxa oturacaqda oturmuşdur. Kərim adlı şəxs avtomobilə Tutu tərəfdən yaxınlaşdığı üçün o, Tutuya iki bükümün pulunu vermiş, Tutu da, iki bükümün pulunu özü qoyaraq pulu Kərim adlı şəxsə verərək 4 büküm narkotik vasitə heroin almışlar və birlikdə yaşadıqları evə gəlmişlər. Oradan 1 saat ərzində narkotik vasitə heroinin 3 bükümünü birlikdə istifadə etmişlər, sonuncu bükümü istifadə etmək istəyərkən polis əməkdaşları evlərinə daxil olaraq onları tutub 3-cü Polis şöbəsinə aparmışlar. Bir büküm də, falqanın içində stolun üstündə qalmışdır. Şöbədə polis əməkdaşları onu döyərək cibinə narkotik vasitə heroin qoymuşlar və etiraf etmyi bildirmişlər. Etiraf etməyəcəyi halda onu 1 kiloqram narkotik vasitə heroin ilə tutacaqlarını demişlər. Ona görə də, vəkilin iştirakı ilə üzərinə videoçəkiliş aparılan zaman 6 bükümü təqdim edərək ona məxsus olduğunu etiraf etmişdir. Azad olunduqdan sonra döyülməyi ilə bağlı prokurorluğa şikayət etmişdir. Müstəntiq istintaq zamanı ondan 5000 manat pul istəmiş, lakin həmin pulu verə bilmədiyinə görə onu Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə rəsmiləşdirmişdir. Lakin Tutu ona narkotik vasitə satmamışdır. Məhkəmədən yüngül cəzanın verilməsini xahiş etdi. Məhkəmədə Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, təxminən 4-5 ay ay olar ki, narkotik vasitə heroindən 1-2 gündən bir gündə bir dəfə olmaqla istifadə edir. 31 may 2022-ci il tarixdə səhər saatlarında qeyri-rəsmi ər-arvad olaraq yaşadığı Təqsirləndirilən şəxs1 ilə özlərinin istifadəsi üçün narkotik vasitə almaq üçün Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsinə getmişlər. Onlar avtomobildə arxa oturacaqda oturmuşlar, narkotik vasitə satan Kərim adlı şəxs ona tərəf yaxınlaşdığından Tərlan ona pul vermiş və o, həmin pulu Tərlandan götürüb Kərim adlı şəxsə vermişdir. Bunun müqabilində 4 büküm narkotik vasitə heroin alaraq iki bükümünü Tərlan vermişdir. Sonra birlikdə yaşadıqları evə gələrək həmin narkotik vasitə heroinin 3 bükümünü birgə istifadə etmişlər, bir büküm isə qalmışdır. Həmin günü yaşadıqları evdə olarkən polis əməkdaşları gələrək onu və Tərlanı 3-cü Polis şöbəsinə aparmışlar. Həmin vaxt narkotik vasitənin təsiri altında olsa da, hərəkətləri yadında olmuşdur. Şöbədə üzərinə axtarış keçirilsə də, üzərindən narkotik vasitə aşkar olunmamışdır. Sonra polis əməkdaşları hədə-qorxu gələrək cibinə narkotik vasitə qoymuşlar. Şöbədə onun üzərinə videoçəkiliş ilə axtarış aparılmamışdır. Tərlanla onun üzərinə ayrı-ayrı otaqlarda axtarış aparmışlar. O, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamış və aldığı narkotik vasitəni satmaq fikri olmamışdır. Tərlana isə narkotik vasitənin iki bükümün birlikdə istifadə etmələri üçün vermişdir. İstintaq zamanı müstəntiq ondan pul istəmiş və o, həmin pulu vaxtında çatdıra bilmədiyinə görə ona narkotik vasitənin satışı ilə məşğul olması barədə ittiham vermişdir. O, narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirərək məhkəmədən nəzərə alınmasını xahiş etdi. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsiri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsiri iş üzrə dindirilmiş şahidlərin ifadələri və toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Xəzər rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumat əsasında onları 3-cü Polis şöbəsinin polis sahə Şahid2 və 3-cü Polis şöbəsinin yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru Şahid3 ilə birlikdə 31 may 2022-ci il tarixdə, saat 10:15-də Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R.Məmmədhüseynov küçəsində yerləşən “Al Market”in qarşısında şübhəli şəxs qismində saxlayaraq 3-cü Polis şöbəsinə dəvət etmişlər. Videoçəkilişlə müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılmamışdan əvvəl üzərində qanunla qadağan olunan əşya varsa könüllü təqdim etməsi, əks halda üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs1 göy rəngli cins şalvarın sağ cibindən siqaretin gümüşü kağızına bükülmüş 6 ədəd bükümü təqdim edərək içində narkotik vasitə heroin olduğunu və 31 may 2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs2 ona təmənnasız olaraq pay verdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılsa da, onun üzərindən qadağan olunan əşya aşkar edilməmişdir. Bundan sonra videoçəkilişlə müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılmamışdan əvvəl üzərində qanunla qadağan olunan əşya varsa könüllü təqdim etməsi, əks halda üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs2 qara rəngli idman şalvarının sağ cibindən siqaretin qızılı kağızına bükülmüş 4 ədəd bükümü təqdim edərək içində narkotik vasitə heroin olduğunu və 31 may 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ərazisində “Kərim” kimi tanıdığı şəxsdən bükümünü 10 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılsa da, onun üzərindən qadağan olunan əşya aşkar edilməmişdir. Aşkar olunmuş narkotik vasitələr zərfə qoyularaq qablaşdırılmış və bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahidlər Xəzər RPİ-nin 3-cü Polis şöbəsinin polis sahə inspektoru Şahid2 və Xəzər RPİ-nin 3-cü Polis şöbəsinin yetkinlik yaşina çatmayanlarin işləri üzrə inspektoru Şahid3 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişlər. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1 31 may 2022-ci il tarixdə üzərində aparılan şəxsi axtarış və götürmə istintaq hərəkəti ilə bağlı protokola əlavə olunmuş CD formatlı diskə keçirilmiş baxış protokolundan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs1 31 may 2022ci il tarixdə üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarın sağ cibindən 06 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə 0,670 qram narkotik vasitə heroinin aşkar edilərək götürülməsi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs2 31 may 2022-ci il tarixdə üzərində aparılan şəxsi axtarış və götürmə istintaq hərəkəti ilə bağlı protokola əlavə olunmuş CD formatlı diskə keçirilmiş baxış protokolundan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs2 31 may 2022ci il tarixdə üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli idman şalvarının sağ cibindən 04 ədəd qızılı rəngli siqaret kağızı bükümündə 0,517 qram narkotik vasitə heroinin aşkar edilərək götürülməsi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 01 iyun 2022-ci il tarixli, 6/3051 nömrəli rəyindən görünür ki, «tədqiqata təqdim edilmiş üzərində “... Vət. Təqsirləndirilən şəxs1 üzərindən...” sözləri olan 1 №-li zərfdəki 6 ədəd bükümdı ayrı-ayrılıqda təmiz çəkiləri 0,134 qr., 0,066 qr., 0,101 qr., 0,100 qr., 0,144 qr., 0,125 qr., ümumi təmiz çəkisi 0,670 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, üzərində “... Vət. Təqsirləndirilən şəxs2 üzərindən...” sözləri olan 2 №-li zərfdəki 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,133 qr., 0,134 qr., 0,132 qr., 0,118 qr., ümumi təmiz çəkisi 0,517 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. 1 və 2 №-li zərfələrdəki heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Ekspertiza tədqiqatına 1 №-li zərfdəki heroindən 0,120 qram sərf edildikdən sonra 0,550 qram qalıq, 2 №-li zərfdəki heroindən 0,080 qram sərf edildikdən sonra 0,437 qram qalıq qalmışdır». İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsin Ambulator X1 17 avqust 2022-ci il tarixli, 4547 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsin Ambulator X1 17 avqust 2022-ci il tarixli, 4546 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 31 avqust 2022-ci il tarixli tələbnaməsindən görünür ki, 24 avqust 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs1 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 01 sentyabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs2 - Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 16 iyul 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.4-cü maddəsinə əsasən 1000 manat cərimə cəzasına məhkum edilmişdir, məhkumluğu ödənilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhər Probasiya idarəsinin 19 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 16 iyul 2015-ci il tarixli hökmünə əsasən 1000 manat cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs2 «28 May - Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli qərarının 1.8-ci bəndi tətbiq edilərək cərimə cəzasından azad edilmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuş və onlar həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini təqsirli bilməməsini, şəxsi axtarış və götürmə protokolları, ekspert rəyləri, şahidlərin ifadələri və digər iş materiallarına əsasən özünü müdafiə və cəzadan boyun qaçırmaları kimi qiymətləndirir. İş materiallarına əlavə olunmuş Xəzər rayon prokurorunun köməkçisi X4 29 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən psixoloji təsirə və fiziki zor tətbiqə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından toplanmış 368-C-22 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrubəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyul 1997-ci il tarixli 1 saylı Qərarının 3-cü bəndinə görə satma dedikdə - narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz olaraq hər hansı bir üsulla yayılması başa düşülməlidir (satma, bəxşiş vermə, dəyişdirmə, borc əvəzinə vermə, borc alaraq vermə, başqa şəxsə iynə vurma və s.) hərəkətlər başa düşülməlidir. Təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla yanaşı, onların xeyli miqdarda olması, istehlakçı ilə əvvəlcədən razılıq olması, narkotik vasitədən istifadə etməyən şəxs tərəfindən onun əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, narkotik vasitələr hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə az ağır cinayət törətməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən, ağırlaşdıran və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 31 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Xəzər rayon prokuroru Fəxri Ələsgərovun 02 iyun 2022-ci il il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət rədd edilərək o, saxlanılıdığı Xəzər RPİ-nin MSY-dən azad olunmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 31 may 2022-ci il tarixdən 02 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Nizami Həmidovun 06 avqust 2022-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır. İş materiallarına əlavə edilmiş axtarışda olan şəxsin tutulması barədə 10 avqust 2022-ci il il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 10 avqust 2022-ci il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi ərazisində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 10 avqust 2022-ci il tarixdən hesab olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasının əvvəli 10 avqust 2022-ci il tarixdən hesab olunmalı və o, Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkumluğunun olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 31 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Xəzər rayon prokuroru Fəxri Ələsgərovun 01 iyun 2022-ci il il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət rədd edilərək o, saxlanılıdığı Xəzər RPİ-nin MSY-dən azad olunmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 31 may 2022-ci il tarixdən 01 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 1 (bir) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Nizami Həmidovun 06 avqust 2022-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsidnə axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır. İş materiallarına əlavə edilmiş axtarışda olan şəxsin tutulması barədə 10 avqust 2022-ci il il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 10 avqust 2022-ci il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi ərazisində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 10 avqust 2022-ci il tarixdən hesab olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasının əvvəli 10 avqust 2022-ci il tarixdən hesab olunmalı və o, Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Nizami Həmidovun 26 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 aşkar olunmuş altı ədəd bükümdə narkotik vasitə heroinin ekpertizadan sonrakı qalığı 0,550 qram və Təqsirləndirilən şəxs2 aşkar olunmuş dörd ədəd bükümdə narkotik vasitə heroinin ekpertizadan sonrakı qalığı 0,437 qram maddi sübut kimi tanınmış və Xəzər RPİ-də saxlanılmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 02 ədəd CD disk isə maddi sübüt kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs1 aşkar olunmuş altı ədəd bükümdə narkotik vasitə heroinin ekpertizadan sonrakı qalığı 0,550 qram və Təqsirləndirilən şəxs2 aşkar olunmuş dörd ədəd bükümdə narkotik vasitə heroinin ekpertizadan sonrakı qalığı 0,437 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 81 (səksən bir) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə qaydada tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat, məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 12 (on iki) saat olmaqla ümumilikdə 32 (otuz iki) saat vaxt sərf etmişdir. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 19 (on doqquz) saat, məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 12 (on iki) saat olmaqla ümumilikdə 31 (otuz bir) saat vaxt sərf etmişdir. Ona görə də, 192 (yüz doxsan iki) manat məbləğində vəsait Müdafiəçi2, 186 (yüz səksən altı) manat məbləğində vəsait isə Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 31 may 2022-ci il tarixdən 02 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 10 avqust 2022-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 31 may 2022-ci il tarixdən 01 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 1 (bir) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 10 avqust 2022-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs1 aşkar olunmuş altı ədəd bükümdə narkotik vasitə heroinin ekpertizadan sonrakı qalığı 0,550 qram və Təqsirləndirilən şəxs2 aşkar olunmuş dörd ədəd bükümdə narkotik vasitə heroinin ekpertizadan sonrakı qalığı 0,437 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 81 (səksən bir) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə qaydada tutularaq dövlət büdcəsinə keçirilsin. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs1 ibtidai istintaqda və məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 192 (yüz doxsan iki) manat məbləğində vəsait, Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs2 ibtidai istintaqda və məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 186 (yüz səksən altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi2 və Müdafiəçi1 ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar