Məhkəmə qərarları › İş №1(003)-487/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-487/2021

29.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-487/2021 29.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1999-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 3 nömrəli Zeytun Sovxozu ev 18-də qeydiyyatda olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsə sağlamlığın qısa müddət pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 20 may 2021-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, yeni yaşayış sahəsindəki nömrəsiz evin həyətində qardaşı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə nəticəsində yerdən götürdüyü dəmir parçası ilə Zərərçəkmiş şəxs baş və bədən nahiyələrinə vuraraq sonuncunun bədənində döş qəfəsinin daxilə nüfuz etməyən 1 ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Araz və Abbas onun qardaşlarıdır. Təxminən 1 il olar ki, qardaşı Araz Gülnarə adlı qadına görə ailəsində yaranmış söz-söhbətə görə öz həyat yoldaşı ilə boşanma həddinə çatmış, buna görə də həyat yoldaşını qaynanasıgilə göndərib Gülnarə adlı qadını evinə gətirmişdir. Qardaşının bu hərəkəti də onun, ailə üzvlərinin və digər qardaşı Abbasın xoşuna gəlmədiyi üçün 20 may 2021-ci il tarixdə saat 22 radələrində Arazla bu biabırçı məsələni müzakirə etməkdən ötrü Arazın yaşadığı Xəzər rayonu Qala qəsəbəsi yeni yaşayış sahəsinə gedərək onunla söhbət etməyə başlamışlar. Lakin söhbətin sonunda bir-birilərini başa düşməmişlər və söhbətin sonu dava ilə nəticələnmişdir. Mübahisə əsnasında o, həyətdəki dəmir parçasını götürüb Arazın baş və bədən nahiyələrinə vurmuş, daha sonra onunla əlbəyaxa olmuşdur. Arazı vurduqdan sonra həyəcanlı halda əlindəki dəmir parçası ilə bayıra çıxıb qaçmış və dəmir parçasını naməlum istiqamətə tullamış, lakin axşam olduğu üçün onu hara atdığını xatırlamır. Sonra ailə üzvlərindən eşitmişdir ki, Arazı yaralı halda xəstəxanaya çatdırmışlar. İlk dəfə törətdiyi bu əməldən peşman olaraq qardaşı Araz ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Hazırda Arazın ondan heç bir şikayəti və ya tələbi yoxdur. Barışmalarının nəzərə alınaraq onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, o, təxminən 14 ildir ki, ailə həyatı qurmuşdur və bu evlilikdən 4 uşağı vardır. Əvvəllər həyat yoldaşı ilə aralarında münasibətlər yaxşı olsa da, son 2 ildə münasibətləri pisləşmiş və onlar boşanma həddinə çatmışlar. Həyat yoldaşından boşanacağı təqdirdə öz sevdiyi Gülnarə adlı qadınla ailə həyatı qurmaq istəmişdir. Həyat yoldaşı ilə rəsmi boşanmasalar da, faktiki ayrı yaşamışlar. Uşaqlardan isə yalnız qızı Məryəm onunla yaşamışdır. Həyat yoldaşından ayrı yaşadığı üçün Gülnarəni evinə gətirmişdir. Onun bu hərəkəti ailə üzvlərinin xoşuna gəlməmişdir. Ailə üzvləri bu barədə onunla dəfələrlə söhbət etsələr də, o, öz qərarından dönməmişdir. 20 may 2021-ci il tarixdə saat 19 radələrində atası Vəli, anası Göyçək, həyat yoldaşı İlhamə və qaynanası Səkinə onlara gəlmiş və yenə də bu məsələni müzakirə etməyə başlamışlar. Müzakirələr onu bezdirdiyi üçün, o, hər kəsi istəmədən acılamağa başlamış, sonra aralarında mübahisə yaranmışdır. Mübahisə əsnasında o, anasını söyüb təhqir etmişdir. Bu zaman qardaşı Abbas onların yanına gələrək söhbətə müdaxilə etmişdir. Həmin vaxt Abbasla arasında mübahisə yaranmış və mübahisə əsnasında Abbas onun çənə nahiyəsindən yumruqla zərbə vurmuşdur. Zərbənin təsirindən o, yerə yıxılmış, sonra isə yerdə olan taxta parçasını götürüb ayağa qalxmış və Abbasın üzərinə getmişdir. Abbas taxta parçasını onun əlindən alıb həmin taxta parçası ilə onu baş nahiyəsindən vurmuşdur. Daha sonra evdə olan şəxslər onları aralamış, Abbas isə onu döyməsi barədə DİN “102” xidmətinə zəng vurub məlumat vermişdir. Polis əməkdaşları hadisə yerinə gələrək onları Polis şöbəsinə aparmışlar. Orada ərizə verdikdən sonra o, yaşadığı evə qayıtmışdır. Bundan sonra digər qardaşı Haqverdi ona zəng edərək yanına gəlib onunla görüşmək istədiyini demiş, o da etiraz etməmişdir. Təxminən saat 22 radələrində Haqverdi gəlmiş və onlar yenə də onun ailə məsələsi barədə söhbət etməyə başlamışlar. Lakin söhbətin sonu mübahisə ilə bitmişdir. Mübahisə əsnasında Haqverdi yerdən götürdüyü dəmir parçası ilə onun başından və bədəninin sol nahiyəsindən vurmuşdur. Zərbənin təsirindən o, yerə yıxılmış, Haqverdi isə həyəcan içində qaçmışdır. Təxminən 15 dəqiqədən sonra atası, anası, qaynanası və həyat yoldaşı gəlib onu yaralı vəziyyətdə görmüşlər. Daha sonra o, Gülnarə ilə maşına əyləşib xəstəxanaya getmişdir. Hazırda Haqverdi onunla barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Buna görə də onun Haqverdidən heç bir şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq Haqverdi barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 göstərdi ki, Araz, Abbas və Haqverdi onun övladlarıdır. Təxminən 1 il olar ki, oğlu Araz Gülnarə adlı qadına görə ailəsində yaranmış söz-söhbətə görə öz həyat yoldaşı ilə boşanma həddinə çatmış, buna görə də həyat yoldaşını qaynanasıgilə göndərib Gülnarə adlı qadını evinə gətirmişdir. Arazın bu hərəkəti ailə üzvlərinin xoşuna gəlməmişdir. Buna görə də 20 may 2021-ci il tarixdə saat 19 radələrində o, həyat yoldaşı Vəli, Arazın həyat yoldaşı İlhamə və İlhamənin anası Səkinə ilə birlikdə Arazın yaşadığı ünvana gedib məsələyə aydınlıq gətirmək istəmişlər. Arazın evinə gedərkən nəvəsi Məryəmi və Arazın ikinci yoldaşı Gülnarəni də orada görmüşlər. Arazdan nə üçün belə etdiyini soruşanda, o, onlara qarşı aqressiv cavab verərək onları evdən qovmağa çalışmışdır. Arazın bu hərəkəti aralarında mübahisəyə səbəb olmuşdur. Mübahisə əsnasında Araz onu söyüşlə təhqir etmişdir. Bu zaman digər oğlu Abbas da onların yanına gəlmiş və onları ayırmağa başlamışdır. X6 da nalayiq ifadələrlə acılamağa başlamışdır. Bundan sonra Abbas dözməyərək Arazın çənə nahiyəsindən yumruqla zərbə vurmuşdur. Zərbənin təsirindən Araz yerə yıxılmış, sonra isə ayağa qalxıb əlinə taxta parçası alaraq Abbasın üzərinə onu vurmağa getmişdir. Lakin Abbas taxtanı Arazın əlindən alaraq həmin taxta ilə onun baş nahiyəsindən vurmuşdur. Daha sonra onlar Arazla Abbası aralamışlar. Araz polisə zəng vurmuş, hadisə yerinə gələn polis əməkdaşları onları Xəzər RPİ-nin 1-ci PŞ-nə aparmışlar. Şöbədə olarkən izahat yazmışlar. Araz izahatını yazdıqdan sonra şöbədən çıxıb getmişlər. Onlar da öz izahatlarını yazdıqdan sonra yenidən o, Vəli, qudası Səkinə və gəlini İlhamə Arazın evinə gəlmişlər. Arazın evinə gələn zaman digər oğlu Haqverdinin evdən çıxdığını görmüşlər. İçəri keçən zaman isə Arazın həyətdə yaralı vəziyyətdə olduğunu görmüşlər. Arazdan vəziyyəti soruşanda Araz Haqverdi ilə əlbəyaxa mübahisə etdiyini və mübahisə zamanı Haqverdinin dəmir parçası ilə onun bədən nahiyəsinə vurduğunu bildirmişdir. Daha sonra Araz Gülnarə ilə öz maşınına əyləşib xəstəxanaya getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2, Şahid3, Şahid4 da oxşar, eyni məzmunlu ifadələr verərək X1 göstərdiklərini təsdiq etdilər. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 elan edilmiş ifadəsi ilə onun da oxşar, eyni məzmunlu ifadə verərək X1 göstərdiklərini təsdiq etməsi müəyyən edildi. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 24 may 2021-ci il tarixli 507 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər döş qəfəsinin daxilə (döş boşluğuna) nüfuz etməyən 1 ədəd kəsilmiş-deşilmiş yarası; ənsə nahiyəsinin, alının, sol bud nahiyəsinin isə səthi kəsilmiş yaraları deşici-kəsici və kəsici təsirə malik əşyanın deşici-kəsici və kəsici təsirindən; hər iki dizin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmiş törənmə müddətləri onun 3 saylı Şəhər kliniki xəstəxanasına müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 20 may 2021-ci il tarixə uyğun gələ bilər. Qeyd olunan xəsarətlərdən döş qəfəsinin daxilə (döş boşluğuna) nüfuz etməyən 1 ədəd deşilmiş-kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir; ənsə nahiyəsinin, alının, sol bud nahiyəsinin səthi kəsilmiş yaraları və hər iki dizin sıyrıqları isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25 may 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 26 may 2021-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. İş materiallarında olan və 04 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş 22 sentyabr 2021-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tamamilə ödənilmişdir, buna görə də onun ondan heç bir şikayəti yoxdur. Barışmalarının nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxsnın ona istinad edilən əməli törətməsi onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadələri, MTE və PA Birliyinin aktı və cinayət işinin materiallarında olan digər sənədlərlə tam sübuta yetirildi. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxsnın əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallardan başqa, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinin tələbinə görə, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Azərbaycan Respublikası CPM-nin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası CPM-nin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ya ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimaixüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilə bilməz. Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə Təqsirləndirilən şəxsnın və Zərərçəkmiş şəxs, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi, barəsində seçilmiş barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin ləğv edilməsi məqsədə uyğundur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsnın CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxsnın dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı müdafiə etmiş 08 saylı Vəkil Bürosunun vəkili X2 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxsnın hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 ümumilikdə 15 iş saatına görə 90,00 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 43.3, 197-198, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinə görə onun barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxsnın barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxsnın barəsində seçilmiş barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxsnın hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 cəmi 90,00 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar