Məhkəmə qərarları › İş №1(003)-488/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-488/2024

14.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-488/2024 14.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X2, Müdafiəçi- Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 qızının, Təqsirləndirilən şəxs iştirakları ilə, 07 avqust 1980-ci ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Beyləqan rayonu Birinci Şahsevən kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi nömrəsiz fərdi evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Talışlar məhəlləsi adlanan ərazidə yerləşən ikimərtəbəli evini 25000 manata satacağını vəd etməklə etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə 2021-ci ilin may ayının ortalarında Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Talışlar məhəlləsi adlanan ərazidə yerləşən yaşadığı evdə 1300 manat, 2021-ci ilin mart ayının sonunda Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Talışlar məhəlləsi adlanan ərazidə yerləşən yaşadığı evdə 6700 manat, 2021-ci ilin iyun ayının əvvələrində Bakı şəhəri Xəzər rayonu Şimal Dres qəsəbəsində 7000 manat, 2022-ci ilin fevral ayında Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Stansiya adlanan ərazidə 2000 manat, 2022-ci ilin mart ayında Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Stansiya adlanan ərazidə 3000 manat pulunu alaraq ümumilikdə 20000 manat, yəni xeyli miqdarda pulunu ələ keçirməklə vədinə əməl etmədən zərərçəkmiş Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən Zərərçəkmiş şəxs2 Bakı şəhəri Xəzər rayonu Şimal Dres qəsəbəsində 24 sot torpaq sahəsi verəcəyini və həmin torpaq sahəsinə çıxarış alacağını vəd etməklə etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin fevral ayının ortalarında Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Stansiya adlanan ərazidə “Zəfəran” aptekin qarşısında 1300 manat, 2023-cü ilin yanvar ayının əvvəllərində Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Tolstoy küçəsində yerləşən yaşadığı evdə 1200 manat pulunu alaraq sonuncuya məzmununa bilə-bilə yalan məlumatlar daxil edilmiş hazırladığı saxta sənəd hesab olunan çıxarış və müqaviləni təqdim edib ümumilikdə 2500 manat pulunu ələ keçirməklə vədinə əməl etmədən zərərçəkmiş Zərərçəkmiş şəxs2 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən Zərərçəkmiş şəxs3 qızını Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Bağlar massivində yerləşən yarımtikilisini satacağını vəd etməklə etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə 24 avqust 2022-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Bağlar massivində 600 manat, 2023-cü ilin yanvar ayının ortalarında Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Bağlar massivində 3400 manat pulunu alaraq ümumilikdə 4000 manat pulunu ələ keçirməklə vədinə əməl etmədən zərərçəkmiş Zərərçəkmiş şəxs3 qızına həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, maddi vəziyyətilə əlaqədar olaraq bir neçə şəxsi müxtəlif vədlər verərək aldadıb pullarını ələ keçirmişdir. Belə ki, birinci dəfə Zərərçəkmiş şəxs1 Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Talışlar məhəlləsi adlanan ərazidə yerləşən ikimərtəbəli evini 18000 manata satacağını vəd edib aldadaraq hissə-hissə olmaqla ümumilikdə 1300 manat pulunu alıb ələ keçirmişdir. Daha sonra həmin evi ona təhvil verməyərək başqa bir şəxsə satmışdır. Ondan başqa armatur alveri edəcəkləri adı ilə onun 2450 manat pulunu ələ keçirmişdir və ondan aldığı pulları qaytarmamışdır. Bundan başqa Zərərçəkmiş şəxs2 Bakı şəhəri Xəzər rayonu Şimal Dres qəsəbəsində 24 sot torpaq sahəsi verəcəyini və həmin torpaq sahəsinə çıxarış alacağını vəd etməklə aldadıb hissə-hissə olmaqla ümumilikdə 1200 manat pulunu alıb ələ keçirmiş, həmin şəxsə üzərində qələmlə soyadı, adı, ata adı yazılmış çıxarış və müqavilə təqdim edərək real iş gördüyünə inandırmışdır. Bundan başqa Zərərçəkmiş şəxs3 qızını Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Bağlar massivində yerləşən yarımtikilini satacağını vəd etməklə aldadıb ondan ümumilikdə 600 manat pul alaraq ələ keçirmiş və ondan aldığı pulun 380 manatını geri qaytarmışdır. Əlavə olaraq bildirmişdir ki, qeyd olunan cinayət əməllərinin hamısını tək etmiş, heç kəslə əlbir olmamışdır. Zərərçəkmiş şəxs2 təqdim etdiyi çıxarış sənədi və müqavilənin üzərində qələmlə yazılmış yazıları o, yazaraq hazırlamışdır. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, himayəsində azyaşlı uşaqlarının olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, 22 il olar Bakı şəhrində müxtəlif yerlərdə kirayədə yaşayır. 2021-ci il tarixində kirayədən çıxmaq məqsədi ilə hazır ev almaq istəmiş, bundan qabaq torpaq sahəsi alıb yarımtikili vəziyyətində ev tikmiş, həmin evi tikib qurtara bilmədiyinə görə 16000 manata satmışdır. 2021-ci il tarixində tanışlarına hazır ev olsa ona demələrini tapşırmış, bu zaman əvvəllər tanıdığı Eldəniz adlı şəxs Emin adlı şəxsin öz evini 25000 manata satdığını bildirmişdir. O, 2021-ci ilin may ayının ortalarında X8 qəsəbəsində Talışlar məhəlləsinə gedərək həmin yerdə yerləşən Eminin evinə baxmış, ev xoşuna gəlmiş, Emin adlı şəxs Eldənizə görə ona hörmət edib 25000 manata satdığı evi ona 22000 manata verəcəyini demiş və razılaşmışlar. Elə həmin gün o, Eminə 1300 manat beh vermişdir. Həmin vaxt evdə təmir işləri gedirmiş, o, təmir işləri bitdikdən sonra pulu ona verəcəyini bildirmiş, təxminən bir həftədən sonra o, X11 qəsəbəsində yerləşən evində 6700 manat pul vermiş, Emin onun şəxsiyyət vəsiqəsini alaraq qaz, su və digər komunalları onun adına keçirəcəyini bildirmişdir. Bu zaman Eldəniz də onun yanında olmuşdur. Bu hadisədən təxminən 10-12 gün keçdikdən sonra o, Şimal Dress qəsəbəsində Eldənizin yanında Eminə 7000 manat pul vermişdir. Bundan sonra Emin evdə bəzi təmir işlərinin aparıldığını, təmir tam başa çatdıqdan sonra evi təhvil verəcəyini deyərək evi ona təhvil verməmiş, o, da Eminə heç bir şey deməmişdir. Daha sonra isə 2022-ci ilin fevral ayında Mərdəkan qəsəbəsində Stansiya deyilən yerdə Eminə 2000 manat, həmin ilin mart ayında isə eyni yerdə 3000 manat pul vermiş, Emin hər dəfə evi adına saldığını, arxayın olmasını demişdir. O, isə hər dəfə ona zəng vuraraq nə vaxt evdən çıxacaqlarını soruşmuşdur. 2022-ci ilin mart ayının axırı evə köçmək üçün o, Eminlə görüşməli imiş, Eminə zəng etsə də ona zəng çatmamış, o, X9 qəsəbəsində olan evinin qarşısına getmiş, qapını döydüyü zaman qapını başqa adam açmış, həmin tanımadığı qadından kim olduğunu soruşmuş, o, evi aldığını və həyat yoldaşı ilə həmin evdə yaşadığını bildirmişdir. Bu zaman o, onun yoldaşının nömrəsini isdəmiş, o, ona nömrə verməyərək onun nömrəsini istəmiş, o, öz nömrəsini ona vermiş, 2 saatdan sonra Ramin adı şəxs ona zəng vuraraq həmin evi Emin adlı şəxsdən 25000 manata aldığını və ailəsi ilə orada yaşadığı bildirmişdir. Bu zaman o, heç bir şey deməmiş, Emini axtarmağa başlamışdır. Emini 3 gündən sonra görmüş, Emindən bunun nə iş olduğunu, niyə ona evi satacağına söz verib başqasına satdığını soruşmuş, Emin ona vacib pul lazım olduğundan evi onlara 23000 manata satdığını demişdir. Emin ondan aldığı 20000 manat pulu ona qaytaracağını bildirmiş, bu hadisədən 1 ilə yaxın müddət keçməsinə baxmayaraq müxtəlif bəhanələrlə onun pulunu qaytarmamışdır. O, ona hər dəfə zəng vurduğu halda o, ona and içərək, öz ünvanına nalayiq ifadələr işlədərək pulunu qaytaracağını bildirmiş, lakin nəticəsi olmamışdır. 15 iyul 2023-cü il tarixdə Eldəniz ilə birlikdə Eminin yaşadığı Şimal Dress qəsəbəsinə getmiş, həmin ünvanda Eminə məxsus başqa bir ev də var imiş, bu zaman o, Emindən fikrinin nə olduğunu soruşduqda Emin ona yaşadığı həmin evi satdığını və pulunu qaytaracağını bildirmişdir. Bu zaman o, Emindən həmin bu hal-hazırda yaşadığı evi ona satmasını, ona verdiyi pulu ondan çıxmasını istədikdə Emin evi anasının kiminləsə behləşdiyini, bir ay müddətində onun pulunu qəpiyinə kimi ödəcəyini ona bildirmişdir. O, bir aydan sonra Eminə zəng vurduqda Emin telefonu açmamış, o, Eldənizə zəng vurub bir ay keçməsinə baxmayaraq Eminin ona söz verdiyi pulu qaytarmadığını demiş, Eldəniz ona Eminin maşınla nə isə daşıdığını bildirmiş, o, həmin Emin yaşayan Şimal Dress qəsəbəsinə gəlmiş, bu zaman evi alan şəxslər bayıra çıxaraq bu evi Emindən aldıqlarını demiş, Eminin buradan köçdüyünü bildirmişlər. O, Eminə zəng vurduğu halda o telefona cavab verməmiş, bundan 1-2 gün sonra o, Xəzər RPİ-nin 1-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. O, ifadəsinə əlavə olaraq bildirmişdir ki, ona 20000 manat maddi ziyan dəymişdir. Qeyd etmişdir ki, o, evi təmir etdirdiyi və qardaşının ailəsinin orada yaşamasını bahanə edərək ona təhvil verməmişdir. Qeyd etmişdir ki, Emin evin sənədlərinin anasının sandığında olduğunu və anasının da Xırdalan şəhərində bacısıgildə olduğunu, həmin sandığın anası tərəfindən açıla biləcəyini, həmin sənədlərin onun adına tam hazır olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən də təqsirləndirilən şəxslərdən şikayətçidir və ziyanının ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, bir oğlu var, hazırda əsgərlikdədir. 2 qız uşağı isə qardaşınındır, onlara da o, baxır. Belə ki, o, qeyd etmişdir ki, qardaşı ağır xəsdədir, uşaqların anası isə çıxıb getmişdir. Ona görə də uşaqlara o, baxır. Həyat yoldaşı və anası da yataq xəstəsidir. Çıxılmaz vəziyyətdədir. Özü ailəsini dolandırmaqdan ötrü xadiməçilik işləri ilə məşğul olur. Bildirmişdir ki, 2021-ci ilin dekabr ayında onun yoldaşının tanışı olan Eldəniz adlı şəxslə əlaqə saxlayaraq Şimal Dress qəsəbəsindən torpaq almaq isdədiklərini bildirmişlər. Eldəniz bu işlərlə məşğul olan dostu Eminlə onları calaşdırmış, Emin onların evinə gəlmiş, onlar Eminə ucuz qiymətə torpaq almaq isdədiklərini demiş, Emin onlara ucuz qiymətə torpaq sahəsi olduğunu, ancaq sənəd problemləri olduğunu demişdir. Həmin torpağın sənədlərini düzəltmək üçün 2500 manat pul lazım olduğunu, pulu ödəyəcəyi təqdirdə həmin torpağa sənəd düzəldəcəyini bildirmişdir. Həmin torpaq sahəsini ona sənəd düzəldiləndən sonra sotunu 1000-1500 manata satacağını bildirmişdir. Onlar Eminlə belə razılaşmışlar. Nağd pulu olmadığı üçün o, Kapital Bankdan kredit götürmüş, ilkin olaraq 2022-ci ilin fevral ayının ortalarında Mərdəkan qəsəbəsi, Stansiya deyilən yerdə yerləşən Zəfəran aptekinin qarşısında Təqsirləndirilən şəxsa 1300 manat pul vermiş, Emin ona narahat olmamasını, sənədin hazırlandığını, ən qısa zaman ərzində sənədləri verəcəyini demişdir. Bu hadisədən bir müddət sonra, 2023-cü ilin yanvar ayının əvvəllərində Emin ona zəng vuraraq sənədlərin düzəldiyini, sadəcə bir az da pul lazım olduğunu demiş, bununla bağlı yaşadıqları evə gəlmiş və Şabacı bankdan çıxartdığı 2500 manatdan qalan 1200 manatı da ona vermiş, bir müddət sonra Emin üzərində onun adı yazılan çıxarış sənədini, Bakı şəhəri, İcra Hakimiyyəti Başçısı Bağlar Təsərrüfat inkişaf və istismarı Birliyinin 36101 sayı müqaviləsini və Eminin ondan 1200 manat pul almasını təsdiq edən öz xətti ilə yazdığı sənədləri vermiş, o, heç bir şeydən şübhələnməmiş, bu hadisədən sonra o, Eminə rayonda 30 sot pay torpağı olduğunu və onu satıb Emindən aldığı torpağın pulunu verib özünə həmin torpaqda ev tikəcəyini bildirmiş və onlar razılaşmışlar. Bir müddət keçdikdən sonra məhlədə Azər İşıq əməkdaşları işləyərkən Eminin ona verdiyi sənədlərdən başı çıxmadığına görə dövlət işçiləri olduqları üçün Azər İşıq işçilərinə Eminin ona verdiyi sənədləri göstərmiş, həmin əməkdaşlar sənədə baxıb çıxarış sənədinin saxta olmasını bildirmişlər. O, bundan sonra şübhələnmiş, Eminə zəng vurmuş, Emin onun telefonuna cavab verməmiş, onun ailəsinə zəng vurmuş, Eminin arvadı Emindən ayrıldığını və ondan xəbəri olmadığını bildirmiş, bu hadisədən sonra Xəzər RPİnin 1-ci PŞ-nə ərizə ilə müraciət etmiş, müvafiq araşdırma aparılmışdır. O, ifadəsinə əlavə olaraq bildirmişdir ki, Emin adlı şəxs ona 2500 manat maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən də təqsirləndirilən şəxslərdən şikayətçidir və ziyanının ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 qızı bildirdi ki, 24 avqust 2022-ci il tarixdə əvvəllər tanıdığı Arif adlı şəxsin vasitəsi ilə Eldəniz adlı şəxsin ev işləri ilə məşğul olduğunu bilmiş, Eldənizlə görüşmüş, o, Şüvəlan qəsəbəsində Bağlar massivində yerləşən şəriki Eminə məxsus yarımtikilini ona göstərmiş, yarımtikili xoşuna gəlmiş, Emin adlı şəxslə onu əlaqələndirmiş, o, Eminlə görüşmüş və beh kimi ona 600 manat pul vermişdir. Həmin vaxt Emin ona gözləməyini, evin təxminən 1 ay müddətinə hazır olacağını bildirmiş, o, da etiraz etməmiş, sonra bu proses 3 aya yaxın uzanmış, 3 ay sonra Emin qaz və işıq sayğaclarını adına qoydurması üçün ondan şəxsiyyət vəsiqəsini istəmiş, o, vəsiqəsinin şəklini çəkərək Eminin istəyilə oğlunun telefonuna göndərmişdir. Bundan 2 ay keçdikdən sonra da problem həll olunmamış, 2 aydan sonra onunla əlaqə saxlamış və Emin ona yoldaşının rəhmətə getdiyini, Beyləqanın rayonunun Daşburun kəndində yas verdiyini demişdir. 2023-cü ilin yanvar ayının ortalarında o, Bakı şəhəri, Şüvəlan qəsəbəsi, Bağlar massivində Eminlə görüşüb ona 3400 manat vermiş, Emin hazırda onun istintaqa təqdim etdiyi sənədləri ona verərək 10 gündən sonra evin onun olacağını demişdir. 10 gündən sonra Eminə yığıb məsələnin nə yerdə olduğunu soruşmuş, Emin rayonda olduğunu, bir həftəyə qayıdacağını demişdir. Bu zaman o, Şüvəlan qəsəbəsi, Bağlar massivində olan yaşayış evinin yaxınlığında olduğunu, evə baxmaq istədiyini deyərək ondan evi nə vaxt təhvil verəcəyini soruşmuş, Emin ona evinə qayıtmasını demiş, onun bu sözü onda şübhə yaratmış və vəd etdiyi evə getmiş, evdə pərdə, stol, stul, masa və digər yaşamaq üçün lazım olan ləvazimatlar olduğunu görmüş, Eminə zəng vuraraq burada nə baş verdiyini maraqlananda o, ona evində artıq olan əşyalar olduğunu və onun üçün saxladığını demişdir. O, Eminə inanmamış və Arifə yığaraq orada yaşayış olduğunu bildirmiş, Arif həmin şəslə əlaqə saxlıyaraq orada yaşayış olub-olmadığını maraqlanmış və o, yaşayış olmadığını demişdir. Buna baxmayaraq 2023-cü ilin mart ayında ora getdikdə orada bir qadının yaşadığını görmüş, Eminə zəng edərək evi başqasına satdığını bildirmiş və ondan evini verməsini tələb etmişdir. Bundan sonra Emin onun telefon zənglərinə cavab verməmişdir. X12 yığaraq ondan zaman istəmiş və ona müəyyən müddət vaxt vermişlər. Buna baxmayaraq yenə də problem həll edilməmiş, Eminin onu aldadaraq dələduzluq etdiyini görüb bu barədə Polisə şikayət etmişdir. O, ifadəsinə əlavə olaraq bildirmişdir ki, hər dəfə pulu Emin adlı şəxə verərkən Arif adlı tanışı həmin yerdə olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən də təqsirləndirilən şəxslərdən şikayətçidir və ziyanının ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid bildirdi ki, hamı onu Eldəniz kimi tanısa da, əsl adı Daşqındır. Bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun tanışıdır. Qeyd etmişdir ki, Elşən evinin olmadığını bildirərək ona müraciət etmiş, o, da onu Xəzər rayonu Şüvəlan qəsəbəsi Talışlar məhəlləsində ev satan Emin adlı şəxslə tanış etmiş, Emin özünə məxsus ikimərtəbəli evini 22000 manata ona satacağını bildirmiş və Elşən onun yanında Eminə hissə-hissə olmaqla müxtəlif vaxtlarda cəmi 20000 manat pul vermişdir. X10 20000 manat pul almasına baxmayaraq həmin evi ona təhvil verməmiş, yenidən Ramin adlı başqa bir şəxsə satmış, Ramin də evi başqa bir şəxsə satmışdır. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1980-cı ildə Beyləqan rayonunda doğulmuş Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə AR CM-nin 204.3.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 09 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə AR CM-də dəyişiklik edilməsi haqqında xx.xx.2020-ci il tarixli qanunu tətbiq edilərək 204.3.2-ci maddəsi 204.2ci maddəsinə tövsif olunaraq üzərində 08 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 2545 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. İş materiallarında olan 27 noyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 27 noyabr 2023-cü il tarixdə tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 28 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan 28 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 07 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.2.2, 178.2.4 və 320-ci maddələri ilə təqsirləndirilən şəxs cəlb edərək həmin maddələrlə ona yenidən ittiham elan edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 verdiyi əlyazmalar və X4 “Whatsapp” mobil tətbiqində yazdığı mesajlar sübut növü kimi tanınmışdır. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(003)- 488/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunaraq barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Xəzər RPİ-nin 1-ci PŞ-nin xx.xx.2024-cü il tarixli, 3-13-45- 1/2-7587/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Xəzər rayonu ərazisində saxlanaraq AR ƏN PX-nin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, “Sənədin rəsmi sənədə aid edilməsi üçün o, bir sıra əlamətlərə malik olmalıdır. Bunun üçün sənəd səlahiyyətli şəxs tərəfindən tərtib və təsdiq edilməli, müəyyən edilmiş formaya uyğun olmalı, vacib rekvizitləri (möhürü, ştampı, imzanı və s.) əks etdirməlidir. Rəsmi sənədin əsas şərtlərindən biri də onun hüquqi əhəmiyyəti ilə bağlı olub təqdim edilə bilmə qabiliyyətinin, yəni sənəddə əks olunmuş məlumatın hüquq münasibətlərinə təsir etmək imkanının mövcud olmasını tələb edir. Cinayət Məcəlləsinin 320.1-ci maddəsində təsbit edilən cinayətin predmetini təşkil edən rəsmi sənəd hüquqlar verməli və ya vəzifələrdən (öhdəliklərdən) azad etməlidir. Hüquqlar verməyən və ya vəzifələrdən azad etməyən sənədin saxtalaşdırılması, hazırlanması və ya satılması Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaratmır. Beləliklə, hər hansı sənədin Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin predmeti qismində çıxış etməsi üçün onun hüquq münasibətlərinə (onların yaranmasına, dəyişdirilməsinə və xitamına) təsir etməklə hüquq və vəzifələr yaratması, eləcə də hüquqların həyata keçirilməsi və ya vəzifələrin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar kimi hüquqi nəticələrə səbəb olma xüsusiyyətinin mövcudluğu mütləqdir. Saxtalaşdırma rəsmi sənədin məzmununun təhrif edilməsidir və saxta olmayan vəsiqəyə və ya rəsmi sənədə hər hansı vasitə ilə yanlış məlumatların daxil edilməsi, boş blankın belə məlumatlarla doldurulması, onun məzmununa dəyişikliklər edilməsi və s. üsullarla həyata keçirilir və bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə düzgün tövsif olunmuş və onlar həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən “Cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən “Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən “Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayəthüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən “Ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən “Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, “Əfvetmə müraciət əsasında tətbiq edildiyindən, məhkum edilmiş şəxsin işi Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası tərəfindən araşdırılır, onun əfv edilməsinin mümkünlüyü barəsində müvafiq qurumların rəyləri alınır, baxılmış sənədlər qəti qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunur. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş "Əfvetmə haqqında Əsasnamə"nin 36-cı bəndinə uyğun olaraq, cəzanı icra edən orqan əfvetmə haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını təxirə salınmadan icra etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxs amnistiya aktı əsasında vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə, məhkumluğun ödənilməsi müddəti şəxsin cəzanı çəkməkdən azad edildiyi, yəni səlahiyyətli orqanın konkret şəxs barəsində amnistiya aktının tətbiq olunması barədə qərarının qüvvəyə mindiyi gündən hesablanmalıdır.” Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə AR CM-nin 204.3.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 09 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə AR CM-də dəyişiklik edilməsi haqqında xx.xx.2020-ci il tarixli qanunu tətbiq edilərək 204.3.2-ci maddəsi 204.2-ci maddəsinə tövsif olunaraq üzərində 08 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 2545 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Həmin tarixdən cinayət qanunvericiliyinə əsasən altı il müddət keçmədiyindən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinə əsasən “Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadələrinə, zərər çəkmiş şəxslərin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən “Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 verdiyi əlyazmalar və X4 “Whatsapp” mobil tətbiqində yazdığı mesajlar cinayət işində saxlanılmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə təqsirli bilinsin, Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə 02 (iki) il 09 (doqquz) ay müddətinə müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 27 iyul 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 verdiyi əlyazmalar və X4 “Whatsapp” mobil tətbiqində yazdığı mesajlar cinayət işində saxlanılsın. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, ümumilikdə 210 (iki yüz on) məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar