Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-493/2021 21.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1950-ci ildə Zəngilan rayonu, Mincivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, ali təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs tanışı X7 ilə hüquq verən vəsiqəni istifadə etmək məqsədilə qanunsuz hazırlayaraq saxtalaşdırıb satmaqla gəlir əldə etməkdən ötrü qabaqcadan əlbir olan şəxs halında birləşmiş, bu məqsədlə Müseyib Eyvazov istintaqa məlum olmayan şəraitdə və tarixdə Şahid3 adına Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin avtomatlaşdırılmış informasiya sistemində və texnika sürücüsü vəsiqəsinin verilmə kitabında qeydə alınmamış traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün AB1092 nömrəli sürücülük vəsiqəsinin blankını, üzərilərində olan möhür əksi və imzaları elektrofotoqrafik çap qurğuda qanunsuz hazırlamaqla saxtalaşdırıb Təqsirləndirilən şəxs vermiş, sonuncu isə cinayətkar plana uyğun olaraq həmin sürücülük vəsiqəsinin saxta olduğunu bildirmədən istifadə etməsindən ötrü Şahid3 təqdim etməsi üçün 2021-ci ilin yanvar ayının əvvəllərində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində tanışı Şahid2 300 manata satmış, əldə edilən gəlirin 50 manatını özünə qalan 250 manatını isə Müseyib Eyvazova vermişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tanışı X7 ilə hüquq verən vəsiqəni istifadə etmək məqsədilə qanunsuz hazırlayaraq saxtalaşdırıb satmaqla gəlir əldə etməkdən ötrü qabaqcadan əlbir olan şəxs halında birləşmiş, bu məqsədlə Müseyib Eyvazov istintaqa məlum olmayan şəraitdə və tarixdə Şahid4 adına Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin avtomatlaşdırılmış informasiya sistemində və texnika sürücüsü vəsiqəsinin verilmə kitabında qeydə alınmamış traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün AB1088 nömrəli sürücülük vəsiqəsinin blankını, üzərilərində olan möhür əksi və imzaları elektrofotoqrafik çap qurğuda qanunsuz hazırlamaqla saxtalaşdırıb Təqsirləndirilən şəxs vermiş, sonuncu isə cinayətkar plana uyğun olaraq həmin sürücülük vəsiqəsinin saxta olduğunu bildirmədən istifadə etməsindən ötrü Şahid4 təqdim etməsi üçün 2021-ci ilin yanvar ayının əvvəllərində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində tanışı Şahid2 300 manata satmış, əldə edilən gəlirin 50 manatını özünə qalan 250 manatını isə Müseyib Eyvazova vermişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, o, birinci Qarabağ Müharibəsində iştirak etmiş, müharibə veteranıdır. 2016-cı il tarixədək "xxxx" QSC-də müxtəlif işlərdə işləmişdir. X7 onun həmyerlisidir. Onunla Mincivanda birlikdə işləmişlər. Bakıya gəldikdən sonra da onunla münasibətləri davam etmişdir. Təxminən 2020-ci ilin sonlarında Müseyiblə söhbət edən zaman ona bir nəfər tanışı olduğunu və həmin şəxsin saxta sənədlər, diplomlar, vəsiqələr hazırladığını bildirmişdir. Müseyib demiş ki, o əsasən kənd təsərrüfatı avtomobillərini idarə etmək üçün sürücülük vəsiqələri düzəldir. Qeyd etmiş ki, istəyən olsa pulu ilə onlara traktorları idarə etmək üçün vəsiqə təşkil edib pul qazanmaq olar. Müseyib demiş ki, istəyən şəxslərdən 300 manat pul alsın, həmin pulun 200 manatını sənədi düzəldən şəxsə versinlər, 100 manatı isə yarıya bölsünlər. O da maddi vəziyyəti yaxşı olmadığından onunla razılaşmışdır. Şahid2 təxminən 3-4 il olar ki, tanıyır. O Abşeron-Binə Peşə Təhsili Liseyində işləmişdir. Onunla Liseydə tanış olmuşdur. O Turabın liseydə işlədiyini bildiyindən ona bildirmiş ki, tanış adam var, o traktor və digər kənd təsərrüfatı avtomobillərini idarə etmək üçün sürücülük vəsiqələri verə bilir. Turab həmin vəsiqələrin necə hazırlandığını soruşduqda onun tam qanuni olduğunu bildirmişdir. Çünki Müseyib ona həmin vəsiqələrin originaldan heç bir fərqinin olmadığını, vəsiqələrin saxta olduğunun bilməyin mümkün olmadığını demişdir. Turab da ona istəyən olsa xəbər edəcəyini bildirmişdir. Bundan sonra təxminən 2020-ci ilin dekabr ayında Turab əlaqə saxlayaraq bir nəfər şəxsə tarktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqələri lazım olduğunu bildirmişdir. Ona həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, 3X4 ölçüdə 2 ədəd fotoşəkili təşkil edərək sənədləri ona gönədərməsini bildirmişdir. Turab sənədlərlə birlikdə ona 300 manat da pul göndərmişdir. O 50 manatı özünə götürmüş və 250 manat pulu və sənədləri Müseyibə təqdim etmişdir. Bir neçə gün sonra X2 adına olan sürücülük vəsiqəsini ona təqdim etmişdir. O da həmin sənədi Turaba vermişdir. Bundan sonra Turab ona Şahid3 və Şahid4 sənədlərini göndərmişdir. Hər biri üçün 300 manat pul da göndərmişdir. Eyni qaydada o sənədləri və hər biri üçün 250 manat pulu Müseyibə göndərmişdir. Bir neçə gündən sonra Müseyib hər iki şəxsin sənədini hazır edərək ona vermişdir. O da təxminən 2021-ci ilin yanvar ayının əvvəllərində Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsində Turaba təhvil vermişdir. Bundan bir müddət sonra Turab onunla əlaqə saxlayaq Elvinin əlaqə saxlayaraq vəsiqənin saxta olduğunu bildirdiyini demişdir. O məsələni dəqiqləşdirməsini ona demişdir. O da Müseyiblə görüşərək ondan bu barədə soruşmuş və ona aldığı pulu geri qaytarmasını tələb etmişdir. Bundan sonra Müseyib Elvin üçün aldığı 250 manat pulu ona qaytarmışdır. O da özünə götürdüyü 50 manatı da əlavə edərək Turaba vermişdir. Bundan sonra Turab Elvinin sürücülük vəsiqəsini ona göndərmiş, o da Müseyibə təqdim etmişdir. Bundan sonra onlar heç kimə sürücülük vəsiqəsi təşkil etməmişlər və bunun üçün də heç kimdən pul almamışlar. Bundan sonra onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Baş İdarədə olan zaman ona məlum olmuş ki, Turab da həmin şəxsləri Şahid1 adlı şəxslər vasitəsilə tapmışdır. İqrarın telefonuna baxış zamanı Şahid4 və Şahid3 da vəsiqə təşkil olunduğu müəyyən edilmişdir. Bundan sonra ona məlumat vermişlər ki, həmin şəxlər müəyyən olunaraq İdarəyə dəvət edilmiş və onlara verilmiş vəsiqələr götürülmüşdür. Araşdırma zamanı hər iki vəsiqənin saxta olduğu müəyyən edilmişdir. O tutduğu əməldən səmimi peşmandır. Maddi sıxıntısı olduğundan belə işi görməyə razılıq vermişdir.O həmin vəsiqələrin qanuni yolla alınmadığını, saxta olduğunu bilmişdir. Lakin traktor idarə etmək üçün vəsiqə olduğundan inanmamış ki kimsə onu yoxlayar. O həmin vəsiqələrin hansı üsulla hazırlandığını bilməmişdir. Müseyib həmin vəsiqələri tanışı düzəltdiyini bildirmişdir. Müseyib Eyvazov 12 may 2021-ci il tarixdə Covid-19 xəstəliyi səbəbindən vəfat etmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldəm səmimi peşman olmasını, yaşlı olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, ailəlidir, biri azyaşlı olmaqla 3 övladı vardır. 1993-ci il tarixdən “X6” usta və böyük usta vəzifələrində işləyir. O geniş profilli, traktorçu, maşinist, təmirçi, çilingər, avtomobili sürücüsü ixtisasları üzrə qrup rəhbəri kimi dərs demişdir. Hazırda isə böyük usta vəzifəsində işləməklə sadəcə olaraq dərslərin təşkilinə nəzarət etmişdir. Təxminən 2020-ci ilin sentyabr ayında liseyə qəbulla maraqlanmaq üçün gələn Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Söhbət əsnasında Allahyar ona bildirmiş ki, onun tanışları var və onlar vasitəsilə traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqələri təşkil edə bilir. O bunun üçün 300 manat pul alacağını bildirmişdir. Həmin zaman onun da maddi vaziyyəti yaxşı olmadığından fikirləşmiş ki, tanışlardan kimsə istəsə ondan pul alaraq həm onlara sürücülük vəsiqələri təşkil edər, həm də özü də üstünə pul qoyaraq qazanar. O Allahyarla tanış olanda onun, nəçi olduğunu və harada işlədiyini, eləcə də sənədləri kimin vasitəsi ilə düzəltdirəcəyini soruşmamışdır. Sadəcə olaraq ona bildirmiş ki, gələcəkdə sənədlərdə problem zad olmaz ki? Ona “başı ilə cavabdeh olduğunu” bildirmişdir. O da buna görə ona inanmışdır. Bundan sonra 2020-ci ilin noyabr-dekabr aylarında tanışı X11 ilə söhbət edən zaman o Allahyarın (həmin zaman o Allahyarı “Əli” kimi tanımışdır.) traktor sürücülük vəsiqələri barədə ona etdiyi təklifi İqrara bildirmişdir. Şahid1 1993-cü il tarixdən tanıyır, o əvvəllər “Abşeron-Binə Peşə Liseyin”-də işləmişdir. Onunla normal münasibəti olmuş, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. O İqrarın əhatəsi geniş olduğundan ona bildirmiş ki, istəyən olsa Allahyarın vasitəsilə onlara traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqələri təşkil edərək “3-5 manat” da onlar pul qazana bilərlər. İqrar da ona istəyən olsa xəbər edəcəyini bildirmişdir. 2020ci ilin dekabr ayında Şahid1 onunla əlaqə saxlayaq bir nəfər şəxsə tarktor sürücülük vəsiqəsi lazım olduğunu bildirmişdir. O bu barədə Allahyara bildirdikdə o həll edə biləcəyini bildirmişdir. O da Allahyarın dediyi zəruri sənədləri, yəni şəxsiyyət vəsiqəsinin surəti, 3X4 ölçüdə 2 ədəd fotoşəkili təşkil edərək sənədləri ona gönədərməsini İqrara bildirmişdir. İqrar sənədlərlə birlikdə ona 350 manat da pul göndərmişdir. O 50 manatı özünə götürmüş və 300 manat pulu və sənədləri Allahyara təqdim etmişdir. Bir neçə gün sonra X1 adın olan sürücülük vəsiqəsini ona təqdim etmişdir. O da həmin sənədi İqrara vermişdir. Bundan sonra İqrar ona Şahid3 və Şahid4 sənədlərini göndərmişdir. Hər biri üçün 350 manat pul da göndərmişdir. Eyni qaydada o sənədləri və hər biri üçün 300 manat pulu Allahyara göndərmişdir. Bir neçə gündən sonra Allahyar hər iki şəxsin sənədini hazır edərək ona, o da İqrara təhvil vermişdir. Bundan bir müddət sonra Şahid1 onunla əlaqə saxlayaq Elvinin onunla əlaqə saxlayaraq saxta olduğunu bildirdiyini demişdir. O məsələni dəqiqləşdirməsini ona demişdir. O da Allahyarla görüşərək ondan bu barədə soruşmuşdur. Ona ilk əvvəl sənədin saxta ola bilməyəcəyini bildirsə də sonradan onu da aldatdıqlarını bildirmişdir. Ona aldığı pulu geri qaytarmasını tələb etmişdir. Bundan sonra Allahyar Elvin üçün aldığı 300 manat pulu ona qaytarmışdır. O da özünə götürdüyü 50 manatı da əlavə edərək Şahid1 vermişdir. Bundan sonra İqrar Elvinin sürücülük vəsiqəsini ona göndərmişdir, o da Allahyara təqdim etmişdir. Bundan sonra onlar heç kimə sürücülük vəsiqəsi təşkil etməmiş və bunun üçün də heç kimdən pul almamışlar. Bundan sonra onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Baş İdarədə olan zaman ona məlum olmuş ki, Şahid1 telefonuna baxış zamanı Şahid4 və Şahid3 da vəsiqə təşkil etmələrini müəyyən etmişlər. Bundan sonra ona məlumat vermişlər ki, həmin şəxlər müəyyən olunaraq İdarəyə dəvət edilmiş və onlara verilmiş vəsiqələr götürülmüşdür. Araşdırma zamanı hər iki vəsiqənin saxta olduğu müəyyən edilmişdir. Allahyar vətəndaşlara verdikləri vəsiqələrin kim tərəfindən hansı üsulla hazırlandığını bildirməmişdir. O həmin vəsiqələrin qanuni olduğunu bildirmişdir. O həmin vəsiqələrin saxta olduğunu bilsəydi heç vaxt belə iş görməzdi. Hətta vəsiqənin saxta olduğu aşkar olunan kimi o heç kimə belə bir vəsiqə təşkil etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, ailəlidir, biri azyaşlı olmaqla 4 övladı vardır. 1992-ci il tarixdən “X18” yol hərəkəti qaydalarından dərs demişdir. O təxminən 2010-cu il tarixədək həmin vəzifədə işləmişdir. Bundan başqa da müxtəlif sürücülük kurslarında müəllim və direktoru müavini vəzifələrində işləmişdir. Bundan başqa o, Baş Dövlət Yol Polisi İdarəsidə həmin sürücülük kurslarının nümayəndəsi qismində iştirak etmişdir. Hazırda da sürücülük kursu kimi fəaliyyət göstərən "xxxx" MMC-də müəllim işləyir. MMC-nin əsəs fəaliyyət istiqaməti sürücülük vəsiqələri alması üçün tələbələrə təhsil verməkdir. Şahid2 onunla birlikdə “X18” işləmişdir. Həmin liseydə uzun illərdir ki, peşə təhsili ilə yanaşı kənd təsərüfatı avtomobillərinin idarə edilməsi üçün sürücülük vəsiqəsi almaq üçün şəhadətnamə də verilmişdir. O da sürücülük kurslarında işlədiyindən bəzi şəxslər ona müraciət edərək onlara traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqələri almalarına köməklik etmələrini xahiş etmişlər. O da Turabı tanıdığından bu barədə Turaba məlumat verərək kömək edə bilib-bilməyəcəyini soruşmuşdur. Turab da ona həmin sürücülük vəsiqələrini təşkil edə biləcəyini bildirmişdir. Turab ona 300- 350 manata vəsiqəni düzəldəcəyini bildirmişdir. Buna görə də o müraciət edən şəxslərdən 500-600 manata yaxın pullar almışdır. O heç kimə aldığı pulu kiməsə rüşvət verəcəyini deməmişdir. O müraciət edən şəxslərdən həmin pulu xidmət haqqı kimi aldığını bildirmişdir. Təxminən 2020-ci ilin sonlarında və 2021-ci ilin yanvar ayında o 2-3 nəfər şəxsdən bu qaydada pul alıb sənədlərlə birlikdə Turaba göndərmişdir. 2021-ci ilin yanvar ayında tanışı X10 ona müraciət edərək tanışı X12 adlı şəxsə traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqələri almağa köməklik etməsini xahiş etmişdir. O həmin şəxsin 600 manat da pul verdiyini bildirmişdir. O da bu barədə Şahid2 bildirmişdir. Elvin Qədirlinin sənədlərini və 300 manat pulu Şahid2 göndərmişdir. Bir müddət sonra X15 adına olan sürücülük vəsiqəsini ona, o da öz növbəsində Əmrah Cəlilova təqdim etmişdir. Həmin ərəfələrdə Şahid4 və Şahid3 adlı şəxslər də ona müraciət edərək traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqələri təşkil etməsini xahiş etmişlər. O həmin şəxslərin hər birindən 500 manat pul almışdır. Onların da sənədlərini və hər biri üçün 300 manat olmaqla ümumilikdə 600 manat pulu da Turaba göndərmişdir. Turab da bir müddət sonra həmin şəxslərin adına olan sürücülük vəsiqələrini ona vermişdir. Həmin sürücülük vəsiqələri tam original sürücülük vəsiqələrinə oxşamışdır. Onların saxta olmalarını bilməmişdir. O həmin vəsiqələri həmin şəxslərə təhvil vermişdir. 2021-ci ilin mart-aprel aylarında Əmrah onunla əlaqə saxlayaraq Elvin Qədirliyə verdikləri sürücülük vəsiqəsinin saxta olmasını bildirmişdir. O dərhal bu barədə Turaba məlumat vermiş və məsələni izah etməsini bildirmişdir. O da kimləsə danışıb məsələni aydınlaşdıracağını bildirmişdir. Bundan sona Turab onunla əlaqə saxlayaraq onu da aldatdığlarını və vətəndaşın pulunu qaytarmaq lazım olduğunu bildirmişdir. O da Əmraha 600 manat pul vermiş ki, Elvinə qaytarsın və vəsiqəni ondan geri alsın. Bundan sonra Əmrah həmin vəsiqəni gətirib ona, o da Turaba təhvil vermişdir. Bundan sonra onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Baş İdarədə o, izahat verdikdən sonra mobil telefonuna baxış keçirilən zaman Şahid4 və Şahid3 da vəsiqə təşkil etdiyini müəyyən etmişlər. Bundan sonra ona məlumat vermişlər ki, həmin şəxslər müəyyən olunaraq İdarəyə dəvət edilmiş və onlara verilmiş vəsiqələr götürülmüşdür. Araşdırma zamanı hər iki vəsiqənin saxta olduğu müəyyən edilmişdir. O vətəndaşlara verilmiş vəsiqələrin kim tərəfindən hansı üsulla hazırlandığını, həmin vəsiqələrin saxta olduğunu bilməmişdir. Həmin vəsiqələrin saxta olduğunu bilsəydi heç vaxt belə iş görməzdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, "xxxx" MMC-də fəhlə işləyir. İşlədiyi MMC 2020-ci ilin dekabr ayında traktorçu vəzifəsinə sürücülər axtarmışdır. O da maraqlandıqda traktor idarə etmək üçün “traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi” almaq lazım olduğunu bildirmişlər. Onun ümumiyyətlə sürücülük vəsiqəsi olmamışdır. Şahid1 təxminən 3-4 ildir ki, tanıyır, onun peşə məktəbində işlədiyini bilmişdir. Buna görə də fikirləşmiş ki, o, həmin sürücülük vəsiqənin alınmasında ona köməklik göstərə bilər. O da Şahid1 evinə gedərək ona tarktor idarə etmək üçün sürücülük vəsiqəsi lazım olduğunu bildirmişdir. İqrar ona bildirmiş ki, onun işlədiyi peşə məktəbi traktor idarə etmək üçün sürücülük vəsiqəsi almağa görə təhsil vermir. Lakin onun əvvəl işlədiyi Binə Peşə Təhsil Liseyində həmin peşə ilə bağlı təhsil verilir və arayış verilir. Həmin arayış əsasında da sürücülük vəsiqəsi alınır. Ona bildirmiş ki, həmin məktəbdə işləyən tanışı tarktor üçün sürücülük vəsiqələrinin alınmasında köməklik edə bilər. Belə lazımı sənədlərin toplanması və lazım olan orqanlara çatdırılması işlərini özləri həll edəcəkdir. Lakin bunun üçün 500 manata xidmət haqqı lazım olduğunu bildirmişdir. O həmin pulu məktəbdən arayış almaq da daxil olduğunu bildirmiş və təklif etmiş ki, qeyd edilən prosedurdan pul vermədən özü də keçə bilər. O buna vaxtı olmadığından bildirmiş ki, özləri həll etsinlər və İqrarla razılaşmışdır. O pulla birlikdə şəxsiyyət vəsiqəsinin surətini və iki ədəd 3X4 ölçüdə fotoşəkil gətirməsini istəmişdir. O da təxminən 2021-ci ilin yanvar ayının əvvəllərində İqrarın yaşadığı evin qarşısında ona dediyi sənədləri və 500 manat da pul vermişdir. O bir həftə ərzində sürücülük vəsiqəsi verəcəyini bildirmişdir. Bundan sonra o işə gəlmişdir. Həmin gün işdə söhbət edən zaman iş yoldaşı Şahid4 da “traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi” almaq istədiyini bildirmişdir. Ona Şahid1 500 manat təşkil edə bildiyini bildirmişdir. İqrardan xahiş etsin ki, ona da sürücülük vəsiqəsi təşkil etsin. O İqrara Şakir barədə dedikdə X21 rayonu sakini olduğunu deyərək 600 manat pul lazım olduğunu bildirmişdir. Şakir də razılaşmış və həmin gün axşam Şakir sənədləri və 600 manat pulu onunla birlikdə Şahid1 evinin qarşısında İqrara vermişdir. İqrar hər iki vəsiqəni eyni vaxtda verəcəyini bildirmişdir. Onlara həmin sənədlərin tam qanuni sənədlər olduğunu bildirmişdir. 12 yanvar 2021-ci il tarixdə onunla əlaqə saxlayaraq vəsiqələrin hazır olduğunu bildirmişdir. O da həmin gün İqrarın evindən sənədləri götürmüşdür. O əvvəllər “traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi” görmədiyi üçün bu vəsiqənin saxta olduğunu belə hiss etməmişdir. Bundan sonra o işlədiyi şirkətə sürücülük vəsiqəsi aldığını bildirmişdir. Onlar onun əvvəlcə imtahandan keçməli olduğunu bildirmişlər. Lakin o imtahan versə də keçə bilməmişdir. Növbəti dəfə imtahan hazırlaşan ərəfədə onu BMCMİ-yə dəvət etmişlər. Baş İdarədə olan zaman ona sürücülük vəsiqəsinin saxta olması ehtimalı olduğunu bildirmişlər. O da araşdırılması üçün vəsiqəni könüllü olaraq təqdim etmişdir. Bundan sonra onun məlumatı olmuş ki, Şahid1 tərəfindən ona verilmiş sürücülük vəsiqəsi saxtadır. Sonradan o Şahid1la əlaqə saxlayaraq ondan məsləyə aydınlıq gətirməsini bildirmişdir. Ona bildirmiş ki, onu da aldadıblar, o sənədin saxta olduğunu bilməmişdir. Ona bildirmiş ki, verdikləri pulu qaytarmağa hazırdır. O da Şahid4 birlikdə İqrarla görüşmüşlər. İqrar onların pullarını geri qaytarmışdır. Şahid1 pulu ondan kiməsə rüşvət vermək adı ilə almamışdır. O bildirmiş ki, traktor üçün sürücülük vəsiqəsi almaq uzun prosedurdur. Bunun üçün sənədlər toplamaq lazımdır. O həmin işdə ona köməklik edəcəyini bildirmişdir. Yəni o 500 manat pulu rüşvət kimi deyil xidmət haqqı olaraq vermişdir. O vəsiqlərin hansı qaydada hazırlanacağını bildirməmişdir. Onun 500 manat pulu qaytarmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş sənədlərin texniki ekspertizasının 08 iyun 2021-ci il tarixli, 5/569 saylı ekspert rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün Şahid3 adına AB1092 nömrəli və Şahid4 adına AB1088 nömrəli sürücülük vəsiqələrinin blankları, üzərilərində olan möhür əksi və imzalar elektrofotoqrafik çap qurğuda hazırlanmışdır. Azərbaycan Respublikası Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün Şahid3 adına AB1092 nömrəli və Şahid4 adına AB1088 nömrəli sürücülük vəsiqələri və üzərilərindəki holoqram Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının 2019-cu il “04” iyul tarixli “Q-09-20” nömrəli qərarı ilə təsdiq edilmiş Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin Spesifikasıyasında olan təsviri ilə və “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi BDTNM” məzmunlu holoqramı ilə eynilik təşkil etmir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 07.08.2021-ci il tarixli tələbnamədən görünür ki, xx xxxxxx 1950-ci ildə Zəngilan rayonunda doğulmuş Təqsirləndirilən şəxs Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin 22.05.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə təqsirli bilinərək, şərti maliyyə vahidinin 700 misli miqdarında cərimə edilmişdir. Daha sonra Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 07.06.2010-cu il ttarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinərək, barəsində 03 il şəti sınaq müdəti təyin edilməklə 04 il 07 ay 11 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15.11.2019-cu il tarixli qərarında göstərilmişdir ki, “Sənədin rəsmi sənədə aid edilməsi üçün o, bir sıra əlamətlərə malik olmalıdır. Bunun üçün sənəd səlahiyyətli şəxs tərəfindən tərtib və təsdiq edilməli, müəyyən edilmiş formaya uyğun olmalı, vacib rekvizitləri (möhürü, ştampı, imzanı və s.) əks etdirməlidir. Rəsmi sənədin əsas şərtlərindən biri də onun hüquqi əhəmiyyəti ilə bağlı olub təqdim edilə bilmə qabiliyyətinin, yəni sənəddə əks olunmuş məlumatın hüquq münasibətlərinə təsir etmək imkanının mövcud olmasını tələb edir. Cinayət Məcəlləsinin 320.1-ci maddəsində təsbit edilən cinayətin predmetini təşkil edən rəsmi sənəd hüquqlar verməli və ya vəzifələrdən (öhdəliklərdən) azad etməlidir. Hüquqlar verməyən və ya vəzifələrdən azad etməyən sənədin saxtalaşdırılması, hazırlanması və ya satılması Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaratmır. Beləliklə, hər hansı sənədin Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin predmeti qismində çıxış etməsi üçün onun hüquq münasibətlərinə (onların yaranmasına, dəyişdirilməsinə və xitamına) təsir etməklə hüquq və vəzifələr yaratması, eləcə də hüquqların həyata keçirilməsi və ya vəzifələrin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar kimi hüquqi nəticələrə səbəb olma xüsusiyyətinin mövcudluğu mütləqdir. Saxtalaşdırma rəsmi sənədin məzmununun təhrif edilməsidir və saxta olmayan vəsiqəyə və ya rəsmi sənədə hər hansı vasitə ilə yanlış məlumatların daxil edilməsi, boş blankın belə məlumatlarla doldurulması, onun məzmununa dəyişikliklər edilməsi və s. üsullarla həyata keçirilir və bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Belə olan halda, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.2-ci maddəsinə əsasən 71 yaşının olmasını və törətmiş olduğu əməldən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003cü il tarixli qərarında göstərilmişdir ki, “Təqsirli şəxsə islah işləri və ya cərimə cəzası təyin edilərkən onun maddi vəziyyəti, öhdəsində yetkinlik yaşına çatmayanların, əmək qabiliyyəti olmayan digər şəxslərin olması və s. aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinə əsasən “Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi cərimə cəzası təyin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində maddi sübut kimi saxlanılan Şahid3 adına olan AB 1092 nömrəli və Şahid4 adına olan AB 1088 nömrəli sürücülük vəsiqələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 61,52 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 3500 (üç min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində maddi sübut kimi saxlanılan Şahid3 adına olan AB 1092 nömrəli və Şahid4 adına olan AB 1088 nömrəli sürücülük vəsiqələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 61,52 (altmış bir manat əlli iki qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X4, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə istintaqı zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-493/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-493/2021
21.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver