Məhkəmə qərarları › İş №1(003)-493/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-493/2022

18.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-493/2022 18.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan (fəhlə), ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2n, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs4 məxsus, etibarnamə ilə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «Toyota Prius» minik markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində fəaliyyət göstərən “Şüvəlan Park”-ın qarşısında üzü Mərdəkan qəsəbəsi istiqamətinə hərəkətdə olarkən «X5» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğun olaraq diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli və beləliklə də yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda, həmin Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq nəqliyyat vasitələrinin hərəkət istiqamətlərini ayıran ağ xəttini kəsib keçərək idarə etdiyi avtomobili qarşı hərəkət zolağına çıxararaq Zərərçəkmiş şəxs3 məxsus “Hyundai County” markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtobusu etibarnamə ilə idarə edən sürücü Şahid1 hərəkəti üçün real təhlükə yaratmış və idarə etdiyi “Toyota Prius” markalı avtomobilin sağ yan hissəsi ilə “Hyundai County” markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtobusun qabaq sağ hissəsini vurmuş, nəticədə ehtiyatsızlıqdan “Toyota Prius” markalı avtomobildə olan sərnişinlər xx.xx.1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 qızının hər iki tərəfli hemotoraksla müşayiət olunan sağ İİİ, İV, V, Vİ, Vİİİ, İX, X qabırğaların sınıqları, sağ Vİİİ döş fərəqəsinin yerdəyişməyən sınığı ilə müşayət olunan və həyat üçün təhlükəli olan sağlamlıa ağır dərəcəli zərərvurmaya aid xəsarətlər, xx.xx.1954-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 Məmmədovaya sol bazunun, sol baldırın qançırları ilə nəticələnən və dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə, habelə «Toyota Prius» minik markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi ilə əlaqədar sahibi Zərərçəkmiş şəxs4 3.040 (üç min qırx) manat məbləğində və “Hyundai County” markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtobusun zədələnməsi ilə əlaqədar sahibi Zərərçəkmiş şəxs3 6.425 (altı min dörd yüz iyirmi beş) manat məbləğində maddi ziyan vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Toyota Prius markalı, ** BT *** dövlət nömrə nişanlı avtomobili etibarnamə ilə idarə edir. 21 may 2022-ci il tarixdə, təxminən saat 19 radələrində etibarnamə ilə idarə etdiyi həmin avtomobillə Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ziyarətgah istiqamətindən Mərdəkan qəsəbəsi istiqamətinə doğru hərəkət edib yolun əks istiqamətində yerləşən Şüvəlan parkın qarşısında boş yer olduğundan qarşıdan əks yoldan təxminən 80 metr məsafədən avtobusun gəlməsini görüb dönmə işığını yandıraraq sola, yəni əks istiqamətə doğru manevr etmiş və elə həmin vaxt avtobus idarə etdiyi avtomobilin sağ yan hissəsinə çırpılmışdır. Zərbədən onun idarə etdiyi avtomobil yolun kənarında yerləşən dayanacaqda dayanmış vəziyyətdə olan Lexus markalı avtomobilin arxa hissəsinə dəymişdir. Hadisə baş verən vaxt avtomobildə 2 nəfər qadın sərnişin olmuşdur. Hadisə nəticəsində özü xəsarət almamış, lakin maşında olan sərnişinlər xəsarətlər aldıqlarına görə onları təcili tibbi yardım xəstəxanaya aparmışdır. Hadisənin baş verməsində özünü təqsirli bilr. Ona görə ki, idarə etdiyi avtomobillə sola dönmə əməliyyatı apararaq yolun ortasında olan bütöv xətti kəsərək avtomobili qarşı sol hərəkət yoluna çıxarmış. hərəkətdə olarkən avtomobillə bötöv xətti kəsməməli olmuş, yəni maşınla hərəkət zamanı sol doğru dönmə əməliyyatı aparmamalı olmuşdur. Bunu etməklə yol hərəkəti qaydasını kobud şəkildə pozmuşsur. Belə ki, o, qarşıdan əks istiqamətdə hərəkətdə olan avtobusun hərəkət zolağına çıxmaqla qəza şəraiti yaratmışdır. Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışdığını, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş ziyanı ödədiyini, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ondan şikayət və tələbinin olmadığını göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qızı ifadəsində göstərmişdir ki, 2004-cü ildən Azərbaycan Respublikasının Daxili İşlər Orqanlarında xidmət edir, hazırda DİN-nin Komendant Xidmətində mühasib vəzifəsində polis baş serjantı rütbəsində xidmət edir. 21 may 2022-ci il tarixdə anası Solmaz Rüstəmovla və azyaşlı uşaqları ilə birlikdə sifariş etdiyi Bolt şirkətindən gələn Prius markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan parkın yaxınlığında yaşayan tanışının evinə gedirmişlər. Yolda sürücü ünvanı ötüb keçdiyindən geriyə qayıtmaq üçün Şüvəlan parkın qarşısında yolun mərkəzində dayanmış və qəflətən sola, yəni əks yola doğru manevr etmişdir. Bu zaman sərnişini olduğu Prius markalı avtomobil Mərdəkan istiqamətində öz yolunda olan Hunday markalı avtobusla toqquşmuşdur. Toqquşma nəticəsində o, və anası Solmaz Həsənova xəsarət almışlar. Hadisədən sonra onu DİN-nin Respublika Hospitalına yerləşdirmişlər və o, həmin hospitalda müalicə olunmuşdur. Hadisə vaxtı maşında olmuş uşaqlar xəsarət almayıblar. Hadisə zamanı təqsir sərnişini olduqları Prius markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsündə olmuşdur. Zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayətinin olmadığını və dəymiş ziyanın tam ödənildiyini bildirərək, bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 21 may 2022-ci il tarixdə qızı Zərərçəkmiş şəxs1 qızı ilə və azyaşlı nəfələri ilə birlikdə sifariş etdikəri Bolt şirkətindən gələn Prius markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan parkın yaxınlığında yaşayan tanışlarının evinə gedirmişlər. Hələ şəhərdə yolda olarkən sürücünün maşını narahat sürdüyünü görüb ona xəbərdarlıq etmişdir ki, ehtiyatlı olsun. Şüvəlana çatanda sürücü ünvanı ötüb keçdiyindən geriyə qayıtmaq üçün Şüvəlan parkın qarşısında yolun mərkəzində dayanmış və necə oldusa qəflətən sola, yəni əks yola doğru manevr etmişdir. Bu zaman sərnişini olduqları Prius markalı avtomobil Mərdəkan istiqamətində öz yolunda olan Hunday markalı avtobusla toqquşmuşdur. Toqquşma nəticəsində o, və qızı Dünya xəsarət almışlar. Hadisədən sonra qızını DİN-nin Respublika Hospitalına yerləşdirmişlər və o, həmin hospitalda müalicə olunmuşdur. Hadisə vaxtı maşında olmuş uşaqlar xəsarət almamışlar. Zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək, bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Toyota Prus markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomaşın ona məxsusdur. Həmin avtomaşını etibarnamə əsasında Təqsirləndirilən şəxs idarə edirmiş. xx.xx.2022-ci il tarixində təxminən saat 19 radələrində Təqsirləndirilən şəxs avtomaşınla Xəzər rayonu, Şüvəlan qəsəbəsində yol-nəqliyyat hadisəsi törətməsini bilmişdir. Hadisə nəticəsində ona məxsus avtomaşına 3.040 manat maddi ziyan dəymişdir. Sürücü bu günə qədər hər hansı məbləğdə pul ödəməmişdir. Zərər çəkmiş şəxsə təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan ödənilməmişdir, təqsirləndirilən şəxsdən şikayətçidir və ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, “Hyundai County” markalı ** CV *** dövlət qeydiyyat nişanlı avtobus ona məxsusdur. Həmin avtobus Neft Emalı zavodundan Şüvəlan qəsəbəsi isitiqamətinə sərnişin daşınma ilə məşğul olur. “Hyundai County” markalı ** CV *** dövlət qeydiyyat nişanlı avtobusu Şahid1 idarə edirdi. xx.xx.2022-ci il tarixində təxminən saat 19 radələrində Faiq ona zəng edərək Xəzər rayonu, Şüvəlan qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat vermişdir. Hadisə nəticəsində ona məxsus avtobusa 6.425 manat maddi ziyan dəymişdir. Zərər çəkmiş şəxsə təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan ödənilməmişdir, təqsirləndirilən şəxsdən şikayətçidir və ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixində təxminən saat 19 radələrində özünə məxsus olan “Lexus” markalı **-FB-*** qeydiyyat nişanlı avtomobili ilə Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən «Şüvəlan Park» ticarət mərkəzinin qarşısında yerləşən dayanacaqda avtomobilini saxlayaraq ora getmişdir. Alış-veriş etdikdən sonra ticarət mərkəzindən çıxıb avtomobilə yaxınlaşarkən həmin yerdə yol-nəqliyyat hadisəsinin baş verməsini və dayanmış vəziyyətdə olan avtomobilinin arxa hissəsinin əzilməsini görərək 102 xidmətinə zəng edərək bu haqda məlumat vermişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixində təxminən saat 19 radələrində etibarnamə ilə idarə etdiyi “Hyundai County” markalı ** CV *** dövlət qeydiyyat nişanlı avtobusla Xəzər rayonu, Mərdəkan qəsəbəsi istiqamətindən ziyarətgah istiqamətinə doğru saatda təxminən 40-50 km/surətlə hərəkətdə olarkən «Şüvəlan Park»ın qarşısına çatanda təxminən 3-4 metr məsafədəri əks yoldan qəflətən “Toyota Prius” markalı avtomobil manevr edərək onun hərəkət etdiyi zolağına çıxmış, onu vurmamaq üçün əyləci sıxıb avtobusu sola doğru qaçırtsa da xeyri olmamış və nəticədə həmin avtomobilin yan sağ hissəsinə avtobusun sağ hissəsi ilə dəymişdir. Bundan sonra DYPŞ-nin əməkdaşının göstərişi ilə avtobusu yolun kənarına verərək saxlamışdır. Qeyd edirəm ki, hadisə zamanı avtobusda ondsan başqa heç kim olmamış və xəsarət almamışdır. Həmçinin avtobusda hər hansı yük olmamışdır. Əlavə olaraq “Toyota Prius” markalı ** BT *** dövlət qeydiyyaqt nişnalı avtomaşın ona çatmmağına 2-3 metr qalmış qəflətən qarşısında dönmə əməliyyatı keçirtmişdir. Bu səbəbdən də hadisə qaçılmaz olmuş və hadisə nəticəsində “Toyota Prius” markalı avtomaşında olan sərnişinlər xəsarət almışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin xx.xx.2022-ci il tarixli, 598 saylı ekspert rəyindən görünür ki, 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 qızın bədəni üzərində aşkar edilmiş xəsarətlər-hər iki tərəfli hemotoraksla müşayiət olunan sağ İİİ, İV, V, Vİ, Vİİİ, İX, X qabırğaların sınıqları, sağ Vİİİ döş fərəqəsinin yerdəyişməyən sınığı küt əşya(əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun DİN-in A.Heydərov adına Respublika Hospitalına müraciətindən az əvvəl olmaqla, qərarada göstərilən xx.xx.2022-ci il tarixli yol nəqliyyat hadisəsinə uygun gələ bilər və həyat üçün təhlükləri olan sağlamlıa ağır dərəcəli zərərvurmnaya aiddirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin xx.xx.2022-ci il tarixli 599 saylı ekspert rəyindən görünür ki, 1954-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 Məmmədovanın bədəni üzərində aşkar edilmiş xəsarətlər-sol bazunun, sol baldırın qançırları küt əşya(əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsində 5-6 gün əvvəl olmaqla, qərarada göstərilən xx.xx.2022-ci il tarixli yol nəqliyyat hadisəsinə uygun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 8/1674 saylı rəyindən görünür ki, Hyundai County markalı ** CV *** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Şahid1 hadisənin qarşısını alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparmaq mümkün deyildir. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Toyota Prius markalı ** BT *** dövlət qedyiyyat nişanlı avtomobilin sürücü Təqsirləndirilən şəxs hərəkətlərində “X5” Azərbaycan Respublikası Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uygunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarına əlavə edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinin xx.xx.2022ci il tarixli, 2\16778 saylı aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən olunmamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxx 1999-cu ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə barışdığı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ona qarşı heç bir şikayət və tələbinin olmadığı qeyd edilmiş və bu səbəbdən onun cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qızı tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun Təqsirləndirilən şəxs ilə barışdığı, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyi, ona qarşı heç bir şikayət və tələbinin olmadığı qeyd edilmiş və bu səbəbdən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun Təqsirləndirilən şəxs ilə barışdığı, Təqsirləndirilən şəxs tərəfindən ona bu günə olan dəymiş ziyanın tam ödənildiyi, ona qarşı heç bir şikayətinin olmadığı qeyd edilmiş və bu səbəbdən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 28.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinə əsasən “Eyni əməllər ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” QEYD: Bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-nin 263-cü maddəsinə görə isə avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərəçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına (CM-nin 263.1-ci maddəsi), eyni əməllər ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə (CM-nin 263.2-ci maddəsi), və ya iki və daha çox şəxsin ölümünə (CM-nin 263.3-cü maddəsi) səbəb olduqda şəxs həmin maddədə göstərilmiş sanksiyalara məruz qalır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun. Eyni əməllər, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulmaqla nəticələndikdə və ya ona miqdarından asılı olmayaraq maddi ziyanın vurulmasına səbəb olduqda, habelə sair hallarda qeyd edilən qaydaları pozan təqsirləndirilən şəxs cinayət məsuliyyəti deyil, mülki-hüquqi, yaxud inzibati məsuliyyət daşıyır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirildikdə və ya zərər çəkən şəxsə maddi zərər vurulduqda, inzibati məsuliyyət yaranır. Yol-nəqliyyat hadisəsi daha ağır nəticələrə səbəb olduqda isə ictimai münasibətlər artıq cinayət qanununun müddəaları ilə tənzimlənir. Belə ki, CM-in 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda, cinayət məsuliyyəti yaranır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.3-cü maddəsinə əsasən “Başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72, 73 və 74-cü maddələrində nəzərdə tutulmuş “ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs” anlayışının şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Ağır və xüsusilə ağır cinayətlərdən fərqli olaraq böyük ictimai təhlükə törətməyən, şəraitin dəyişməsi ilə bağlı həmçinin az ağır cinayətlərə qanunvericinin belə imtiyazlı münasibəti qanuni ictimai marağa xidmət edir. Bununla da belə cinayətlər kateqoriyasına aid olan təqsirli əməl törətmiş şəxs cinayət qanununun qeyd olunan normalarında göstərilən şərtləri yerinə yetirməklə artıq ictimai təhlükəli olmadığını ifadə etdiyi halda, cinayət məsuliyyətinə cəlb olunmadan onun belə davranışdan çəkinməsinə, islah olunmasına və ictimaiyyətdə qəbul olunmuş birgəyaşayış qaydalarına riayət etməsinə nail olunur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “İctimai ittiham qaydasında cinayət təqibi böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə də həyata keçirilir. Cinayət-prosessual qanunvericiliyində ictimai ittiham qaydasında cinayət təqibi zamanı zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması əsasında icraata xitam verilməsinə heç bir məhdudiyyət qoyulmamışdır. Nəzəriyyədə cinayət məsuliyyətindən azad etmə dedikdə, törədilmiş cinayətə görə dövlətin şəxsi mühakimə etməkdən və ona cəza tətbiq etməkdən imtina etməsi başa düşülür. Zərər çəkmişin təqsirləndirilən şəxslə barışmasına dair ərizəsinə baxılarkən nəinki bunun üçün qanunla nəzərdə tutulan əsasların olub-olmaması yoxlanılmalı, həmçinin törədilmiş əməlin ictimai təhlükəliliyi, təqsirləndirilənin şəxsiyyəti, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar da daxil olmaqla konkret işin bütün halları nəzərə alınmalıdır.” Məhkəmə, iş üzrə təqsirləndirilən şəxsin və zərər çəkmiş şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qızı ilə barışmasını, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qızının ona qarşı şikayətinin olmamasını və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın ödənildiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə bu nəticəyə gələrkən qeyd edir ki, iş üzrə zərər çəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 qızı az ağır xəsarət almışdır. Təqsirləndirilən şəxs ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qızı arasında barışıq əldə edilmiş və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qızına dəymiş ziyan tam şəkildə ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi təqsirləndirilən şəxsin törətdiyi əməl Zərərçəkmiş şəxs1 qızına münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin tərkibini yaradır. Lakin, təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qızı ilə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinə əsasən iş üzrə icraata xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut yoxdur. Məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1- 1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, ümumilikdə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar