Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-494/2022 27.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs qanuni nümayəndəsi X2, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxxx 2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 26 iyun 2022-ci il tarixdə saat 13 radələrində ictimai yer hesab olunmayan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Dəmiryol küçəsində yerləşən dəmiryol xəttinin yaxınlığında aralarında olan şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı tanışı Zərərçəkmiş şəxs soyuq silah hesab edilməyən bıçaqla qəsdən bir dəfə vurub, sonuncuya döş qəfəsinin sol yarısının döş boşluğuna nüfuz etməyən 1 ədəd deşilmiş-kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, sağlamlığa qəsdən yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmədə qanuni nümayəndəsi X2 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 24 iyun 2022ci il tarixdə, saat 19-20 radələrində Binə qəsəbəsinin mərkəzində yerləşən «Köhnə Bakı» kafesində oturub pivə içərkən dostu Kənan gəlmişdir. O, sərxoş olduğu üçün əhvalı pis olmuşdur. Kənan bunun istədiyi qızla münasibətinin olmaması ilə bağlı olduğunu düşünüb onun telefonunu götürüb həmin qıza ondan xəbərsiz smslər yazmışdır. O, bu smsdən xəbər tutub Kənana etirazını bildirmiş və aralarında sözlə mübahisə yaranmışdır. Səhəri günü Kənanla Panarama kafesində görüşmüş, sonradan isə dostu Əli ora gəlmişdir. Həmin vaxt Kənan içkili halda uca səslə həmin söhbətdən danışdığından mübahisələri düşmüş və o, evə getmişdir. 26 iyun 2022-ci il tarixdə, saat 13 radələrində Bakı kafesinin yanında oturarkən Nahid gəlmiş və onlar birlikdə Kənanın yanına getmişlər. Bu zaman Laçın da, gəlmişdir. Kənan burda adam çox olduğunu bildirib dəmiryoluna getmələrini təklif etmiş və onlar stansiyaya getmişlər. Həmin vaxt ortaq tanışlarından Abbas, Mahmud, Nihad, Murad, Əli və Tuncay da, yanlarına gəlmişlər. Kənanla kənarda söhbət etdikdən sonra evə getdiyini bildirmişdir. Bu vaxt Kənan əlindən tutaraq özünə tərəf çəkmək istəmişdir. O, Kənanın onu vuracağını düşünüb arxa cibində olan bıçağı çıxarıb Kənanın sol döş qəfəsi nahiyyəsinə tərəf atmışdır. Bıçağın Kənana xəsarət yetirdiyini görüb atasına zəng vurmuş, atası da, bu barədə əmilərinə demişdir. Sonra onları Xəzər rayon Polis idarəsinə dəvət etmişlər. Hazırda törətdiyi əməli etiraf etdiyini, Zərərçəkmiş şəxs ilə barışmasını, dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirərək barəsində cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı iş üzrə dindirilmiş şahidlərin ifadələri və toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmədə qanuni nümayəndəsi X1 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan şahid X4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və Əsədi 1 il olar ki, tanıyır. 26 iyun 2022-ci il tarixdə dostu Nihadın ad günü ilə bağlı Köhnə Bakı kafesinə getmişdir. Orada Nihaddan əlavə Tuncay və Mahmud bir masada əyləşmişlər. Bir qədər sonra kafeyə tanışı Kənan və Laçın, sonra isə Nahid və Əsəd də, gəlmişdir. Kənan Əsədlə başqa kabinetə keçərək bir qədər söhbət edib kafedən kənara çıxmışlar. Onların yanına gələndə onların dəmiryola tərəf getdiklərini görmüşlər. Onların arxası ilə stansiya tərəfə getmişlər. Kənanla Əsəd onlardan 10 metr kənarda söhbət etmişlər. Bu zaman Kənan nalayiq ifadə işlətmiş və Əsəd cibindəki qızılı rəngli bıçağı çıxarıb Kənanın sol döş qəfəsi nahiyyəsinə 1 zərbə vurmuşdur. Onlara tərəf qaçanda Əsəd bıçağı atıb qaçmışdır. Onlar tez gedib bint alıb yaranın üstünə qoymuşlar. Bundan təxminən 40 dəqiqə sonra Əsədin iki əmisi və bir dayısı başqa şəxsin idarə etdiyi avtomobillə gələrək Kənanı götürüb aparmışlar. Məhkəmədə qanuni nümayəndəsi X3 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs 4-5 ay, Əsədi isə 2 il olar ki, tanıyır. 26 iyun 2022ci il tarixdə dostu Nihad ad günü ilə bağlı dostlarını Köhnə Bakı kafesinə dəvət etmişdir. Orada Nihaddan əlavə Abbas, Tuncay bir masada əyləşmişlər. Bir qədər sonra tanışı Kənan və sonuncunun dostu Nahid gəlmişlər. Daha sonra Əsəd, Əsədin dostları Əli və Murad da, gəlmişdir. Əsədlə Kənanın arasında mübahisə yaranmış və kafedən çıxaraq stansiya tərəfə getmişlər. Onlar da, uşaqlarla birlikdə onların arxasınca getmişlər. Kənanla Əsəd onlardan 10 metr kənarda söhbət edərkən Əsəd arxa cibindən qızılı rəngli bıçağı çıxarıb Kənanın sol döş qəfəsi nahiyyəsinə vurmuşdur. O, Kənanı qucaqlayıb kənara çəkmiş, Əsəd isə bıçağı atıb oradan qaçmışdır. Onlar bint alıb yaranın üstünə qoymuşlar. Bundan təxminən 40 dəqiqə sonra onların yanlarına Əsədin iki əmisi, bir dayısı və onları gətirən avtomobilin sürücüsü gəlmiş və Kənanı götürüb aparmışlar. Məhkəmədə qanuni nümayəndəsi X5 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Şahid3 şahid X3 ifadəsinə uyğun, eyni məzmunlu ifadə verdi. Məhkəmədə qanuni nümayəndəsi X6 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Şahid4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxsla 7-8 ay olar ki, birlikdə idmanla məşğul olurlar. Əsədi isə Binə sakini kimi tanıyır. Kənan 25 iyun 2022-ci il tarixdə ona zəng edərək Əsədlə söhbəti düşdüyünü bildirib onu Köhnə Bakı kafesinə dəvət etmişdir. Kafedə olarkən Əsəd Maarif, Nuran və adlarını bilmədiyi digər 4 nəfərlə gəlmişdir. Ümumi tanışları Laçın və Kənan da, kafedə olmuşlar. Əsəd Kənanı günahlandırmağa başlamış, sonra Kənan və Laçın onlardan ayrılıb getmişlər. 26 iyun 2022-ci il tarixdə, saat 13 radələrində Əsədin yanına getmiş, oradan isə birlikdə Kənanın yanına gələrək söhbət etmişlər. Əsəd bu söhbəti davam etmək üçün kafedən xeyli aralıdan keçən dəmir yolu xəttinə tərəf getməyi təklif etmiş və oraya getmişlər. Həmin vaxt kafedə onlardan kənarda oturan tanışları Abbas, Mahmud, Nihad, Murad, Əli və Tuncay da, yanlarına gəlmişlər. Həmin vaxt onlar Əsədlə qarşı qarşıya dayanmışlar, Əsəd isə iki əlini arxa ciblərində saxlamışdır. Söhbət zamanı Kənan içinə doğru dərin nəfəs almış və sinəsini tutmuşdur. Əsəd əlindəki bıcağı yerə atmış və başını tutaraq oradan qaçmışdır. Onlar Kənanın bıçaqlandığını görüb bint alaraq yaranın üstünə qoymuşlar. Bundan təxminən 40 dəqiqə sonra onların yanlarına 4 nəfər adam gəlmişdir. Onlardan ikisi Əsədin əmisi, biri dayısı, biri isə onları gətirən avtomobilin sürücüsü olmuşdur. Onlar Kənanı götürüb aparmışlar. Məhkəmədə Şahid5 ifadəsində göstərdi ki, 26 iyun 2022-ci il tarixdə, saat 16 radələrində yaşadığı evdə olarkən Binə sakini kimi tanıdığı Mirağa adlı şəxs 4 nəfər şəxslə onun evinə gəlmişdir. Mirağa Kənan adlı qohumunun velosipetdən yıxılarkən sinəsinə şüşə batdığını bildirib ona ilkin köməklik göstərməsini xahiş etmişdir. Kənan da, bunu təsdiq etmişdir. Cərrah həkim olduğundan onun evində tibbi alətlərin əksəriyyəti olmuş və 3-4 sm köndələn olan yaraya 2 ədəd tikiş qoyaraq qanaxmanı saxlamışdır. Yarada yad bir cisim aşkar etməmişdir. Onlar çıxıb getdikdən 3-4 saatdan sonra 3-cü Polis şöbəsindən onu təcili şöbəyə çağırmışlar. Oraya gedəndə onun yanına gələn Kənan, Mirağa və digər şəxslər orada olmuşlar. Orada ona məlum olmuşdur ki, Kənan başqa bir şəxs tərəfindən bıçaqlanmışdır. Məhkəmədə Şahid6 ifadəsində göstərdi ki, 26 iyun 2022-ci il tarixdə, saat 15 radələrində qardaşı Abazər zəng edərək oğlu Əsədin kiminləsə mübahisə etdiyini bildirib dəmiryol xətləri tərəfə getməsini demişdir. O, yolda qardaşının qaynı Mirağanı görüb ona bu barədə demiş, Mirağa da, onunla gəlmiş. Tanımadığı taksi ilə dəmir yol tərəfə getmişlər və orada bilmişlər ki, Əsəd dostu Kənana bıçaqla bir zərbə vurmuşdur. Kənan ciddi bir şey olmadığını bildirdiyi üçün onu tanışları olan Babasər həkimin yanına aparmışlar. Kənanla qərara gəlmişlər ki, Babasəlimə deyərlər ki, velosipeddən yıxılmış və həmin yerə şüşə batmışdır. Babasəlim həkim evdə Kənana ilkin yardım etdikdən sonra Kənanı aparıb evlərinə düşürtmüşlər. Bundan sonra Kənanın valideyinlərinin şikayət etdiyini bilmişlər. Məhkəmədə ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs istintaq zamanı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 1 il olar ki, tanıyır. 24 iyun 2022-ci il tarixdə, saat 19-20 radələrində Binə qəsəbəsinin mərkəzində yerləşən «Köhnə Bakı» kafesinə gedərkən Əsəd orada pivə içmişdir. Əsədin qanının qara olduğunu görüb səbəbini soruşmuşdur. Əsəd ailə üzvləri və istədiyi qızla münasibətlərində problem olduğunu demişdir. O, Əsədə qızla danışmağı məsləhət bilmiş və Əsəd qıza bir neçə mesaj yazmışdır. Həmin qız isə Əsədə başqa sevgilisi olduğunu deyərək barışmaqdan imtina etmişdir. Sonra kafedən çıxmışlar və Əsəd ona qızla danışmağı məsləhət bildiyi üçün onu nalayiq ifadələrlə təhqir etmişdir. O, Əsədin sərxoş olduğunu görüb ona əhəmiyyət verməmiş və evə getmişdir. 26 iyun 2022-ci il tarixdə, saat 13 radələrində Əsəd onu köhnə Bakı kafesinin yanına çağırmışdır. O, Nahidi də, çağırmış və birlikdə Əsədin yanına getmişlər. Bu zaman Laçın da onların yanlarına gəlmişdir. Onlar dördü kafedən çöldə dayanıb söhbət etmişlər. Əsəd söhbəti davam etmək üçün dəmir yolu xəttinə tərəf getməyi təklif etmiş və dördü birlikdə oraya getmişlər. Həmin vaxt kafedə olan tanışları Abbas, Mahmud, Nihad, Murad, Əli və Tuncay da, onların yanlarına gəlmişlər. Onlar dəmir yolu xəttinə çatandan sonra Əsəd bıçaqla bir dəfə onun sinfəsindən vurmuşdur. Bu zaman kənarda dayanan uşaqlar onları ayırmışlar. Əsəd isə oradan qaçıb getmişdir. O, bıçağın yerdə olduğunu görüb Laçının telefonu ilə onun şəkilini çəkmişdir. Dostları mağazadan su və marla alaraq onun yarasını sarımışlar. Bundan təxminən 40 dəqiqə sonra 4 nəfər Əsədin qohumu gələrək onu Şahid5 adlı cərrahın evinə aparmışlar. O, Babəsəlimə yıxılanda şüşə batdığını demişdir. Babasəlim ona keyidici iynə vurub yaranın ağzını tikmişdir. Təxminən 2-3 saatdan sonra böyük qardaşı Asifə zəng edib hadisə və harada olduğu barədə xəbər vermişdir. Bundan sonra Əsədin qohumları onu evlərinin yanındakı «Al market»in yanına qədər gətirib düşürtmüşlər. Həmin vaxt oraya polis əməkdaşları gəlib onları özləri ilə aparmışlar. Bir gün sonra Abbasla Mahmud onların evinə gələndə Əsədin onu vurduğu bıçağı qardaşına vermişlər. 28 sentyabr 2022-ci il tarixdə məhkəməyə teleqram vuraraq bildirmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təhsili ilə əlaqədar 02 oktyabr 2022-ci il tarixdə Türkiyə Respublikasına gedəcəyindən və bununla bağlı hazırlıq işləri görüldüyündən məhkəmənin hazırlıq və baxış iclasında iştirak edə bilməyəcəkdir. Məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. 26 oktyabr 2022-ci il tarixdə məhkəmənin elektron ünvanına ərizə göndərərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona görə də, Təqsirləndirilən şəxs barəsində cinayət işinin icraatına xitam verilməsini, hazırda Türkiyə Respublikasında olduğunu nəzərə alaraq məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini xahiş edir. İş materiallarında olan Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş 06 sentyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, xx xxxxx 2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Təqsirləndirilən şəxs ilə barışmışdır. Gələcəkdə bununla bağlı heç bir tələbi və iddiası olmayacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-trasoloji ekspertizasının 29 avqust 2022-ci il tarixli, 3/1095 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş köynəyin ön sol yuxarı hissəsində ətəyin aşağı son kənarından 450 mm yuxarıda 07 mm ölçüdə zədə vardır. Həmin zədə bədənə kəsici ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində xəsarət yetirilən zaman yaranmağa xarakterikdir. Belə predmetə oxşar bıçaq tiyələri də aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-ballistik ekspertizasının 30 avqust 2022-ci il tarixli, 3/1094 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, tkrist bıçağıdır, soyuq silah hesab edilmir və üzərində onun təyinatını dəyişdirən hər hansı əlavə və dəyişiklik edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə – tibbi ekspertiza və patoloji anatomiya Birliyi Publik hüquqi şəxsin Xəzər rayon şöbəsinin 15 iyul 2022-ci il tarixli, 809 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – döş qəfəsinin sol yarısının döş boşluğuna nüfuz etməyən 1 ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici təsirə malik əşya (alət(ola bilsin bıçaq)) təsirindən törənmiş, törənmə müddəti onun «X11» publik hüquqi şəxsinə müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 26 iyun 2022-ci il tarixə və şəraitə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətin bədənin əlçatan nahiyyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyaya dəyməsi nəticəsində əmələ gəlmələri inandırıcı deyildir. İş materiallarında olan «Respublika Psixiatriya xəstəxanası» publik hüquqi şəxsin 16 avqust 2022-ci il tarixli, 7496 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arxiv məlumatına görə Respublika Psixiatriya xəstəxanasında müalicədə olmamışlar. İş materiallarına əlavə edilmiş götürmə aparılması haqqında 04 iyul 2022-ci il tarixli qərardan və baxış keçirilməsi haqqında 04 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd bıçağa baxış keçirilən zaman müəyyən edilmişdir ki, bıçaq qızılı rəngli olmaqla dəmir materialdandır, hər iki tərəfdən açılıb bağlanan tiyəsi iti olan bıçaqdır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs təqdim etdiyi bıçaq Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyi bıçağın olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 03 avqust 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Dəmiryol küçəsində yerləşən Binə dəmiryol stansiyasının platformasının yaxınlığıdır. Dəmiryolu stansiyası arxa və öndən yaşayış evləri ilə əhatə olunur. Hər iki tərəfdən divarlar mişar daşı ilə əhatə olunmuşdur. İş materiallarına əlavə edilmiş təqdim edilmiş əşyaya baxış keçirilməsi haqqında 03 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi hadisə vaxtı əynində olmuş «Xuanmai» firmasına məxsus köynəyə baxış keçirilən zaman köynəyin sol yuxarı nahiyyəsində deşilmiş zədə izinin olması müşahidə olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 03 avqust 2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxx 2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsi həmin Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini - böyük ictimai təhlükə törətməyən cinayət kimi müəyyən edir. Bu Məcəllənin 73.1-ci maddəsinə əsasən «böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər». Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinin mənasına görə məhkəmə baxışının gedişində, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda, zərər çəkmiş şəxsin razılığı ilə məhkəmə cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarmağa haqlıdır. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə zərərçəkmiş şəxslə barışdığına və dəymiş ziyanı ödədiyinə görə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində seçilmiş nəzarət altına vermə qətimkan tədbiri biri ləğv edilməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi Elmar Quliyevin 06 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, iş üzrə zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş bir ədəd bıçaq və bir ədəd köynək maddi sübut hesab edilmiş və saxlanılması üçün Xəzər RPİ-yə göndərilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş bir ədəd bıçaq və bir ədəd köynək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə 174 (yüz yetmiş dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43.3, 197- 198, 344–348, 356, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə zərərçəkmiş şəxslə barışdığına və dəymiş ziyanı ödədiyinə görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində seçilmiş nəzarət altına vermə qətimkan tədbiri ləğv edilsin. İş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş bir ədəd bıçaq və bir ədəd köynək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə 174 (yüz yetmiş dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-494/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-494/2022
27.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver