Məhkəmə qərarları › İş №1(003)-497/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-497/2022

24.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-497/2022 24.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, üç azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üstündə saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,512 qram çəkidə narkotik vasitə olan heroin əldə edib Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsinə qədər üzərində saxlayaraq daşımıdır. 20 iyul 2022-ci il tarixdə, saat 12:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsində Xəzər RPİ-nin 1-ci Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq 1-ci Polis şöbəsinə gətirilmişdir. Üzərində aparılmış şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 büküm siqaretin qırmızı rəngli kağızına bükülmüş ümumilikdə 02 ədəd bükümdə təmiz çəkisi 0,247 qram və 0,265 qram, ümumi təmiz çəkisi 0,512 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bir neçə il olar ki, narkotik vasitə heroini inyeksiya yolu ilə qəbul edir. 19 iyul 2022-ci il tarixdə Suraxanı qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata 2 büküm narkotik vasitə heroin almışdır. 20 iyul 2022-ci il tarixdə, saat 12 radələrində Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsində olarkən iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər və onu narkotik vasitələr gəzdirməsi ilə bağlı 1-ci Polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində vəkilin yanında video çəkilişlə üzərinə axtarış keçirilməmişdən əvvəl üzərində gəzdirilməsi qanunla qadağan olunmuş əşya varsa könüllü təqdim etməsini təklif etmişlər. O, üzərində olan bir büküm heroini təqdim etmişdir. Bu barədə protokol tərtib edilmiş və o, həmin protokolu imzalamışdır. Saxlanılarkən və üzərinə axtarış keçirilərkən ona qarşı fiziki və ya psixoloji zor tətbiq edilməmişdir. Törətdiyi əməldən səmimi peşmançılığını, üç azyaşlı uşağının olduğunu bildirərək yüngül cəzanın təyin olunmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında şahid X2 göstərdi ki, Xəzər RPİ-nin 1-ci Polis şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələri istifadə etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında 1-ci Polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə onu 20 iyul 2022-ci il tarixdə, saat 12:00 radələrində Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsində şübhəli şəxs qismində saxlayaraq 1-ci Polis şöbəsinə dəvət etmişlər. Videoçəkilişlə müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan əşya varsa könüllü təqdim etməsi, əks halda üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs qara rəngli idman şalvarın sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş 01 büküm və siqaretin qırmızı rəngli kağızına bükülmüş 01 bükümü təqdim edərək içində narkotik vasitə heroin olduğunu və Suraxanı qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid Xəzər RPİ-nin 1-ci Polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 şahid X1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə verdi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 21 iyul 2022-ci il tarixli, 6/3938 nömrəli rəyindən görünür ki, “tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Arayışlar üçün №157 dirəvi möhür əksi və Məmmədov-imza, üç-imza, Tərtib etdi E.Hacıyev imza…» yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 02 (iki) ədəd bükümlərdəki təmiz çəkiləri- 0,247 qram, 0,265 qram ümumi təmiz çəkisi - 0,512 qram olan qəhvəyi rəngli tozşəkilli maddə xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Heroin “Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Ekspertiza tədqiqatına hər bir bükümdən 0,05 qram sərf edildikdən sonra 0,412 qram qalıq qalmışdır”. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika narkoloji Mərkəzi Publik hüquqi şəxsin 19 avqust 2022-ci il tarixli, 4591 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola əlavə olunmuş CD formatlı diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, Xəzər RPİ-nin 1-ci PŞnin təhqiqatçısı Elvin Hacıyev tərəfindən əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə xidməti otaqda şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişin aparılması barədə bildirilir. Təqsirləndirilən şəxs heç bir etiraz etmədiyini bildirdikdə üzərində hər hansı qanunsuz əşyanın olub olmaması soruşulur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın sağ yan cibində olan 01 büküm siqaretin gümüşü rəngli kağızına bükülmüş və 01 ədəd büküm siqaretin qırmızı rəngli kağızına bükülmüş ümumilikdə 02 ədəd bükümdə narkotik vasitə olan heroin olduğunu bildirib təqdim etmişdir. Həmin 02 ədəd bükümdə olan narkotik vasitə olan heroini 19 iyul 2022-ci il tarixdə axşam saatlarında Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin büküm açıldıqda qəhvəyi rəngli tozşəkilli, narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 ədəd büküm zərfə qoyularaq möhürləndi və üzərində imza edilmişdir. Bu barədə protokol tərtib olundu və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 20 avqust 2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, əməlini etiraf etməsini, səmimi peşmançılığını, üç azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Xəzər rayon prokuroru Fəxri Ələsgərovun 22 iyul 2022-ci il il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət rədd edilərək o, saxlanılıdığı Xəzər RPİ-nin MSY-dən azad olunmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 iyul 2022-ci il tarixdən 22 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı yaşayış yer üzrə çəkməli, onun üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Rüstəm İsmayılovun 26 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş iki ədəd bükümdə narkotik vasitə heroinin ekpertizadan sonrakı qalığı 0,412 qram maddi sübut kimi tanınmış və Xəzər RPİ-də saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk isə maddi sübüt kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş iki ədəd bükümdə narkotik vasitə heroinin ekpertizadan sonrakı qalığı 0,412 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat, məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat olmaqla, ümumilikdə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 iyul 2022-ci il tarixdən 22 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşadığı yer üzrə çəksin. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 07:00-dək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə Bakı şəhəri Xəzər rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş iki ədəd bükümdə narkotik vasitə heroinin ekpertizadan sonrakı qalığı 0,412 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar