Məhkəmə qərarları › İş №1(003)-497/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-497/2024

29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-497/2024 29.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1987-ci ildə Belarusiya Respublikası, Novoqrudskiy rayonunda doğulmuş, evli, işləməyən, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs orta dərəcəli sərxoş vəziyyətdə 22 oktyabr 2023-cü il tarixdə saat 23:00 radələrində yaşadıqları Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Atçılıq yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evində həyat yoldaşı Zərərçəkmiş şəxs ilə evə sərxoş gəlməsini irad tutması və aralarında yaranmış söz-söhbəti mobil telefonla başqasına deməsi səbəbindən ailə münasibətləri zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən qisas almaq məqsədilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə əli ilə şillə və yumruqla zərbələr vuraraq onun burnunun, sol yanağının, sol bazunun qaçırları, ağrı sindiromu və hərəkət məhdudluğu ilə müşayiət olunun sol bazu oynağının yumşaq toxumalarının əzilməsi kimi sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarətləri yetirərək Zərərçəkmiş şəxs qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin oktyabr ayının 22-də iş yoldaşının toyunda iştirak etmiş, spirtli içki qəbul etmiş və bir ədəd gül almış və yaşadığı evə gəlmişdir. Evə girdikdən sonra aldığı gülü həyat yoldaşına vermək istəmiş, üzündən öpərək nə yaxşı ki, varsan demiş, yoldaşı isə cavabında ona "yenə spirtli içki içmisən, sən kişi deyilsən" deyib onu təhqir etməyə başlamışdır. O isə həmin vaxt evdən getməyin yaxşı olacağını fikirləşib evdən çıxarkən ayaqqabısının daban hissəsini tapdalamış və yerə yıxılmışdır. Həmin vaxt oğlu gəlib ona ata heç yerə getmə demiş, o isə oğluna anasının hirsi soyuduqdan sona evə qayıdacağını bildirmişdir. Həmin vaxt qızı da gəlmiş və onu evdən getməyə qoymamışlar. O, qayıdıb zalda olan divanda oturmuşdur. Həmin vaxt Şahnazın dostunun arvadına zəng edib “sizinki də bu gündədi” dediyini, həmçinin toy sahibinin ünvanına qarğışlar etdiyini eşitmişdir. Bundan sonra Şahnaz ona telefonu uzadaraq dostu Xanların onunla danışmaq istədiyini demiş, o isə telefonu alıb qısa şəkildə Xanlarla danışdıqdan sonra aralarında olan söz-söhbəti başqalarına dediyi üçün telefonu divara çırpıb qırmışdır. Bundan sonra Şahnaz onu yenə təhqir etməyə başlamış, o isə əsbləşdiyi üçün ayaqyolunun qapısına yumruq vurmuş, həmçinin dəhlizdə olan güzgünü yumruqla vurub sındırmış və həmin vaxt barmağı kəsilmişdir. Şahnaz isə bundan sonra evdən çıxıb qaçımışdır. O isə Şahnazın arxası ilə qaçmış, lakin onun tuta bilməmişdir. Şahnazın arxası ilə qaçmaqda isə məqsədi onu xoşluqla başa salmaq olmuşdur. Bundan sonra o, evə qayıtmış, əynini dəyişmiş, idman forması geyinmiş, həmin vaxt isə qaynanası evə daxil olmuş, ondan nə baş verməsini soruşmuş, o isə evdaxili məsələ olduğunu bildirib qayınanasından evi tərk etməsini tələb etmişdir. Qayınanası isə ona qulaq asmadan üzərinə gəlməyə başlamışdır. Bu vaxt o, qayınanasını çiyinlərindən tutaraq itələyib evin darvazasından bayıra çıxarmış, evin mətbəxinə keçmiş, su içmiş, mətbəxdə olan dolabın açaq olduğu görüb orada olan bıçağı əlinə götürərək “bu nə həyatdı deyib, qapını bıçaqla deşməyə başlamışdır. Sonra isə belə olmaz deyib yoldaşının arxası ilə getməyə qərar vermiş və evdən çıxıb evin döngəsini dönən zaman Şahnazı, qayınanasını və Şahnazın bacısının onlara tərəf gəldiyini görmüş, bu zaman qayınanası Şahnaza “qaç əlində bıçaq var” dedikdən sonra Şahnaz qaçmış, o isə sonuncunu evə gətirmək üçün arxası ilə qayınanasıgilə qaçmışmışdır. O evdə, həmçinin qayınanasıgildə olarkən Şahnazı vurmamış, ona heç bir xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs son sözündə barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin ona ittiham olunan cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və iş üzrə toplanmış digər mötəbər, təkzibolunmaz sübutlarla aşağıdakı qaydada müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 22-23 radələrində Azər evə əlində gül dəstəsi, içkili vəziyyətdə gəlmiş, gülü ona təqdim edərək keçib zalda oturmuşdur. Sonra qızını hamama aparmış, oradan çıxdıqdan sonra Azərin, suyun içərisində olduğunu və ağladığını görmüşdür. Ona uşaqların narahat olduğunu, ağlamamağını demiş, Azər isə “mən sizə baxa bilmirəm, çıxıb gedirəm” demiş, o isə Azərə onların heç nəyə ehtiyacı olmadığını, özünün ailəyə baxdığını, evdə varlığının kifayət olduğunu bildirmişdir. Bunu deyən kimi Azər ona “bu evdə sən kişisən və arvadam” demiş, o isə Azərə bunun anasının sözü olduğunu və bu sözü işlətməməsini demişdir. Bundan sonra Azər əlini güzgüyə vuraraq güzgünü sındırmış, o isə heç bir söz demədən öz otağına keçmiş, həmçinin Azərin dostu Xanların arvadına zəng edərək Azərin pis vəziyyətdə olduğunu, halının yaxşı olmadığını və Xanların tez gəlməsini bildirmişdir. Bundan sonra dostu Azərə zəng etmiş, Azər isə dostuna hər şeyin yaxşı olduğunu bildirmişdir. Bundan sonra Azər gələrək onun telefonunu alıb divara çırpmış, onu vurmaq istəmiş, bu zaman azyaşlı uşağı aralarına girmiş, atasına anasını vurmamasını, onu vurmasını demiş, Azər isə oğlunu sillə ilə vurmuş, evdəki əşyaları dağıtmış, bundan sonra o, evdən çıxaraq atasıgilə tərəf qaçmış, yolda qonşu ilə qarşılaşmış, qonşu ondan nə baş verməsini soruşduqda ona Azərin evə içkili vəziyyətdə gəlməsini demiş, daha sonra isə Azərin arxası ilə gəldiyini görüb atasıgilə qaçmışdır. Zərərçəkmiş şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, Azər yumruqla şüşəyə vurduqdan sonra o, Azəri sakitləşdirməyə çalışmış, sonra isə öz otağına keçmiş, sonra isə Azər otağa gəlmiş, ona əl-qol atanda oğlu qabağa durmuş, bu zaman Azər oğlunu sillə ilə vurduqdan sonra oğluna get nənəyə zəng elə demiş, bundan sonra Azər onu vurmuşdur. Azər onu yumurqla sifətinə və bədəninin digər hissələrinə vurmuşdur. Sifətini qorumağa çalışdığı üçün sifət nahiyəsinə çox zərbə dəyməmişdir. Əsas zərbələri Azər yumruq və təpiklə əl və ayaq hissələrinə vurmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə axşam saatlarında Şahnazın oğlu zəng edərək atasının içkili vəziyyətdə anasını vurduğunu demiş, bundan sonra anası əynini geyinərək Şahnazgilə getmiş, o da anası ilə birlikdə getmək istəmiş, lakin anası imkan verməmişdir. Anası evin qapısını açıb çıxmaq istəyərkən Şahnaz gəlmiş, həmin vaxt Şahnazın halı yaxşı olmamış, ürəyi getmişdir. Bundan sonra Şahnaza su vermiş, özünə gəldikdən sonra Şahnaz anasına “imkan vermə uşaqları öldürəcək” demiş, bundan sonra anası Şanhazgilə getmişdir. Anası getdikdən sonra isə Şahnazın qızı və oğlu gəlmişdir. Şahnazın oğlu Azərin əlində bıçaq olduğunu demiş, bir qədər sonra isə anası gəlmiş, Azərin əlində bıçaq olduğunu, evdən çıxmamalarını demişdir. Bu zaman atası da evin həyətində düşmüşdür. Bu zaman Azərin əlində bıçaq gəldiyini görmüşlər, atası qabağa durmuş, Azərin qollarını buraraq bıçağı almağa çalışmışdır. Bu vaxt o, atasının bıçağı almaq üçün Azərə gücü çatmadığını görüb Azərin bıçaq olan əlini dişləmişdir ki, əli boşalsın o da bıçağı ala bilsin. Azərin əlini dişlədikdən sonra əli boşalmış və o, Azərin əlindən bıçağı alaraq kənara tullamışdır. Bu zaman isə Azər atasını arxası üstə yerə çırpmışdır. Bacısınını isə həmin gün Azər tərəfindən döyüldüyünü görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 1263 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - burunun, sol yanağın, sol bazunun qançırları, ağrı sindiromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazu oynağının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibbi müayinəsindən 1 günə əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. Həmin xəsratələrin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarına əlavə edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 1300 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində sağ əlin, sağ bazunun sağ, sağrı nahiyyəsinin, hər iki ayağın sıyrıqları, hər iki baldırın qançırları aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya təsiindən onun məhkəmə-tibbi müayinəsindən 4-5 gün əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə törənmələri istisna olunmur və sağlamlığa zərərvurmayan xəsartlərə aid olduğuna görə dərəcəsi təyin edilmir. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterini və lokalizasiyalarına əsasən demək olar ki, həmin xəsarətlərin bədənin əlçatan nahiyyələrində yerləşməsinə baxmayaraq şəxsin özü tərəfindən yetirilməsi və öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyaya dəyməsi nəticəsində əmələ gəlmələri inandırıcı deyildir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxsin cəlb edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onlara qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən cinayət tərkibi sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurulduğu hallarda yaranır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində göstərilən cinayət əməlini törətməsi - zərər çəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurması və bunu təqsirin qəsd formasında etməsi zərər çəkmiş şəxsin ifadələri, ekspertiza rəyi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmaması, ona xəsarət yetirməməsi ilə bağlı verdiyi ifadəyə tənqidi yanaşır, özünü müdafiə etməyə və bununla da cinayət məsuliyyətindən yaxa qurtarmağa yönəlmiş cəhd kimi qəbul edir. Əməlin cinayət olmasını aradan qaldıran, işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyə görə təyin edilə bilər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən “Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Cinayət işi üzrə xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. İş üzrə ekspertiza xərci, maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 manat, hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 manat, cəmi 120 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB**********1700266117, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar