Məhkəmə qərarları › İş №1(003)-499/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-499/2025

13.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-499/2025 13.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X6 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Şikayət vermiş şəxsin nümayəndəsi – “Alyans” Vəkil Bürosunun vəkili Nümayəndə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin nümayəndəsi – Fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi iştirakları ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X7 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, M ü ə y y ə n e t d i: Kotsoyev Aslan X1 CM-nin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə saat 00:10-02:30 radələrində, habelə saat 07:24 radəsində Şimali Makedoniyaya yarışa yollanmalı olan gənc oğlanlardan ibarət cüdo milli komandasının üzvləri X15 (bundan sonra "Təqsirləndirilən Şəxs") vatsap ani mesajlaşma platforması (mobil tətbiqi) üzərindən Aslan Kotsoyevi (bundan sonra "Xüsusi İttihamçı") və onun milliyyətini bir neçə dəfə təhqir etmişdir. Sonra Xüsusi İttihamçı səfər məqsədilə saat 08:00 radələrində Bakı şəhəri Xəzər rayonu ərazisində yerləşən X10 Hava Limanına gəlmiş və orada olarkən dostları (həmçinin idman yoldaşları) X8 və X16 təqsirləndirilən şəxsin xüsusi ittihamçini söyməsindən məlumatlı olduğunu bildirmişlər. Hava Limanının 1 nömrəli terminalında Xüsusi İttihamçı Təqsirləndirilən Şəxslə görüşdükdə, sonuncu onu yenidən təhqir etmişdir (vatsap ani mesajlaşma platformasından çıxarışlar (skrinşotlar) əlavə edilir). Təqsirləndirilən Şəxs Xüsusi İttihamçını təhqir edərkən Xüsusi İttihamçının adları qeyd edilən idman yoldaşları bunu bir daha eşitmiş və nəticədə Xüsusi İttihamçının həmin şəxslər qarşısında şərəf və ləyaqəti nalayiq formada qəsdən alçaldılmışdır. Həmin faktı X8 və X17 təsdiq edə bilər. Vatsap ani mesajlaşma platformasından çıxarışlardan (skrinşotlardan) (çıxarışlar əlavə) Təqsirləndirilən Şəxs tərəfindən şərəf və ləyaqəti nalayiq formada qəsdən alçaldılması açıq aydın görünür. Göstərilən hərəkətləri ilə Təqsirləndirilən Şəxs Xüsusi İttihamçının şərəfini və ləyaqətini nalayiq formada qəsdən alçaltmış, bununla da Cinayət Məcəlləsinin (CM) 148-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Təqsirləndirilən Şəxs özünə məxsus vatsap ani mesajlaşma platformasından və hava limanında şəxsən şərəf və ləyaqəti nalayıq formada alçaldan ifadələri təsvir etməsi əməlinin məhz bilə-bilə, yəni qəsdən törətməsinə işarə edir. Təqsirləndirilən Şəxsin istifadəsində olan vatsap ani mesajlaşma platforması vasitəsilə Xüsusi İttihamçıya yazdığı mətnlər təsvir edilən əməlləri sübut edir. Göstərilənlərə əsasən X2 Aslan Oleqoviçi təhqir edərək mənəvi zərər vurduğundan onun CM-nin 148-ci maddəsi ilə təqsirli bilinib cinayət məsuliyyətinə cəlb edilməsini, 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş edir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi müraciətə uyğun çıxış edib, şikayəti müdafiə edərək X3 CM-nin 148-ci maddəsi ilə təqsilərdirilən şəxs qismində tanınmasını və işin məhkəmə baxışına təyin edilməsini, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X18 və onun nümayəndəsi, hər biri ayrı-ayrılıqda, xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən və məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsini, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi və onun nümayəndəsini dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti araşdırıb, habelə məhkəmənin hazırlıq iclasında xüsusi ittihamçının dəlillərini nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, CPM-nin 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1, 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Cinayət prosessual qanunvericiliyin tələblərinə görə xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir (CPM-nin 88.4.1-ci maddəsi). Şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir (CPM-nin 302.1.7-ci maddəsi). Məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır (CPM-nin 302.2.3-cü maddəsi). Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinə nəzərdən keçirib hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin nümayəndəsinin istər müraciətinidən, istərsə də məhkəmə iclasında çıxışından görünür ki, Tuncay Şamilin X12lə vatsap ani mesajlaşma platformasından, şəxsi yazışmalarında qarşılıqlı təhqirlər olmuş, bu yazışma kütləvi xarakter daşımamışdır. Eyni zamanda Tuncay Şamilin X11 hava limanında idman yoldaşları X8 və X4 yanında şərəf və ləyaqəti nalayiq formada qəsdən alçaltmasına dair xususata dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bir sözlə müraciət müəllifi xüsusi ittiham qaydasında verilmiş şikayətində X3 CM-nin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilməsini xahiş etsə də, Tuncay Şamilin şikayət vermiş şəxsin X11 kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmasına, yəni təhqir etməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, şikayətin əsassız olduğunu və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutların əks etdirilmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və CPM-nin 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: X12 və onun nümayəndəsi tərəfindən X3 CM-nin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar