Məhkəmə qərarları › İş №1(003)-50/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-50/2024

05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-50/2024 05.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxx 1959-cu ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, ali təhsilli, təqaüdçü, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayından başlayaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətindən verilmiş xx.xx.2019-ci il tarixli **********9 nömrəli çıxarış əsasında Zərərçəkmiş şəxs xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,0890 hektar torpaq sahəsini özbaşına hasaralayaraq, həmin torpağın hüdudları daxilində olan sahədə müxtəlif tipli ağaclar və güllər əkməklə becərərək, halhazıradək oradakı 86,90 kvadrat metr yaşayışa yararlı olmayan köhnə yarımtikilidən öz məqsədlərini həyata keçirmək üçün yəni torpağa sahiblik hüququnu həyata keçirmək üçün istifadə edərək, Zərərçəkmiş şəxs həmin torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. ünvan 4 ünvanında yerləşən 0,0890 hektar torpaq sahəsini 2010-cu il tarixdə Bilgəh qəsəbəsində yerləşən sanatoriyada müalicə alarkən tanış olduğu erməni əsilli Zoya adlı qadından 25000 ABŞ dollarına almışdır. Həmin torpaq sahəsini alarkən yaşamaq üçün yararlı olan bir mərtəbəli ev olmuş və torpaq sahəsi 5-6 daş hündürlüyündə hasara alınıb darvaza qoyulmuşdur. O, mütəmadi olaraq həmin torpaq sahəsinə gəlib orada ağac və gül əkmiş, evdə bəzi təmir işləri gördürmüş, evin qaz, işıq və su xətlərini çəkdirmişdir. Hətta yay aylarında həmin evdə yaşamışdır. 2022-ci ilin yanvar ayında həmin evdə olduğu zaman adını sonradan bildiyi Zərərçəkmiş şəxs həmin yerə gəlmiş və ona bildirmişdir ki, sözügedən torpaq sahəsi onun babasından miras qalıb, və hal-hazırda ona məxsusdur. O, isə torpaq sahəsini 2010-cu il tarixdə aldığını bildirmişdir. Bundan sonra Rəşad həmin torpaq sahəsində darvazanı dəyişsədə, yenidən bərpa elətdirmişdir. O, torpağa görə illik vergi də ödəmişdir. Həmin topraq sahəsinə aid heç bir sənədi yoxdur. Lakin həmin ünvana çəkdirdiyi işıq, qaz və su xəttinə aid sənədləri, ödəniş qəbzlərinin həmçinin həmin ünvanda qeydiyyatsız yaşamağım barədə arayın surətini təqdim etmişdir. Torpaq sahəsini aldığı şəxsin anket məlumatlarını bilmir, onun Rusiya Federasiyasına gedəndən sonra öldüyünü eşitmişdir. Zoya adlı qadınla torpağı alandan sonra onların arasında heç bir sənədləşmə işi aparılmamışdır. Buzovna qəsəbəsi, Puşkin küçəsində qeydiyyatsız yaşaması ilə bağlı müraciət edən zaman onun yaşadığı yerə baxılması üçün mütəxəssis ayrılmamışdır. Təqsirləndirilən şəxs son sözündə ona ittiham olunmuş cinayət əməlini törətmədiyini bildirərək barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə bildirdi ki, ünvan 2 ünvanda 0,0890 hektar torpaq sahədə 86,90 kvadrat metr köhnə yaşayış üçün yararlı olmayan yer var. Həmin torpaq sahəsi və içərisində yarımtikili yoldaşının xalası X1 məxsus olub, bununla bağlı arxiv sənədləri də mövcuddur. Qeyd edilən torpaq sahəsində gələcəkdə ev tikilməli idi. Məhz həmin yarımtikili torpaq sahəsində fərdi yaşayış evini inşa edəcək ustaların dincəlməsi və özlərinə məxsus təmir alətlərini yığması üçün nəzərdə tutulmuşdur. 2019-cu ildə Balaxanım Mustafayeva həmin torpaq sahəsini ona pay kimi vermiş və bundan sonra xx.xx.2019-cu il tarixdə torpağın mülkiyyət hüququnu təsdiq edən çıxarış əldə etmiş, həmin vaxtdan torpaq sahəsi və içərisindəki yarımtili ona məxsus olmuşdur. Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayında ona məxsus torpaq sahəsini özbaşına zəbt etmişdir. Bu barədə telefon vasitəsilə məlumat aldıqdan sonra özünə məxsus torpaq sahəsinə getmişdir. Məfkurənin torpaq sahəsində müəyyən əkin biçin işləri ilə məşğul olduğunu görmüşdür. Məfkurəyə bildirmişdir ki, həmin torpaq sahəsi ona məxsusdur və tərk eləsin. Lakin o imtina eləmişdir. Bundan sonra ondan torpağa aid hansı sənədinin olub-olmamasını soruşmuşdur. O, isə heç bir sənəd təqdim eləməmişdir. Məfkurə uzun mübahisədən və çətinlikdən sonra torpaq sahəsindən çıxmışdır. Bir müddət sonra Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə həyətinin giriş darvazasının üzərində olan qıfılı sındırmaqla ona məxsus qeyd olunan torpaq sahəsini zəbt eləmişdir. Həmin torpaq sahəsində olan hasarda dəyişiklik etmiş və darvazasanı dəyişmişdir. Eşitdiyinə görə bu işdə ona X9 da köməklik etmişdir. Elnurun kim olduğunu bilmir, onu heç vaxt görməmiş, dəqiq olaraq ona məxsus torpaq sahəsinin zəbt edilməsində Elnur köməklik etməsini yalnız eşitmişdir. Məfkurə öz əşyalarını yarımtikili vəziyyətdə olan lakin yaşamaq mümkün olmayan tikiliyə yığmaqda məqsədi torpaq sahəsini zəbt etmək olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxsə dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən də təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, təxminən 5 ildən çoxdur ki, Bakı şəhəri, Buzovna qəsəbəsi, Puşkin küçəsində yerləşən bir qisim bağ evlərinə nəzarət edir, həm də orada olan Hüseyn adlı şəxsin bağ evində bağbanlıq edir. Zərərçəkmiş şəxs ilə münasibətim olmasa da, onun da həmin ərazidə içərisində tikili olan torpaq sahəsinin olduğunu bilir və yerini tanıyır. Zərərçəkmiş şəxs qeyd olunan torpaq sahəsinə tez-tez gəlməsədə, onu orada görmüşdür. Təxminən 1 il bundan əvvəl bir nəfər qadın həmin torpaq sahəsinin qapısını sındırıb, qeyd olunan torpaq sahəsinə daxil olduğunu görmüşdür. Həmin qadını əvvəllər görməsədə, Zərərçəkmiş şəxs tandığı şəxs olduğunu düşünmüşdür. Həmdə Rəşada aid torpaq sahəsinə nəzarət etmədiyinə görə yaxınlaşıb, heç nə soruşmamışdır. Həmin qadın özünə aid bir qisim əşyaları da topraq sahəsində olan tikiliyə yerləşdirmişdir. Sonradan eşitmişdir ki, adı Məfkurə olan həmin qadın Rəşad Mirəzyevə məxsus torpaq sahəsini qanunsuz zəbt etmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, 2021-ci ilin iyun ayının 7-si tarixindən Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbə inzibati dairəsi üzrə nümayəndə kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs qeydiyyatsız yaşaması barədə arayışı o vermişdir. Məfkurə evinə qaz çəkdirmək üçün arayış istəmişdir. O da harada yaşaması barədə maraqlanmış və birlikdə həmin əraziyə gedib maraqlanmışdır ki, torpaq sahəsi Rəşada məxsusdur. Məfkurə özünü Rəşadın qohumu kimi təqdim edib, sonuncunun razılığı ilə həmin torpaq sahəsinə nəzarət etdiyini bildirmişdir. Ona inandığı üçün qeydiyyatsız yaşaması barədə arayış vermişdir. Sonradan eşitmişdir ki, Məfkurə Rəşadın qohumu deyil həmin torpağı zəbt etmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1959-cu ildə Şamaxı rayonunda doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarında olan 24 fevral 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi və aidiyyatı üzrə göndərilməsi haqqında qərardan görünür ki, Xəzər RPİ-nin İŞ-in müstəntiqi Neman Şirinovun Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ərizələri əsasında toplanmış 135/22 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarı ləğv edilərək əlavə araşdırmanın aparılması üçün Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş **********04-10301 saylı çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən 86.90 m² torpaq sahəsi Zərərçəkmiş şəxs məxsusdur. İş materiallarında olan 22 fevral 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, cinayət işinin başlanması üçün kifayət qədər əsas olmadığından HK-105 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan 23 may 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi və aidiyyatı üzrə göndərilməsi haqqında qərardan görünür ki, Xəzər RPİ-nin İŞ-in müstəntiqi Neman Şirinovun Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ərizələri əsasında toplanmış 135/22 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarı ləğv edilərək əlavə araşdırmanın aparılması üçün Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. İş materiallarında olan 13 iyun 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, cinayət işinin başlanması üçün kifayət qədər əsas olmadığından HK-105 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan 20 fevral 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Xəzər RPİ-nin 2-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru Cavid Ağayev tərəfindən hal şahidləri, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakları ilə ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. İş materiallarında olan 13 mart 2023-cü il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, fakta görə ********* saylı cinayət işi başlanaraq icraata qəbul edilmişdir. İş materiallarında olan 15 aprel 2023-cü il tarixli axtarış elan edilməsi haqqında qərardan görünür ki, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Məmməd Cəfərov tərəfindən ********* saylı cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan 15 aprel 2023-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs tutulub istintaqa təhvil verilənədək ********* saylı cinayət işinin icraatı dayandırılmışdır. İş materiallarında olan 04 may 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində tutularaq Xəzər RPİ-nin 2-ci PŞ-yə gətirilmişdir. İş materiallarında olan Xəzər RPİ-nin 2-ci PŞ-nin xx.xx.2023-cü il tarixli, 3-13-45- 2/2-11418/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq Xəzər RPİ-nin MSY-yə təhvil verilmişdir. İş materiallarında olan 04 may 2023-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, AR CM-nin 188.1-ci maddəsi ilə olan ********* saylı cinayət işinin icraatı təzələnmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 05 may 2023-cü il tarixdə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Məmməd Cəfərov tərəfindən Azərbaycan Respublikasının CM-nin 188.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş 05 may 2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/1132 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən tikinti işlərinin aparıldığı torpaq sahəsi kimi təqdim olunan torpaq sahəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş xx.xx.2019-cu il tarixli, **********9 nömrəli çıxarış əsasında Zərərçəkmiş şəxs xüsusi mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 0,089 hektar torpaq sahəsinin eyni torpaq sahəsi olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 188-ci maddəsinin normasında müəyyən olunan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, maddədə nəzərdə tutulan əməllərin törədilməsi iqtisadi sistemdə və ekoloji potensialın yüksəldilməsində çox mühüm rol oynayan torpaqdan qanuni istifadə, ona sahiblik və onun barəsində sərəncam vermənin qaydalarını pozur, torpaqların təyinatının dəyişməsinə səbəb olur. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə görə torpaq sahəsi dedikdə, dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsi başa düşülür. Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində- bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Bununla yanaşı, Torpaq Məcəlləsində torpaq qanunvericiliyinin pozulmasına görə məsuliyyət yaradan hərəkətlər dəqiq müəyyən olunmuşdur. Belə ki, həmin Məcəllənin 110cu maddəsinə görə aşağıdakı hərəkətlərin törədilməsində təqsiri olan şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar: torpaq sahələrinin özbaşına tutulması; torpaq sahələrində qanunsuz tikinti aparılması; torpaqların kateqoriyalarının qanunvericiliyə riayət edilmədən dəyişdirilməsi və s. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 188.1ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin 65 yaşının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsinə əsasən “Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma - səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır..” Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən zərərçəkmiş şəxsin ifadəsinə, şahidlərin ifadələrinə, ekspert rəyinə, iş materiallarında olan və yuxarıda sadalanan digər sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən 0,0890 hektar torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin xx.xx.2019-ci il tarixli, **********9 nömrəli çıxarışı əsasında Zərərçəkmiş şəxs xüsusi mülkiyyətinə verilmişdir. Təqsirləndirilən şəxs isə həmin torpaq sahəsində 2010-cu il tarixdən məskunlaşaraq, müəyyən əkin biçin işləri ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs həmin torpaq sahəsini öz mülkiyyətinə keçirdikdən sonra təqsirləndirilən şəxsə torpaq sahəsini tərk etməli olduğunu bildirmişdir. Lakin təqsirləndirilən şəxs bundan imtina etmiş və orada yaşamağa davam etmişdir. Bir müddət sonra onu həmin torpaq sahəsindən çıxarmaq mümkün olmuşdur. Lakin Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə həmin torpaq sahəsinin həyətinin giriş darvazasının üzərində olan qıfılı sındırmaqla torpaq sahəsini yenidən zəbt etmişdir. Həmçinin həmin torpaq sahəsində olan hasarda dəyişiklik etmiş və darvazanı dəyişmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (CM-nin 3-cü maddəsi). Məhkəmə bildirir ki, cinayətin obyekti torpaq üzərində mülkiyyət hüququnun həyata keçirilməsi ilə əlaqədar yaranan ictimai münasibətlərdir. Cinayətin obyektiv cəhəti isə torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud başqa üsullarla özbaşına tutmada ifadə olunmuşdur. Cinayətin subyekti 16 yaşına çatmış hər hansı bir anlaqlı fiziki şəxs ola bilər. Cinayətin subyektiv cəhəti birbaşa qəsddən ibarətdir. Yəni təqsirkar torpaq sahəsini özbaşına hasarladığını, tutduğunu, dəyişdirdiyini və ya becərdiyini, özbaşına tikinti və ya quraşdırma işlərini apardığını dərk edir və bu əməli törətəməyi arzu edir. Məhkəmə qeyd edir ki, torpaq sahəsi xx.xx.2019-ci il tarixli, **********9 nömrəli çıxarış əsasında Zərərçəkmiş şəxs xüsusi mülkiyyətinə verilənə qədər təqsirləndirilən şəxsin əməlində cinayətin subyektiv cəhəti olmamışdır. Lakin qeyd edilən tarixdən sonrakı müddət ərzində Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin əlamətlərinin hamısı yaranmışdır. Belə ki, o, həmin torpaq sahəsinin Zərərçəkmiş şəxs məxsus olduğunu biləbilə həmin torpaq sahəsini zəbt etməkdə davam etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan nisbətən yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından X6 azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” İş üzrə maddi sübut yoxdur. İş üzrə 100 (bir yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Şamaxı şəhərində yaşadığı ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şamaxı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat və Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 16 saata görə 96 (doxsan altı) manat, ümumilikdə 216 (iki yüz on altı) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB**********1700266117, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar