Məhkəmə qərarları › İş №1(003)-505/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-505/2024

16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-505/2024 16.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı o]lunun, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Yevlax şəhəri, Q.Əşrəfbəy küçəsi, ev 9, mənzil 4-də qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, nömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi - 0,531 qram olan kustar üsulla hazırlanmış narkotik vasitǝ heroini xeyli miqdarda əldə edib üzərində saxlamaqla 24 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən “Araz” marketin yaxınlığına kimi daşımış, həmin gün orada saat 09:00-da Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Polis Şöbəsinin inzibati binasına aparılmış, həmin gün saat 09:10-da Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin inzibati binasında xidməti iş otağında müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngdə olan cins şalvarının sağ yan cibində şəffaf rəngli sallofan kəsiyinə bükülmüş təmiz çəkisi - 0,531 qram, yəni xeyli miqdarda kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin 01 ədəd bükümdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq vurucu mexanizmdən, çaxmaqdan, tətikdən, baraban formasında olan 09 ədəd 5.6 mm diametrli patron yerləşdirilməsi üçün xəzinədən (kamorlardan) və fiqurlu dəstəkdən ibarət, heç bir zavod nişanı və nömrəsi olmayan, texniki cəhətdən saz, atəş üçün yararlı, kustar üsulla hazırlanmış 5.6 mm kalibrli lüləsi yivsiz odlu silah revolveri əldə edib saxlamaqla üzərində gəzdirib xx.xx.2024-cü il tarixdə saat 13:10-da Xəzər rayonu, Binə qəsəbəsi,Ə.İsazadə küçəsində yerləşən Binə qəsəbə bələdiyyəsinin yaxınlığına qədər daşımış, həmin gün orada saat 13:10-da Xəzər RPİ-nin 3cü PB-nin əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanılaraq PŞ-nin inzibati binasna aparılmış, həmin gün saat 14:15-də Xəzər RPİ-nin 3-cü PŞ-nin inzibati binasında xidməti iş otağında müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərində şəxsi axtarış aparan zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının arxa tərəfdən kəmərinə keçirib daşıyaraq üzərində gəzdirdiyi həmin vurucu mexanizmdən,çaxmaqdan, tətikdən, baraban formasında olan 09 ədəd 5.6 mm diametrli patron yerləşdirilməsi üçün xəzinədən (kamorlardan) və fiqurlu dəstəkdən ibarət, heç bir zavod nişanı və nömrəsi olmayan, texniki cəhətdən saz, atəş üçün yararlı, kustar üsulla hazırlanmış 5.6 mm-lik kalibrli lüləsi yivsiz odlu silah revolver aşkar edilərək Təqsirləndirilən şəxs götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, psixotrop maddələrdən istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə Suraxanı rayonunda tanımadığı şəxsdən şəxsi istifadəsi üçün metamfetamin alaraq üzərində saxlamışdır. Həmin gün səhər saatlarında Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Araz” marketin yaxınlığında polis əməkdaşları onu saxlayaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün Xəzər RPİ-nin 3-cü PŞ-nə aparmışlar. Polis Şöbəsində ona üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl ona üzərində qanunla qadağan edilmiş əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, əynindəki qara rəngli şalvarın cibindən bir ədəd bükümü çıxardıb təqdim edərək içində metamfetamin olduğunu bildirmişdir. Bundan başqa, 13 yanvar 2024-cü il tarixdə günorta saatlarında Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu ərazisində yerləşən məişət tullantıları yerlərindən birində tapmışdır. Narkotik vasitǝ aludəçisi olduğundan silahı sataraq narkotik vasitə əldə etmək istəmişdir. Bu məqsədlə xx.xx.2024-cü il tarixdə tapdığı həmin silahı belinə taxaraq yaşadığı evdən çıxıb müştəri axtarmaq məqsədilə Binə qəsəbəsinin mərkəzinə getmişdir. Binə qəsəbəsində yerləşən Binə bələdiyyəsinin yaxınlığında olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində şəxsiyyəti müəyyən olunduqdan sonra üzərində qanunla qadağan olunmuş hər hansı əşya və predimet olub olmaması soruşulduqda üzərində tapança olduğunu bildirmişdir. Bundan sonra üzərinə videoçəkilişlə baxış keçirilmişdir. Videoçəkiliş zamanı üzərində qanunla qadağan olunmuş hər hansı əşya və predimet varsa təqdim etməyi istəmişlər. O da əynində olan cins şalvarın kəmərinə arxa tərəfdən taxdığı Naqan tipli tapançanı çıxarıb təqdim etmişdir. Əlavə olaraq təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-cü PŞ-nin əməliyyat müvəkkili Şahid3 bildirdi ki, xx.xx.2023-cü il tarixdə xidməti ərazidə baş vermiş oğurluqlarla ǝlaqədar olaraq Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən "Araz" marketin qarşısında bir nəfər şəxsin şübhəli hərəkətləri diqqətlərini çəkmişdir. O və sahə inspektoru olan Şahid1 yaxınlaşıb özlərini təqdim etdikdən sonra həmin şəxsdən özünü təqdim etməsini istəmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona xidməti ərazidə baş vermiş oğurluq hadisələrində şübhəli olduğu üçün onlarla birlikdə polis bölməsinə getməli olduğunu izah etmişlər. Polis şöbəsində olarkən onunla fərdi söhbət zamanı heç bir oğurluq hadisəsi törətmədiyini, lakin üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirdiyini etiraf etmişdir. Bundan sonra ona üzərinə baxış keçirilməsinin zəruriliyi izah olunmuşdur. Daha sonra xidməti otaqların birində təhqiqatçının, müdafiəçinin və onların iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinə başlanılmışdır. İlk öncə təhqiqatçı ona üzərində qanunla qadağan olunmuş hər hansı əşya və predmet varsa təqdim etməsini bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ cibindən bir ədəd sellofana bükülmüş bükümü çıxarıb təqdim edərək içində metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Xəzər RPİ-nin 3-cü PŞ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. İbtidai araşdırma zamanı şahid qismində ifadəsi alınmış Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru Şahid1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi elan edilmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə verməklə sonuncunun bildirdikləri xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2 ibatidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Xəzər RPİ-nin 3-cü PŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində çalışır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə PŞ-nin rəisinə məruzə etmiş və PŞnin rəisinin əmri ilə onun rəhbərliyi ilə Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru, polis kapitanı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edǝrǝk dərhal əməliyyat tədbirlərinin icrasına başlamışlar.xx.xx.2023-cü il tarixdə saat 13:10 da Təqsirləndirilən şəxs Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən Binə bələdiyyəsinin qarşısında olduğunu müəyyən edib orada ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib, özlərini təqdim edib Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah saxlayıb daşımaqda şübhəli olmasını bildirib Xəzər RPİ-nin 3-cü PŞ-ə dəvət etmişlər. PŞ-nin inzibati binasında, xidməti otaqda Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan edilərək video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmışdır. Axtarış aparılmasına başlamazdan əvvəl üzərində əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa təqdim etməsi təklif olunduqda Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın arxa tərəfdən kəmərinə keçirilmiş "Naqan" tipli tapançanı çıxararaq təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, CMnin 234.1-ci maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 09:00-da tutulmuşdur; - xx.xx.2023-cü il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 09:10-09:20 radələrində Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə baxış keçirilərkən o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş, içərisində psixotrop maddə-metamfetamin olan bükümü təqdim etmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/5703 saylı rəyindən aydın olur ki, tədqiqata təqdim edilmiş üzərində “...vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddı...” yazısı qeyd olunmuş zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,531 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir; - Diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, bir ədəd diskdə olan görüntü, şəxsi axtarış, baxış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokola uyğun olmuşdur; - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur; - Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; - xx.xx.2024-cü il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 14:15-14:45 radələrində Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə baxış keçirilərkən o, belinə arxa tərəfdən əynində olan göy rəngli cins şalvarın kəmərinə keçirilmiş 01 ədəd Naqan tipli odlu silahı təqdim etmişdir; - Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli 24/121 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd silah, kustar üsulu ilə hazırlanmış 5.6 mm kalibrli revolverdir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Təqdim edilmiş 01 ədəd kustar revolverdən eksperimental atəş zamanı əldə olunmuş giliz DİN- in KTİ-də yerləşən "güllə-giliz" kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş gilizlərlə müqayisə edildi. Müqayisəli təhqiqat zamanı eynilik aşkar edilməmişdir; - Diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, bir ədəd diskdə olan görüntü, şəxsi axtarış, baxış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokola uyğun olmuşdur; - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə ittiham elan olunmuşdur; - Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(003)-17/2024 nömrəli qərarından aydın olur ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir; - Cinayət işinin bir icraatda birləşdirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi sonuncunun CM-nin 228.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmişdir; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 2332 saylı rəyindən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nətcəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür; - Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 06 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa o, Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə 02 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa o, Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022ci ildə cəzasının çəkilməmiş hissəsindən şərti azad olunmuş, xx.xx.2022-ci ildə cəzasını çəkib qurtarmışdır; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə - iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0.531 qram olan psixotrop maddə– metamfetamin istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 18.2.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli hesab olunur; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur; 83.3.4-cü maddəsinə görə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir.. Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü yaranmış məhkumluğu (xx.xx.2019-cu il tarixində cəzasının sonu ilə azad olunmuşdur) ödənilmişdir. Lakin, onun Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə (xx.xx.2019-cu il tarixində cəzasının sonu ilə azad olunmuşdur) və Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə (xx.xx.2022-ci ildə cəzasının çəkilməmiş hissəsindən şərti azad olunmuş, xx.xx.2022-ci ildə cəzasını çəkib qurtarmışdır) yaranmış məhkumluqlarının ödənilməməsi cinayətin təhlükəli residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivi Azərbaycan Respublikası CM-nin 61ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəzalar qismən toplanılmaqla qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, şübhəli şəxs qismində tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM 56.1.2), seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2) və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,481 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “Naqan” tipli tapança Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, 02 ədəd disk iş materiallarında saxlanılmalı (CPM 132), iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 92 manat məbləğində pul vəsaiti ondan tutularaq dövlət nəfinə keçirilməlidir (CPM 198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona CM-nin 228.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.1ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 03 (üç) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində 03 (üç) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,481 qram psixotrop maddə olan metamfetamin məhv edilsin, 01 ədəd “Naqan” tipli tapança Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 92 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22). Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən sərf etdiyi 40 saat vaxta görə 240 manat, məhkəmədə müdafiə edilməsinə görə Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğluna sərf etdiyi 07 saat vaxta görə 42 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar