Məhkəmə qərarları › İş №1(003)-508/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-508/2021

28.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-508/2021 28.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs X6 iştirakı ilə, xx.xx.1998-ci ildə Ağdaş rayonunun Yuxarı Ləki kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, Ağdaş rayonu, Yuxarı Ləki kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” iltizam qətimkan tədbiri seçilmiş, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, X8 istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq bir ədəd, “AK-74”, “AKS-74”, “AKS- 74U” avtomat silahlarda, “RPK-74” əl pulemyotlarında və sair uyğun kalibrli yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulan, zavod üsulu ilə istehsal edilmiş, 5,45x39 mm kalibrli, döyüş sursatı hesab edilən və istifadəyə (atəşə) yararlı 01 ədəd patronu əldə edib özündə saxlamış, 10 iyun 2021-ci il tarixdə həmin patronu yük çantasındakı gödəkçəsinin cibində qanunsuz olaraq daşıyıb gəzdirməklə SU 1851 saylı Bakı-Moskva aviareysilə uçmaq üçün X9 Aeroportuna gələrkən özü ilə gətirmiş, həmin gün saat 15:30 radələrində T-1 X1 Baş İdarəsinin postundakı X-Ray monitorunda yoxlamadan keçən zaman ona məxsus qara rəngli yük çantasındakı gödəkçəsinin cibindən Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin əməkdaşları tərəfindən, həmin döyüş sursatı hesab edilən 01 ədəd patron aşkar olunub götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X8 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, “ÖZGÜN İNŞAAT” yol tikinti şirkətinin Şəmkir rayon sahəsində gözətçi işləyir. Rusiyanın Varonej şəhərində yaşayan Murad adlı əmisi oğlu kənddə olarkən söhbət zamanı ona təklif etmişdir ki, işləmək üçün onun yanına getsin. Ona görə də qazancını nəzərə alaraq oraya getmək qərarına gəlmişdir. İşlədiyi şirkətdən çıxmış və 10 iyun 2021-ci il tarixinə Bakı-Moskva aviareysinə bilet almışdır ki, Moskvadan Varonej şəhərinə getsin. 10 iyun 2021-ci il tarixdə saat 15:30 radələrində xalası oğlu Xəyalla onun idarə etdiyi taksi maşını ilə X9 Aeroportuna gəlmiş və baqajlarını düşürüb zala girmişdir. Zalın girişindəki Təhlükəsizlik Xidmətinin yoxlama monitoruna çantalarını və metal əşyalarını qoyub, özü də monitordan keçdikdən sonra çantalarını götürmək istəyərkən, orada xidmət aparan təhlükəsizlik əməkdaşları ondan çantasında patron olub-olmamasını soruşmuşlar. O bildirmişdir ki, çantasında elə bir əşya yoxdur. Sonra həmin əməkdaşlar onun iştirakı ilə çantasını açıb içərisindəki gödəkçəsini çıxartmışlar və onun cibindəki 01 (bir) ədəd patronu götürmüşlər. Həmin anda yadına düşmüşdür ki, həmin patronu 2020-ci ilin noyabr ayının əvvəllərində Şəmkir rayonunda Seyfəli paleqonuna gedən yolun kənarından tapıb gödəkçəsinin cibinə qoymuşdur. Bundan sonra bu barədə akt tərtib olunmuş, oraya polis əməkdaşı çağırılmış və onu həmin aktla birlikdə polis əməkdaşına təhvil vermişlər. Həmin patronu 2020-ci ilin noyabr ayının əvvəllərində Şəmkir rayonunda Seyfəli paleqonuna gedən yolun kənarından tapıb gödəkçəsinin cibinə qoyarkən havalar nisbətən isti olmuşdur. Sonradan gözətçi işində gecələr lap soyuq olduğuna görə başqa bir nisbətən qalın gödəkçəni geyinməyə başladığı üçün, patronu cibinə qoyduğu həmin gödəkçəsi isə nisbətən təzə və nazik olduğuna görə evə qoymuş və geyinməmişdir. Patron da o vaxtdan yadından çıxıb həmin gödəkçəsinin cibində qalmışdır. Ona görə də təhlükəsizlik əməkdaşı ondan soruşanda bildirmişdir ki, çantasında heç bir patron yoxdur. Həmin patronun döyüş sursatı olmasını hərbi xidmətdə olduğuna görə bilmişdir. Lakin 01 (bir) ədəd patrona görə cinayət məsuliyyəti nəzərdə tutulduğunu bilməmişdir. Bilsəydi tapdığı vaxt onu uzağa atardı və yaxud təhvil verərdi. Lakin, aeroporta gələrkən əşyalarını çantasına yığanda gödəkçəsinin ciblərinə baxmamışdır. Ona görə də cibində patron olmasını bilməmişdir. Əvvəllər bir neçə dəfə Rusiya Federasiyasına gedib gəldiyinə görə də təhlükəsizlik yoxlaması qaydalarını bildiyi üçün bilərəkdən şüurlu şəkildə onu cibində gətirib aeroportun yoxlamasından keçməzdi. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, ilk dəfə cinayət əməli törətməsini bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, 2009-cu ildən hazırki işində xidmət edir. Tərtib olunmuş qrafikə əsasən 10 iyun 2021-ci il tarixdə X9 Aeroportunun Т1 Terminalının “В” zonasında girişdə xidmətdə olmuşdur. Funksional vəzifəsi həmin gün terminala daxil olan sərnişinlərin və digər şəxslərin baqaj və əl yüklərinin X-RAY qurğusu vasitəsilə yoxlamadan keçirilməsi olmuşdur. Saat təqribən 15:30 radələrində SU 1851 saylı Bakı-Moskva aviareysinin sərnişinlərini yoxlamadan keçirərkən, sonradan şəxsiyyəti məlum olan vətəndaş X6 yük çantasını yoxlamadan keçirərkən, əşyaların arasında patrona oxşar predmetin görüntüsünü müəyyən etmişdir. Əvvəllər də iş təcrübəsində belə bir fakt olduğuna görə. həmin predmetin patron olmasını təxmini müəyyən etmişdir. Həmin sərnişindən çantasında patron olub olmamasını soruşduqda, o bildirmişdir ki, çantasında elə bir predmet yoxdur. Sonra çantadakı əşyaları çıxarıb baxdıqda, çantada olan gödəkçənin cibindən 01 ədəd patron aşkar olunmuşdur. Həmin anda sərnişin Sənan İsmayılov təəccüblənərək bildirmişdir ki, həmin patronu 2020-ci ilin payız aylarında Şəmkir rayonunda olarkən раleqona gedən yoldan tapıb cibinə qoymuşdur və yadından çıxıb həmin vaxtdan cibində qalmışdır. Sonra dərhal bu barədə qrup rəhbəri Şahid2 məlumat vermişdir. О həmin posta gəlmiş, növbə rəisi və polisə məlumat vermişdir. Sonra təlimata uyğun olaraq bu barədə akt tərtib etmişlər, həmin şəxsi akt və maddi sübutla birlikdə araşdırma aparılması üçün polis əməkdaşına təhvil vermişlər. Həmin vaxt X8 patronun müəyyən olunması və aktın tərtib olunmasıyla əlaqədar hər hansı qeyri-səmimi münasibət göstərməmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, 2009-cu ildən hazırki işində xidmət edir. Tərtib olunmuş qrafikə əsasən 10 iyun 2021-ci il tarixdə X9 Aeroportunun Т1 Terminalının “В” zonasında girişdə xidmətdə olmuşdur. Funksional vəzifəsi həmin gün terminala daxil olan sərnişinlərin və digər şəxslərin baqaj və əl yüklərinin X-RAY qurğusu vasitəsilə yoxlamadan keçirilməsi olmuşdur. Saat təqribən 15:30 radələrində SU 1851 saylı Bakı- Moskva aviareysinin sərnişinlərini yoxlamadan keçirərkən, sonradan şəxsiyyəti məlum olan vətəndaş X6 yük çantasını yoxlamadan keçirərkən, əşyaların arasında patrona oxşar predmetin görüntüsünü müəyyən etmişdir. Əvvəllər də iş təcrübəsində belə bir fakt olduğuna görə. həmin predmetin patron olmasını təxmini müəyyən etmişdir. Həmin sərnişindən çantasında patron olub olmamasını soruşduqda, o bildirmişdir ki, çantasında elə bir predmet yoxdur. Sonra çantadakı əşyaları çıxarıb baxdıqda, çantada olan gödəkçənin cibindən 01 ədəd patron aşkar olunmuşdur. Həmin anda sərnişin Sənan İsmayılov təəccüblənərək bildirmişdir ki, həmin patronu 2020-ci ilin payız aylarında Şəmkir rayonunda olarkən рaleqona gedən yoldan tapıb cibinə qoymuşdur və yadından çıxıb həmin vaxtdan cibində qalmışdır. Sonra dərhal bu barədə qrup rəhbəri Şahid2 məlumat vermişdir. О həmin posta gəlmiş, növbə rəisi və polisə məlumat vermişdir. Sonra təlimata uyğun olaraq bu barədə akt tərtib etmişlər, həmin şəxsi akt və maddi sübutla birlikdə araşdırma aparılması üçün polis əməkdaşına təhvil vermişlər. Həmin vaxt X8 patronun müəyyən olunması və aktın tərtib olunmasıyla əlaqədar hər hansı qeyri-səmimi münasibət göstərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən məhkəmə ballistik ekspertizasının 21 iyun 2021-ci il tarixli, 3/1049 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata təqdim edilmiş 01 ədəd patron “AK-74”, “АKS-74”, “AKS-74U” avtomat sılahlarında, “RРK-74” əl pulemyotlarında və sair uyğun kalibrli yivli odlu döyüş silahlarında istifadə etmək üçün nəzərdə tutulan, zavod üsulu ilə istehsal edilmiş, 5,45x39 mm kalibrli patrondur, döyüş sursatı hesab edilir və istifadəyə yararlıdır. İş materiallarına əlavə olunmuş 28 iyul 2021-ci il tarixli qərardan görünür ki, X5 aşkar edilib götürülmüş 01 (bir) ədəd patron ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış və məhkəmə baxışına qədər saxlanılmasından ötrü X10 İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 07.08.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1998-ci ildə Ağdaş rayonunda doğulmuş X6 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş arayışdan görünür ki, X8 “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkətində 08.07.2021ci il tarixdən gözətçi vəzifəsində işləyir. Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.01.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan «Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı» Protokolunun 3-cü maddəsinin “a” bəndinə əsasən «odlu silah» dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 5-ci bəndinə əsasən müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalar döyüş sursatı hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 27.05.2005-ci il tarixli qərarında göstərilmişdir ki, döyüş sursatı dedikdə, hədəfi məhv etmək üçün müəyyən olunmuş və tərkibind dağıdıcı, tullayıcı və vurub çıxardığı atımın, yaxud onların məcmusu olan silahlanma predmetləri və tullayıcı sursatlar başa düşülür. Döyüş sursatına-hədəfi məhv etmək üçün nəzərdə tutulan artilleriya mərmi və minaları, hərbi mühəndis atımları (partlayış törədici qanadlı ballistik raket və qurğular), minalar, tank əleyhinə olan qumbaralar, əl qumbaraları, piyada əleyhinə olan və reaktiv qumbaralar, kalibirindən asılı olmayaraq hədəfi məhv etmək elementi (karteç, qırma, mərmi-güllə və s.) ilə yanaşı digər bütün elementləri olan müxtəlif odlu silah patronlarına aid edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X6 əməli Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını və ilk dəfə cinayət əməli törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən “Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə - iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin X8 tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, yuxarıda göstərilən yüngülləşdirici halları nəzərə almaqla yanaşı eyni zamanda qeyd edir ki, təqsirləndirilən şəxs X8 törətdiyi əməli özü səmimi olaraq etiraf etmiş və etdiyi əməldən peşman olmuşdur. Təqsirləndirilən şəxs X8 ailəsində yeganə işləyən şəxsdir və ailə üzvlərini maddi təminatı onun tərəfindən təmin edilir. Həmçinin məhkəmə bildirir ki, təqsirləndirilən şəxs X7 azadlıqdan məhrum etmə cəzası təyin edildiyi halda onun ailəsinin maddi təminatı aşağı düşəcəkdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Qeyd etmək lazımdır ki, X8 hazırda Ağdaş rayonunun Yuxarı Ləki kəndində yaşayır. Lakin onun iş yeri isə Şəmkir rayonu ərazisində yerləşir. Yuxarıda qeyd edildiyi o, ailəsində yeganə işləyən şəxsdir və ailə üzvlərini maddi təminatı onun tərəfindən təmin edilir. Göründüyü kimi məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən bu halı xüsusilə nəzərə almışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzası təyin edilərkən onun yaşadığı və işlədiyi ərazilərin müxtəlif rayonlara aid olması nəzərə alınmalı və onun tərk etməməli olduğu ərazi hüdudları Ağdaş, Yevlax, Goranboy, Şəmkir rayonu və Gəncə şəhəri kimi müəyyən edilməlidir. İş üzrə X10 İdarəsinin Növbətçi Hissəsində maddi sübut kimi saxlanılan 01 (bir) ədəd 5,45x39 mm kalibrli patron hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 64 (altmış dörd) manat ekspertiza xərci X5 alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ X8 Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. X8 yaşadığı Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş, Yevlax, Goranboy, Şəmkir rayonunun və Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət X6 yaşayış yeri üzrə Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. X6 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X6 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X10 İdarəsinin Növbətçi Hissəsində maddi sübut kimi saxlanılan 01 (bir) ədəd 5,45x39 mm kalibrli patron hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat məbləğində pul vəsaiti X5 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs X6 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs X6 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, ümumilikdə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar