Məhkəmə qərarları › İş №1(003)-51/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-51/2021

28.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-51/2021 28.01.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X1 Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 2021-ci il tarixdə, Bakı şəhərində Xəzər Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, natamam ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilir ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, “Grandmart” supermarketin qarşısında asfalt yolun kənarında tanışı Zərərçəkmiş şəxs onunla kobud rəftar edərək nalayiq söyüşlərlə söyüb təhqir etdiyinə görə aralarında yaranmış mübahisə zəminində sillə ilə sifət nahiyyəsinə, yumruqla baş nahiyyəsinə qəsdən vuraraq alının hematoması, sol qaşın əzilmiş yarası əmələ gəlməsi ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirib qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəsilə birlikdə ünvan 2 ünvanda qeydiyyatda olmaqla yaşayır. Hadisənin mahiyyəti üzrə bildirmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 21:00 radələrində tanışları ilə birlikdə şam yeməyi yemək üçün Buzovna qəsəbəsində yerləşən “Meduza” restoranına getmişlər. Həmin vaxt görmüşlər ki, dostu Zərərçəkmiş şəxs bir neçə nəfər tanımadığı şəxslə birlikdə həmin restoranın içərisində oturub yeyib-içirlər. Onlarla salamlaşıb restoranın içərisində olan masalardan birinin arxasına keçib əyləşmişlər. Təxminən 5-10 dəqiqə sonra Pərviz heç bir səbəb olmadan uca səslə onun ünvanına nalayiq söyüşlər işlətməyə başlamışdır. O, isə səbrimi basaraq ona cavab qaytarmamışdır. Pərvizin bu cür davranışından sonra o, tanışları ilə birlikdə restorandan çıxıb getmişlər və o, öz yaşadığı evə getmişdir. Həmin gün təxminən saat 22:00 radələrində yaşadığı evdə olarkən Pərviz istifadə etdiyi mobil telefonla ona zəng edərək onu yaşadığı evin yaxınlığında yerləşən “Grand” marketin yanına çağırmış, o, Pərvizdən nə məsələ olduğunu soruşmuş, Pərviz də ona onunla işinin olduğunu bildirmişdir. Bundan sonra o, piyada “Grand” marketin yaxınlığına getmiş və Pərvizin tək olmaqla həmin yerdə avtomobil yolunun kənarında dayandığını görmüşdür. Ona yaxınlaşmış, nə üçün bu cür hərəkət etdiyini, niyə camaatın içərisində onu nalayiq söyüşlərlə söyüb təhqir etdiyini soruşmuşdur. O, da Mayıla cavab qaytarıb demişdir ki, guya Mayıl Pərvizə aid olan içki içərkən çəkilmiş video yazını Pərvizin icazəsi olmadan hansısa qıza atmışdır. Təqsirləndirilən şəxs ona belə bir şey olmadığını bildirmiş, buna baxmayaraq Pərviz onunla razılaşmamış və yenidən onunla söyüşlə kobud formada danışmışdır. Buna görə də Mayıl əsəbləşmiş və ondan əl çəkməsi üçün sillə ilə sifət nahiyyəsindən vurmuşdur. Lakin Pərviz əl çəkmək əvəzinə avtomobildən vintaçan götürüb yenidən Mayılın üstünə hücum çəkmiş və vintaçanla iki dəfə qarın nahiyyəsinə zərbə vurmuşdur. Həmin vaxt Mayıl qarşılıqlı olaraq yumruqla Pərvizin başına bir dəfə möhkəm zərbə vurmuşdur. Bu vaxt Pərviz yerə yıxılmış, daha sonra Pərviz yerdən qalxaraq yenidən üstünə hücum çəkərkən həmin yerdə dayanmış bir nəfər tanımadığı şəxs onları ayırmışdır. Bundan sonra o, yaşadığı evə getmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxs ilə barışdığını göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsilə birlikdə ünvan 3 ünvanda yaşayır. Hadisənin mahiyyəti üzrə bildirmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 20 radələrində adlarını qeyd etmək istəmədiyi tanışları ilə birlikdə şam yeməyi yemək üçün Buzovna qəsəbəsində yerləşən “Meduza” restoranına getmişlər. Həmin vaxt bir qədər yemək yeyib spirtli içki içdikdən sonra görmüşdür ki, tanışı Mayıl iki nəfər tanımadığı şəxslə birlikdə restorana gəlmişlər. Onlar onlarla salamlaşdıqdan sonra başqa bir masa arxasına keçib əyləşmişlər. Bundan təxminən 10-15 dəqiqə sonra Mayılın ona aid olan içki içərkən çəkilmiş video yazını onun icazəsi olmadan bir nəfər tanış qıza atması yadına düşmüş və Mayılın ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. Lakin Mayıl ona cavab qaytarmamış və bir qədər sonra onlar restorandan çıxıb getmişlər. Onlar gedəndən təxminən 30 dəqiqə sonra Pərviz də masadan durmuş və yaşadığı evə getmişdir. Bir qədər sonra Mayıla zəng edərək onu yaşadığı evin yaxınlığında yerləşən “Grand” marketin yaxınlığına çağırmışdır. Təxminən 3-4 dəqiqə sonra Mayıl həmin yerə gəlmiş, bir daha Mayıldan nə üçün ona aid olan videonu atdığını soruşmuş, Pərviz yenə də boynuna almamış və o, buna görə yenə də onun ünvanına nalayiq söyüşlər söymüşdür. Bu zaman Mayıl yumruqla Pərvizin baş nahiyyəsinə bir neçə dəfə zərbə vurmuş və o, aldığı zərbələrin təsirindən yerə yıxılmışdır. Daha sonra yerdən ayağa qalxaraq avtomobildən vintaçan götürüb Mayılın qarın nahiyyəsinə iki dəfə zərbə vurmuşdur. Həmin vaxt həmin yerin yaxınlığında dayanmış bir nəfər şəxs onları ayırmış, bundan sonra onlar yaşadıqları evə getmişlər. Zərərçəkmiş şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında elan olunmuş məhkəmə-tibbi ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 995 saylı rəyinə əsasən R.T.Rufullazadənin bədəni üzərində aşkar edilmiş xəsarətlər – alının hematoması, sol qaşın əzilmiş yarası küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 3-4 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2020-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa Yüngül dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, R.T.Rufullazadənin bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi daha inandırıcıdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun Zərərçəkmiş şəxs ilə barışdığı, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığı və gələcəkdə də olmayacağı qeyd edilmiş və bu səbəbdən onun cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun Təqsirləndirilən şəxs ilə barışdığı, Mayıl tərəfindən ona dəymiş ziyanın ödənildiyi, ona qarşı heç bir şikayət və tələbinin olmadığı və gələcəkdə də olmayacağı qeyd edilmiş və bu səbəbdən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİdən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə təqsirləndirilən və zərərçəkmiş şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx xxx 2018-ci il tarixli 2021 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai araşdırma zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, ümumilikdə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar