Məhkəmə qərarları › İş №1(003)-513/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-513/2025

05.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-513/2025 05.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X8 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokurorları Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, zərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin inzibati binasında 25 avqust 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, subay, orta təhsilli, Bakı şəhəri, Nərimanov rayonu, H.Mirzəyev küçəsi, döngə 2, ev 17-də qeydiyyatla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs yol-hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 13 fevral 2025-ci il tarixdə saat 03:00 radələrində “X20 Companies’' Qapalı Səhmdar Cəmiyyətinə məxsus olmaqla 72 saylı yol vərəqəsi əsasında idarə etdiyi texniki cəhətdən saz və istismara yararlı olan «Ford Connect» markalı **-JA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bakı şəhəri Xəzər rayonu Bakı-Mərdəkan şossesinin 20-ci kilometrliyindəki X6rşısında yolun hərəkət hissəsində yerləşən sürət göstəricisi tablosunu Mərdəkan qəsəbəsi istiqamətində 85-90 km/saat sürətlə keçdiyi vaxt «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkətinin iştirakçısı kimi yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobilin öz hərəkət zolağı ilə təhlükəsiz hərəkətini təmin etməli və bununla da yolnəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda həmin qaydalara əməl etməmiş, yol hərəkəti qaydalarını pozub yol hərəkətinin digər iştirakçısı Şahid5 idarə etdiyi «Nissan Sunny» markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobillə ehtiyatsızlıqdan piyada X5 avtomobil yolunun həmin hərəkət hissəsində vurub yerə yıxmaqla ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirdikdən sonra yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətdə olan piyada X5 həmin hərəkət yolunda üçüncü zolaqda halsız uzanıqlı vəziyyətdə qalmış olduğunu görən Təqsirləndirilən şəxs idarə etdiyi «Ford Connect» markalı **-JA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə həmin hərəkət zolağında hərəkətdə olduğu vaxt mövcud şəraitdə qarşıda baş vermiş yol-nəqdiyyat hadisəsinə görə yığışmış digər piyadaların olmasını nəzərə almalı, əvvəlcədən surətini azaldaraq hərəkətin təhlükəsizliyini təmin etməli və uzanmış vəziyyətdə olan piyada Zərərçəkmiş şəxs qızma çatmadan avtomobili dayandırmalı olduğu halda yol hərəkəti qaydalarını pozub öz hərəkət zolağı ilə təhlükəsiz hərəkətini təmin etməyərək ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs vurub onun üzərindən «Ford Connect» markalı avtomobilin sol hissəsi ilə keçərək onu asvalt yol örtüyünə sıxması və avtomobilin altında sürükləməsi nəticəsində ağciyərinin, qaraciyərinin və dalağının zədələnmələri, ikitərəfli yayılmış qabırğa sınıqları, döş sümüyünün orta 1/3-nin qapalı sınığı, sürtünmə xarakterli geniş ölçülü çoxsaylı sıyrıqlar, qaçır, qansızma ilə nəticələnməklə G.İ.Şərbətovanm həyatı üçün təhlükəli olan sağlamlığına ağır dərəcəli zərərvurma kimi onun ölümü ilə birbaşa səbəbli əlaqəli olan ağır dərəcəli bədən xəsarətləri yetirməsinə və G.İ.Şərbətovanın ağır hemorragik şokla müşayiət olunan döş qəfəsi və qarın boşluğu orqanlarının ağciyərin, qaraciyərin və dalağın cırılmaları nəticəsində yaranan küt travma kimi ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs hadisə yerində ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CMnin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 03 noyabr 2024-cü il tarixdən etibarən “X20 COMPANİES" Qapalı Səhmdar Cəmiyyətində anbarçı vəzifəsində çalışır. 01 fevral 2025-ci il tarixindən 28 fevral 2025-ci il tarixinədək QSC-nin balansında olan “Ford Connect” markalı, ** JA *** dövlət qeydiyyat nişanlı avtomobil 72 saylı yol vərəqəsi əsasında ona təhkim olunmuşdur. 13 fevral 2025-ci il tarixdə, saat 03 radələrində işdən çıxdıqdan sonra, iş yoldaşı Hüseynlə birlikdə həmin avtomobillə Bakı şəhəri, Qala qəsəbəsində yaşayan dayısının evinə gedirmiş. Bakı- Mərdəkan yolu ilə Mərdəkan istiqamətində, təxminən 85-90 km/saat sürətlə hərəkət edərkən, Hava Limanı istiqamətində yol göstərici nişanını keçdikdən sonra yolun sağ tərəfindən üç nəfər şəxsin əl-ələ tutaraq 1-ci zolaqdan yolun soluna doğru keçmək istədiklərini görmüşdür. Həmin anda sol tərəfə baxdıqda yolun təxminən 3-cü zolağında asfalt üzərində uzanmış bir şəxsi görmüş və qarşı tərəfdən gələn piyadaları vurmamaq üçün məcbur qalaraq avtomobili ziqzaqvari şəkildə, yəni həm sola, həm sağa döndərmişdir. Bu hərəkət nəticəsində avtomobilin qabaq sol təkərinin qanadaltı qoruyucu hissəsi yerdə uzanmış olan şəxsə toxunmuşdur. Dərhal sonra avtomobili yolun sağ hissəsinə çəkərək saxlamış və hadisə yerinə yaxınlaşmışdır. Həmin ərazidə olan üç qadın sərxoş vəziyyətdə nalayiq ifadələrlə qışqıraraq aralarında olan mübahisəni ifadə etmiş, daha sonra yoldan keçən digər avtomobillər də dayanaraq kömək göstərmişdir. Qısa müddət sonra hadisə yerinə gələn polis əməkdaşlarına yaxınlaşaraq özü haqqında məlumat vermiş və baş verən hadisə barədə ətraflı izahat təqdim etmişdir. Əlavə olaraq bildirilmişdir ki sonradan orada olan şəxslər tərəfindən yerdə uzanmış həmin şəxsin bir qədər əvvəl “Nissan” markalı naməlum bir avtomobil tərəfindən vurulduğu məlum olmuşdur. Hadisədən sonra yaxın qohumlarının köməyi ilə zərər çəkmiş şəxsin hüquqi varisinə 5.000 manat məbləğində vəsait nağd verilmiş, barışıq əldə edilərək onun şikayət və tələbinin olmaması barədə notarial qaydada təsdiq edilmiş ərizə alınmışdır. Buna baxmayaraq məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin hüquqi varisi ondan və ailəsindən əlavə olaraq 20.000 manat təzminat istəmiş, lakin nə özünün, nə də ki yaxın qohumlarının bu məbləği ödəməyə maddi imkanı yoxdur. Qeyd edilənləri nəzərə alaraq ona aşagı həddə cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Günel Şərbətova onun doğma qızıdır. Onunla birlikdə bir ünvanda yaşamışdır. Günelin iki övladı olub. Onlardan biri Rəhimə Şərbətova hazırda Şəmkir rayonunda Səlim adlı şəxslə ailə həyatı qurub və onların bir övladı var. Günelin digər övladı 29 mart 2006-cı il təvəllüdlü X12 hazırda onunla yaşayır. 12 fevral 2025-ci il tarixində, saat 22 radələrində qızı Günellə evdə olarkən, Günelə bibisi Dilbərin qızı Nərmin zəng edərək onu işlədiyi Yeni Suraxanı qəsəbəsində yerləşən kafeyə çörək yeməyə dəvət etmişdir. Günel Nərmindən kafedə kimlərin olduğunu soruşduqda, Nərmin Banu və digər Günelin də kafedə olmasını demişdir. Günel isə Banu oradadırsa, davalarının düşə biləcəyini demişdir. Nərmin ona ayrı otaq ayıracağını, Günelin kafeyə gələn sürücü ilə birlikdə rahat çörək yeyə biləcəyinə söz verdikdən sonra qızı Günel razılaşıb getmişdir. 13 fevral 2025-ci il tarixində, saat 02 radələrində Günel “WhatsApp”la ona yolda olduğu və evə qayıtdığını bildirmişdir. Lakin saat 03:30 radələrində ailə üzrə sürücüləri olan Rövşənin mobil telefonundan ona zəng gəlmiş və Nərminin anası, baldızı Dilbər birbaşa qızı Günelin ölməsini, yolun ortasında qalmasını demişdir. Məlumatı aldıqdan sonra digər qohumları ilə birlikdə dərhal hadisə yerinə yollanmışdır. Eyni zamanda zərər çəkmiş şəxsin hüquqi varisi bildirmişdir ki, təqsirləndirilən şəxsin yaxın qohumları ona 5.000 manat ödəmişlər, bununla bağlı onun tərəfindən notarial qaydada ərizə verilərək şikayət və tələbinin olmaması bildirilsə də, hazırda belə qərara gəlmişdir ki, bu məbləğ azdır, 20.000 manat əlavə verilsə razılaşaraq təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmaması barədə yeni fikir söyləyə bilər. Bu səbəbdən hazırda təqsirləndirilən şəxsdən şikayətçi olmasını, onunla barışmamasını nəzərə almağı, əlavə olaraq 20.000 manat ödənilsə təqsiləndirilən şəxsin barəsində yüngül cəza təyin edilməsini, əks halda ən ağır cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş “X20 Companies” QSC hüquqi şəxsin nümayəndəsi Şahid4 bildirmişdir ki, «X20 Companies QSC»-nin qaraj müdiri vəzifəsində işləyir. “Ford Connect” markalı, ** JA *** dövlət qeydiyyat nişanlı avtomobil 2022-ci il tarixdən “X20 Companies” QSC MMC-yə məxsusdur. Həmin avtomobil də idarə olunması üçün Təqsirləndirilən şəxs verilmiş və həmin tarixdən də o, avtomobili yol vərəqəsi ilə idarə edirmiş. 13 fevral 2025-ci il tarixdə Xəzər rayonu Bakı-Mərdəkan şossesinin Hava Limanı ərazisində baş vermiş yol nəqiliyyat hadisəsi zamanı ehtiyatsızlıqdan ondan öncə digər avtomobil ilə vurulmuş və yerə uzanıqlı vəziyyətdə olan piyadanın üzərindən keçmişdir. Bu barədə şirkətə Müşfiq özü məlumat vermişdir. Həmin qəza nəticəsində piyada şəxs ölsə də, avtomobilə heç bir ziyan dəyməmiş və bununla bağlı şirkətin də heç bir iddası yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən “Dost” kafesində ofisiant olaraq çalışır. Onunla birlikdə bacısı Günel də həmin kafedə ofisiant kimi fəaliyyət göstərir. 12 fevral 2025-ci il tarixində, saat 22 radələrində dayısı qızı Günel ona zəng edərək evdə sıxıldığını bildirib tanışı olan bir oğlanla birlikdə kafeyə gəlmək istədiyini deyərək saat 22:30 radələrində əvvəllər tanıdığı Vüqar adlı şəxslə birlikdə kafeyə gəlib otaqlardan birində əyləşmişlər. Günel ona birlikdə çörək yeyib spirtli içki qəbul etməsini təklif etmiş, lakin işdə olduğunu əsas gətirərək bu təklifi qəbul etməmişdir. Günel və Vüqar özləri ilə gətirdikləri bir litrlik araq şüşəsindən spirtli içki qəbul etmişlər. Sonra Günel kafedə olan və əvvəldən küsülü olduğu ümumi tanışları Banu ilə görüşüb barışaraq özlərinin oturduğu otağa aparmışdır. Bundan sonra Vüqar əlavə olaraq mağazadan daha bir litrlik araq alaraq geri qayıtmışdır. Günelin artıq sərxoş olduğunu görüb masanın üzərində qalan yarımçıq araq şüşəsini götürmüşdür. 13 fevral 2025-ci il tarixində, saat 02:30 radələrində Vüqar Günelə “səni evə aparım” desə də Günel bu təklifi rədd edib Banunu evə dəvət edərək, birlikdə qalmaq istədiyini Banuya demişdir. Vüqar israr etsə də, Günel onunla getmədiyindən Vüqar sifariş verdiyi taksi ilə kafeni tərk etmişdir. Evə getmək üçün “BMW” markalı, dövlət nömrə nişanını xatırlamadığı avtomobili idarə edən Ümid adlı taksi sürücüsünü çağırmış, avtomobilin qabaq sərnişin oturacağında Banu, arxa sağ oturacaqda özü, arxa orta oturacaqda dayısı qızı Günel, arxa sol oturacaqda isə bacısı Günel əyləşmişlər. Yeni Suraxanı qəsəbəsindən Bakı-Mərdəkan yoluna çıxdıqdan sonra, Günel sürücüyə bildirmişdir ki, ürəyi sıxılır və avtomobili saxlamasını istəyib. Sürücü bu yolda maşın saxlanmasının qadağan olduğunu dedikdə, Günel qapını açaraq özünü maşından atacağı ilə hədələmiş və sürücü məcburən maşını saxlamışdır. Günel avtomobildən düşərək yolun sağ tərəfi ilə piyada hərəkət etməyə başlamış, özü, Banu və bacısı Günel isə avtomobildən düşüb Günelin arxasınca getmişdilər. Günel sərxoş vəziyyətdə onlara nalayiq ifadələr işlədərək qəflətən yolun hərəkət hissəsinə çıxmış və yolun ortasında 3-cü zolaqda əyninə gödəkçəsini geyinib saçını düzəldən zaman onu bir avtomobil vurmuşdur. Hadisə baş verən anda Günelin yanında olsa da, qəfil baş verən toqquşma nəticəsində özünü itirib nə baş verdiyini tam qavramamışdır. Zərbənin təsirindən Günel bir neçə metr kənara 2-ci və 1-ci zolaqlar arasında yerləşən xəttin üzərinə düşmüş, başı yerə dəydiyi üçün başından qan axmağa başlayıb hərəkətsiz qalmışdır. Banu və bacısı Günellə birlikdə mərhum Günelin yanına yaxınlaşmaq istədikdə, həmin istiqamətdə yüksək sürətlə hərəkət edən digər bir avtomobil gəlib qəfil ziqzaqvarı manevri ilə onları vurmamaq üçün istiqamətini dəyişməyə çalışsa da, həmin avtomobil Günelin üzərindən keçmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2, eləcə də ibtidai istintaq zamanı dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Şahid2, Şahid1 ifadəsinə uyğun, ümumilikdə analoji ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 göstərmişdir ki, atasına məxsus “Nissan Sunny” markalı, ** SS *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edərək taksi fəaliyyəti ilə məşğuldur. 13 fevral 2025-ci il tarixində, saat 03 radələrində, yaşadığı Yeni Günəşli qəsəbəsindən dostunun yaşadığı Mərdəkan qəsəbəsinə Bakı-Mərdəkan yolunun Mərdəkan istiqamətində, 3-cü hərəkət zolağı ilə saatda 80 km/saat sürətlə hərəkət edərkən, yol göstərici nişanını keçdikdən sonra, hava qaranlıq olduğundan qarşısından kölgə keçdiyini görüb həmin anda avtomobildən səs gəldiyini eşidib dərhal əyləc sistemini işə salaraq, təxminən 100 metr məsafə qət etdikdən sonra avtomobili yolun sağ tərəfində saxlamışdır. Avtomobildən düşdükdən sonra onun sol yan güzgüsünün yerində olmadığını müəyyən edib ilkin olaraq başqa bir nəqliyyat vasitəsi ilə toqquşduğunu zənn etsə də, geriyə baxdıqda yolun 5-ci zolağında yerdə bir nəfər şəxsin uzandığını və onun ətrafında bir neçə qadının toplaşaraq qışqırıb nalayiq ifadələr işlətdiklərini görmüşdür. Hadisədən qorxduğuna görə, yaxınlıqda dayanan digər avtomobil sürücülərinin yanında dayanmışdır. Bir neçə dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gələndə onlara yaxınlaşaraq hadisə barədə məlumat verib, özünü təqdim etmişdir. Eyni zamanda Şahid5 ümumiyyətlə spirtli içki qəbul etmədiyini, hadisə zamanı da sərxoş olmadığını, qəza zamanı qarşısına çıxan maneəni gördüyü anda əyləci basaraq avtomobili saxlamağa çalışdığını, hadisə nəticəsində hər hansı bir xəsarət almadığını, buna görə də Məhkəmə-Tibbi Ekspertizadan keçməkdən imtina etdiyini, hadisənin baş verdiyi anda avtomobildə avtoqeydiyyat cihazının (videoqeydiyyatçı) olmamasını bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertizanın rəylərini və digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinənin xx.xx.2025-ci il tarixli 1/1446 nömrəli protokolundan görünür ki, Təqsirləndirilən şəxs ayıq olmuşdur. Notarial qaydada təsdiq olunmuş yol nəqiliyyat hadisəsi zamanı ölmüş Zərərçəkmiş şəxs hüquqi varisi Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, onun Şahid5 ilə barışmış, ona qarşı heç bir iddia tələbi yoxdur, ona dəymiş maddi ziyan ödənildiyi üçün sürücü Şahid5 barəsində 25 avqust 2025-ci il tarixdə cinayət təqibinin başlanılması rədd edilmişdir. Notarial qaydada təsdiq olunmuş Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin atası X3 ilə xx.xx.2025-ci il tarixli “Barışıq sazişi”ndən görünür ki, Azad Məmmədov tərəfindən Zərərçəkmiş şəxs dəymiş zərərin əvəzi olaraq notariusun depozit hesabı vasitəsilə 5.000 manat məbləğində vəsait ödənilmiş, həmin vəsait Zərərçəkmiş şəxs tərəfindən qəbul edilməklə onun Təqsirləndirilən şəxs şikayət və tələbinin olmaması, gələcəkdə də şikayət və tələbinin olmayacağı, aralarında barışıq əldə edilməsi, Təqsirləndirilən şəxs barəsində başlanmış cinayət təqibinə xitam verilməsinin xahiş olunması bildirilmişdır. “X20 Companies” QSC hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, «X20 Companies QSC»-nin qaraj müdiri vəzifəsində işləyir. “Ford Connect” markalı, ** JA *** dövlət qeydiyyat nişanlı avtomobil 2022-ci il tarixdən “X20 Companies” QSC-yə məxsusdur. Həmin avtomobildə idarə olunması üçün Təqsirləndirilən şəxs verilmiş və həmin tarixdən də o, avtomobili yol vərəqəsi ilə idarə edirmiş. 13 fevral 2025-ci il tarixdə Xəzər rayonu Bakı-Mərdəkan şossesinin Hava Limanı ərazisində baş vermiş yol nəqiliyyat hadisəsi zamanı ehtiyatsızlıqdan ondan öncə digər avtomobil ilə vurulmuş və yerə uzanıqlı vəziyyətdə olan piyadanın üzərindən keçmiş və həmin qadın cinsli şəxs ölmüşdür. Bu barədə şirkətə Müşfiq özü məlumat vermişdir. Həmin qəza nəticəsində piyada şəxs ölsə də, avtomobilə heç bir ziyan dəyməmiş və bununla bağlı şirkətində heç bir iddası yoxdur. Məhkəmə yol-nəqiliyyat hadisələri ekspertizasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 may 2025-ci il tarixli 3-16-16/2- 8/859/2025 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən “Nissan Sunny” markalı, ** SS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid5 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qaununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuş, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən “Ford Connect” markalı, ** JA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol həorəkəti haqqında» Azərbaycan Respublikası Qaununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza X10 Hüquqi Şəxsin” xx.xx.2025-ci il tarixli T421/2025 saylı məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, 1985-ci il təvəllüdlü mərhum Zərərçəkmiş şəxs adına tərtib edilmiş sənədlərə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: Mərhum G.İ.Şərbətovanın meyitinin müayinəsi zamanı alın nahiyəsinin, burunun və sol baldırın orta l/-nin əzilmiş yaraları; sağ və sol dirsək nahiyəsinin sağ və sol əlin arxa səthinin, döş qəfəsinin ön səthinin, qarının ön divarının, sağ qalça darağı proyeksiyasının, sağ və sol budun, sağ və sol dizin bayır səthinin, sağ ayağın bayır topuğunun sürtünmə xarakterli geniş ölçülü sıyrıqlan, döş qəfəsinin arxa səthinin və sol kürək nahiyəsinin qansızması; sağda bel nahiyəsində sarğı nahiyəsinədək davam edən qançırı; ağır travmatik və hemorragik şokla (2,5 litr) müşayiət olunan; döş sümüyünün orta üçdə birinin qapalı sınığı; sol İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX, X və sağ İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX, X qabırğaların orta körpücük və arxa qoltuqaltı xətt üzrə qapalı, yerdəyişən sınıqları; sol bazu sümüyünün qapalı, yerdəyişən sınığı: sağ baldır sümüklərinin qapalı, az yerdəyişən sınıqları; sol baldır sümüklərinin açıq, qəlpəli, yerdəyişən sınıqları; kəskin daxili qanitirmə ilə müşayiət olunan ağciyərin, qaraciyərin və dalağın cırılmaları; burun sümüyünün qapalı sınığı hər iki böyrək ətrafının hematoması və qansızması aşkar edilmişdir. Qeyd edilən xəsarətlər küt yaranma mexanizminə malik olmaqla yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdi, yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə canlı şəxslərdə sol baldır sümüklərinin açıq, qəlpəli, yerdəyişən sınıqları; qabırğaların sınıqları ilə, kəkin daxili qanitirmə və hemorragik şokla (2,5 litr) müşayiət olunan ağciyərin, qaraciyərin və dalağın cırılmaları həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya, sol bazu sümüyünün qapalı, yerdəyişən sınığı; döş sümüyünün orta Vi-nin qapalı sınığı, sağ baldır sümüklərinin qapalı, az yerdəyişən sınıqları sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərərvurmaya, burun sümüyünün qapalı sınığı, hər iki böyrək ətrafının hematoması və qansızması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələrə əsasən onların yaranma mexanizmini belə izah etmək olar: ilkin zərbə piyada G.l.Şərbətova vertikal və ya buna yaxın vəziyyətdə olarkən hərəkətdə olan “Nissan Sunny” markalı avtomobilin sol yan hissəsi ilə piyadanın sol aşağı ətrafına zərblə vurulması nəticədə sol baldır sümüklərinin açıq, qəlpəli, yerdəyişən sınıqları və əzilmiş yarası, sonrakı etapda şəxsin asfalt örtüyünə atılması nəticəsində alm nahiyəsinin, burunun əzilmiş yarası, burun sümüyünün qapalı sınığı, sol bazu sümüyünün qapalı, yerdəyişən sınığı; sağ baldır sümüklərinin qapalı, az yerdəyişən sınıqları, sonra isə artıq yol örtüyündə uzanmış piyadanın digər “Ford Connect” markalı avtomobillə yol örtüyünə sıxılması, sürüklənməsi nəticəsində isə ağciyər, qaraciyərin və dalağın zədələnmələri, ikitərəfli yayılmış qabırğa sınıqları, döş sümüyünün orta 1/3-nin qapalı sınığı, sürtünmə xarakterli geniş ölçülü çoxsaylı sıyrıqlar, qançır, qansızma yaranmışdır. Mərhum G.İ.Şərbətovanın ölümünə səbəb ağır hemorragik şokla müşayiət olunan döş qəfəsi və qarın boşluğu orqanlarının-ağciyərin, qaraciyərin və dalağın cırılmaları nəticəsində yaranan küt travma olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X19 İdarəsinin 04 mart 2025-ci il tarixli 3- 13-45/2-5018/2025 nömrəli məktubundan görünür ki, xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X19 İdarəsinin Mərkəzi Məlumat Sistemində aktiv məlumatları yoxlanılarkən AF №042365 seriyalı sürücülük vəsiqəsinin aktiv olması, həmçinin sürücülük hüququndan mərhum edilməməsi, üzərində hər-hansı həbs və ya məhdudiyyətin olmaması müəyyən edilmişdir. “X20 Companıes” QSC-nın 01-28 fevral 2025-ci il tarixli 72 nömrəli yol vərəqəsindən görünür ki, “Ford Connect” markalı ** JA *** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunması Təqsirləndirilən şəxs həvalə edilmişdir. “Diskə baxış protokolu”-dan görünür ki, təqdim olunmuş bir ədəd diskin daxilində bir fayla ibarət 10 dəqiqə 02 saniyədən ibarət yol nəqiliyyat hadisəsini əks etdirən DİN-nin Təhlükəsiz Şəhər Xidmətindən əldə olunmuş 098 nömrəli kameradan qeydə alınmış görüntüdür. Görüntündə 10 dəqiqə 02 saniyəlik videonun 06 dəqiqəsi 30 saniyəsindən görünür ki, Bakı-Mərdəkan şossesinin Hava Limanı ərazisindən keçən yolun üzərində olan sürət tablosunu keçdikdən sonra sağ hissəsindən sola doğru qadın piyadaların yolu keçmək istədiyini, həmin piyadalardan əynində bənövşəyi rəngli gödəkçəsi olan qadının dayanıb geriyə əl işarələri etməsi, ani bir anda ağ rəngli “Nissan Sunny” markalı ** SS *** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq hissəsi ilə qadını vurması, daha sonra həmin istiqamətdə hərəkətdə olan qara rəngli “Ford Connect” markalı ** AJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq hissəsinin həmin yerdə uzanmış qadının üzərindən keçməsi müşahidə olunur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yol-hərəkəti qaydalarının pozub ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsinin törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-nin 263.2-ci maddəsi ilə tövsif olunmalı və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin hüquqi varisinə vurulmuş maddi ziyanın əvəzi olaraq özünün və ailəsinin maddi imkanı daxilində müəyyən vəsaitin ödəməsini, zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsinə cəhd etməsini, ilkin olaraq zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, törətdiyi cinayəti əməlini səmimi etiraf edib peşman olmasını, ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayət əməli nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olmaqla yol hərəkəti qaydalarını pozma kimi CM-nin 15.3-cü maddəsində az ağır cinayət kimi təsbit edilmiş təqsirin ehtiyatsızlıq formasında törədilən əməl olmaqla, təqsirləndirildiyi CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı məhkəmə aşagıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə çıxışları mərhələsində dövlət ittihamçısı təqsirləndirilən şəxsin zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməməsini nəzərə alaraq ona 03 (üç) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini təklif etmiş, zərər çəkmiş şəxsin hüquqi varisi isə təqsirləndirilən şəxs tərəfindən əlavə 20.000 manat vəsait ödənilmədiyi halda ondan şikayətçi olduğunu və prokurorun təklifi ilə razılaşdığını bildirmişdir. Yuxarıda qeyd edildiyi kimi, notarial qaydada təsdiq olunmuş xx.xx.2025-ci il tarixli “Barışıq sazişi”nə əsasən təqsirləndirilən şəxsin atası X3 tərəfindən Zərərçəkmiş şəxs dəymiş zərərin əvəzi olaraq notariusun depozit hesabı vasitəsilə 5.000 manat məbləğində vəsait ödənilmiş, həmin vəsait Zərərçəkmiş şəxs tərəfindən qəbul edilməklə onun Təqsirləndirilən şəxs şikayət və tələbinin olmaması, gələcəkdə də şikayət və tələbinin olmayacağı, aralarında barışıq əldə edilməsi, Təqsirləndirilən şəxs barəsində başlanmış cinayət təqibinə xitam verilməsinin xahiş olunması bildirilmişdır. Yəni Təqsirləndirilən şəxs nəinki barışığa cəhd etmiş, hətta müəyyən vəsait ödəməklə zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmiş, lakin hüquqi varis sonradan 20.000 manat əlavə vəsait ödənilməsi barədə şərt irəli sürdüyündən, təqsirləndirilən şəxsin isə həmin məbləğdə pulu ödəmək imkanı olmadığından son nəticədə barışıq əldə olunmamışdır. Qeyd olunan halların fonunda belə nəticəyə gəlmək olar ki, təqsirləndirilən şəxs və ya onun yaxın qohumları tərəfindən zərər çəkmiş şəxsin hüquqi varisinə tələb olunan əlavə məbləğ ödənilməklə barışığın əldə olunması, heç də sonrakı mərhələdə hüquqi varisin yeni barışığa əlavə təzminat istəməməsi və bu məsələdə fikrinin qəti olması anlamına gəlmir. Cinayət prosessual qanunvericiliyin tələblərinə görə cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir (CPM-nin 404-cü maddəsi). Təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər. Qanunvericiliyin qeyd edilən tələblərindən irəli gələn hal odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəza bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitnə təsirinin) tarazlaşdırılmış şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış etməlidir. Bu səbəbdən zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə olunmaması əsas meyar kimi qəbul edilib təqsirləndirilən şəxsə daha sərt və açıq-aydın ağır, CM-nin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 41.2-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin tələbləri ilə uzlaşmayan cəza verilməsi üçün əsas ola bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, son nəticədə zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməməsi səbəbindən Təqsirləndirilən şəxs cəza təyin edilərkən CM-nin 60-cı maddəsinin müddəaları (zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edildikdə təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz) nəzərə alınmamalı, lakin təyin edilləcək cəzanın müddəti dövlət ittihamçısının və zərər çəkmiş şəxsin hüquqi varisinin istədiyi həddə deyil, nisbətən daha aşağı həddə müəyyən edilməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Cinayət qanunvericiliyin tələblərinə görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır (CM-nin 45-ci maddəsi). Odur ki, CM-nin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, Təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəliliyini, cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq onun barəsində təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunaraq azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, CM-nin 56.1.1-ci maddəsinə əsasən (ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisəsində cəzanın çəkilməsi müəyyən edilir) cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsini, cəzaçəkməsinin başlanğıcının məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmasını, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının azadlıqdan məhrum etmə cəzasının çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmasını, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar məhkəmə məsrəfini təşkil edən 150 (bir yüz əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X13 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 110 (bir yüz on) manat, eləcə də Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 8 saata görə 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və CPM-nin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası azadlıqdan məhrum etmə cəzasının çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulsun və Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin (X4, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X13 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 110 (bir yüz on) manat, eləcə də Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 8 saata görə 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutulsun və Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar