Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-515/2025 03.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X7 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, tərcüməçi X2, müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs Sıvaloganathan Pirathapanın iştirakları ilə Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1993-cü il tarixdə Şri-Lanka Demokratik Sosialist Respublikasının Jaffna şəhərində doğulmuş, Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, işsiz, Şri-Lanka Demokratik Sosialist Respublikasının Jaffna şəhərində qeydiyyatda olmaqla yaşamış, 25 avqust 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 27 avqust 2025-ci il tarixdə barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Sıvaloganathan Pirathapanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 29,318.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Sıvaloganathan Pirathapan bilə-bilə saxta sənəddən istifadə edərək Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan qəsdən qanunsuz olaraq keçməyə cəhd etmişdir. Belə ki, o, Avropa ölkələrinin birinə qanunsuz getmək məqsədilə istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan şəxsdən Şri-Lanka Demokratik Sosialist Respublikasında olarkən vətəndaşı olmadığı halda özünün anket məlumatları (adı: Sıvaloganathan Pirathapan, doğum tarixi 21 avqust 1993) və öz fotoşəkli daxil edilməklə saxtalaşdırılmış A85461771 nömrəli Malayziya Federasiyası pasportunu qəsdən, qanunsuz olaraq əldə edib, 25 avqust 2025-ci il tarixdə G90305 nömrəli Şarja-Bakı aviareysi ilə X3 Azərbaycan Respublikasına keçmək üçün Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Bakı şəhəri, Xəzər rayonunda yerləşən “Heydər Əliyev” Beynəlxalq Aeroportunda sərhəd nəzarəti məntəqəsinə gələrək qeyd olunan tarixdə saat 10:55-də həmin pasportdan bilə-bilə istifadə edib, sərhəd nəzarətinə təqdim edərək, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən olunmuş sənədlər olmadan qəsdən qanunsuz olaraq X3 Azərbaycan Respublikasına keçməyə cəhd göstərərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Sıvaloganathan Pirathapan CM-nin 29,318.1 və 320.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Şri-Lanka Demokratik Sosialist Respublikasının Jaffna şəhərində yaşayır, həmin şəhərdə sürücü kimi işləmişdir. Şri-Lankada yaşayış səviyyəsi aşağı olduğu üçün Avropa ölkələrinin birinə getmək istəmişdir. Bu barədə dostlarına deyərkən ona Avropa ölkələrinə getmək üçün tanışlarından birinin telefon nömrəsini verərək həmin nömrə ilə əlaqə saxlamağı və pasport təşkil etməkdə kömək edəcəyini bildirmişlər. Onun müqabilində 10.000 (on min) ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. Həmin pulu dedikləri yerə verdikdən sonra ona Dubay aeroportuna getməyi bildirmişlər. xx.xx.2025-ci il tarixdə Kolombo-Şarja aviareysi ilə X5 getmiş və Hava limanında tanımadığı bir nəfərlə görüşmüşdür. Həmin şəxs Şri-Lanka Demokratik Sosialist Respublikası pasportunu alıb əvəzində A85461771 nömrəli Malaysiya Respublikasına məxsus, adı və fotoşəkili olan pasportu, eləclə də minik talonunu verib istənilən Avropa ölkələrinə sərbəst gedə biləcəyini bildirmişdir. Bundan sonra Şarja-Bakı aviareysi ilə Bakı şəhərinə gəlmişdir. “Heydər Əliyev” X8 həmin Malayziya Respublikasına məxsus pasportunu sərhədçiyə təqdim etməklə sərhəddən keçmək istəmiş, lakin pasportunda saxtalıq əlamətləri müşahidə olunduğu üçün xx.xx.2025-ci ildə saat 11:00 radələrində sərhədçilər tərəfindən saxlanılmışdır. Törətdiyi əməlindən peşmandır, onun ağır ailə vəziyyətini və maddi durumunu nəzərə alıb yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin “Heydər Əliyev” X11 sərhəd nəzarəti şöbəsində “Növbə rəisi” sərhəd naryadı xidmətində olan mayor Şahid1 göstərmişdir ki, 25 avqust 2025-ci il tarixdə saat 09:00-dan 20:00 tarixədək “Heydər Əliyev” X11 SNŞ-də Terminal-1 gəlmə xəttində “sənədlərin yoxlanışı” sərhəd naryadına növbə rəisi kimi çıxmışdır. Onunla birlikdə həmin tarixdə sərhəd nəzarəti şöbəsində nəzarətçi vəzifəsində baş gizir hərbi rütbəsində xidmət edən Şahid2 da sərhəd naryadı xidmətini təşkil etmişdir. Saat 10:55 radələrində R-G90305 saylı Şarjah-Bakı aviareysi ilə X6 Azərbaycan Respublikasına gələn Malayziya Respubliasının vətəndaşı 21 avqust 1993-cü il təvəllüdlü Sıvaloganathan Pirathapan təqdim etdiyi A85461771 nömrəli Malayziyaya məxsus pasport rəsmiləşdirilən zaman saxta olması şübhə yarandığı üçün bu barədə Şahid2 ona məruzə etdikdən sonra hadisə yerinə gəlib bu barədə aidiyyəti üzrə məruzə etmişdir. Həmin şəxsin 21 avqust 1993-cü il təvəllüdlü Şri-Lanka Demokratik Sosialist Respublikasının vətəndaşı Sıvaloganathan Pirathapan olduğu müəyyən olunmuş, xx.xx.2025-ci il tarixdə saat 11:00 radələrində “Heydər Əliyev” X11 SNŞ-də saxlanılmışdır. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin “Heydər Əliyev” X11 sərhəd nəzarəti şöbəsində nəzarətçi vəzifəsində baş gizir hərbi rütbəsində xidmət edən Şahid2 da, Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertizanın rəylərini və digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin rəisi, general-leytenant Elşən Verdiyevin xx.xx.2025-ci il tarixli, 3-38-33/2-16-1355/25 nömrəli məktubundan görünür ki, 25 avqust 2025- ci il tarixdə, saat 10:55-də X6 Azərbaycan Respublikasına gələn, xx.xx.1993-cü il təvəllüdlü Sıvaloganathan Pirathapan “sənədlərin yoxlanışı” sərhəd naryadına təqdim etdiyi A85461771 nömrəli Malayziya Respublikasının pasportu saxta olduğu üçün saxlanılmışdır. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətindən daxil olmuş məktubdan görünür ki, Sıvaloganathan Pirathapanın barəsində Arxiv-uçotu idarəsində heç bir məlumat yoxdur. Dövlət Sərhəd Xidmətinin Əməliyyat-Axtarış Baş İdarəsindən daxil olmuş məktubdan görünür ki, Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşı Sıvaloganathan Pirathapanın qaçaqmalçılıqla məşğul olması və digər hüquqazidd hərəkətləri barədə ƏABl-də məlumatlar mövcud deyildir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 5/866 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Sıvaloganathan Pirathapanın adına olan A85461771 nömrəli Malayziya Respublikasına məxsus pasporta oxşar təhqiqat obyekti xüsusi mühafizə (poliqrafik, texnoloji və fiziki-kimyəvi) vasitələrlə təchiz olunmamışdır, rəqəmsal texniki qurğu (printer, çoxaldıcı aparat) vasitəsi ilə axıntı çap üsulu ilə hazırlanmışdır və Malayziya Federasiyasının pasportuna uyğun deyil. 30 sentyabr 2025-ci il tarixli qərarla A85461771 nömrəli Malayziya Respublikasının pasportu maddi sübut kimi tanınmışdır. “Tutma haqqında protokol”dan görünür ki, Sıvaloganathan Pirathapan 25 avqust 2025ci il tarixdə tutulmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 avqust 2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Sıvaloganathan Pirathapanın barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin başlanğıcı 25 avqust 2025-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış tələbnamədən görünür ki, Sıvaloganathan Pirathapan əvvəllər məhkum olunmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Sıvaloganathan Pirathapan bilə-bilə saxta sənəddən istifadə edərək Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan qəsdən qanunsuz olaraq keçməyə cəhd etməsi özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadəsi, eləcə də ekspertiza rəyi və cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Sıvaloganathan Pirathapanın törətdiyi cinayət əməli CM-nin 29,318.1 və 320.2-ci maddələri ilə tövsif olunmalı və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Sıvaloganathan Pirathapanın cəzasını yüngülləşdirən hal tərətdiyi cinayət əməlini səmimi etiraf etməsidir, cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-nin 318.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda keçmə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 320.2-ci maddəsinə əsasən bilə-bilə saxta sənədlərdən istifadə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət qanunvericiliyin tələblərinə görə cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz (CM-nin 63.3-cü maddəsi). Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər (CM-nin 52.1-ci maddəsi). “CM-nin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, rəsmi sənəd barəsində və onun üzərində qanunsuz hərəkətlərin edilməsi nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyətinin dəyişməsi, onun əsassız və qanunsuz olaraq hər hansı hüquq əldə etməsi və ya vəzifədən azad edilməsi, eləcə də hüquqlarının həyata keçirilməsi və ya vəzifələrinin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar əldə etməsi rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma kimi qiymətləndirilməlidir. Qeyd olunan qərarın mənasına görə saxta olmasa belə, rəsmi sənəddəki məlumatların qəsdən təhrif olunaraq istifadə edilməsi biləbilə saxta sənədlərdən istifadə etmə kimi qiymətləndirilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Sıvaloganathan Pirathapana yalnız qanunvericiliklə nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Odur ki, CM-nin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 41.2-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, təqsirləndirilən şəxs Sıvaloganathan Pirathapanın əməlinin ictimai təhlükəliliyini, cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq onun barəsində təqsirləndiyi hər bir maddəyə nisbətdə həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini, CM-nin 66.2-ci maddəsinə əsasən (cinayətlərin məcmusuna az ağır cinayətlər daxildirsə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir) təyin ediləcək cəzaları qismən toplamaq yolu ilə qəti cəzanın təyin edilməsini, CM-nin 56.1.2-ci maddəsinə əsasən (qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir) cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini, cəzaçəkməsinin başlanğıcının tutulduğu xx.xx.2025-ci il tarixdən hesablanmasını, barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini, CM-nin 52.1-ci maddəsinə əsasən əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmasını qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış A85461771 nömrəli Malayziya Respublikasının pasportu cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar məhkəmə məsrəfini təşkil edən 200 (iki yüz) manat məbləğində pul təqsirləndirilən şəxs Sıvaloganathan Pirathapandan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 11 saata görə 121 (bir yüz iyirmi bir) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və CPM-nin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Sıvaloganathan Pirathapan CM-nin 29,318.1 və 320.2-ci maddələri ilə təqsirli bilinsin. Sıvaloganathan Pirathapana CM-nin 29,318.1 maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 320.2-ci maddəsi ilə 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Sıvaloganathan Pirathapanın üzərində qəti olaraq 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin başlanğıcı 25 avqust 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Sıvaloganathan Pirathapan əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxs Sıvaloganathan Pirathapandan tutulsun və Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X4, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) keçirilsin. Maddi sübut kimi tanınmış A85461771 nömrəli Malayziya Respublikasının pasportu cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 11 saata görə 121 (bir yüz iyirmi bir) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutulsun və Bakı şəhşəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə onun bildiyi dildə tərcümə edilmiş halda verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X9
Məhkəmə qərarları › İş №1(003)-515/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-515/2025
03.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver