Məhkəmə qərarları › İş №1(003)-517/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-517/2022

26.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-517/2022 26.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2001-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, sellofana bükülmüş formada 01 ədəd büküm narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımışdır. 10 iyul 2022-ci il tarixdə saat 00:10-da Xəzər RPİ PPXBnin əməkdaşları tərəfindən Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən dəmiryol xəttinin yaxınlığında saxlanılaraq Xəzər RPİ 3-cü PŞ-nə aparılmış və orada videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sağ cibindəki 01 ədəd sellofana bükülmüş, təmiz çəkisi 0,530 qram olan, açıq qəhvəyi rəngli və kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, ibtidai istintaq zamanı təhiqatçının otağında polis əməkdaşlarının diktəsi ilə yazmış olduğu izahatında özünü təqsirli bilərək göstərmişdir ki, o, təxminən 2 il olar ki, narkotik vasitələrə aludə olmuş və arada bir öz şəxsi istifadəsi üçün tanımadığı şəxslərdən pul müqabilində narkotik vasitə alıb istifadə etmişdir. Sonuncu dəfə 09 iyul 2022-ci il tarixdə saat 17 radələrində Suraxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün bir büküm narkotik vasitə “kakos” (heroin) almışdır. 10 iyul 2022-ci il tarixdə gecə saat 00:00 radələrində Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən dəmir yolu xəttinin yaxınlığında piyada hərəkətdə olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq ondan adını soruşmuş, o da onlara özünü təqdim etmişdir. Bundan sonra həmin polis əməkdaşları onu Xəzər RPİ 3-cü Polis Şöbəsinə dəvət etmiş, o da onlarla birlikdə 3-cü PŞ-nə gəlmişdir. Orada olan zaman polis əməkdaşları ona bildirmişlər ki, o, narkotik vasitələrin qəbulunda şübhəli bilindiyi üçün PŞ-nə gətirilmişdir. Şöbədə olarkən hüquqlarının müdafiəsindən ötrü müdafiəçi dəvət edilmiş, təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış keçiriləcəyi elan edilmişdir. Daha sonra videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Əvvəlcə ondan üzərində hər-hansı bir qeyri-qanuni əşya olub-olmaması soruşulmuş, əgər varsa, könüllü təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra o, əynindəki qara rəngli cins şalvarının sağ cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, onu 09 iyul 2022-ci il tarixdə saat 17 radələrində Suraxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata şəxsi istifadə məqsədi ilə aldığını və üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqdim etdiyi 01 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə hesab edilən heroinə bənzər maddə təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Bundan başqa, şəxsi axtarış davam etdirilən zaman üzərindən qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Hazırkı açıq məhkəmə iclasında isə ibtidai istintaq zamanı vermiş olduğu həmin ifadəsindən imtina edərək həqiqəti söyləmək qərarına gəlmişdir. Belə ki, hazırda ona qarşı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham tam əsassızdır və onu haqsız yerə tutmuşlar. 10 iyul 2022-ci il tarixdə Binə qəsəbəsində olan “Xəzər” marketdən siqaret almağa gedərkən iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq ondan adını soruşmuş, o da onlara özünü təqdim etmişdir. Bundan sonra həmin polis əməkdaşları onu Xəzər RPİ 3-cü Polis Şöbəsinə dəvət etmiş, o, da onlarla birlikdə 3-cü PŞ-nə gəlmişdir. Orada təhiqatçının otağında polis əməkdaşlarının diktəsi ilə ona törətmədiyi cinayəti etiraf etməsi barədə izahat yazdırılmışdır. Həmçinin, orada olan zaman üzərinə müdafiəçinin iştirakı olmadan videoçəkiliş aparılmış, onun üzərində heçnə olmadığı halda narkotik vasitə onun cibindən çıxmışdır. Saxlanılarkən üzərində narkotik vasitə olmadığı üçün özünü təqsirli bilmir. Bunun nəzərə alınaraq barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid1 göstərdi ki, 10 iyul 2022-ci il tarixdə saat 00:10-da iş yoldaşı Xəzər RPİ PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 ilə 6352 çağırışlı avtopatrulla Binə qəsəbəsi Ə.İsazadə küçəsi ərazisində xidmət aparan zaman dəmir yol xəttinin yaxınlığında yerləşən avtomobil ehtiyyat hissələri satılan mağazanın yanında bir nəfər şəxsin olduğunu görmüşlər. Həmin şəxs onları görüb özünü həyəcanlı apardığı üçün onlar həmin şəxsə yaxınlaşmışlar və ərazidə baş vermiş çoxsaylı oğurluq hadisələri ilə əlaqədar həmin şəxslə sorğu aparan zaman həmin şəxs suallara şübhəli və qeyri-adekvat cavablar verərək suallardan yayınmağa çalışmışdır. Həmin şəxs dərhal onlar tərəfindən saxlanılaraq Xəzər RPİ 3-cü PŞ-nə gətirilmiş və bu barədə onlar tərəfindən Polis Şöbəsinin rəisinin adına raport yazılmışdır. Polis Şöbəsində həmin şəxsin anket məlumatları yoxlanılan zaman həmin şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Namiq İsmayılovun üzərinə şəxsi axtarış keçirilməsi zərurəti yarandığından, şöbəyə müdafiəçi dəvət olunmuşdur. Xidməti otaqların birində videoçəkilişlə müdafiəçinin, onun və Xəzər RPİ PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 iştirakı ilə Xəzər RPİ 3-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru Anar Hacıyev tərəfindən Namiq İsmayılovun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əvvəlcə Namiq İsmayılova təklif olunmuşdur ki, üzərində hər-hansı bir qeyri-qanuni əşya olub-olmaması soruşulmuş, əgər varsa, könüllü təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra o, əynindəki qara rəngli cins şalvarının sağ cibindən cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb xidməti otaqdakı masanın üzərinə qoymuşdur. Namiq İsmayılovun təqdim etdiyi bükümün içərisinə təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Baxış zamanı bükümün içərisində narkotik vasitə hesab olunan heroinə bənzər kütlə aşkar edilmişdir. Bu barədə Namiq İsmayılova sual verilərkən sonuncu həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Namiq İsmayılovun üzərində şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra müdafiəçi şübhəli şəxsə aşkar edilmiş narkotik vasitənin ona aid olub-olmamasını və ona qarşı polis əməkdaşları tərəfindən hər-hansı bir təzyiq olub-olmamasını soruşmuşdur. Şübhəli şəxs Namiq İsmayılov isə narkotik vasitənin özünə məxsus olmasını və polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir təzyiq olmadığını bildirmişdir. Daha sonra təhqiqatçı Namiq İsmayılovun üzərindən aşkar olunmuş maddənin qablaşdırılaraq ekspertizaya göndəriləcəyini bildirmiş və istintaq hərəkətinin yekunlaşdığını elan edərək videoçəkilişi dayandırmağı tələb etmişdir. Həmçinin qeyd etmişdir ki, şəxsi axtarış istintaq hərəkəti zamanı videoçəkiliş “İphone” markalı mobil telefon vasitəsilə iş yoldaşı, Xəzər RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 tərəfindən aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ PPXB-nin polis nəfəri, polis serjantı İbadlı X2 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının 10 iyul 2022-ci il tarixli 6/3753 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün № 244” dairəvi möhür əksi, “... Şüb-li şəxs (imza) İsmayılov...” sözləri, soyadlar və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,530 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Qeyd: Heroinin təmiz çəkisi – 0,530 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 0,480 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 55,00 (əlli beş) manat təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizasının 19 avqust 2022-ci il tarixli, 4596 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə olan ümumi çəkisi 0,530 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalmış qalığı 0,480 qram narkotik vasitə olan heroin iş üzrə əhəmiyyət kəsb etdiyindən saxlanılması üçün Xəzər RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 3-cü PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 13 iyul 2022ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üstündə daşıyaraq saxlaması faktı şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə haqqında protokol, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş ittiham üzrə təqsirli olmamasına dair gətirdiyi dəlilləri araşdıraraq hesab edir ki, həmin dəlillər əsassızdır və qəbul edilə bilməz. Təqsirləndirilən şəxs ona verilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham üzrə özünü təqsirli bilməməsini üstündə aşkar edilmiş narkotik vasitənin ona məxsus olmaması, Polis idarəsində polis əməkdaşlarının diktəsi ilə izahatın yazdırılması, müdafiəçinin iştirakı olmadan videoçəkiliş aparılması, həmin narkotik vasitənin onun üzərinə qoyulması, narkotik vasitə üstündə gəzdirmədiyi halda, törətmədiyi cinayəti etiraf etməyə məcbur edilməsi ilə əlaqələndirir. Lakin məhkəmə qeyd edir ki, məhkəmə iclasında şahid ifadələri, təqsirləndirilən şəxsin ilkin izahat və ifadələri, cinayət işinin materiallarında olan sənədlərlə və həmçinin, məhkəmə iclası zamanı videodiskə baxış keçirilərkən müəyyən edilmişdir ki, narkotik vasitə məhz Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə baxış keçirilərkən aşkar edilmişdir. Aparılmış məhkəmə narkoloji ekspertizasının nəticələrinə əsasən onun narkomaniya xəstəliyindən əziyyət çəkməsi müəyyən edilmiş, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması və ərazi narkoloji dispanserdə qeydə alınması məsləhət görülmüşdür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini Azərbaycan Respublikası CM-nin 59.1.1-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal hesab edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 11 iyul 2022-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 10 iyul 2022-ci il tarixdən 11 iyul 2022-ci il tarixə qədər saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,480 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 55,00 (əlli beş) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri X1 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili X1 15 (on beş) iş saatına görə 90,00 (doxsan) manat və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 10 (on) iş saatına görə 60,00 (altmış) manat olmaqla ümumilikdə 150 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 10 iyul 2022-ci il tarixdən 11 iyul 2022-ci il tarixə qədər saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertizadan sonra qalıq qalan 0,480 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 55,00 (əlli beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X1 90,00 (doxsan) manat və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60,00 (altmış) manat olmaqla ümumilikdə 150,00 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar