Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-52/2021 05.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, 05 avqust 1998-ci il tarixdə Qobustan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), Bakı şəhəri Yasamal rayonu Şahtaxtınski küçəsi ev 12-də qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Çiləgər yaşayış massivində nömrəsiz evdə kirayənişin yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 04 sentyabr 2020-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Çiləgər yeni yaşayış sahəsi Xanlar küçəsində fəaliyyət göstərən “Yem dükanı”nın yaxınlığında olan zaman qonşusu Zərərçəkmiş şəxs ona köynəyinin qabaq hissəsinin açıq olduğu halda küçədə dayandığı üçün irad bildirməsinə görə əsaslı səbəb olmadan sonuncu ilə mübahisə edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edərək ətrafdakı şəxslər üçün aşkar sürətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq, mənəviyyat normalarına əməl etməyib, oraya toplaşan bir çox insanın istirahətinə və mənafelərinə toxunan hərəkətlər edərək kirayə yaşadığı evin həyətindən bir ədəd baltanı götürüb silah qismində istifadə etməklə Əli Nəzərlinin qəsdən bir dəfə sol əl nahiyəsindən vuraraq, zərərçəkmiş şəxsə sol saidin kəsilmiş yarası kimi sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvuran xəsarət yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, ünvan 1 ünvanında qeydiyyatda olsa da, faktiki olaraq Xəzər rayonu Buzovna qəsəbəsi Çiləgər yaşayış massivində nömrəsiz evdə ailəsi ilə birlikdə yaşayır. 04 sentyabr 2020-ci il tarixdə saat 23 radələrində Çiləgər yaşayış massivində yaşadığı evin yerləşdiyi küçədə yolun kənarında dayanmış, əynindəki köynəyin qabaq hissəsi yarıya qədər açıq olmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs ona yaxınlaşaraq irad bildirmiş və köynəyin qabaq hissəsini bağlamağını tələb etmişdir. O, heç bir şey demədən köynəyinin qabaq hissəsini bağlamış, sonra bir nəfər şəxsin də küçədə mayka ilə gəzdiyini görüb Əliyə demişdir ki, mayka ilə gəzən həmin şəxsə niyə söz demir, ona deyir. Əlinin ona irad tutması xoşuna gəlməmiş və aralarında münaqişə baş vermiş, həmin vaxt Əli onun anasına qarşı söyüş söymüşdür. O, Əlinin ona irad tutmasına və ana söyüşü söydüyünə görə əsəbiləşmiş və onu cəzalandırmaq niyyəti ilə yaşadığı evin həyətinə daxil olaraq oradan həyətində işlətdiyi, ucu küt olan baltanı götürüb küçəyə çıxmışdır. Orada dayanmış Əliyə yaxınlaşaraq balta ilə qəsdən Əlini vurarkən Əli onu görüb əlini baltanın qarşısına tutmuş, bu zaman balta əlini kəsmişdir. Münaqişə təxminən 5-10 dəqiqə davam etmiş və həmin vaxt orada olan adamlar onları ayırmışlar. Baltanı küçəyə atmış və evə gəlib paltarını geyinərək Masallı rayonuna getmişdir. Sonradan onun barəsində Xəzər RPİ 2-ci PŞ-də araşdırma aparıldığını bilib yaşadığı evə qayıtmışdır. Törətdiyi əməldən peşmandır, hazırda Əli ilə barışaraq ona dəymiş ziyanı tamamilə ödəmişdır və onun ondan heç bir şikayəti yoxdur. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs oğlu göstərdi ki, 04 sentyabr 2020-ci il tarixdə saat 23.00 radələrində yaşadığı Buzovna qəsəbəsi Çiləgər yaşayış massivindəki Xanlar küçəsində fəaliyyət göstərən “Yem dükanı”nın yaxınlığında yerləşən evin yaxınlığında küçədə olan zaman bir nəfər şəxsin köynəyinin yaxası açıq vəziyyətdə küçə ilə gəldiyini görmüşdür. Həmin şəxsə irad bildirib yaxasını bağlamağı demiş, lakin həmin şəxs onun haqlı iradına əməl etməkdənsə, onunla mübahisə etməyə başlamışdır. O, həmin şəxsə oradan getməsini deyərək əli ilə də onu itələmişdir ki, çıxıb getsin. Həmin şəxs isə ona “gözlə” deyərək getmişdir. Bir neçə dəqiqədən sonra küçə ilə getdiyi zaman həmin şəxs arxadan onu səsləmişdir. Arxaya dönüb baxdıqda görmüşdür ki, həmin şəxs – sonradan bildiyi Təqsirləndirilən şəxs əlindəki balta ilə ona zərbə vurur, tez sol əlini qabağa tutmuş, bu zaman balta əlini kəsmişdir. Sonra ətrafda olan şəxslər tez yaxınlaşaraq onu avtomobillə 3 saylı Sabunçu xəstəxanasına aparmışlar. Xəstəxanada həkimlər tərəfindən ona yardım göstərilərək kəsilmiş yaraya tikiş qoyulmuş və o, evə buraxılmışdır. Hadisə təxminən 5 dəqiqə çəkmiş, həmin vaxt o, Vüsala qarşı nalayiq ifadələr işlədib söyüş söyməmişdir. Hazırda səhhəti yaxşıdır, Vüsal ilə barışaraq onu bağışlamışdır və ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq Vüsala yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 21 sentyabr 2020-ci il tarixli 969 nömrəli rəyində göstərilmişdir ki, 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət - sol saidin kəsilmiş yarası kəsici-çapıcı təsirə malik alət (ola bilsin balta) təsirindən törənmiş, törənmə müddəti onun 3 saylı Şəhər Kliniki Xəstəxanasına müracətindən az əvvəl olmaqla, qərarda göstərilən 04 sentyabr 2020-ci il tarixə və şəraitə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli zərərvurmaya aiddir. İş materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş 25 noyabr 2020-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tamamilə ödənilmişdir, buna görə də onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 19 oktyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 sentyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.2.1, 177.2.1, 177.2.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 04 dekabr 2015-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası və 600 (altı yüz) manat cərimə cəzası təyin edilmiş, 21 sentyabr 2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, 05 avqust 1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 sentyabr 2015-ci il tarixli hökmü ilə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 185.2.1, 177.2.1, 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini 26 sentyabr 2014-cü il tarixdə və 05 mart 2015-ci il tarixdə - yetkinlik yaşına çatmayan dövrdə törətmişdir, bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin 04 dekabr 2015-ci il tarixli qərarı ilə ona təyin edilmiş 600 (altı yüz) manat cərimə cəzası indiyə qədər icra edilməmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Azərbaycan Respublikası CM-nin 18.4.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etməsi onun özünün məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə şübhəli şəxs qismində saxlanılmış, 10 oktyabr 2020-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 08 oktyabr 2020-ci il tarixdən 10 oktyabr 2020-ci il tarixədək saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs barəsində hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına Bakı Apellyasiya Məhkəməsinin 04 dekabr 2015-ci il tarixli qərarı ilə təyin edilmiş 600 (altı yüz) manat miqdarda cərimə cəzası tam birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası və 600 (altı yüz) manat miqdarda cərimə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən 600 (altı yüz) manat miqdarda cərimə cəzası müstəqil icra edilməli, Azərbaycan Respublikası CM-nin CM-nin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli həbsə alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 30 iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 08 oktyabr 2020-ci il tarixdən 10 oktyabr 2020-ci il tarixədək saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına Bakı Apellyasiya Məhkəməsin 04 dekabr 2015-ci il tarixli qərarı ilə təyin edilmiş 600 (altı yüz) manat miqdarda cərimə cəzası tam birləşdirilməklə ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası və 600 (altı yüz) manat miqdarda cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən 600 (altı yüz) manat miqdarda cərimə cəzası müstəqil icra edilsin. Azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli həbsə alındığı 05 may 2021ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-52/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-52/2021
05.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver