Məhkəmə qərarları › İş №1(003)-520/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-520/2025

13.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-520/2025 13.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Naxçıvan MR., Şərur rayonu, Püsyan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu ödənilməmiş, Naxçıvan MR, Şərur rayonu, Püsyan kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evində yaşayan, barəsində «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri seçilmiş, Suraxanı RPİ-də ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə həbsdə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 15 avqust 2025-ci il tarixdə saat 04:00 radələrində Zərərçəkmiş şəxs icarə müqaviləsi ilə işlətdiyi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən «RB Telekom» adlı mobil telefonların satışı mağazasına həmin mağazaya bitişik olaraq plastik materialdan olan arakəsmə qapı ilə ayrılan «Star» adlı çay evinin pəncərəsini açma yolu ilə həmin otağa qanunsuz daxil olaraq oradan isə «RB Telekom» adlı mobil telefonların satışı mağazasının saxlanc yeri olan ticarət salonuna aradakı plastik materialdan olan arakəsmə qapını sındıraraq qanunsuz daxil olmaqla oradan Zərərçəkmiş şəxs məxsus satış üçün mağazanın rəflərinə yerləşdirdiyi 20 manat dəyərində 01 ədəd nərdtaxtanı, 300 manat dəyərində «Acer» markalı N 190 seriyalı 01 ədəd noutbuku, 120 manat dəyərində **********1395 İmei kodlu «Sumsung A 8» markalı 01 ədəd mobil telefonu, bir ədədinin dəyəri 40 manat təşkil edən ümumi dəyəri 80 manat olan 02 ədəd Çin istehsalı olan mobil telefonu, 100 manat dəyərində «Huavei» markalı 01 ədəd mobil telefonu, 80 manat dəyərində «Samsung A 21 S» markalı 01 ədəd mobil telefonu, 100 manat dəyərində «Redmi Note 9T» markalı mobil telefonu və ümumi dəyəri 400 manat təşkil edən telefon ehtiyat hissələrini götürüb sellofan torbaya yığıb içəridən həmin mağazanın çıxış qarısını açıb həmin əmlakları çıxardıb özünün yaşadığı Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda nömrəsiz fərdi yaşayış evinə daşıyıb gətirərək oğurladığı həmin əmlaklardan ümumi dəyəri 400 manat təşkil edən telefon ehtiyat hissələrini istintaqla müəyyənləşdirilməsi mümkün olmayan şəxsə dəyərlərindən aşağı qiymətə satıb əldə etdiyi pulu şəxsi ehtiyacına sərf edərək, qalan cəmi 800 manat dəyərindəki qeyd olunan əmlakları isə özünün yaşadığı həmin ünvandakı evdə şkafın içərisində gizlədib saxlayaraq özgənin əmlakını saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1200 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək verdiyi ifadəsində qeyd etdi ki, 15 avqust 2025-ci il tarixdə saat 04 radələrində evinin yaxınlığında olan “Star” adlı çayxananın yanından keçərkən oranın bağlı olmasını, lakin pəncərənin açıq olmasını görüb, pula ehtiyacı olduğu üçün tamah niyyəti ilə oraya qanunsuz daxil olmuşdur. Daha sonra oraya bitişik olan “RB Telecom” adlı telefon mağazasının qapısını təpiklə vurub sındırıb, mağazaya daxil olmuşdur. Həmin mağazadan nərdtaxta, noutbuku, Sumsung markalı mobil telefonu, Çin istehsalı olan iki ədəd mobil telefonu, “Redmi Note 9 T” markalı mobil telefonu və mobil ehtiyat hissələrini gizli götürüb, selofana yığıb oradan açarla mağazanın ön qapısını açıb çıxıb evə getmişdir. Mobil telefonun ehtiyat hissələrini 28 may metrostansiyasının yanında həmin gün 200 manata satmış, pulları öz ehtiyacı üçün xərcləmiş, digər əşyaları isə evdə olan otağındakı şkafda gizlətmişdir. Polis əməkdaşları onu 18 avqust 2025-ci il tarixdə saxlayan zaman həmin əşyaları könüllü olaraq təqdim etmişdir. Etdiyi əməldən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 14 avqust 2025-ci il saat 20 radələrində mağazanı bağlayıb evə getmiş, 15 avqust 2025-ci il tarixdə saat 08:20-də işə gələrkən mağazanın qapısının açıq olmasını aşkar edib, oğurluq olmasını anlamış, içəri daxil olub, oğurluq hadisəsinin baş verməsinə əmin olandan sonra polisə məlumat vermişdir. Mağazaya baxış zamanı ona məlum olmuşdur ki, 1 ədəd 20 manat dəyərində nərdtaxtası, 1 ədəd 300 manat dəyərində "Acer” markalı N190 seriyalı noutbuku, 1 ədəd 120 manat dəyərində **********1395 imei kodlu “Sumsung A 8” markalı mobil telefonu, bir ədədinin dəyəri 40 manat olmaqla ümumi dəyəri 80 manat olan 2 ədəd Çin istehsalı olan, 1 ədəd 100 manat dəyərində “Huawey” markalı mobil telefonu, 1 ədəd 80 manat dəyərində “Sumsung A 21 S” markalı mobil telefonu, 1 ədəd 100 manat dəyərində “Redmi Note 9 T” markalı mobil telefonu və ümumi dəyəri 400 manat olan telefon ehtiyat hissələrinin oğurlanmasını aşkar etmişdir. Ona dəymiş maddi ziyan ödənmişdir, şikayətçi deyildir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 18 avqust 2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, oğurluq cinayət əməlinə görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq üçün icraata qəbul edilmişdir; - Hadisə yerinə baxış keçirilməsi haqqında 15 avqust 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində fəaliyyət göstərən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi "RB Telecom" adlı telefon və kompüter təmiri və satışı mağazasıdır; - Baxış keçirilmə və götürmə haqqında 18 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs evinə - Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən nömrəsiz evə baxış keçirən zaman “Acer markalı noutbuk, mobil telefonlar və bir ədəd nərd aşkar edilmişdir; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; -Şübhəli şəxsin tutulması haqqında 18 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur; -Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; -xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Xəzər Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli hökmü ilə CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 08 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Xəzər Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli qərarı ilə 08 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası 02 ay 16 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Bundan başqa o, Sabunçu Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 234.1, 66.2 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 09 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Xəzər Rayon Məhkəməsinin 21 sentyabr 2024-cü il tarixli qərarı ilə 04 ay 28 gün müddətinə vaxtından əvvəl azad edilmişdir. 17 fevral 2025-ci il tarixdə cəza müddəti bitidiyinə görə qeydiyyatdan çıxarılmışdır; - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Suraxanı RPİ-də ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən Təqsirləndirilən şəxs etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən – oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2009cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşman olmasını, zərərçəkmiş şəxsdə dəymiş maddi ziyanə ödəməklə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli hökmü ilə (Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-1385/2024 saylı 20 sentyabr 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 04 ay 28 gün müddətini şərti olaraq vaxtından əvvəl azad edilmişdir) yaranmış məhkumluğunun ödənilməməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, tutulduğu 02 gün müddət təyin edilmiş cəzaya hesablnamalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, digər cinayət işi üzrə həbsdə olması nəzərə alınmalı, cəzaçəkmə müddətinin əvvəli 13 noyabr 2025-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-56.1.3). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əasasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində 02 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs qətimkan” tədbiri ilə əvəz edilsin və onun digər cinayət işi üzrə həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın və o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Maddi sübut kimi tanınmış 01 ədəd nərdtaxta, 01 ədəd “Acer” markalı N190 seriyalıl noutbuk, 01 ədəd “Samsung A8” markalı, 02 ədəd Çin istehsalı, 01 ədəd “Huawei” markalı, 01 ədəd “Samsung S21S” markalı, 01 ədəd “Redmi Note 9T” markalı mobil telefonların zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi vaxta görə 220 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saat vaxta görə 110 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB**********1700266117, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar