Məhkəmə qərarları › İş №1(003)-523/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-523/2024

03.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-523/2024 03.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X5 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə Müəyyən etdi: X5 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X5 xx.xx.1988-ci il tarixdə anadan olmuş, subay və ali təhsilli olmaqla Bakı şəhəri, Xəzər rayonu, Albalılıq dayanacağı, Bağ No 1586 S qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Özünə məxsus bizneslə məşğul olur. 2023-cü ildə Çinarə adlı xanımla tanış olmuşdur. Həmin dövrdən etibarən şəxsi münasibətləri yaranmış, mütəmadi olmasa da, dost kimi hərdən görüşləri olmuşdur. Həmin xanım müəyyən dövrdən sonra ona bağlılığını ifadə etmiş, o isə onunla arasında hər-hansı ciddi münasibətlərin ola biləcəyi ehtimalının olmadığını bildirdiyindən o, bunu qəbullanmamış, ona qarşı münasibəti aqressivləşmiş və hər yerdə barəsində həqiqətə uyğun olmayan, rüsvayedici məlumatlar yayaraq cəmiyyət içində nüfuzunu salacağını, bunun baş verməməsi üçün hərdən maddi dəstək verməli olduğunu bildirmişdir. Bunun müqabilində neqativ halların ortaya çıxmaması üçün o, ona mütəmadi olaraq müəyyən məbləğdə pul vermiş və "TikTok" sosial şəbəkəsində virtual dəstək nümayiş etdirmişdir. Sonuncu dəfə ondan qadın salonunda olduğunu, ona məxsus karta pul atmağını xahiş etdikdə, o, onun bank kartına 200 manat pul atmışdır. O, Whatsapp proqramı vasitəsilə ona "bu nə puldur?" deyərək cavab yazaraq təhqir etmişdir. xx.xx.2023-cü il tarixdə həmin xanım onun olduğu ünvan 2 ünvanında yerləşən "Sapfir" restoranına gələrək ondan ayrılmalı olmadığını bildirəndə, o, yerində oturaraq ondan əl çəkməsini, bir daha narahat etməməsini tələb etmişdir. Həmin xanım bunu qəbul etmədiyini, bunun ona baha başa gələcəyini, onu biabır edəcəyini deyərək çıxıb getmişdir. Bundan bir gün sonra, yəni xx.xx.2023-cü il tarixdə o, "Tik-Tok" sosial şəbəkəsində Fidan_099 adlı saxta profillə (ad, ayama) barəsində həqiqətə uyğun olmayan məlumatlar yayaraq, guya onun onu döydüyünü, bədən xəsarətləri yetirdiyini, barəsində qanunsuz azadlıqdan məhrum etmə tətbiq etdiyini, ictimai qaydanın qorunması vəzifəsini yerinə yetirən şəxslər barəsində nalayiq ifadələr işlətməsi ilə əlaqədar cinayətləri törətməsində ittiham edǝrǝk internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atmışdır. Onun bu böhtan xarakterli məlumatı və görüntüləri müxtəlif xəbər saytlarında, Youtube kanallarında və Mediada dərc olunma və göstərilmə vasitələri ilə əks olunmuşdur. Bununla bağlı, o, ərizə ilə Nizami RPİ-nin 24-cü PŞ-nə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Sapfir restoranında olduğu zaman həmin restoranın sahibi İlham Qədimbəyli və onunla birlikdə olan tanımadığı şəxs onu döymüş, silahla hədələyərək onu məcburi polis əməkdaşlarını təhqir etməyini dedizdirərək vidogörüntü almışdır. Polis Şöbəsində izahatı alınmış Çinarə Quliyeva ərizəsində göstərilən xüsusatları bir daha göstərərək təsdiq etmişdir. Göstərilənlərlə əlaqədar, Nizami RPİ-nin 24-cü PŞ-də toplanmış materiallar üzrə araşdırma aparılmış, X2 barəsində məhkəmə tibbi ekspertizası təyin edilmiş, İlham Qədimbəylinin və şahidlərin ifadələri alınmış, ərizəçinin ərizəsində göstərdiyi xüsusatlar sübuta yetirilməmiş kimi qiymətləndirilmiş və materialda cinayət hadisəsinin olmaması səbəbindən Nizami RPİ-nin 24-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru Ramil Mehdiyevin HK1-2929 saylı, 22 oktyabr 2023-cü il tarixli qərarı ilə cinayət təqibi üzrə icraatın başlanmasının rədd edilməsi qərara alınmışdır. Aparılan araşdırma zamanı verilmiş məhkəmə tibbi ekspertizasının 926 saylı xx.xx.2023-cü il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, "... xx.xx.2023-cü il tarixdə xəsarət alınması istisna olunmur və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətin lokalizasiya və xüsusiyyətlərinə istinad edərək demək olar ki, qeyd olunan xəsarət müxtəlif şəraitlərdə törənə bilərdi, eləcə də kənar şəxs tərəfindən, o cümlədən əlçatan nahiyyədə yerləşdiyindən özü tərəfindən də yetirilməsi inkar olunmur, lakin şəxsin öz boyu hündürlüyündən yıxılması nəticəsində alınması inandırıcı deyil. Həmin xəsarətin boğulmaya xarakterik olmadığı müəyyən olunur." Göründüyü kimi X2 göstərilən xüsusatlarla bağlı ərizəsi öz təsdiqini tapmamış, bununla da barəsində həqiqətə uyğun olmayan məlumatlar yayaraq, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayaraq böhtan atmışdır. Bundan əlavə, X6 xx.xx.2023-cü il tarixdən müxtəlif dövrlərə qədər "Tik-Tok" sosial şəbəkəsi və müxtəlif sosial platformalarda (ərizəyə əlavə olunacaq) barəsində təhqir dolu ifadələr səsləndirərək, yəni, kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmada ifadə olunan hərəkətlər etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3.3-cü maddəsinin tələblərinə görə, xüsusi ittiham qaydasında şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olmalıdır. Yuxarıda göstərilənlərin məzmunundan görünür ki, X6 yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətimi ləkləyən, onu nüfuzdan salan məlumatları, kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yaymaqla və barəsində əsassız olaraq Nizami RPİ-nin 24-cü PŞ-nə ərizə ilə müraciət edərək böhtan atmış və mütəmadi olaraq sosial şəbəkələrdə, internet informasiya ehtiyatında şəxsiyyətimin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmada ifadə olunan hərəkətlər edərək təhqir etmişdir. Göstərilənlərə əsasən onu, xüsusi ittihamçı qismində tanımaqla, yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkləyən, onu nüfuzdan salan məlumatları, kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yaymaqla və barəsində əsassız olaraq Nizami RPİ-nin 24-cü PŞ-nə ərizə ilə müraciət edərək böhtan atmış və mütəmadi olaraq sosial şəbəkələrdə, internet informasiya ehtiyatında şəxsiyyətinin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmada ifadə olunan hərəkətlər edərək təhqir etmiş X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması və qeyd edilənlərlə bağlı ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 50.000 (əlli min) manatın X1 tutularaq ona ödənilməsi barədə ittiham hökmü çıxarılması məhkəmədən xahiş olunmuşdur. X3 nümayəndəsi və vəkili Müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, icraatda olan xüsusi ittihamçı X3 X2 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məsuliyyətə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətin geri qaytarılmasını, xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunverciliklə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq xüsusi ittiham qaydasında şikayət vermiş şəxs və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs məhkəmə hazırlıq iclasına təkrarən gəlməmiş və və işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, X3 nümayəndəsi və vəkili Müdafiəçi məhkəməyə təqdim etdiyi xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi barədə ərizəsini, X3 məhkəmə hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlməməsini nəzərə alaraq X6 barəsində verdiyi Azərbaycan Respublikasının CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə əsasən xüsusi ittihamçının üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməməsi və ya gəlməməsinə üzrlü səbəb olduğu barədə məhkəməyə məlumat verməməsi öz hüquqi əhəmiyyətinə görə cinayət təqibindən imtina etməyə bərabər tutulur. Həmin Məcəllənin 299.8-ci maddəsinə əsasən xüsusi ittihamçının üzrlü səbəblərin olmasını əvvəlcədən bildirmədən məhkəmənin hazırlıq iclasına təkrar gəlməməsi ittihamdan imtinaya bərabər tutulur və xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina barədə qərar çıxarılmasına məhkəməyə əsas verir. Həmin Məcəllənin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6— 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edir. Göstərilənlərə əsasən və CPM-nin 300-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında şikayət vermiş şəxs X3 xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar