Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-524/2024 05.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1975-ci il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Ş.Dres qəsəbəsi, bağlar massivi, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 25 oktyabr 2023-cü il tarixdə təxminən saat 12:30 radələrində qardaşı qızı Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Ş/Dres bağ massivi, nömrəsiz fərdi evinin həyətinə səsküylə girdiyi vaxt evdən həyətə çıxıb onu həyətdə nalayiq ifadələrlə qarşılayan Zərərçəkmiş şəxs onun gəlişinin səbəbini öyrənmədən həyətdən çıxmasını təkidlə tələb etməsi, bundan əvvəl keçədən keçən qızı Şahid1 eşidəcəyi formada onu it adlandırması, Zərərçəkmiş şəxs əri Şahid2 yoldan keçən qızına şalvarının qabaq hissəsini göstərməsi bəhanəsi ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən qisas almaq məqsədi ilə onları nalayiq ifadələrlə təhqir edərək Zərərçəkmiş şəxs üzərinə hücum edib yumruqla boynuna, sol qoluna, bel və döş qəfəs nahiyyələrinə qəflətən ani vuraraq saçından tutub itələyərək yerə yıxmış, sonuncu yerə yıxılarkən sol diz nahiyyəsi əzilmiş, yerdə Təqsirləndirilən şəxs yumruq və təpiklə onun ayaqlarına və qollarına vurub xəsarət yetirərək Zərərçəkmiş şəxs boynun, döş qəfəsinin, sol saidin, kürəyin, bel nahiyyəsinin sıyrıqları, sağ və sol bazunun, hər iki saidin qançırları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol diz oynağının yumşaq toxumalarının əzilməsi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarətləri yetirərək Zərərçəkmiş şəxs qəsdən sağlamlığına zərər vurmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərər çəkmiş şəxsin ifadəsi, ekspert rəyi, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, Fərqanə onun qardaşı qızıdır. Fərqanə yoldaşının onun ilə yazışmalarını, mesajlarını tutmuşdur. Bundan sonra Fərqanə gəlib ona hücum etmişdir. Daha sonra böyüklərin araya girməyi ilə ara sakitləşmişdir. Böyüklər ondan xahiş etmişdir ki, ərizəsini geri götürsün. O da ərizəsini geri götürmüşdür. Bu hadisə baş verdikdən sonra qardaşına zəng edib deyib ki, Musaya deyin, məndən uzaq dursun. Musa isə bildirmişdir ki, məhkəməyə də çıxsan, mən səndən əl çəkməyəcəyəm. Əlavə olaraq bildirmişdir ki, təxminən oktyabr ayının sonunda qızı Şahid1 dərsdən çıxıb evə qaçaraq gəlib ağlamışdır. Ondan nə olduğunu soruşan zaman qızı Mehparə bildirdi ki, evə gələn zaman Fərqanənin əri Musa mən onun yanından keçən zaman ona baxmış və əlini şalvarının üzərində cinsiyyət orqanına vurmuşdur. O da bundan sonra əsəbləşərək qardaşı qızı Fərqanəgilə getmişdir. Onların həyətinə girən zaman Musanı çağırmış, ona bunu nə üçün etdiyini soruşmuşdur. Bu zaman isə Fərqanə evin alt hissəsindən çıxıb onun üzərimə hücum çəkməyə başlamışdır. Onu nalayiq ifadələrlə, söyüşlərlə təhqir etməyə başlamışdır. Bundan sonra o Fərqanəyə məsələni izah etməyə çalışsa da, lakin Fərqanə dayanmaq bilmirmiş. Fərqanə onu vurmaq istəyən zaman Musa Fərqanəni sakitləşdirməyə çalışmışdır. Daha sonra Musa Fərqanənin sinə nahiyəsindən itələmişdir. Sonra Fərqanə yerə yıxılmış və qışqıraraq əli ilə üz nahiyəsini cırmağa çalışmışdır. O Musaya bildirmişdir ki, nəyin varsa, yığışıb burdan rədd olub gedirsən. Bundan sonra o evə gəlmişdir. Qızına olunan hərəkətlə bağlı AR DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Təqsirləndirilən şəxs son sözündə heç bir cinayət əməli törətmədiyini bildirərək barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, oğlunu məktəbə yola salırmış. Oğlu günorta növbəsində oxuyur. O, oğlunu geyindirmiş və qapıdan çölə çıxan zaman oğluna müəyyən tövsiyələrini vermişdir. Yoldan keçərkən ehtiyatlı olmağı, itə daş atmamağı və s məsləhətlərini verirmiş. Əlavə olaraq qeyd etmişdir ki, onların yaşadığı ərazidə zibillik var. Həmin ərazidə itlər çox olur. Onlar da hər zaman uşaqların üzərinə hücum edir və hürürlər. Uşaqlar da daima itlərdən qorxurlar. Bir sözlə, o öz oğlu ilə danışırmış. Həmin zaman bibisinin, yəni Məhfuzənin qızı yanlarından ötüb keçmişdir. Oğlunu yola salıb evə keçmişdir. Yoldaşı da həmin zaman həyətə keçmişdir. O evin altına televizor üçün nəsə lazım olduğu üçün həmin əşyanı götürmək üçün düşmüşdür. Evin altına təzəcə girərkən evin qapısı bərkdən açılmışdır.O görmüşdür ki, kimsə yüksək səslə nalayiq ifadələr işlədərək və söyüş söyərək həyətdə qışqırır. Ağlına gəlməzmiş ki, bibisi Məhfuzə gələr. Evin altında çıxmış və görmüşdür ki, Məhfuzə üzünü evə tərəf tutub pis söyüşlər söyərək qışqırır və söyüş söyməyə davam edirmiş. “Hardadır o çıxsın çölə, onu belə belə edəcəm. və s. bu kimi ifadələr işlədirmiş. O da Məhfuzədən səsinin tonunu aşağı salmağı və evini tərk etməyini bildirmişdir. Ona bildirmişdir ki, sən kimsən ki, mənim ərimə elə sözlər deyirsən. Çıx mənim evimdən. Ondan evini tərk etməyini tələb etmişdir. Birinci dəfə deyəndə Məhfuzə onu eşitməmişdir. İkinci dəfə deyəndə üzərinə necə yüyürmüşdürsə, bibisi Məhfuzə onun saçından tutub yerə çırpmışdır. Bu zaman yoldaşı Musa gəlib aralarına girməyə çalışsa da, Məhfuzə ona da imkan vermirmiş. Onun saçını əlinə dolayıb dartaraq onu təpikləməyə başlamışdır. Onu dəfələrlə vurmuşdur. Daha sonra yoldaşı onu Məhfuzədən zorla da olsa, ayıra bilmişdir. O isə Məhfuzənin əlindən çıxaraq qaçıb anasıgilə getmişdir. Anasıgilə gedəndən sonra gəlinləri onu pəncərədən görmüş və yanına düşüb gəlmişdir. Sənə nə olub. Səni kim bu hala salıb deyə məndən soruşmuşdur. O da onu bu hala salanın Məhfuzə olduğunu bildirmişdir. Daha sonra anası və qardaşı gəlib onun vəziyyətini görmüş və təcili yardıma zəng vurmuşdur. Bundan sonra isə hadisə ilə bağlı polisə zəng vurub məlumat verilmişdir. Polis ona bildirmişdir ki, ekspertizadan keçmək lazımdır. Oradan da ekspertizaya gəlmişdir. Ekspertizadan çıxdıqdan sonra o, aptekə getmişdir. Çünki əynibaşı tamamilə cırıq-cırıq imiş. O, aptekdən maz və 20 manatlıq tabletka dərman almışdır. Başında kifayət qədər ağrıları olmuşdur. Bibisi Məhfuzənin cırdığı paltarlarının dəyəri olan 60 manatdır. Ona dəymiş maddi ziyan 80 manatdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, təqsirləndirilən şəxsdən şikayətçidir, onunla barışmamışdır. Bu səbəbdən də təqsirləndirilən şəxs barəsində ağır cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, hadisə baş verən günü o qaynıgilə getmişdir. Yoldaşı Fərqanə uşağa zibilliyin yanından keçən zaman itlərdən ehtiyatlı olmağını bildirmişdir. Çünki həmin ərazidə çoxlu it olduğundan itlər insanlara hücum edirlər. O, qaynıgildən qayıtdıqdan sonra evə gəlmişdir. Fərqanənin ev işi ilə əlaqədar zirzəmiyə düşməli idi. Fərqanə həmin vaxtı zirzəmiyə düşmüşdür. Bundan sonra Məhfuzə həyət qapısını hay-küylə açmış, qışqırmağa və Fərqanəni çağırmağa başlamışdır. Daha sonra səs-küyə Fərqanə zirzəmidən çölə çıxmışdır. Bundan sonra Məhfuzə Fərqanənin üzərinə getmiş, Fərqanəni təhqir edərək, ona qarşı nalayiq ifadələr işlədərək onu döyməyə başlamışdır. O, hadisə baş verən zaman Fərqanə ilə Məhfuzənin arasına girmişdir. Onları aralamağa çalışmışdır. Fərqanə birtəhər Məhfuzənin əlindən çıxaraq qaçıb atasıgilə getmişdir. Ara sakitləşdikdən sonra o da Fərqanənin halını bilmək üçün qaynatasıgilə getmişdir. Bundan sonra ona məlum olmuşdur ki, AR DİN-in 102 xidmətinə baş verən hadisə ilə bağlı məlumat verilmişdir. Daha sonra Fərqanə ekspertizadan gedib keçmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş X3 verdiyi ifadəsində göstərmişdir ki, hadisə baş verən zaman o işdə olmuşdur. Yoldaşı ona zəng dərək demişdir ki, bacısı Məhfuzə qızı Fərqanəni döymüşdür. Hadisədən sonra Fərqanə qardaşının evinə gəlmişdir. Bundan sonra o, 15 dəqiqə ərzində velosipedlə evə gəlmiş və görmüşdür ki. təcili yardım maşını artıq həyətdədir. Fərqanəyə ilkin tibbi yardım göstərilirdi. O gəlib çatan zaman Fərqanə həyətdə stulda oturmuşdur. Həkimlər Fərqanəyə ilkin tibbi yardım edirdilər. Təcili tibbi yardımın sürücüsü də maşında gözləyirmiş. O Fərqanənin əynindəki paltarları cırıldığını və saçının da yonulduğunu gormüşdür. O evə gəldikdən təxminən 40 dəqiqə sonra Fərqanəni götürüb polis şöbəsinə aparmışdır. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, щазырда Bakı şəhəri, Xəzər rayonu, Ş/Dres qəsəbəsi, bağlar massivi nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Bakı şəhəri Xəzər rayonu Fuad Fərhadoğlu adına 230 saylı tam orta məktəbin 6 E sinfində oxuyur. Yaşadıqları ev anasının qardaşının qızı Fərqanənin evinə yaxın ərazidə yerləşir. Məktəbdəki dərsdən əlavə olaraq Fərqanəgilin evinin yaxınlığında yaşayan müəllimin evinə hazırlığa gedir. Qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 12:20-də müəllimin evindən çıxıb velosipedi ilə evə tərəf gedərkən Fərqanəgilin qapısına çatana yaxın qarşıda görmüşdür ki, Fərqanə öz uşağını məktəbə yola salır. Uşaq ondan uzaqlaşandan sonra onu çağırıb uca səslə ona demişdir ki, “it üstünə gələndə qorxub qaçma, yoxsa səsi tutar”. Bunu demiş və həyətə daxil olmuşdu. Mehparə də bunu eşitmişdir. Onların qapısını keçdikdən sonra görmüşdür ki, Fərqanənin həyat yoldaşı Musa qonşunun qapısından çıxdı və onunla üz-üzə gəlir. Musa onun yanından ötüb keçəndə əlini şalvarın üstündən cinsiyyət orqanına vurmuşdur. O, da evə gedib Fərqanənin uşağını dərsə yola salanda oğluna it barədə dediklərini və Musanın onu ötüb keçəndə əlini şalvarının üstündən cinsiyyət orqanına vurmasını anasına danışmışdır. Anası bunu eşidən kimi əsəbləşmiş və tez Fərqanəgilə getmişdir. Ondan sonra xəbər tutmuşdur ki, anası onların həyətində Fərqanə ilə dalaşmışlar. Bundan başqa bu hadisədən bir neçə ay əvvəl Musa yaşadıqları qəsəbədə tikinti materialları mağazasında işləyən zaman həmin mağazanın qarşısından keçəndə Musa nalayıq söz işlətmiş və Mehparə də bunu eşitmişdir. Bunu isə anasına deməmişdir. Anası Təqsirləndirilən şəxs ilkin araşdırma zamanı Musanın ona qarşı əxlaqız hərəkətlər etməsini bildirməsi barədə verilən suala cavab olaraq bildirmişdir ki, Musa ona qarşı əxlaqsız hərəkətlər etməmişdir, sadəcə bir dəfə onunla üz-üzə gələndə əlini şalvarının üstündən cinsiyyət orqanına vurmuş, ondan da bir neçə ay əvvəl bir dəfə tikinti materialları mağazasında işləyərkən həmin mağazanın qarşısından keçəndə Musa nalayiq söz işlətmişdir və bunu da eşitmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyi tərəfindən keçirilmiş canlı şəxsin ekspertizası barədə 25 oktyabr 2023-cü il tarixli, 1272 saylı rəydən görünür ki, 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – boynun, döş qəfəsinin, sol saidin, kürəyin, bel nahiyyəsinin sıyrıqları, sağ və sol bazunun, hər iki saidin qançırları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol diz oynağının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri məhkəmə-tibbi müayinəsindən bir neçə saat əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində qeyd olunan xəsarətlərin kənar şəxs tərəfindən förədilməsi istisna olunmur. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 11/147 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Şahid1 fərdi-psixoloji xüsusiyyətlərinə görə daha çox ekstravertə (insanın psixi fəaliyyətinin xarici aləmə yönəlməsi) yaxın olmaqla, onun sinir sisteminin tipi qüvvətlidir. Davranışında müvazinətliliyi üzə çıxır. Emosional cəhətdən labilliyi (dəyişkənliyi) müəyyən olunmur. Onun fərdi-psixoloji xüsusiyyətlərində təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkətə etməyə və özündən uydurmağa meyillilik əlamətləri müəyyən olunmur. Lüşter testinin nəticələrinə əsasən azyaşlı Təqsirləndirilən şəxs özünü təsdiq etməyə, başqaları tərəfindən qəbul olunmaqdan ötrü müqaviməti dəf etməyə hazırdır. xx.xx.2012-ci il təvəllüdlü Şahid1 psixi cəhətdən normal inkişaf etmişdir. Onun əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən olunmur. Onun əqli inkişafına və fərdi-psixoloji xüsusiyyətlərinə görə baş vermiş hadisəni adekvat olaraq qavramaq, yadda saxlamaq və hadisə barəsində düzgün ifadə vermək qabiliyyətinə malikdir. Onun fərdipsixoloji xüsusiyyətlərində təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmur. Şahid1 hadisə zamanı emosional halında iş üçün hüquqi əhəmiyyət kəsb edən kəskin dəyişikliklərin baş verməsi müəyyən olunmur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, xx.xx.1975-ci ildə Ağsu rayonu, Növçü kəndində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş 18 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə AR CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş 18 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onlara qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən cinayət tərkibi sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurulduğu hallarda yaranır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində göstərilən cinayət əməlini törətməsi - zərər çəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurması və bunu təqsirin qəsd formasında etməsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyə görə təyin edilə bilər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən “Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə, cinayət əməlinin törədilməsinə səbəb kimi məişət zəminində fiziki zorakılıq oluduğunu, yəni təqsirləndirilən şəxsin zərər çəkmiş şəxsə qarşı fiziki zorakılıq törətdiyini, bu cür zorakılığın ilk dəfə olmadığını zərərçəkmiş şəxslə yanaşı təqsirləndirilən şəxs tərəfindən təsdiq edildiyini nəzərə alaraq belə qənaətə gəlir ki, məhkumun islah olunması və gələcəkdə belə hərəkətlərə yol verilməsinin qarşısının alınması üçün ona əlavə vəzifə olaraq Zərərçəkmiş şəxs olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması, zərərçəkmiş şəxsə narahatçılıq gətirən digər hərəkətlərin edilməsi, o cümlədən məhkəmə və hüquq-mühafizə orqanların çağırışlarında iştirak etmək istisna olmaqla zərər çəkmiş şəxsə, həmçinin onun yaşadığı evə 50 metr məsafədə yaxınlaşmaq, zərər çəkmiş şəxslə hər hansı formada, o cümlədən rabitə vasitəsi ilə əlaqə saxlamaq və ünsiyyətə girmək Təqsirləndirilən şəxs qadağan edilməlidir. İş materiallarında olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 100 (bir yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Ş.Dres qəsəbəsi, bağlar massivində yerləşən nömrəsiz fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Eyni zamanda Zərərçəkmiş şəxs olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması, zərərçəkmiş şəxsi narahat edəcək digər hərəkətlərin edilməsi, həmçinin məhkəmə və hüquq mühafizə orqanlarının çağırışlarında iştirak etmək istsna olmaqla zərərçəkmiş şəxsə, həmçinin onun yaşadığı evə 50 metr məsafədə yaxınlaşmaq, zərərçəkmiş şəxslə hər hansı formada, o cümlədən rabitə vasitəsi ilə əlaqə saxlamaq və ünsiyyətə girmək Təqsirləndirilən şəxs qadağan edilsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Maddi sübut olan 02 (iki) ədəd disk iş materiallarında saxlanılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-524/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-524/2024
05.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver