Məhkəmə qərarları › İş №1(003)-526/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-526/2024

13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-526/2024 13.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 185-də qeydiyyatda olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi-0,287 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib üzərində saxlamaqla 13 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, S.M.Ziya küçəsinə kimi daşımış, həmin gün orada saat 13:05-də Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq Polis şöbəsinin inzibati binasına aparılmış, həmin gün saat 15:00-da Xəzər RPİ-nin 2-ci PŞ-nin inzibati binasında xidməti iş otağında müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi-0,287 qram olan ağ rəngli kristallik maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin 01 ədəd bükümdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, bir müddətdir ki, psixotrop maddələrdən itifadə edir. Tutulan günü evdə olmuşdur. Onu mülki geyimdə olan polis əməkdaşları tutaraq polis şöbəsinə aparmışlar. Həmin vaxtı evdə anası olmuşdur. Polis şöbəsində olan zaman ona psixoloji təzyiqlər edilmiş və üzərində video çəkiliş ilə şəxsi axtarış keçirilməsi zamanı əynində olan şalvarın cibindən işərisində psixotrop maddə olan 01 ədəd bükümü təqdim etməsini tələb etmişlər. Həmin vaxt həyacandan özündə olmamış və təzyiqlər nəticəsində psixotrop maddəni üzərində saxlayaraq gəzdirməsini bildirmişdir. Lakin həmin zaman onun üzərində psixotrop maddə olmamışdır. Çəkindiyindən ona edilmiş təzyiqlə bağlı heç bir yerə şikayət etməmişdir. Üzərində axtarış olunan zaman müdafiəçi Sərxan da iştirak etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 2-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 bildirdi ki, 13 fevral 2024-cü il tarixdə alınmış əməliyyat əlumatı əsasında məlum olmuşdur ki, "Namiq" adlı şəxs psixotrop maddələrin qəbulu ilə məşğul olur. Eyni zamanda həmin şəxsin Xəzər rayonu, Buzovna qəsəbəsi, S.M.Ziya küçəsi, ev 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğu bilinmişdir. Bundan sonra o və qrupun digər üzvü əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs psixotrop maddələrin qəbulu ilə məşğul olması ilə bağlı daxil olmuş məlumatı yoxlamaq və Təqsirləndirilən şəxs ifşa etmək məqsədi ilə 13 fevral 2024-cü il tarixdə Xəzər rayonu, Buzovna qəsəbəsinə getmişlər. Orada təxminən saat 13:05-də Z.M.Ziya küçəsində Təqsirləndirilən şəxs hərəkət etdiyini görüb ona yaxınlaşaraq özlərini təqdim edərək Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşları olduqlarını bildirmişlər və onu Xəzər Rayon Polis İdarəsinin 2-ci PŞ-nə dəvət etmişlər. Polis şöbəsində raportla 2-ci PŞ-nin rəisinə müraciət etmişlər. Faktla bağlı araşdırma aparılmasından ötrü material Xəzər RPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı Fariz Məmmədova həvalə edilmiş və Təqsirləndirilən şəxs təhqiqatçıya təqdim olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü müdafiəçi dəvət etmiş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. Daha sonra təhqiqatçı Fariz Məmmədov Təqsirləndirilən şəxs, dəvət olunmuş Müdafiəçi və onların iştirakları ilə video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq ona hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş 01 büküm maddəni təqdim edərək həmin maddənin psixotrop maddə metamfetamin olduğunu və öz şəxsi istifadəsi üçün Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisindən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs nə onlar tərəfindən nə də ki, Polis Şöbəsində heç bir fiziki və ya psixoloji təsir edilməmişdir. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış Xəzər RPİ-nin 2-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə verməklə sonuncunun bildirdikləri xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/861 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyadlar və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi- 0,287 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə -Metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir; - Ekspert rəyini şübhəli şəxsə elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli ptorokoldan aydın olur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/861 saylı ekspert rəyi ilə tanış olmuş, heç bir şikayət və tələbi olmadığını qeyd edərək imza etmişdir; - Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 1662 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; - Ekspert rəyini təqsirləndirilən şəxsə elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli ptorokoldan aydın olur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli, 1662 saylı ekspert rəyi ilə tanış olmuş, heç bir vəsatəti olmadığını qeyd edərək imza etmişdir; - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 14:30-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, şübhəli şəxs qismində tutulmuşdur. Protokol Xəzər RPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı F.Məmmədov tərəfindən tərtib edilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs və Müdafiəçi tərəfindən imzalanmışdır; - xx.xx.2024-cü il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokoldan məlum olur ki, xx.xx.2024-cü il tarixdə saat 15:00-15:20 radələrində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən o, əynində olan tünd göy rəngli şalvarının sol yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü təqdim etmişdir. Həmin bükümün içində psixotrop maddə olan metamfetamin olduğunu, şəxsi istifadəsi üçün Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Protokol Xəzər RPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı F.Məmmədov tərəfindən tərtib edilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi F.Məmmədov tərəfindən də imzalanmışdır. Protokol iştirakçılara oxunmuş və heç bir şikayət, qeyd və ya təklif olmamışdır. - Şübhəli şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə verdiyi ifadəsində xx.xx.2024-cü il tarixində psixotrop maddə olan metamfetamini şəxsi istifadəsi üçün 10 manat pula Maştağa qəsəbəsi ərazisində aldığını və üzərində saxlamaqla daşıdığını etiraf etmiş və “sözlərimlə düz yazılıb, oxudum, imzamla təsdiq edirəm” qeyd edərək imzalamışdır; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞnin müstəntiqi M.Əliyev tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə verdiyi ifadəsində xx.xx.2024-cü il tarixində Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində narkotik psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün 10 manat pula aldığını və üzərində saxlamaqla daşıdığını etiraf etmiş və “öz sözlərimlə yazılıb, əlavəm yoxdur, doğruluğunu imzamla təsdiq edirəm” qeyd edərək imzalamışdır; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; - Diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, bir ədəd diskdə olan video görüntü, şəxsi axtarış, baxış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokola uyğun olmuşdur; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixində Xəzər Rayon Məhkəməsinin Qərarına əsasən cəzasının çəkilməmiş qalan 07 ay 26 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan başqa o, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə 03 il 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2023-cü il tarixində cəzasının sonu ilə azad edilmişdir; - Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(008)-337/2020 nömrəli hökmündən aydən olur ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 07 ay 26 gün hissəsi CM-nin 67.1-ci maddəsinə əsasən həmin hökm üzrə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə ona qəti olaraq 03 il 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir; - Məhkəmə istintaqı zamanı 01 ədəd diskə baxış keçirilən zaman, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan tün göy rəngli şalvarının sol yan cibindən 01 ədəd gümüşü kağıza bükülmüş və işərisində ağ rəngli kristallik formada psixotrop maddə olan metamfetaminə bənzər maddəni təqdim etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu ifadəsi qeyri-səmimi olmaqla yanaşı işin həqiqi hallarına uyğun gəlməməklə digər mötəbər sübutlarla tam təkzib olunur və o, həmin ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə vermişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0.287 qram olan narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.2.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli hesab olunur; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi və Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 1772.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə 03 il 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi (xx.xx.2023-cü il tarixində cəzasının sonu ilə azad olunmuşdur) və məhkumluqlarının ödənilməməsi cinayətin təhlükəli residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətin təhlükəli residivi Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə o, dərhal məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.3), ona narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi saxlanılan qalıq 0,237 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, 65 manat ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,237 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut olan 01 (bir) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 65 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22). Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 120 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saat vaxta görə 60 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar