Məhkəmə qərarları › İş №1(003)-53/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-53/2025

23.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-53/2025 23.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli hökmü ilə 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, hal-hazırda barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talamaq məqsədi ilə 30 dekabr 2023-cü il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs1 Elaroviçə məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi Türkan Bağları adlanan yerdə yerləşən bağ evinin həyətinə hasardan aşma yolu ilə daxil olmuş həmin həyətyanı sahədə olan saxlanc yeri olan tikiliyə plastik pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq oradan dəyəri 150 manat olan velosiped, dəyəri 100 manat olan böyük qaz balonu, 2 ədəd hər birinin dəyəri 55 manat olan qantel, dəyəri 50 manat olan suvinir tüfəng, dəyəri 1500 manat olan bir ədəd kondisioner motoru oğurlamaqla Zərərçəkmiş şəxs1 Elaroviçə ümumilikdə 1910 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını talamaq məqsədi ilə 02 yanvar 2024-cü il tarixdə Zərərçəkmiş şəxs3 işlədiyi Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən fermanın həyətyanı sahəsinə hasardan aşmaq yolu ilə daxil olaraq fermada olan tikilidən ümumi dəyəri 300 manat olan bir ədəd kondisioner motoru oğurlamaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 300 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talamaq məqsədi ilə 09 yanvar 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi Türkan Bağları adlanan yerdə yerləşən bağ evinin həyətinə hasardan aşma yolu ilə daxil olmuş, həmin həyətyanı sahədə saxlanc yeri olan tikiliyə plastik pəncərəni açmaq yolu ilə daxil olaraq oradan bir ədəd dəyəri 1400 manat olan televizor, ümumi dəyəri 110 manat olan ATV plus və antenası, bir ədəd ümumi dəyəri 550 manat olan Devolt markalı drel, bir ədəd dəyəri 120 manat olan Pit markalı drel, 30 manat dəyərində 30 metr uzunluğunda mis naqil, dəyəri 400 manat olan 20 metr uzunluğunda mis naqil, dəyəri 500 manat olan 30 metr mis boru, 1 ədəd dəyəri 20 manat olan DVD aparatı, dəyəri 100 manat olan 40 metr mis naqil, 1 ədəd dəyəri 150 manat olan su motoru, ümumi dəyəri 300 manat olan mis turba birləşdirmək üçün birləşdiricilər, 6 ədəd hər birinin qiyməti 50 manat olan mis filtirləri oğurlamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 3980 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Bağlar sahəsində yerləşən köhnə məscidin yaxınlığındakı keçi fermasının ərazisinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olub orada saxlanc yeri olan tövsiyə qapıdan qanunsuz daxil olub tövlənin içərisindəki Zərərçəkmiş şəxs4 məxsus olan ümumi dəyəri 800 manat olan 04 baş holland cinsi keçi balalarını tövlədən çıxardıb hasardan keçirdib qarşısına salaraq fermaya yaxın tikilidə gizlədib sonradan aparmaqla Zərərçəkmiş şəxs4 ümumilikdə 800 manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talayaraq təkrarən oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, heç bir yerdə işləmədiyi üçün maddi imkanı olmadığından oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə də o, yaşadığı Türkan qəsəbəsi Türkan bağlar massivində gəzərək sahibləri tərəfindən ayda bir dəfə nəzarət edilən bağ evlərini müəyyənləşdirmişdir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında o, adını sonradan bildiyi Zərərçəkmiş şəxs1 bağ evindən oğurluq etmək qərarına gəlmişdir. O, havanın qaralmasını gözləmiş, sonra isə o, həmin bağın yanına gəlmişdir. Ətrafda heç kimin olmadığını və onu heç kimin görməsindən tam əmin olduqdan sonra o, hasardan aşmaq yolu ilə həyətə daxil olmuş, həyətin anbarının taxta qapısını sındırıb 1 ədəd velosiped və 2 ədəd qanteli gizli olaraq oğurlamışdır. Daha sonra həmin bağda olan evin pəncərəsini sındırıb evə girərək qaz balonu, suvenir tüfəng, bir ədəd kondisionerin motorunu oğurlamışdır. Bundan başqa 02 yanvar 2024-cü il tarixdə o, Türkan qəsəbəsində yerləşən fermaya hasardan aşmaq yolu ilə daxil olaraq fermada olan tikilinin çöl tərəfində olan kondisionerin motorunu oğurlamışdır. Bir neçə gün sonra Türkan qəsəbəsində adını sonradan bildiyi Zərərçəkmiş şəxs2 bağına hasardan aşmaq yolu ilə daxil olaraq orada yerləşən evə plastik pəncərəni açmaq yolu ilə daxil olmuşdur. Evdən televizor, TV antenası, direl, mis naqil və bir neçə başqa əşyaları oğurlamışdır. O, oğurladığı mis naqilləri, boruları və mis filtirləri satıb pul əldə etmişdir. Digər cinayət yolu ilə əldə etdiyi əşyaları isə yaşadığı evdə saxlamış, tutulduqdan sonra onıarı sahiblərinə qaytarmışdır. Zərərçəkmiş şəxs4 məxsus keçi fermasına daxil olmamış və oradan heçnə oğurlamamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən fermada çoban işləyir. 24 aprel 2024-cü il tarixdə işdə olmuşdur. Həmin vaxt fermada olan tövləyə daxil olaraq müəyyən etmişdir ki, kimsə tövləyə açıq qapıdan daxil olaraq 800 manat dəyərində cins keçi balalarını oğurlamışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ümumilikdə 800 manat maddi ziyan dəymişdir. Hal-hazırda təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi Türkan bağlar massivində ona məxsus torpaq sahəsi vardır. Onun həyətində 2 otaqdan ibarət ev və 1 ədəd anbar vardır. Sonuncu dəfə o, xx.xx.2023-cü il tarixdə həmin torpaq sahəsində olmuşdur. Həmin vaxt ona məxsus anbarın qapısının sındırılaraq 2 ədəd qantel, 1 ədəd velosipedin, evdən isə plastik pəncərəni açmaq yolu ilə daxil olaraq dəyəri 100 manat olan böyük qaz balonu, dəyəri 50 manat olan suvinir tüfəng, dəyəri 1500 manat olan bir ədəd kondisioner motorunun naməlum şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Bundan başqa baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1910 manat maddi ziyan dəymişdir. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu. Türkün qəsəbəsi. Türkan bağlar massivində olan ev ona məxsusdur. Həmin evdə edilən oğurluqla bağlı həyat yoldaşı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişdir. Naməlum şəxslər onun həyətinə hasardan aşmaq yolu ilə daxil olmuşlar. Daha sonra isə plastik pəncərəni sındırmaq yolu ilə evinə daxil olaraq bir ədəd televizor, ATV plus və antenası, bir ədəd Devolt markalı drel, bir ədəd Pit markalı drel, 30 metr uzunluğunda mis naqil, 20 metr uzunluğunda mis naqil, 30 metr mis boru, 1 ədəd olan DVD aparatı, 1 ədəd su motoru, mis turba birləşdirmək üçün birləşdiricilər, 6 ədəd mis filtirlərini oğurlamışdırlar. Bundan başqa baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 3980 manat maddi ziyan dəymişdir. Dəymiş maddi ziyan ödənilməmişdir. İbtidai araşdırma zamanı zərərçəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs3 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində qeyd etmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi Türkan bağlar massivində yerləşən fermada baytar həkim işləyir. Həmin fermada olan işçilərin istirahəti üçün nəzərədə tutulmuş otaqda kondisiner ona məxsusdur. Həmin kondisioneri o, 300 manat aldığını, 02 yanvar 2024-cü il naməlum şəxs tərəfindən həmin kondisioner oğurlandığını, baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 300 manat maddi ziyan dəydiyini bildirmişdir. Zərərçəkmiş şəxs3 əlavə olaraq məhkəməyə teleqramla müraciət edərək təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi Türkan bağlar massivində Zərərçəkmiş şəxs1 Elaroviçə məxsus bağ sahəsində baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmişdir; - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi Türkan bağlar massivində yerləşən, Zərərçəkmiş şəxs2 məxsus bağ sahəsində baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi Türkan bağlar massivində yerləşən fermada baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmişdir; -Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi Türkan bağlar massivində yerləşən Zərərçəkmiş şəxs4 məxsus fermada baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmişdir; - Baxış keçirilmə və təqdim etmə barədə xx.xx.2024-cü il tarixli protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs Xəzər rayonu, Türkan qəsəbəsi Türkan bağlar massivində yerləşən Zərərçəkmiş şəxs4 məxsus fermadan oğurladığı və yaşadığı evində saxladığı keçi balalarının 03 ədədini təqdim etmişdir; -13 yanvar 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin tərkib əlaməti olduğundan onun barəsində ********* nömrəli cinayət işi başlanmışdır; -Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 yanvar 2024-cü il tarixdə da şübhəli şəxs qismində tutulmuşdur; -15 yanvar 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; -Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 may 2024-cü il tarixdə saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur; -03 may 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; -Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; 21- Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs barəsində olan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmişdir; - 23 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 18 may 2024-cü il tarixdə saat 16:00-da tutulmuşdur; - 23 may 2024-cü il tarixli götürmə haqqında qərardan görünür ki, 01 ədəd televizor, ATV plus və antenası, bir ədəd Devolt markalı drel, bir ədəd Pit markalı drel, 30 metr uzunluğunda mis naqil, 01 ədəd DVD aparatı, 1 ədəd su motoru, 02 ədəd qntel, 01 ədəd velosiped, 01 ədəd böyük qaz balonu, 01 ədəd suvinir tüfəng sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür; - 25 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihama əlavələr vədəyişikliklər edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri yenidən ittiham elan edilmişdir; - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 may 2024-cü il tarixli 4(003)222/2024 saylı qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər xx.xx.2009-cu il tarixdə Xəzər (Əzizbəyov) Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 69.4-cü maddələri ilə təqsirli bilinərək ona 400 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 fevral 2011-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilnərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək Təqsirləndirilən şəxs 02 il 04 ay 13 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2021-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə həmin hökm dəyişdirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi CM-nin 128-ci maddəsinə tövsüf edilərək, zərərçəkmiş şəxlə barışığı nəzərə alınaraq cinayət təqibinə xitam verilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli 1(003)-396/2023 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 və 228.4-cü maddələri ilə təqsirli bilinmiş və 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir; - Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ona Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası üzrə xx.xx.2024-cü il tarixində İdarədə qeydiyyata alınmışdır; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi probasiya Xidmətinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsini daşımadığından onun yerdəyişməsinə dair məlumat vermək mümkün olmamışdır; - Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli teleqramdan görünür ki, onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur; - Zərərçəkmiş şəxs4 tərəfindən məhkəməyə verilmiş ərizədən məlum olur ki, onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu ifadəsi qeyri-səmimi olmaqla yanaşı işin həqiqi hallarına uyğun gəlməməklə digər mötəbər sübutlarla tam təkzib olunur və o, həmin ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə vermişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - təkrarən və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.4-cü maddəsinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; 68.1.1-1-ci maddəsinə görə cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 ilə barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli hökmü ilə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaya məhkum edilməsi CMnin 18.4.4-cü maddəsinə əsasən cinayətlərin residivi kimi nəzərə alınmır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə hesablanmır. Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində ona təyin edilmiş cəzanı çəkmək üçün qeydiyyata düşmüşdür. O, 01-xx.xx.2024-cü il tarixlərində şübhəli şəxs kimi tutulmuşdur. Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən onun tutulduğu 02 gün cəzanın icrası müddətinə daxil edilmir. Bu səbəbdən də onun qeydiyyata düşdüyü xx.xx.2024-cü il tarixdən həbs edildiyi xx.xx.2024-cü il tarixinədək (01-xx.xx.2024-cü il tarixləri çıxılmaqla) cəzasının çəkildiyi hissəsi 03 ay 22 gün, çəkilməmiş cəzası isə 01 il 02 ay 04 gün təşkil edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), daha əvvəl dəfələrlə məhkum olunmasını, həmçinin onun sonuncu dəfə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, az ciddi cəza növünün təyini cəzanın məqsədlərini təmin edə bilməməsi kimi qiymətləndirilməli və təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 02 ay 04 gün hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanmaqla hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilərək qəti cəza təyin edilməli (CM-67.1), cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM 56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-790/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2024-cü il tarixədək çəkilməmiş qalan 01 (bir) il 02 (iki) ay 04 (dörd) gün hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü azadlıqdan məhrum etmənin 1 (bir) günü hesabı ilə hesablanmaqla 07 (yeddi) ay 02 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzaya hesablansın və üzərində 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın və o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Maddi sübut kimi götürülmüş 01 ədəd televizor, ATV plus və antenası, bir ədəd Devolt markalı drel, bir ədəd Pit markalı drel, 30 metr uzunluğunda mis naqil, 01 ədəd DVD aparatı, 1 ədəd su motoru, 02 ədəd qantel, 01 ədəd velosiped, 01 ədəd böyük qaz balonu, 01 ədəd suvinir tüfəng, 03 ədəd keçi balasının sahiblərinə qaytarılması nəzərə alınsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 120 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saat vaxta görə 90 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar