Məhkəmə qərarları › İş №1(003)-531/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-531/2023

10.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-531/2023 10.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1977-ci il tarixdə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Lerik şəhəri H.Aslanov küçəsi ev 8-də qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Əncirlik bağlar massivi nömrəsiz fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd şəffaf sellofana bükülmüş 0,233 qram təmiz çəkidə, kustar üsulla hazırlanmış, narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 26 aprel 2023-cü il tarixdə saat: 13:00-da Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi S.Yesenin küçəsində yerləşən “Rəhman” marketin yanında saxlanılaraq Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş 0,233 qram təmiz çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, təxminən 10 ildir ki, narkotik vasitə heroindən istifadə edir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə səhər saat 10 radələrində Suraxanı rayonunun ərazisində olarkən orada tanımadığı şəxsdən özü qəbul etməyi üçün 20 manata 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə heroin alıb və əynində olan boz rəngli idman şalvarın sağ cibinə qoymuşdur ki, ürəyi istəyəndə qəbul edər. 26 aprel 2023cü il tarixdə saat 13 radələrində Mərdəkan qəsəbəsində S.Yesenin küçəsində yerləşən “Rəhman” marketin yaxınlığında olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq 1-ci PŞ-nə gətirilmişdir. Orada şəxsiyyəti müəyyən olunmuş, sonra polis əməkdaşları videoçəkilişlə üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O, buna etiraz etməmiş, ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə baxış keçirmişlər. Əvvəcə ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş, əgər varsa, könüllü təqdim etməsi təklif edilmiş, bundan sonra o, əynində olan boz rəngli idman şalvarının sağ yan cibində saxladığı 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə heroini çıxarıb təqdim etmişdir. Polis əməkdaşı bükümü açmış və içərisində heroin aşkar olunmuşdur. Sorğu zamanı o, baş verənləri olduğu kimi danışmışdır. Təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən başqa qeyri-qanuni əşya aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş həmin 01 büküm narkotik vasitə heroin zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. Törətdiyi əməli etiraf edir və peşmançılıq çəkir. Bunun nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid2 göstərdi ki, Lerik şəhəri H.Aslanov küçəsi ev 8-də qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi Əncirlik bağlar massivi nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi və gəzdirilməsi ilə məşğul olması barədə əldə olunmuş əməliyyat məlumatı rəhbərliyə məruzə edilmiş, məlumatın yoxlanılması barədə icazə alındıqdan sonra Təqsirləndirilən şəxs əməllərinin ifşa edilməsindən ötrü ondan və 1-ci PŞ-də CA üzrə əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar xx.xx.2023-cü il tarixdə saat 13:00-da Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində “Rəhman” adlı marketin yaxınlığında piyada hərəkət edən, əlamətlərindən Təqsirləndirilən şəxs oxşar şəxsə yaxınlaşıb ona vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Həmin şəxsdən özünü təqdim etməyini tələb etdikdə o, özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınmasında şübhəli olduğunu söyləyib birlikdə 1-ci PŞ-nə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən avtomobilə əyləşmiş və onlarla birlikdə 1-ci PŞ-nə gəlmişdir. Fakt barədə PŞ-nin rəisinə raportla məruzə edilmişdir. Araşdırmanın davam etdirilməsi şöbənin təhqiqatçısı polis mayoru Azər Səmədova tapşırılmış, Şöbəyə vəkil dəvət edilmiş və Təqsirləndirilən şəxs təqdim edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 13-45 radələrində xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə onun, vəkilin və əməliyyat qrupunun üzvünün iştirakı ilə videoçəkilişlə baxış keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunla əldə edilməsi, saxlanması və daşınması qadağan edilmiş əşyalar varsa onları təqdim etmək təklif edilmiş, o, əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümünü təqdim etmiş, həmin bükümün içərisində heroin narkotik vasitəsi olduğunu və onu şəxsi istifadəsi üçün Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən başqa qeyri-qanuni əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin 01 büküm narkotik vasitə heroin zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 1-ci PŞ-də CA üzrə əməliyyat müvəkkili Şahid1 elan edilmiş ifadəsi ilə onun da oxşar, eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiklərini təsdiq etməsi müəyyən edildi. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının 6/2427 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün 157 nömrəli” dairəvi möhür əksi və “...Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə: Təqsirləndirilən şəxs – imza, iştirakçəlar - üç imza, Təhqiqatçı: A.S.Əmədov imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmzi çəkisi – 0,233 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsülla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroinin təmiz çəkisi – 0,233 qram, tədqiqata sərf olundu – 0,050 qram, qalıq – 0,183 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 92,00 (doxsan iki) manat təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3381 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aqsılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş - 0,233 qram çəkidə kustar üsülla hazırlanmış narkotik vasitə heroin ekspertiza tədqiqatından sonra qalıq – 0,183 qram çəkidə olan kustar üsülla hazırlanmış narkotik vasitə heroin saxlanılması üçün Xəzər RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 1-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan “disk” maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 09 iyun 2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib saxlaması faktı onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə haqqında protokol və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 26 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 27 aprel 2023-cü il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 26 aprel 2023cü il tarixdən 27 aprel 2023-cü il tarixədək saxlanıldığı 1 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli həbsə alındığı tarixdən hesablanmalı, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut – Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,183 qram kustar üsülla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 1-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan “disk” hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 92,00 (doxsan iki) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmədə müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 35 iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və məhkəmə baxışı zamanı 15 saat) ümumilikdə 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 26 aprel 2023-cü il tarixdən 27 aprel 2023-cü il tarixədək saxlanıldığı 1 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin edilmiş 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 7 (yeddi) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı 10 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,183 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 1-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 92,00 (doxsan iki) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar