Məhkəmə qərarları › İş №1(003)-534/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-534/2025

04.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-534/2025 04.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X7 Məhəmməd oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin binasında məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 xüsusi ittiham qaydadasında şikayətlə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru, İİİ dərəcəli Ədliyyə qulluqçusu X2 Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılması, ona vurulan mənəvi zərər 10000 manat məbləğində müəyyən olunmaqla kompensasiya edilərək X5 tərəfindən ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayətdə göstərilmişdir ki, X4 23 oktyabr 2025-ci il tarixdə, saat 10:05 radələrində “X6" Açıq Səhmdar Cəmiyyəti ilə arasında olan kredit müqaviləsi üzrə 700 (yeddi yüz) manat məbləğdə ödənişin icrası ilə əlaqədar olaraq Xəzər Rayon İcra Şöbəsinə bildirişi almaq məqsədilə müraciət etmişdir. Həmin İcra Şöbəsində onun işi ilə əlaqədar icraatı aparan icra məmuru İİİ dərəcəli ədliyyə qulluqçusu X5 olmuşdur. Görüş zamanı icra məmuru ona borc öhdəliyi ilə bağlı əmək haqqından 50 faiz həcmində tutulma aparılacağını bildirmişdir. Qeyd etmək istəyir ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 65.1-ci maddəsinə əsasən icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. 65.2 ci maddəyə görə isə tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır. Hazırda “DOST” İş Mərkəzində sosial işçi süpürgəçi, bağban vəzifəsində çalışır və əmək haqqından artıq 50 faiz tutulma digər icra sənədi üzrə aparıldığı üçün bu barədə icra məmuruna etirazını bildirmişdir. Lakin icra məmuru Ş.Hüseynova öz xidməti səlahiyyətlərinin tələblərinə zidd davranaraq, vətəndaşa qarşı etik normaları və dövlət qulluqçusuna xas davranış qaydalarını kobud şəkildə pozmuşdur. Belə ki, o, qəbul zamanı ona qarşı “işverən”, “suka”, “dövlətə işləyirsiniz” kimi təhqiramiz ifadələr işlətmiş, ictimai yer sayılan icra şöbəsində şəxsi ləyaqətini və işgüzar nüfuzunu alçaltmışdır. Hadisə zamanı otaqda iki nəfər icra şöbəsinin əməkdaşı və bir nəfər mühafizə polisi olmuş, onlar qeyd edilən hərəkətlərin bilavasitə şahidi olmuşlar. Daha sonra icra məmuru Ş.Hüseynova ona qarşı səs tonunu qaldıraraq mühafizə polisini çağırmış, onu otaqdan çıxartmış və dəhlizdə - digər vətəndaşların qarşısında təhqir və hədə-qorxu xarakterli ifadələr səsləndirməyə davam etmişdir. İcra şöbəsində üçüncü şəxslərin qarşısında Ş.Hüseynovanın barəsində səsləndirdiyi təhqirlər ona dərin mənəvi iztirablar yaşatmışdır. Ş.Hüseynovanın bu hərəkətləri ilə Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulmuş (Təhqir) cinayət əməlini törətmiş və mənə mənəvi zərər vurmuşdur. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il qərarında qeyd edilir: CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Göründüyü kimi, icra məmuru X5 tərəfindən barəsində səsləndirilmiş təhqiramiz ifadələr Xəzər Rayon İcra Şöbəsində, üçüncü şəxslərin, icra əməkdaşlarının və mühafizə polisinin qarşısında ifadə edilmişdir. Beləliklə Ş.Hüseynovanın barəmdə dediyi təhqirlər və onun şərh olunan hərəkətləri həqiqətən də Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlinə uyğun gəlir. Yuxarıda qeyd edilənlərə əsasən Xəzər Rayon İcra Şöbəsinin icra məmuru, İİİ dərəcəli Ədliyyə qulluqçusu X5 Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılması barədə qərar qəbul edilməsi, ona vurulan mənəvi zərər 10000 manat məbləğində müəyyən olunmaqla kompensasiya edilərək X5 tərəfindən ödənilməsi, hadisənin baş verdiyi tarixə dair Xəzər Rayon İcra Şöbəsində fəaliyyət göstərən video-müşahidə kameraları vasitəsilə aparılmış video görüntülərin məhkəməyə təqdim edilməsinin təmin edilməsi, həmçinin hadisə baş verən zaman orada iştirak etmiş iki nəfər icra əməkdaşı, mühafizə polisi və dəhlizdə olan digər şəxslərin şəxsiyyəti müəyyənləşdirilərək, onların şahid qismində məhkəməyə dəvət olunması və dindirilməsi həyata keçirilməlidir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X4 bildirmişdir ki, 23 oktyabr 2025-ci il tarixdə, saat 10:05 radələrində “X6" Açıq Səhmdar Cəmiyyəti ilə arasında olan kredit müqaviləsi üzrə 700 manat məbləğdə ödənişin icrası ilə əlaqədar olaraq Xəzər Rayon İcra Şöbəsinə bildirişi almaq məqsədilə müraciət etmişdir. İcraçı X5 ona əmək haqqından 50 fazidən çox tutulacağını bildirmiş, o etiraz edərək şikayət edəcəyini dedidə ona “işverən”, “suka”, “dövlətə işləyirsiniz” kimi təhqiramiz ifadələr işlətmişdir. Bu ifadələri otaqda işlətmiş, otaqda hicablı qadın da olmuşdur. Onun Ədliyyə Nazirliyinə şikayət ünvanlaması icraçı X2 onu təhqir etməsini sübut edir. Buna görə də şikayətin icraata qəbul edilməsini, işin məhkəmə baxışına təyin edilməsini və X2 təqsirləndirilən şəxs qismində cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 izahatında bildirdi ki, o, Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru vəzifəsində çalışır. X4 borclu kimi 23 oktyabr 2025-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsində izahat vermiş, ona qarşı heç bir xoşagəlməz ifadə işlədilməmişdir. Borclu, onu şantaj edərək tutmanın onun əmək haqqına əlavə yönəldiləcəyi təqdirdə ondan şikayət edərək, onu çətinliklərlə üzləşdirəcəyini bildirmişdir. X3 hər hansı qeyri etik ifadə işlədilməmiş, vəzifələri izah edilmişdir. Onun dedikləri hamısı böhtandır. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti nəzərdən keçirdikdən sonra hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmənin hazırlıq iclasında baxdığı məsələlərdən biri də Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.3.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmamasıdır. Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3-cü maddəsinə əsasən şikayətdə aşağıdakılar göstərilməlidir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1—293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Bundan başqa həmin Məcəllənin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə ilk öncə qeyd edir ki, şikayətin əsası icra məmuru X5 tərəfindən borclu X1 təhqir olunmasından ibarətdir. Məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, xüsusi ittiham qaydasında barəsində şikayət verilmiş şəxsin yaşayış yeri, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə - şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri göstərilməmişdir. Belə ki, xüsusi ittihamda barəsində şikayət edilən şəxsin X5 olduğu qeyd olunsa da onun yaşayış yeri göstərilməmiş, şikayətdə göstərilən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə təsdiq olunduğu qeyd edilməmiş, həmin şəxslərin soyadı, adı, atasının adı və yaşayış yeri göstəriməmiş, ərizədə qeyd edilən faktları təsdiq edən hər hansı sübut ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Beləliklə qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar