Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-535/2022 12.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli 4(003)-392/2022 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu 03 sentyabr 2022-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üstündə daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi – 0,375 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsinə daşıyaraq üzərində saxlamışdır. 03 sentyabr 2022-ci il tarixdə saat 17:20 radələrində Xəzər RPİ-nin əməkdaşları tərəfindən Bakı şəhəri Xəzər rayonu Şüvalan qəsəbəsi S.Vurğun küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Xəzər RPİ 1-ci PŞ-nə gətirilmiş və həmin gün saat 17:55 radələrində Xəzər RPİ 1-ci PŞ-nin inzibati binasında xidməti otaqların birində video çəkilişlə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ cibindən siqaretin qızılı rəngli kağızına bükülmüş 01 büküm təmiz çəkisi 0,375 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Təxminən 2-3 ildir ki, narkotik vasitə heroindən istifadə edir. Öz istifadəsi üçün narkotik vasitələri əsasən Bakı şəhərinin müxtəlif yerlərindən üzdən tanıdığı, adını bilmədiyi şəxslərdən alır. 03 sentyabr 2022-ci il tarixdə səhər saatlarında, o yenə Suraxanı rayonu ərazisindən üzdən tanıdığı adını bilmədiyi şəxsdən narkotik vasitə almışdır. O həmin şəxsə 10 manat verərək bir büküm heroin almış və narkotik vasitəni cibinə qoyaraq yaşadığı evə getmişdir. 03 sentyabr 2022-ci il tarixdə təxminən saat 17:20 radələrində Xəzər rayonu, Şüvalan qəsəbəsi, S.Vurğun küçəsində yerləşən yaşadığı evin yaxınlığında piyada hərəkət edən zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirmiş və narkotik vasitələrin qəbulunda şübhəli olduğundan onu Xəzər RPİ-nin 1-ci PŞ-nə gətirərək təhvil vermişlər. Bundan sonra polis şöbəsində narkotik vasitələrin qəbulunda şübhəli olduğu üçün vəkil dəvət olunmuş və o təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilməsinin zəruri olmasını bildirmişlər. O da buna etiraz etməmişdir. Bir qədər sonra polis əməkdaşları hüquqlarının müdafiəsi məqsədi ilə təyin olunmuş vəkilin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyini və əgər üzərində narkotik vasitə, yaxud gəzdirilməsi qanunla qadağan olunmuş əşya varsa, könüllü təqdim etməyini bildirmişlər. O başa düşüb ki, polis əməkdaşları üzərinə baxış keçirtsələr yuxarıda göstərdiyi həmin narkotik vasitəni aşkar edəcəklər, ona görə əynində olan qara rəngli cins şalvarın sağ cibindən siqaretin qızılı rəngli kağızına bükülmüş bir büküm heroini təqdim etmişdir. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, həmin maddə narkotik vasitə heroindir və həmin heroini Suraxanı rayonu ərazisindən öz şəxsi istifadəsi üçün almış, başqa məqsədi olmamışdır, həmin narkotik vasitədən başqa üzərində heç bir narkotik vasitə və qadağan olunmuş əşya yoxdur. Polis əməkdaşı üzərində şəxsi axtarış aparmış, lakin təqdim etdiyi qeyd olunan narkotik vasitə heroindən başqa üzərindən saxlanılması, gəzdirilməsi qanunla qadağan olunmuş heç bir maddə, əşya aşkar edilməmisdir. Göstərilən narkotik vasitə polis əməkdaşları tərəfindən onun iştirakı ilə yerindəcə qablaşdırıb götürülmüş, bu barədə polis əməkdaşı protokol tərtib edib iştirakçılara ucadan oxumuş, protokolun doğruluğunu, həmçinin üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qablaşdırıldığı zərfi o və digər iştirakçılar imza etmişlər. Törətdiyi əməli etiraf edir və peşmançılıq çəkir. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin CAŞ-nin üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 göstərdi ki, 03 sentyabr 2022-ci il tarixdə alınmış əməliyyat məlumatı əsasında “Anar” adlı şəxs narkotik vasitələrin qəbulu ilə məşğul olması məlum olmuşdur. Eyni zamanda həmin şəxsin Bakı şəhəri Xəzər rayonu Şüvalan qəsəbəsi ərazisində olduğu bildirilmişdir. Alınmış məlumatla bağlı şöbənin rəhbərliyinə məlumat verilmiş və əməliyyat qrupu yaradılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, “Anar” adlı şəxs xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxsdur. Bundan sonra onlar narkotik vasitələrin qəbulu ilə məşğul olması ilə bağlı daxil olmuş məlumatı yoxlamaq və Təqsirləndirilən şəxs ifşa etmək məqsədi ilə 03 sentyabr 2022-ci il tarixdə Xəzər rayonu Şüvalan qəsəbəsinə getmişlər. Orada müşahidələr aparmağa başlamış və təxminən saat 17:20 radələrində Bakı şəhəri Xəzər rayonu Şüvalan qəsəbəsi S.Vurğun küçəsində yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs hərəkət etdiyini görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər və Xəzər RPİ-nin əməkdaşları olduqlarını bildirərək onu Xəzər RPİ-nin 1-ci PŞ-nə dəvət etmişlər. O da heç bir etiraz etməyib onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsindən ötrü aidiyyəti əməkdaşlara göstəriş verilməsi üçün raportla 1-ci PŞ-nin rəisinə müraciət etmişlər. Faktla bağlı araşdırma aparılmasından ötrü material Xəzər RPİ 1-ci PŞ-nin baş təhqiqatçısı Xəzər Yolçuyevə həvalə edilmiş və Təqsirləndirilən şəxs təhqiqatçıya təqdim olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü müdafiəçi dəvət etmiş və Təqsirləndirilən şəxsı şübhəli şəxs qismində tutmuşdur. Daha sonra təhqiqatçı Xəzər Yolçuyev Təqsirləndirilən şəxs, dəvət olunmuş müdafiəçi Bəhruz Səfərovun və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq ona hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ cibindən siqaretin qızılı rəngli kağızına bükülmüş 01 büküm maddəni təqdim edərək həmin maddənin narkotik vasitə heroin olduğunu və öz şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Həmin bükümün içərisindən spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Bundan sonra baş verənlər barədə protokol tərtib edilmiş və Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə olan maddə zərfə qoyularaq möhürləndikdən sonra iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili Şahid2 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 04 sentyabr 2022-ci il tarixli, 6/4757 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 157" dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs"sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,375 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Qeyd: Heroinin təmiz çəkisi – 0,375 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 0,325 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65,00 (altmış beş) manat təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiuq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 08 sentyabr 2022-ci il tarixli, 5026 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə olan ümumi çəkisi 0,375 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalmış qalığı 0,325 qram heroin iş üzrə əhəmiyyət kəsb etdiyindən saxlanılması üçün Xəzər RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 1-ci PŞdə keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 21 sentyabr 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 03 (üç) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 yanvar 2022ci il tarixli 7(003)-130/2022 saylı qərarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-66/2021 saylı 15 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 03 (üç) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilmiş və ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 (bir) il azaldılmışdır. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin 10 noyabr 2022-ci il tarixli 21-1/3-19025 saylı məktubun surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-66/2021 saylı 15 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay iki (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli 7(003)- 130/2022 saylı qərarı ilə onun cəzasının çəkilməmiş qalan hissəsi “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən 01 (bir) il azaldılmışdır. Təqsirləndirilən şəxs 21 oktyabr 2021-ci il tarixdə Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alınmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə barəsində 03 sentyabr 2022-ci il tarixdəb hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs cəzasının 10 ay 13 gününü çəkmiş, çəkilməmiş 04 ay 19 gün azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (və ya götürülməmişdir). Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə etmə, saxlama və daşıma cinayətini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə iclasında müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-66/2021 saylı 15 aprel 2021-ci il tarixli hökmü ilə CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq təyin edilmiş 02 (iki) il 03 (üç) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddəti Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli 7(003)-130/2022 saylı Qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək 01 (bir) il azaldılmış və üzərində çəkilməmiş 04 (dörd) ay 19 (on doqquz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərində qalan 04 (dörd) ay 19 (on doqquz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 01 (bir) gün azadlıqdan məhrum etmə cəzası hesabı ilə hesablanmaqla 02 (iki) ay 09 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qanunvericiliyin qeyd olunan müddəasına əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə hökmlərin məcmusu üzrə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-66/2021 saylı 15 aprel 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 03 (üç) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli 7(003)-130/2022 saylı Qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək 01 (bir) il azaldılmaqla üzərində çəkilməmiş qalan 04 (dörd) ay 19 (on doqquz) günü CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 01 (bir) gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla əvəz edilmiş 02 (iki) ay 09 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli tutulduğu 03 sentyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübut – Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,325 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 1-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan disk hökm qanuni qüvvəyə mindikdən sonra iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 65,00 (altmış beş) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayəthüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri X2 və X3 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili X2 25 (iyirmi beş) iş saatına görə 150,00 (bir yüz əlli) manat və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili X3 15 (on beş) iş saatına görə 90,00 (doxsan) manat olmaqla ümumilikdə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-66/2021 saylı, 15 aprel 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 03 (üç) ay 02 (iki) gün gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli 7(003)-130/2022 saylı Qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək 01 (bir) il azaldılmaqla üzərində çəkilməmiş qalan 04 (dörd) ay 19 (on doqquz) günü CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 01 (bir) gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla əvəz edilmiş 02 (iki) ay 09 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu 03 sentyabr 2022-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut – Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,325 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 1-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan disk hökm qanuni qüvvəyə mindikdən sonra iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 65,00 (altmış beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 cəmi 150,00 (bir yüz əlli) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X3 cəmi 90,00 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №1(003)-535/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-535/2022
12.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver