Məhkəmə qərarları › İş №1(003)-536/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-536/2022

21.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-536/2022 21.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxx 1993-cü ildə Naxçıvan MR, Babək rayonu, Nehrəm kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, bir azyaşlı uşağı olan, "xxxx" ASCdə fəhlə işləyən, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Babək rayonu, Nehrəm ərazi dairəsi Nehrəm kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi yeni sahədə yerləşən nömrəsiz evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 30 iyun 2022-ci il tarixdə, saat 21 radələrində tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsi, yeni sahədə yerləşən evinin pəncərəsini sıxıb açmaqla qanunsuz daxil olub evdən hər birinin qiyməti 30 manat təşkil edən cəmi 60 manat dəyərində 2 ədəd yataq dəstini, 1 ədəd 750 manat dəyərində kondisioneri və həyət divarına quraşdırılmış 1 ədəd 140 manat dəyərində ariston su qızdırıcısını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 cəmi 950 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir Bundan başqa o, 02 iyul 2022-ci il tarixdə, saat 21 radələrində tamah niyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olub evin plastik materialdan olan pəncərəsini sıxıb açmaqla evdən sonuncuya məxsus 1 ədəd 450 manat dəyərində «Moon» markalı televizoru və 1 ədəd 50 manat dəyərində «Botech» markalı tuner qəbuledicini gizli olaraq talayıb zərəçəkmiş Zərərçəkmiş şəxs2 cəmi 500 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 1 azyaşlı uşağı, arvadı və anası onunla birlikdə yaşayır, atası isə 2021-ci ildə vəfat etmişdir. Bir müddət işsiz olduğundan ailəsini dolandırmaqda maddi cəhətdən çətinlik çəkmişdir. Hazırda isə "xxxx" ASC-də fəhlə işləyir və hər gün səhər saat 06:00-da evdən çıxaraq işə gedir. 30 iyun 2022-ci il tarixdə, saat 20-21 radələrində yaşadığı evin yaxınlığında yerləşən evlərdən birinin işıqlarının yanmadığı görüb hasardan həyətə düşmüş və evin giriş qapısının sol tərəfində yerləşən plastik pəncərəni əli ilə itələyib açaraq evə daxil olmuşdur. Divardan 1 ədəd kondisoneri söküb çıxararaq həyətdə hasarın dibinə qoymuş, daha sonra həyətdə quraşdırılmış su qızdırıcısını hasardan çölə qoymuşdur. Həmin əşyaları Sabunçu qəsəbəsində yerləşən «rus» bazarında tanımadığı şəxsə 50 manata satmışdır. Bundan başqa 02 iyul 2022-ci il tarixdə, saat 20-21 radələrində yaşadığı evin yaxınlığında olan evlərdən birinin işıqlarının sönülü olduğunu görüb hasardan aşaraq həyətə düşmüş və evin plastik pəncərənin dəmir barmaqlığını əli ilə çəkib bir tərəfini çıxarmış, daha sonra pəncərəni sıxıb açaraq evə daxil olmuşdur. Evdən 1 ədəd televizor, 1 ədəd tuner və bir neçə sosiska götürüb pəncərədən çıxmışdır. Televizor və tuneri 03 iyul 2022-ci il tarixdə Sabunçu qəsəbəsində yerləşən «rus» bazarında tanımadığı şəxsə ümumilikdə 50 manata satmışdır. 23 iyul 2022-ci il tarixdə evdə olarkən 1-ci Polis şöbəsinin əməkdaşları oğurluq etməkdə şübhəli olduğu üçün onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində oğurluq etdiyini və əşyaları satdığını etiraf etmişdir. Törətdiyi əməldən səmimi peşmançılığını, bir azyaşlı uşağının olduğunu və atasının vəfat etdiyini bildirərək məhkəmədən yüngül cəzanın verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, sonuncu dəfə ünvan 1 ünvanında yerləşən bağ evində 02 iyul 2022-ci il tarixdə olmuşdur. 04 iyul 2022-ci il tarixdə, saat 18 radələrində bağ evinə getdikdə 1 ədəd 450 manat dəyərində «Moon» markalı televizor və 1 ədəd 50 manat dəyərində «Botech» markalı tuner qəbuledicinin oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 500 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını, ona dəymiş 500 manat ziyanın tam ödənildiyini, ona cəza təyin edilməsi məsələsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi və bu barədə ərizə təqdim etdi. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs1 istintaq zamanı ifadəsində göstərmişdir ki, 01 iyul 2022-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi yeni sahədə yerləşən fərdi yaşayış evinə getdikdə evdən hər birinin qiyməti 30 manat olan 2 ədəd yataq dəsti, 750 manat dəyərində kondisioner və həyət divarına quraşdırılmış 140 manat dəyərində ariston su qızdırıcısının oğurladıqlarını aşkar etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 950 manat dəyərində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs həbs olunduqdan sonra qohum olduqlarını və evindən onun oğurluq etdiyini bilmişdir. 17 noyabr 2022-ci il tarixdə teleqram vuraraq Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını, ona dəymiş ziyanın tam ödənildiyini və ona cəza təyin edilməsini istəmədiyini bildirmiş, Naxçıvan MR-da yaşadığına görə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 24 avqust 2022-ci il tarixli tələbnamədən görünür ki, xx xxxx 1993-cü ildə Naxçıvan MR, Babək rayonu, Nehrəm kəndində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, əməlini etiraf etməsini, səmimi peşmançılığını, bir azyaşlı uşağının olmasını, atasının vəfat etməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Xəzər rayon prokuroru Fəxri Ələsgərovun 25 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət rədd edilərək o, saxlanıldığı Xəzər RPİ-nin MSY-dən azad olunmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 iyul 2022-ci il tarixdən 25 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı yaşayış yer üzrə çəkməli, onun üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 14 (on dörd) saat vaxt, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, 84 (səksən dörd) manat məbləğində vəsait X1, 60 (altmış) manat məbləğində vəsait Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 iyul 2022-ci il tarixdən 25 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşadığı yer üzrə çəksin. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi yeni sahədə yerləşən nömrəsiz fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi xidmətə görə 84 (səksən dörd) manat məbləğində vəsait, Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil X1 və Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar