Məhkəmə qərarları › İş №1(003)-54/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-54/2021

15.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-54/2021 15.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs Emin Allakhverdıyevin iştirakları ilə, xx xxxxxxxx 1979-cu il tarixdə Qazaxıstan Respublikasında doğulmuş, Qazaxıstan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan üç uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(003)-318/2020 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.4-cü maddəsinə əsasən qəti olaraq 3000 (üç min) manat miqdarda cərimə cəzasına məhkum edilmiş, Qazaxıstan Respublikası Kimkend şəhəri Maxtaral rayonu Mirzəkent küçəsi fərdi evdə qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq massivi fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Emin Allakhverdıyevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Emin Allakhverdıyev istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib daşıyaraq üstündə saxlamışdır. Belə ki, Emin Allakhverdıyev istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,280 qram olan bir büküm qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yeni yaşayış sahəsinə daşıyaraq üstündə saxlamış, xx xxxxxxx 2020-ci il tarixdə saat 17:20 radələrində Xəzər RPİ PPXB-nin polis nəfərləri tərəfindən Binə qəsəbəsi Atçılıq yeni yaşayış sahəsində saxlanılaraq Xəzər RPİ 2-ci Polis Şöbəsinə dəvət olunmuş və həmin gün saat 18:20 radələrində 2-ci PŞ-nin inzibati binasında xidməti otaqların birində videoçəkilişlə Emin Allakhverdıyevin üzərində keçirilən şəxsi axtarış zamanı onun əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,280 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Emin Allakhverdıyev ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Qazaxıstan Respublikası Kimkend şəhəri Maxtaral rayonu Mirzəkent küçəsində nömrəsiz fərdi evdə qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yeni yaşayış sahəsində nömrəsiz fərdi evdə yaşayır. Qazaxıstan Respublikasında doğulsa da, milliyyətcə azərbaycanlıdır və latın qrafikalı Azərbaycan əlifbası ilə sərbəst yazıb oxuya, eləcə də azərbaycan dilində sərbəst başa düşə, yaza və danışa bilir. Narkotik vasitə heroindən bir neçə ildir ki, istifadə edir. İstifadə etdiyi narkotik vasitə heroini adətən Bakı şəhərinin müxtəlif yerlərindən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxslərdən alaraq istifadə etmişdir. Sonuncu dəfə xx xxxxxxx 2020-ci il tarixdə saat 13 radələrində Maştağa qəsəbəsi ərazisində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manata bir büküm narkotik vasitə heroin alaraq əynində olan qara rəngli idman şalvarının sağ cibinə qoymuş, həmin gün saat 17:20 radələrində Binə qəsəbəsi Atçılıq yeni yaşayış sahəsində yerləşən yaşadığı evin yaxınlığında olarkən ərazidə xidmət edən iki polis nəfəri ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu Xəzər RPİ 2-ci PŞ-nə dəvət etmişlər. O da etiraz etməyib onlarla birlikdə 2-ci PŞ-nə gəlmişdir. Orada əvvəlcə ona narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu bildirilmiş, hüquq və vəzifələri izah edilmiş, müdafiəçi ilə təmin olunmuş, sonra xidməti otaqlardan birində polis əməkdaşlarının və vəkilinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ondan üzərində hər hansı bir qadağan olunmuş əşya və ya maddə olub-olmadığı soruşulmuş, varsa, könüllü təqdim etməyi təklif edilmişdir. O, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdə olan maddəni təqdim edib narkotik vasitə hesab olunan heroin olduğunu və onu xx xxxxxxx 2020-ci il tarixdə saat 13 radələrində Maştağa qəsəbəsi ərazisində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manata aldığını və şəxsi istifadə məqsədilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Həmin narkotik vasitə heroin qablaşdırılaraq möhürlənmiş və bu barədə tərtib olunan protokol ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Törətdiyi əməli səmimi etiraf edir və peşmançılıq çəkir. Himayəsində yetkinlik yaşına çatmayan üç uşağı vardır. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ PPXB-nin polis nəfəri Şahid1 göstərdi ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 17:20 radələrində Xəzər RPİ PPXBnin polis nəfəri, polis baş serjantı Şahid2 ilə birlikdə Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yeni yaşayış sahəsində 6355 çağırışlı avtopatrulla xidmət aparan zaman özünü şübhəli aparan bir nəfər şəxsə yaxınlaşmışlar. Onunla söhbət zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu hiss etmiş və onu Xəzər RPİ 2-ci PŞ-nə dəvət etmişlər. O da heç bir etiraz etməyib onlarla birlikdə PŞ-nə getmiş və orada məlum olmuşdur ki, həmin şəxs Allahkverdıyev Emindir. Bundan sonra onlar onun üzərində şəxsi axtarış keçirilməsindən ötrü aidiyyəti əməkdaşlara göstəriş verilməsi üçün raportla şöbə rəisinə müraciət etmişlər. Faktla bağlı araşdırma aparılmasından ötrü material şöbənin təhqiqatçısı Cavid Ağayevə həvalə edilmiş və o, Emin Allakhverdıyevi şübhəli şəxs qismində tutmuş, daha sonra Emin Allakhverdıyevin, vəkilin və onların iştirakları ilə videoçəkilişlə Emin Allakhverdıyevin üzərində şəxsi axtarış keçirəcəyini bildirmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq Emin Allakhverdıyevə hüquq və vəzifələri izah edilmiş, üzərində qeyri-qanuni əşya varsa könüllü təqdim etməyi təklif edilmişdir. Emin Allakhverdıyev əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş bir ədəd bükümü təqdim edərək narkotik vasitə heroin olduğunu və şəxsi istifadəsi üçün xx xxxxxxx 2020-ci il tarixdə Maştağa qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Həmin bükümün içərisindən spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Bundan sonra baş verənlər barədə protokol tərtib edilmiş və Emin Allakhverdıyevin üzərindən aşkar olunmuş 01 ədəd bükümdə olan maddə zərfə qoyularaq möhürləndikdən sonra iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid2 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 6/2055 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “...X2 üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,280 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Qeyd: Ümumi çəkisi 0,280 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitənin 0,050 qramı tədqiqata sərf edilmiş, 0,230 qram hissəsi qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 81,82 (səksən bir, səksən iki) manat təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 2880 saylı rəyindən görünür ki, Emin Allakhverdıyevdə tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Emin Allakhverdıyevin üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,280 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış, narkotik vasitə heroinin qalıq qalmış – 0,230 qram hissəsi saxlanılması üçün Xəzər RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarından görünür ki, Emin Allakhverdıyevin üzərinə Xəzər RPİ 2-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan “disk” maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Emin Allakhverdıyevin xx xxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş və xx xxxxxxx 2020-ci il tarixdə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilərək Xəzər RPİ MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Emin Allakhverdıyevin himayəsində xx xxxxxx 2004cü il təvəllüdlü Allakhverdıyev Tural, xx xxxx 2007-ci il təvəllüdlü Allakhverdıyeva Kholida və xx xxxxxx 2011-ci il təvəllüdlü Allakhverdıyeva Эsmıra adlı yetkinlik yaşına çatmayan üç uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxxxxx 2020-ci il tarixli Tələbnamədən görünür ki, Emin Allakhverdıyev əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(003)-318/2020 saylı hökmünün surətindən görünür ki, Emin Allakhverdıyev Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 4000 (dörd min) manat miqdarda cərimə cəzasına məhkum edilmiş, Emin Allakhverdıyevin şübhəli şəxs qismində 12 iyun 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə qədər 01 (bir) gün saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən nəzərə alınaraq ona təyin edilmiş 4000 (dörd min) manat miqdarda cərimə cəzası yüngülləşdirilməklə üzərində qəti olaraq 3000 (üç min) manat miqdarda cərimə cəzası saxlanılmışdır. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin xx xxxx 2021-ci il tarixli 583 saylı məktubundan görünür ki, Emin Allakhverdıyev Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(003)-318/2020 saylı hökmünə əsasən ona təyin edilmiş 3000 (üç min) manat miqdarda cərimə cəzasından heç bir ödəniş etməmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Emin Allakhverdıyevin məhkumluğu ödənilməmişdir (və ya götürülməmişdir). Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Emin Allakhverdıyevin istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib daşıyaraq üstündə saxlaması faktı onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Emin Allakhverdıyevin əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxs Emin Allakhverdıyevin törətdiyi az ağır cinayəti etiraf edərək peşmançılıq çəkməsini, himayəsində yetkinlik yaşına çatmayan üç uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Emin Allakhverdıyevin cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxs Emin Allakhverdıyevə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimaitəhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Emin Allakhverdıyevin şübhəli şəxs qismində xx xxxxxxx 2020-ci il tarixdən 05 oktyabr 2020-ci il tarixə qədər 02 (iki) gün saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə Emin Allakhverdıyev barəsində hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Emin Allakhverdıyevə hazırkı hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(003)-318/2020 saylı hökmü ilə təyin edilmiş 3000 (üç min) manat miqdarda cərimə cəzası tam birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası və 3000 (üç min) manat miqdarda cərimə cəzası təyin edilməlidir. Emin Allakhverdıyevin barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra edilməli, azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli həbsə alındığı tarixdən hesablanmalı, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,230 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Emin Allakhverdıyevin üzərinə Xəzər RPİ 2-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd “disk” hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Emin Allakhverdıyevə Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 81,82 (səksən bir, səksən iki) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Emin Allakhverdıyevdən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Emin Allakhverdıyevin CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs Emin Allakhverdıyevin dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri X3 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Emin Allakhverdıyevə ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X3 ümumilikdə 30 iş saatına görə cəmi 180,00 (bir yüz səksən) manat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 18 iş saatına görə cəmi 108,00 (bir yüz səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Emin Allakhverdıyev Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Emin Allakhverdıyevin şübhəli şəxs qismində xx xxxxxxx 2020-ci il tarixdən 05 oktyabr 2020-ci il tarixə qədər 02 (iki) gün saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Emin Allakhverdıyevə hazırkı hökmlə təyin olunmuş 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(003)-318/2020 saylı hökmü ilə təyin edilmiş 3000 (üç min) manat miqdarda cərimə cəzası tam birləşdirilməklə ona qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası və 3000 (üç min) manat miqdarda cərimə cəzası təyin edilsin. Emin Allakhverdıyevin barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra edilsin. Azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli həbsə alındığı xx xxxxx 2021ci il tarixdən hesablansın. Emin Allakhverdıyev barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,230 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Emin Allakhverdıyevin üzərinə Xəzər RPİ 2-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd “disk” hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Emin Allakhverdıyevə Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Emin Allakhverdıyevdən 81,82 (səksən bir, səksən iki) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs Emin Allakhverdıyevə ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X3 ümumilikdə 180,00 (bir yüz səksən) manat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 108,00 (bir yüz səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs Emin Allakhverdıyevə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar