Məhkəmə qərarları › İş №1(003)-544/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-544/2021

27.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-544/2021 27.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1979-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan üç uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-247/2021 saylı 19 iyun 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 17 iyun 2021-ci il tarixdən hesablanan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan- - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib daşımaqla saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan tanışı Şahid3 15 iyun 2021-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində şəxsi istehlak miqdarından artıq miqdarda 02 ədəd siqaretin qara rəngli kağızı bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,198 qram və 0,125 qram olmaqla, ümumi təmiz çəkisi 0,323 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Dənizkənarı küçəsinə daşımış və 17 iyun 2021-ci il tarixdə saat 15:30 radələrində Xəzər RPİ NMB-nin və 1-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinməsi səbəbindən saxlanılaraq 1-ci PŞ-nə gətirilmiş və həmin gün saat 16:50 radələrində 1-ci PŞ-də videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı onun əynindəki qara rəngli idman şalvarının sağ arxa cibindən siqaretin qara rəngli kağızına bükülü vəziyyətdə iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,198 qram və 0,125 qram olmaqla, ümumi çəkisi 0,323 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, təxminən 3 ildir ki, narkotik vasitələr qəbul edir. 15 iyun 2021-ci il tarixdə, saat 22:00 radələrində Türkan qəsəbəsində Türkan qəsəbə sakini Şahid3 şəxsi istifadəsi üçün 20 manata narkotik vasitə olan “kakos” alaraq üzərində saxlayıb gəzdirmişdir. 17 iyun 2021-ci il tarixdə axşam saatlarında Türkan qəsəbəsi Dənizkənarı küçəsində yaşadığı evin yaxınlığında iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş və onlarla birlikdə Xəzər RPİ 1-ci PŞ-nə getməyini demişlər. O da etiraz etməyib onlarla birlikdə 1-ci PŞ-nə getmişdir. Orada xidməti otaqlardan birində polis əməkdaşlarının iştirakları ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmiş, üzərində qeyri-qanuni hər hansı əşya və ya predmet varsa könüllü təqdim etməyi təklif edilmiş və o, əynindəki qara rəngli idman şalvarının sağ arxa cibində olan 02 ədəd siqaretin qara rəngli kağızına bükülmüş narkotik vasitəni çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Əməlindən peşmandır, himayəsində yetkinlik yaşına çatmayan üç uşağı vardır. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ 1-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 17 iyun 2021-ci il tarixdə saat 15:00 radələrində Xəzər rayonu Türkan qəsəbəsi Dənizkənarı küçəsi ev 99-da yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə alınmış əməliyyat məlumatı ilə əlaqədar Xəzər RPİ NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə həmin ünvanın yaxınlığına gəlmişdir. Saat 15:30 radələrində orada Təqsirləndirilən şəxs müəyyən etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmiş və bununla əlaqədar onu Xəzər RPİ 1-ci PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs də heç bir etiraz etməyərək onlarla birlikdə 1-ci PŞ-nə gəlmişdir. Bundan sonra hadisə barədə raport yazıb məruzə etmiş və bununla əlaqədar araşdırmanın aparılması 1-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Şahin Mustafayevə həvalə edilmişdir. PŞ-nin inzibati binasında xidməti otaqların birində təhqiqatçı Şahin Mustafayev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra dəvət edilmiş müdafiəçi və təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs əvvəlcə hüquq və vəzifələri izah olunmuş, şəxsi axtarış keçirilməmişdən əvvəl videoçəkilişdən istifadə olunaraq Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni hər hansı əşya və ya predmet varsa könüllü təqdim etməyi təklif edilmiş və Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ arxa cibində olan iki ədəd siqaretin qara rəngli kağızına bükülmüş maddəni təqdim edib narkotik vasitə hesab olunan “kakos” olduğunu və həmin narkotik vasitələri 15 iyun 2021-ci il tarixdə Türkan qəsəbə sakini Şahid3 şəxsi istifadəsi üçün 20 manata alaraq üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş iki ədəd siqaret kağızına bükülmüş narkotik vasitəyə bənzər kütlə qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib edilərək ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Xəzər RPİ NMB-nin əməliyyat müvəkkili Şahid2 elan edilmiş ifadəsi ilə onun da Şahid1 ifadəsi ilə oxşar, eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etməsi müəyyən edildi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 göstərdi ki, ailəlidir və Türkan qəsəbəsi Poçt küçəsində nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır, dolanışıq üçün evinin həyətində olan parnikdə göyərti əkib satmaqla məşğul olmuşdur. O, əvvəllər 4 dəfə cinayət törətməyə görə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, sonuncu dəfə 2018-ci ilin dekabr ayının 1-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, 2020-ci ilin sentyabr ayının 3-də azadlığa buraxılmışdır. 20 ildir ki, narkotik vasitə olan heroini dəri altına iynə ilə vurmaqla istifadə etmişdir. X1 Türkan qəsəbəsindən uşaqlıq vaxtından məhlə adamı kimi tanımış, onunla normal münasibətləri olmuşdur. Baba da onun bildiyinə görə 4-5 ildir ki, narkotik vasitə heroini falqada çəkməklə, yəni tüstü yolu istifadə etmişdir. 15 iyun 2021-ci il tarixdə Baba ilə xatırlamadığı internet saytında narkotik satışına dair elan tapmış və orada olan xatırlamadığı “Whatsapp” şəbəkə nömrəsi ilə adını Mahir kimi deyən şəxslə danışmış, ona təxminən 15-20 qram heroin, təxminən 10 qram da metamfetamin sifariş vermişlər, həmin şəxs də cəmi 450 manat ödəməli olduqlarını bildirmişdir. Daha sonra həmin gün saat 19:00 radələrində Mahirin onun “Whatsapp” nömrəsinə göndərdiyi hesab nömrəsinə Hövsan qəsəbəsində yerləşən “Araz” marketdən 450 manat pul göndərmişlər. Bundan sonra Mahir onun nömrəsinin “Whatsapp”ına narkotiki qoyduğu yerin fotoşəkilini göndərmiş və yerini başa salmışdır. Belə ki, həmin narkotik maddə Bakı şəhəri Nizami rayonu “Xalqlar dostluğu” metrosunun yaxınlığında “Ağ Çiçəyim” gül mağazasının arxasında sarı rəngli sellofan torbanın içində qoyulmuşdur. O da Baba ilə birlikdə Hövsan qəsəbəsindən taksi ilə “Xalqlar dostluğu” metrosunun yanına gəlmiş və şəkildəki yerdən narkotiki, metamfetamini və 1 ədəd kibrit qutusunda hədiyyə kimi göndərilən qurudulmuş marixuananı götürmüşlər. Daha sonra onlar taksi ilə Türkan qəsəbəsinə qayıtmışlar. 17 iyun 2021-ci il tarixdə saat 17:00 radələrində o, Babanın evinə gəlmişdir. Baba həmin vaxt evdə olmuş və Babadan ehtiyacı olduğu üçün aldıqları narkotiklərdən öz istifadəsi üçün 1 ədəd sellofan bükümdə narkotik vasitə olan heroin və arada çəkdiyi üçün 1 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetamin götürüb cibinə qoymuşdur ki, imkan olanda özü istifadə etsin. Bu vaxt oraya Xəzər RPİ NMB-nin və CAŞ-nin polis əməkdaşları mülki geyimdə gəlmiş və evdə onun və Babanın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmalarında şübhə olması səbəbindən təxirəsalınmaz tədbir kimi axtarış keçiriləcəyini bildirmişlər. Baba razılıq ərizəsi verərək polis əməkdaşlarına evdə axtarış və baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Daha sonra qonşuluqda yaşayan Seyfulla və digər qonşu Bəhruzu hal şahidi kimi dəvət etmişlər. Axtarış zamanı evin həyətyanı sahəsinə və otaqlarına bir-bir onun, Babanın, həmin hal şahidlərinin, polis əməkdaşlarının iştirakı ilə müstəntiq tərəfindən axtarış və baxış keçirilmişdir. Axtarış tədbiri zamanı Babanın evinin əsas giriş qapısından girilən televizor olan qonaq otağındakı masanın altından bir ədəd sellofan torbanın içində olan 19 ədəd sellofan bükümlərdə narkotik vasitə heroin, 13 ədəd xırda siqaretin gümüşü bükümlərində psixotrop maddələr, 1 ədəd kibrit qutusunda qurudulmuş marixuana (nəşə), 2 ədəd şpris, 1 ədəd limon duzu, 1 ədəd ampula şüşə qabı və sonradan Babanın həmin sellofana qoyduğu özünə məxsus elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan sonra polis əməkdaşları ona və Babaya üzərilərində qanunla qadağan olunmuş əşya, maddə və ya predmet varsa, könüllü şəkildə təqdim etmələrini təklif etmişlər. Həmin vaxt o, əvvəlcədən öz istifadəsi üçün əynindəki qara rəngli şalvarın sağ yan cibinə qoyduğu iki ədəd sellofan bükümü çıxarıb təqdim etmiş və bir bükümdə heroin, digər bükümdə isə metamfetamin olmasını, onları özü istifadə etdiyini bildirmişdir. Daha sonra bu barədə müstəntiq tərəfindən tərtib edilmiş protokolu oxumuş və iştirakçılarla birlikdə imzalamışdır. Baba da sorğu-sual zamanı həmin narkotikləri onunla birlikdə 450 manat müqabilində internet vasitəsi ilə tanış olduqları və əvvəllər tanımadıqları Mahir adlı şəxsin “Xalqlar dostluğu” metrosunun yanından “Ağ Çiçəyim” gül mağazasının yanında gizlətdiyi yerdən götürüb əldə etdiklərini bildirmişdir. Baba həmçinin bildirmişdir ki, üzərində heç bir qanunsuz maddə və əşya yoxdur. Narkotik vasitələrdən və psixotrop maddələrdən yalnız özü istifadə etmiş və üzərindən aşkar edilmiş narkotik vasitə heroini və metamfetamini öz istifadəsi üçün əldə edib üzərində saxlamış, heç vaxt heç kəsə, o cümlədən də Təqsirləndirilən şəxs narkotik vasitə satmamışdır. “WhatsApp” proqramı işlətdiyi mobil telefonu üzərində olan GSM kartları ilə birlikdə sındırıb atmışdır. Bundan başqa evində heç bir narkotik vasitə, psixotrop maddə saxlamamışdır. İş materiallarında olan Şəxsi axtarış, baxış və maddi sübutun götürülməsi haqqında 17 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ arxa cibindən qara rəngli siqaret kağızına bükülmüş iki bükümdə spesifik iyli narkotik vasitəyə bənzər tünd qəhvəyi rəngli kütləni təqdim edərək narkotik vasitə heroin olmasını və həmin narkotik vasitələri Xəzər rayonu Türkan qəsəbə sakini Şahid3 şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. İş materiallarında olan 19 iyun 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları Şahid3 üzünə qarşı deyərək təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının 18 iyun 2021-ci il tarixli 6/2464 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “... Vət.Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş...” sözləri olan iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,198 qr., 0,125 qr., ümumi təmiz çəkisi 0,323 qram olan qəhvəyi rəngli tozşəkilli madələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 81,82 (səksən bir, səksən iki) manatdır. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış əlavə məhkəmə-kimyəvi ekspertizasının 16 avqust 2021-ci il tarixli 6/3476 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi TƏDQİQAT OBYEKTİ № 75-Ekspert Rəyi 7/565-6/2472” yazı və imzalar olan paketdə 20 büküm heroin üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi TƏDQİQAT OBYEKTİ” № 67-Ekspert Rəyi 6/2464” yazı və imzalar olan paketdə 2 büküm heroin ilə xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 88,70 (səksən səkkiz, yetmiş) manatdır İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizasının 11 avqust 2021-ci il tarixli 2814 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Əraz narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 0,323 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və hazırkı çəkisi 0,163 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin Xəzər RPİ-də saxlanılması üçün təhvil verilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 1-ci PŞ--də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan “disk” maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan və Xəzər RİHB-nin Türkan İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 sentyabr 2021-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Türkan İƏD üzrə nümayəndəliyinə heç bir yazılı şikayət daxil olmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan üç uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 16 avqust 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 oktyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən aylıq qazancından dövlət nəfinə 10% məbləğdə pul tutulmaqla 09 (doqquz) ay 24 (iyirmi dörd) gün müddətə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2015-ci il tarixli Amnistiya qərarına əsasən azad edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxsin məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə həmçinin biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib saxlaması faktı özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, himayəsində yetkinlik yaşına çatmayan üç uşağının olmasını, yaşayış yeri üzrə müsbət xasiyyətlənməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 52-2.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə hesablanmır. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin 15 oktyabr 2021-ci il tarixli 99/102 saylı məktubundan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs həbsə alındığı 17 iyun 2021-ci il tarixə 01 (bir) il 03 (üç) ay 15 (on beş) gün çəkilməmiş cəzası qalmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının həbsə alındığı 17 iyun 2021-ci il tarixə çəkilməmiş qalan 01 (bir) il 03 (üç) ay 15 (on beş) gün hissəsi 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 01 (bir) gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla əvəz edilmiş 07 (yeddi) ay 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı 17 iyun 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,163 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 1-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd “disk” hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 170,52 (bir yüz yetmiş, əlli iki) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 35 iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 15 saat) cəmi 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 17 iyun 2021-ci il tarixə çəkilməmiş qalan 01 (bir) il 03 (üç) ay 15 (on beş) gün hissəsi 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 01 (bir) gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla əvəz edilmiş 07 (yeddi) ay 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunmuş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı 17 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,163 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 1-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd “disk” hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 170,52 (bir yüz yetmiş, əlli iki) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar