Məhkəmə qərarları › İş №1(003)-55/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-55/2025

10.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-55/2025 10.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1995-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində kirayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İttiham aktında göstərilmişdir ki, X13 istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 0,376 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib üzərində saxlamaqla 08 may 2024-cü il tarixdə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən “Ata” marketin yaxınlığına kimi daşımış, həmin gün orada saat 11:35-də piyada hərəkətdə olarkən Xəzər rayon Pinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanılaraq Polis Şöbəsinin inzibati binasına aparılmış, həmin gün orada saat 14:00-da Xəzər rayon Pİ-nin 3-cü Polis Şöbəsinin inzibati binasında xidməti iş otağında müdafiəçinin iştirakı ilə videoçəkiliş keçirilərək üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli şalvarının sağ yan cibində bir ədəd şəffaf rəngli bükülmüş təmiz çəkisi 0,376 qram olan kütləsi kustar üsulla hazırlanmış həmin xeyli miqdarda psixotrop maddə metamfetamin 01 ədəd bükümdə aşkar edilərək X7 götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ittiham aktında göstərildiyi kimi hadisə baş verməmişdir. Onun Mirfariz adlı oğlanla əlaqəsi olmuşdur. O, Mirfariz və 2 nəfə oğlanla Vidadi adlı şəxsin evində oturan zaman, stolun üstündə narkotik vasitə olmuşdur. Lakin həmin narkotik vasitə ona məxsus olmamışdır. Həmin günü əməliyyatçılar otağa daxil olmuş, həmin oğlanlardan biri əməliyyatçının əlinə bıçaq zərbəsi vuraraq qaçmışdır. Onları ayırmağa çalışmışdır. Küçədə qonşularda baş verənlərin şahidi olmuşdur. Polis əməkdaşının biri onun qadın olduğunu deyərək buraxmaq istəmişdir. Lakin həmin şəxs polis əməkdaşının əlinə bıçaqla xəsarət yetirdiyinə görə onu və digərlərini şöbəyə aparmışlar. Şöbədə ona hədə-qorxu gəlinmişdir. Belə ki, stolun üstünə şüşə adlı narkotik vasitə qoyulmuş və onu adına rəsimləşdirəcəklərini bildirmişlər. Əks təqdirdə işini polisə müqavimətlə və qrup halında narkotik vasitə ilə rəsimləşdirəcəklərini demişdirlər. O, heç vaxt Suraxanı ərazisinə getməmişdir. Oranı tanımır. Həmin narkotik vasitə ona məxsus deyildir. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərmişdir ki, Mirfariz adlı oğlan Rövşənin qohumudur. Rövşən axtarışda olmuşdur. O, evə gedəndən yarım saat sonra polislər gəlmişdirlər. Orda olan narkotik vasitə ona məxsus olmamışdır. Şöbədə döyülməmişdir. Heç bir quruma şikayət etməmişdir. Onu tutanların içində Vüsal olmuşdur. Komandirləri ona demişdir ki, “sənə oyun qurublar, şöbəyə getmə”. Onlara Mirfariz oyun qurmuşdur. Hal-hazırda Nərimanovda kirayədə yaşayır. Saxlanılan zaman Neftçilərdə yaşamışdır. Mirfariz ilə 10-15 gün müddət olardı ki, tanış olmuş, onunla görüşmək üçün ora getmişdir. Əvvəllər həmin evdə olmuş, hətta narkotik vasitədə qəbul etmişdir. Çay evində işləyir. Mirfariz sevgilisi olmuş, Vidadi isə evin sahibi olmuşdur. Şöbədə onlara CM-nin 234.1-ci maddə ilə ittiham veriləcəyi bildirilmişdir. Rövşən əvvəllər axtarışda olmuş, ona görə evə gəlmişlər. 3-4 nəfər polis əməkdaşı olmuşdur. Saat 07-08 radələrində polis şöbəsinə aparılmışdır. Bundan başqa, məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərmişdir ki, üzərinə şəxsi axtarış keçirilən zaman görüntü 4 dəfə çəkilmişdir. Hər dəfə ona deyiblər belə denən, ancaq o imtina etmişdir. Sonuncuda məcbur olub, onların istədiyi kimi demişdir. Yenə təkrar edir ki, narkotik vasitə ona məxsus deyildir. Suraxanı rayonundan narkotik vasitə almamışdır. Emin müəllim, o biri otaqdan narkotik vasitəni gətizdirmişdir. Təqsirləndirilən şəxs son sözündə ona ittiham olunmuş cinayət əməlini törətmədiyini bildirərək barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Binə qəsəbəsi, Südçülük qəsəbəsində Ata” marketin yaxınlığında xidmətdə olarkən Vüsal adlı polis əməkdaşı ilə xanımı saxlayaraq şöbəyə gətirmişlər. Şöbəyə gətirəndən sonra təhiqatçının otağından üzərində narkotik vasitə aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq Şahid1 göstərmişdir ki, xanım saxlanılarkən tək olmuşdur. Həmin zaman üzərində mobil telefon olmamışdır. Tədbirə gedən zaman telefonu şöbədə qalmışdır. ***-***-**-** nömrəni işlədir. Binə qəsəbəsinin sahə rəisidir. Xanımı şübhə yaratdığına görə saxlamışdırlar. Çarpaz dindirilmə zamanı X2 Heydər Yədulla oğlunun onun saxlanılması zamanı keçirilən əməliyyat tədbirində iştirak etmədiyini bildirmişdir. Bundan başqa, Şahid1 vəsatət əsasından əlavə olaraq dindirilən zaman suallara cavab verərkən bildirmişdir ki, ***-***-**-** olan nömrəni istifadə edir. Onun iş yeri Binə qəsəbəsində yerləşir. Onun telefonu şöbədə olmuşdur. Onun anten məlumatlarları səhv göstərilmişdir. Hadisədən uzun müddət keçmiş, yadında qalmamışdır. ***-***-**-** nömrədən də, istifadə edir. Biri avtomobildə olur, biri də üzərində olur. ***-***-**-** olan nömrədən “WhatsApp” proqramı vasitəsi ilə istifadə edir. Digər nömrə ilə isə telefon danışıqları aparır. Bölmə Binə qəsəbəsində olmuşdur. Bəyaz tutulanda bölmədə baxışda iştirak etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, sahə rəisi Şahid1 ilə Binə qəsəbəsində xidmətdə olan zaman “ATA” marketin yaxınlığında küçədə xanım özünü şübhəli aparmışdır. Ona yaxınlaşaraq özlərini təqdim edərək, şöbəyə aparmışlar. Şöbədə üzərindən narkotik vasitə aşkarlanmışdır. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq Şahid2 göstərmişdir ki, Vidadi adlı şəxsi tanımır. Xanımı küçədə saxlamışdırlar. Həmin gün onun tərəfindən digər şəxlsər saxlanılmamışdır. 4 aydır xəstəliyi ilə bağlı xidmətə çıxmır. 5 ildir Binə qəsəbəsində işləyir. Üzərində telefon olmuşdur. Ona heç kim xəsarət yetirməmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 09 may 2024-cü il tarixli, 6/2584 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: "Azərbaycan Respublikası DİN Arayılar üçün №244" dairəvi möhür əksi, və "Təqsirləndirilən şəxs-imza, dörd imza, tərtib etdi: E.Hacıyev imza..." yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 01 ədəd bükümdəki təmiz çəkisi 0,376 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"-in İ siyahısına daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi - 0,376 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq – 0,326 qram və “ekspertiza xərclərinə dair” bildirişə əsasən isə aparılmış məhkəmə fiziki-kimyəvi ekspertizası tədqiqatının dəyəri 92,0 manat təşkil etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 08 iyun 2024-cü il tarixli, 4094 nömrəli rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş: -“Məhkumluğun yoxlanılmasına dair” Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Hüseynova X11 Rayon Məhkəməsinin xx.xx.2020-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, xx.xx.2021-ci il tarixdə Tovuz Rayon Məhkəməsinin qərarı ilə azadlığın məhdudlaşdırılması cəzası 07 ay, 28 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. -“Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 13:15-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı X14 tərəfindən şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 08 may 2024-cü il tarixdə, saat 11:35-dən isə tutulmuş hesab edilmişdir. -“Şəxsi, axtarış, baxış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl üzərində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri araşdırmaya təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf selofana bükülmüş kütlənin şüşə olduğunu bildirirək araşdırmaya təqdim etmiş, həmin 01 bükümü 07 may 2024-cü il tarixdə Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyi bildirmişdir. 1 ədəd şəffaf selofan kəsiyinə bükülmüş büküm götürülərək ekspertiza keçirilməsi üçün qablaşdırılara, möhürlənmişdir. Şəxsi axtarış zamanı 01 ədəd ağ rəngli “Samsung” markalı mobil telefon və 32 manat pul, 01 qutu siqaret, 01 ədəd alışqan və 01 ədəd saç sancağı aşkar edilmişdir. Mobil telefon maddi sübut olaraq götürülmüş, 32 manat pul, siqaret, alışqan və saç sancağı sübut əhəmiyyətə malik olmadığı üçün şəxsin özünə qaytarılmışdır. -“Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı X8 tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. -“Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Xəzər RPİ-nin MSY-dən azad edilmişdir. -"xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 21084 nömrəli məktubundan görünür ki, "xxxx" MMC-yə aid ********* mobil nömrəsinin xx.xx.2024-cü il müddətində "xxxx" MMCnin telekommunikasiya şəbəkəsində istifadəsi qeydə alınmadığı üçün əhatə dairəsinə dair məlumatın təqdim olunması mümkün deyildir. -Məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-45/2- 25998/2024 saylı məktubu və ona əlavə edilmiş Xəzər RPİ-nin MSY-də saxlanılan şəxslərin uçotu kitabının surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18:25-də müvəqqəti saxlama yerinə daxil olmuş və xx.xx.2024-cü il tarixdə saat 12:50-də azad edilmişdir. -Məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-13-45-3/2-232/2025 saylı məktubu və ona əlavə edilmiş “şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı” jurnalının surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 11:10-də Xəzər RPB-nin 3-cü PŞ-yə daxil olmuşdur. Həmin gün Təqsirləndirilən şəxs başqa polis şöbəsinə X4, X18, X3 Rövşən Asif oğlu və Mirfayiz Ağayev adlı şəxslər gətirilmişdir. "xxxx" MMC-dən məhkəmə daxil olmuş ***-***-**-** mobil telefon nömrəsinin anten məlumatları ilə bağlı olan BKC/LGL-13247/24 nömrəli, xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş diskə məhkəmə iclasında keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, ***- ***-**-** mobil telefon nömrəsinin xx.xx.2024-cü il, saat 11:35:33-dən xx.xx.2024-cü il, saat 12:11:17-dək anten məlumatlarına əsasən geolokasiyası Bakı şəhəri, Xəzər Rayonu, Mərdəkan Qəsəbəsi ərazisini göstərmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.3-cü maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” 15 fevral 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “CPM-in müddəalarına görə, ittihamın sübuta yetirilməsi, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlillərin təkzib edilməsi vəzifəsi bütövlükdə ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Müdafiə tərəfinin funksiyası isə cinayət təqibi ilə bağlı irəli sürülmüş ittihamı təkzib etməkdən və ya cinayət posesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini yungülləşdirən halların mövcudluğuna cəlb etməkdən, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verməkdən ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.2-ci və 139.0.4-cü maddələrinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilmir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci ilə nəzərdə ttulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəsi şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə AR CM-nin 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ilə bağlı ibtidai istintaq orqanı tərəfindən təqdim edilmiş sübutlara qiymət verərkən aşağıdakı nəticəyə gəlir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən təqdim edilmiş sübutlar: - Təqsirləndirilən şəxsin ifadəsi - Şahid ifadələri - Axtarış və götürmə protokolundan - Məhkəməyədək icraat dövründə verilmiş ekspertiza rəylərindən Müdafiə tərəfinin vəsatətləri və məhkəmənin təşəbbüsü əsasında əldə edilmiş sübutlar: Məhkəmə ilk öncə təqirləndirilən şəxsin ifadəsinə qiymət verərərək qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə 07-08 radələrində Vidadi adlı şəxsin evindən polis məkdaşları tərəfindən polis şöbəsinə aparılmış, həmin vaxt üzərində psixotrop maddə olmamış, ona edilmiş psixioloji təzyiqlər nəticəsində ittihamda göstərilən maddənin ona məxsus olmasını və üzərindən aşkar edilməsini göstərmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli qərarının 33-cü bəndində göstərilmişdir ki, “Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Ali məhkəmə plenumunun yuxarıda göstərilən qərarında göstərilmiş tövsiyyəni də nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu hazırkı məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanılmalı, onun ibtidai istintaq zamanı veridiyi ifadəyə isə əsaslanılması, bunun motivlərinin göstərilməsi və hansı səbəbdən həmin ifadəyə üstünlük verilməsinin göstərilməsi, ibtidai istintaq zamanı verilmiş ifadə iş üzrə digər sübutlarla öz təsdiqini tapmadığından əsaslı hesab edilə bilməz və mümkün deyildir. Bundan başqa məhkəmə ibtidai istintaq orqanının sübut kimi məhkəməyə təqdim etdiyi şahid ifadələri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, sahə rəisi Şahid1 ilə Binə qəsəbəsində xidmətdə olan zaman “ATA” marketin yaxınlığında küçədə xanım özünü şübhəli aparmışdır. Ona yaxınlaşaraq özlərini təqdim edərək, şöbəyə aparmışlar. Şöbədə üzərindən narkotik vasitə aşkarlanmışdır. Eyni zamanda şahid məhkəməyədək icraat zamında da oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 da eyni məzmunlu ifadə vermişdir. Məhkəmə tərəfindən Şahid1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinin Bakcell” MMC-dən məhkəmə daxil olmuş anten məlumatları ilə bağlı olan diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyyən edilmişdir ki, ***-***-**-** mobil telefon nömrəsinin xx.xx.2024-cü il, saat 11:35:33-dən xx.xx.2024-cü il, saat 12:11:17dək anten məlumatlarına əsasən geolokasiyası Bakı şəhəri, Xəzər Rayonu, Mərdəkan Qəsəbəsi ərazisini göstərmişdir. Beləliklə müəyyən olun ki, təqsirləndirilən şəxsə verilmiş ittihamda onun xx.xx.2024cü il tarixdə, saat 11:35-də Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsində saxlanıldığı göstərilsə də, yuxarıda göstərilən Bakcell” MMC-dən daxil olmuş anten məlumatlarından görünür ki, Şahid1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinin xx.xx.2024cü il, saat 11:35:33-dən xx.xx.2024-cü il, saat 12:11:17-dək anten məlumatlarına əsasən geolokasiyası Bakı şəhəri, Xəzər Rayonu, Mərdəkan Qəsəbəsi ərazisini göstərmişdir. Beləliklə də həm Şahid1, həm də digər Şahid2 birlikdə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsində saxlamaları ilə bağlı ifadələrinin düzgün olmadığı və Şahid1 ümumiyyətlə təqsirləndirilən şəxsə qarşı keçirilmiş əməliyyat tədbirində iştirakı öz təsdiqini tapmamışdır. Odur ki, həmin şahid ifadələri mötəbər sübutlar hesab edilə bilməz və sübutlar siyahısından xaric olunmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə verilmiş ittihamda onun xx.xx.2024-cü il tarixdə, saat 11:35-də Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsində saxlanılaraq polis şöbsinə gətirilməsi göstərilsə də Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin məktubu və ona əlavə edilmiş “şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı” jurnalının surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 11:10-də Xəzər RPB-nin 3-cü PŞ-yə gətirilmişdir. Beləliklə də Təqsirləndirilən şəxs əməliyat tədbirlərinin keçirilərək saxlanıldığı vaxtdan qabaq artıq polis şöbəsində olduğu müəyyən edilmişdir. Beləliklə də müəyyən olunur ki, təqsirləndirilən şəxsə xx.xx.2024-cü il tarixdə, sahər saatlarında, həttda ona qarşı verilmiş ittihamda göstərilən vaxtdan da qabaq saxlanılaraq polis şöbəsinə gətirilərək təxminən 4-5 saatdan sonra üzərinə şəxsi axtarış və baxış keçirilmiş və üzərindən psixotrop maddə olan metamfetamin aşkar olunduğu istintaq orqanı tərəfindən götərilmişdir. Beləliklə də yuxarıda qeyd olunan hallarla görə X16 ilə bağlı keçirilmiş xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə istintaq hərəkəti və buna müvafiq olaraq tərtib olunmuş protokol da mötəbər sübut hesab edilə bilməz və sübutlar siyahısından xaric olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilə bağlı keçirilmiş materialların məhkəmə ekspertizası və məhkəmə narkoloji ekspertizasının rəylərinə qiymət verməyi zəruri hesab edərək qeyd edir ki, materialların məhkəmə ekspertizası aşkar edilmiş maddənin növünü və miqdarının təyin olunması üçün aparılmış, ikincisi isə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmaması ilə bağlı keçirilmişdir ki, bunlar da şəxsin təqsirliliyini sübuta yetirmir və faktı təsdiq edən sübutlar kimi iş materiallarına əlavə edilmişdir. Həmin ekspert rəyləri iş üzrə toplanılmış digər mümkün və mötəbər sübutların məcmusu ilə təsdiq olunduğu halda təqsirləndirilən şəxsə qarşı verilmiş ittihamın əsasını təşkil edə bilərdi ki, hazırkı halda da həmin mümkün və mötəbər sübutlar iş üzrə müəyyən edilmir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən “Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır.” Məhkəmə həm ibtidai istintaq orqanı tərəfindən, həmçinin müdafiə tərəfinin vəsatətləri və öz təşəbbüsü əsasında əldə edilmiş sübutları bütünlükdə tədqiq edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan ittiham sübuta yetmir, bu səbəbdən də Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmalıdır. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.2-ci maddəsinə əsasən “Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.” İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.1-ci maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən həmin Konstitusiya müddəaları, həmçinin, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsi isə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsinin təmin etdiyi ədalətli məhkəmə araşdırılması hüququ səlahiyyətli məhkəmə tərəfindən təqsiri sübuta yetirilməmiş şəxsin bəraət almaq hüququnu əhatə edir. Bəraət, təqsirləndirilən şəxsə aid olan hüquq olmaqla, onun təqsirsizliyini rəsmi bəyan edən və onu təmin edən məhkəmə hakimiyyəti aktı - bəraət hökmü ilə təsdiq olunur.” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir insan təqsirliliyi barədə məhkəmə tərəfindən qəti qərar qəbul edilənə kimi təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən “Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən “Bəraət hökmü bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən “Məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir.” Hökm qanuni qüvvəyə mindikdən sonra ümumi çəkisi 0,376 qram psixotrop maddə olan metamfetaminin əldə olunmasında və saxlanmasında aidiyyəti şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi üçün hazırki cinayət işinin materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xəzər rayon prokuroruna göndərilməli, habelə maddi sübut qismində tanınaraq Xəzər Rayon Polis İdarəsində saxlanılan qalıq 0,326 qram psixotrop maddə olan metamfetamin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun sərəncamına verilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 92 (doxsan iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X5, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 350-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilsin və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra ümumi çəkisi 0,376 qram psixotrop maddə olan metamfetaminin əldə olunmasında və saxlanmasında aidiyyəti şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi üçün hazırki cinayət işinin materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xəzər rayon prokuroruna göndərilsin, habelə maddi sübut qismində tanınaraq Xəzər Rayon Polis İdarəsində saxlanılan qalıq 0,326 qram psixotrop maddə olan metamfetamin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun sərəncamına verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 92 (doxsan iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X5, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 manat, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi isə məhkəmədə müdafiə etməsinə görə sərf etdiyi 14 saata görə 84 manat, cəmi 204 (iki yüz dörd) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar