Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-551/2022 15.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1968-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 25 iyul 2022-ci il tarixdə saat 21:20 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan südçülük sovxozunda yerləşən yaşadığı evdə arvadı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zəminində bıçağın dəstəyi ilə, əl ilə, təpiklə sonuncunu qəsdən vurub ona sifətin sol yarısının, sol və sağ bazunun, qarnın, hər iki baldırın qançırları, sol dirsəyin sıyrığı, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazu oynağının yumşaq toxumalarının əzilməsi xəsarətləri yetirib sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin, ekspert rəyi, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda qeydiyyatda olmaqla Xəzər rayonu Binə qəsəbəsi Hövsan südçülük sovxozunda nömrəsiz fərdi evdə yaşayır. Zərərçəkmiş şəxs ilə 2014-cü ildə ailə həyatı qurmuş, həm onun, həm də Zərərçəkmiş şəxs ikinci evliliyi olmuşdur. Əvvəllər mehriban yaşamış, təxminən evlilikdən 1 il sonra münasibətləri pozulmuşdur. Buna səbəb isə Mehribanın ondan icazə almadan evdən getməsi və günlərlə geri qayıtmaması olmuşdur. Dəfələrlə onu küçələrdən tapıb yaşadıqları evə gətirmişdir. Hadisənin mahiyyəti üzrə bildirmişdir ki, 25 iyul 2022-ci il tarixdə təxminən saat 21 radələrində yaşadığı evdə olarkən hazırda boşanmaq üçün ərizə verdiyi arvadı Zərərçəkmiş şəxs yaşadığı evə gələrək qışqıra-qışqıra ondan boşanmaq ərizəsini geri götürməsini tələb etmiş, o, isə məhkəmədə görüşəcəklərini, ərizəni götürməyəcəyini bildirmişdir. Bundan sonra o, paltarını dəyişib işə getmək istəyərkən Mehriban yaxasından tutub buraxmamış və demişdir ki, işə getməsin. O, Mehribanın əlindən çıxıb həyətə tərəf keçmişdir. Həmin vaxt Mehriban özünü yerə atıb qışqırmağa başlamışdır. Mehriban qışqırarkən bacısı Şahid və onun yanında olan bir nəfər tanımadığı qadın həyətinə girmişlər. Bu zaman ona məlum olmuşdur ki, Mehriban qabaqcadan bacısı Şahid ilə ssenari cızaraq onu şərləməyə gəliblər. Həmin vaxt Günel də ona tərəf gəlib yaxasından tutmuş və o, öz əsəblərinə hakim olaraq Günelə də əl qaldırmamışdır. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanda qeydiyyatda olmaqla hazırda bacısı X5 ilə birlikdə Bakı şəhəri Xəzər rayonu Şüvəlan bağları nömrəsiz fərdi evdə yaşayır. Bildirmişdir ki, Təqsirləndirilən şəxs onun əri olub, onunla 2014-cü ildə ailə həyatı qurmuşdur. İlk vaxtlar normal münasibətləri olmuş, sonradan o, Hepatit C xəstəliyi tutmuş və həmin vaxtdan Elçinin ona olan münasibətləri soyumuş və onunla boşanmaq qərarına gəlmişdir. Bununla bağlı hazırda Suraxanı rayon məhkəməsində işlərinə baxılır. Hadisənin mahiyyəti üzrə bildirmişdir ki, 25 iyul 2022-ci il tarixdə saat 21:20 radələrində bacısı Günel və onun rəfiqəsi ilə birlikdə şəxsi əşyalarını və paltarlarını götürmək üçün Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan südçülük sovxozunda yerləşən və ailəli olduqları dövr ərzində daha dəqiq 2019-cu ildə tikdikləri yaşadığı evə gəlmişdir. Günel və rəfiqəsi onu həyətdə gözləmiş, o isə evə daxil olmuşdur. Həmin vaxt Elçin sərxoş vəziyyətdə olmuş və ona paltarlarını və şəxsi əşyalarını götürməyə icazə verməmiş, səbəbini soruşarkən ona cavab vermək əvəzinə nalayiq söyüşlərlə onu söyüb təhqir etmiş və üstünə hücum çəkib onu əlləri ilə itələyərək yerə yıxmışdır. Ardınca qarnını təpikləmiş, bıçağın dəstəyi ilə bədəninin müxtəlif nahiyyələrinə vuraraq ona xəsarət yetirmişdir. Bu zaman dava-dalaşın səs-küyünü eşidən bacısı Günel onu Elçinin əlindən almaq üçün evin həyətinə daxil olmuşdur. Bu zaman Elçin ondan əl çəkərək bacısının üstünə hücum çəkmiş və əlləri ilə vura-vura, onu itələyə-itələyə həyət darvazasından çölə çıxartmağa çalışmışdır. Lakin bacısı ona qarşı gələrək həyətdən çölə çıxmamış və evin içərisinə gələrək onun döyüldüyünü və dərman içdiyini görüb 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. O, həmçinin 103 xidmətinə də zəng edib təcili tibbi yardım maşını çağırmışdır. Bir qədər sonra polis əməkdaşları gəlmişlər. O, hadisə barədə ərizə ilə müraciət etmişdir. Daha sonra evə gələn təcili yardım maşını ilə 3 saylı Sabunçu rayon xəstəxanasına getmişdir. Ona ilkin tibbi yardım göstərildikdən sonra bacısı Günelin yaşadığı evə gəlmişdir. Hadisə vaxtı həmin yerdə Elçin və ondan başqa heç kəs olmamış, lakin hadisənin səs-küyünə bacısı Günel gələrək onun döyülməsinin şahidi olmuşdur. Elçinlə mübahisələri və Elçinin onu döyüb xəsarət yetirməsi birlikdə təxminən 30 dəqiqəyə yaxın müddətdə davam etmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir və ona qanunmüvafiq cəza verilməsini xahiş edi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid verdiyi ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanda qeydiyyatda olmaqla hazırda Bakı şəhəri Xəzər rayonu Şüvəlan bağları nömrəsiz fərdi evdə yaşayır. Bildirmişdir ki, Təqsirləndirilən şəxs bacısı Mehribanın əri olmuş, onunla 2014-cü ildə ailə həyatı qurmuşdur. İlk vaxtlar normal münasibətləri olmuşdur. Sonradan bacısı Hepatit C xəstəliyi tutmuş və həmin vaxtdan Elçinin ona olan münasibətləri soyumuşdur və onunla boşanmaq qərarına gəlmişdir. Bununla bağlı hazırda Suraxanı rayon məhkəməsində işlərinə baxılır. Hadisənin mahiyyəti üzrə bildirmişdir ki, 25 iyul 2022-ci il tarixdə saat 21:20 radələrində bacısı Mehriban və adını qeyd etmək istəmədiyi rəfiqəsi ilə birlikdə Mehribanın şəxsi əşyalarını və paltarlarını götürmək üçün Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan südçülük sovxozunda yerləşən yaşadığı evə getmişlər. Həmin vaxt o, çöldə maşında Mehribanı gözləmiş, Mehriban isə evə daxil olmuşdur. Həmin vaxt Elçin Mehribana paltarlarını və şəxsi əşyalarını götürməyinə icazə verməyərək onu döymüşdür. O, səs-küyü eşidib evin həyətinə daxil olmaq istəyərkən Elçin ona da xəsarət yetirmişdir. Buna baxmayaraq o, evə daxil olmuş və bacısı Mehribanın döyülməsinin şahidi olmuşdur. Bundan sonra 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Həmçinin 103 xidmətinə də zəng edib təcili tibbi yardım maşını çağırmışdır. Bir qədər sonra polis əməkdaşları gəlmişlər. Mehriban hadisə barədə ərizə ilə müraciət etmişdir. Daha sonra evə gələn təcili yardım maşını ilə 3 saylı Sabunçu rayon xəstəxanasına aparılmışdır. Ona ilkin tibbi yardım göstərildikdən sonra onun evinə gəlmiş və rəfiqəsi hadisənin şahidi olmamışdır. Belə ki, onunla birlikdə həyətə daxil olmaq istəsə də səs-küyü eşidib qayıdıb maşında əyləşmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X2 verdiyi ifadəsində göstərmişdir ki, hadisə baş verən gün o, Mehriban və Günel Mehriban gilin yaşadığı evə getmişlər. Getmələrinə səbəb, Mehribanın evdən özünə aid paltarların götürmək istəməsi olmuşdur. Onlar ünvana getmişlər. Mehriban evə daxil olmuşdur. O, Günel ilə həyətdə gözləmişdir. Sonradan evdən səs-küy səsləri gəlmişdir. Evə ilk öncə Günel daxil olmuş sonradan o, da daxil olmuşdur. Evə girən zaman Mehribanın yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Mehribanın yanında yerdə bıçaq da olmuşdur. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyi tərəfindən keçirilmiş canlı şəxsin ekspertizası barədə 01 avqust 2022-ci il tarixli, 916 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – sifətin sol yarısının, sol və sağ bazunun, qarnın, hər iki baldırın qançırları, sol dirsəyin sıyrığı, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazu oynağının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun “X8” X9 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş “Tibbi-sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə” dair çıxarışın surətindən görünür ki, Təqsirləndirilən şəxs ikinci dərəcəli əlildir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onlara qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən cinayət tərkibi sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurulduğu hallarda yaranır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində göstərilən cinayət əməlini törətməsi - zərər çəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurması və bunu təqsirin qəsd formasında etməsi təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin ifadələri, ekspertiza rəyi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran, işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyə görə təyin edilə bilər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən “Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən zərər çəkmiş şəxsin və şahidlərin ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir. Məhkəmə istintaqı zamanı cinayət işi üzrə təqsirləndirilən şəxs cinayət törətmədiyini qeyd edərək, ittihamı qəbul etməmişdir. Lakin, zərər çəkmiş şəxs və şahid ifadələrindən, eyni zamanda cinayət işi materiallarında olan digər sənədlərdən zərər çəkmiş şəxsin təqsirləndirilən şəxs tərəfindən xəsarət yetirildiyi öz təsdiqini tapmışdır. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında Cinayət Məcəlləsinin 128-ci maddələri ilə ittihamı qəbul etməməsinə dair verdiyi ifadəsini müdafiə xarakterli olduğunu hesab edir. Göründüyü kimi qeyd edilənlər cinayətin təqsirləndirilən şəxs tərəfindən törədildiyini sübuta yetirir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəzanın təyin edilməsi məqsədəmüvafiqdir və təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan islah işləri cəzası cəzanın məqsədini tam təmin edir. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Təqsirli şəxsə islah işləri və ya cərimə cəzası təyin edilərkən onun maddi vəziyyəti, öhdəsində yetkinlik yaşına çatmayanların, əmək qabiliyyəti olmayan digər şəxslərin olması və s. aydınlaşdırılmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini və İİ dərəcəli əlil olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və və ona qazancının 20 %i dövlət nəfinə tutulmaqla, 01 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri, 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-551/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-551/2022
15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver