Məhkəmə qərarları › İş №1(003)-552/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-552/2021

27.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-552/2021 27.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X1 və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Sabirabad rayonunun Kalinovka kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində üç azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi yeni sahədə yaşayan - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2021-ci il tarixdə saat 19:00 radələrində yaşadıqları Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi yeni sahədə yerləşən fərdi evdə olarkən arvadı Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş ailə münaqişəsi zamanı onun alın, sağ və sol gözaltı nahiyəsinə, sol qulaq arxası nahiyəsinə, sağ baldır, sol budun, sağ ayağın bayır topuğuna qəsdən əli ilə yumruq, sillə və ayağı ilə təpik zərbələri xəsarətləri yetirməklə, ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin törətdiyi əməl məhkəmədə tədqiq edilmiş, onun və zərərçəkmiş şəxsin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə 8 ildir ki, ailə qurmuş və həmin evlilikdən üç azyaşlı uşaqları vardır. Münasibətləri ilk vaxtlar normal olsa da, sonradan korlanmış, aralarında mütəmadi olaraq münaqişə baş vermişdir. Sonuncu dəfə 27 sentyabr 2021-ci il tarixdə saat 19:00 radələrində Türkan qəsəbəsi yeni sahədə yaşadıqları evin daxilində Günelə evdə təmizlik işləri görməməsi, yemək bişirməməsi ilə bağlı iradlarını bildirmiş, Günel isə ona qışqıraraq kobud cavab vermişdir. Bu səbəbdən də aralarında münaqişə yaranmış və həmin vaxt o, əsəbiləşərək Günelin sifət nahiyəsinə, yəni sağ göz nahiyəsinə əli ilə bir dəfə yumruq zərbəsi vurmuş, sifətinin sol tərəfinə əli ilə sillə zərbəsi vurmuş, həmçinin onun sağ və sol ayaq nahiyələrinə təpik zərbələri vurmaqla ona qəsdən alın, sağ və sol gözaltı nahiyənin, sol qulaq arxası nahiyəsinin, sağ kürək nahiyəsinin, sağ baldır, sol budun, sağ ayağın bayır topuğunun qançırları və sağ göz almasının ağlı qişasının qansızması halında xəsarətlər yetirmişdir. Törətdiyi əməldən peşman olaraq arvadı Günel ilə barışmış və dəymiş ziyanı tamamilə ödəmişdir. Hazırda Günelin ondan heç bir şikayəti yoxdur. Barışmalarının nəzərə alınaraq onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə 8 ildir ki, ailə qurmuş və həmin evlilikdən üç azyaşlı uşaqları vardır. Münasibətləri ilk vaxtlar normal olsa da, sonradan korlanmışdır. Aralarında mütəmadi olaraq münaqişə baş vermiş və hətta bir neçə dəfə Saleh spirtli içki qəbul edərək onu döymüşdür. Lakin övladlarına görə Saleh barəsində şikayət etməmişdir. 27 sentyabr 2021-ci il tarixdə saat 19:00 radələrində Saleh sərxoş halda evə gəlmiş və onun ünvanına nalayiq ifadələr işlətmiş və bu səbəbdən də aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Saleh əli ilə onun sifət, baş nahiyəsinə yumruqla zərbələr və ayaq nahiyəsinə təpik zərbələri vuraraq ona xəsarətlər yetirmişdir. Bu barədə 28 sentyabr 2021-ci il tarixdə Xəzər RPİ 1-ci PŞ-nə şifahi ərizə ilə müraciət edərək hadisə barədə məlumat vermişdir. Hazırda əri Saleh onunla barışmış və dəymiş ziyanı tamamilə ödəmişdir, buna görə də onun ondan heç bir şikayəti və ya tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq Saleh barəsində olan hazırkı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan canlı şəxsin ekspertizası ilə bağlı 05 oktyabr 2021-ci il tarixli 1245 nömrəli məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – alının, sağ və sol göz altı nahiyəsinin, sol qulaq arxası nahiyənin, sağ kürək nahiyəsinin, sağ baldırın, sol budun, sağ ayağın bayır topuğunun qançırları, sağ göz almasının ağlı qişasının qansızması küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibbi müayinəsindən 1 gün əvvəl olmaqla qərarda göstərilən 27 sentyabr 2021-ci il tarixə və şəraitə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 04 oktyabr 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 fevral 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 69.4-cü maddəsi tətbiq edilməklə 1500 (bir min beş yüz) manat cərimə cəzasına məhkum edilmiş, 26 noyabr 2018-ci il tarixdə cəriməni ödədiyi üçün qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş 27 oktyabr 2021-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır və ondan heç bir şikayəti və ya tələbi yoxdur, ona dəymiş ziyan tamamilə ödənilmişdir. Barışmalarının nəzərə alınaraq Salehin barəsində olan hazırkı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona istinad edilən əməli törətməsi onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, MTE və PA Birliyinin aktı və məhkəməyədək sadələşdirilmiş icraat materialında olan digər sənədlərlə tam sübuta yetirildi. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallardan başqa, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinin tələbinə görə, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Azərbaycan Respublikası CPM-nin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası CPM-nin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ya ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimaixüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilə bilməz. Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və ya tələbinin olmamasını və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraatın materialı üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı məhkəməyədək sadələşdirilmiş icraat üzrə material üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai araşdırma zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri X3 və X2 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X3 10 iş saatına görə 60,00 (altmış) manat və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 20 iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 43.3, 197-198, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinə görə onun barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X3 10 iş saatına görə 60,00 (altmış) manat və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 20 iş saatına görə 120 (bir yüz iyirmi) manat, cəmi 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar