Məhkəmə qərarları › İş №1(003)-553/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-553/2022

10.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-553/2022 10.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1998-ci il tarixdə Lerik rayonunun Zardoni kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Lerik rayonunun Zardoni kəndində qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən nömrəsiz fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üstündə daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi – 0,310 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və şəxsi istehlak miqdarında təmiz çəkisi 0,07 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsinə daşıyaraq üzərində saxlamışdır. 08 sentyabr 2022-ci il tarixdə saat 16:40 radələrində Əlahiddə ÇPA-nın 11-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda Taxta dayanacaq adlanan yerin yaxınlığında saxlanılaraq Xəzər RPİ 3-cü PŞ-nə gətirilmiş və həmin gün saat 17:45 radələrində Xəzər RPİ 3-cü PŞ-nin inzibati binasında xidməti otaqların birində video çəkilişlə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 büküm siqaretin ağ rəngli kağızına bükülmüş təmiz çəkisi 0,310 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 büküm siqaretin gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 0,07 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, təxminən 2 ildir ki, narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən istifadə edir. Öz istifadəsi üçün narkotik vasitə və psixotrop maddəni əsasən Bakı şəhərinin müxtəlif yerlərindən üzdən tanıdığı adını bilmədiyi şəxslərdən alır. 08 sentyabr 2022-ci il tarixdə səhər saatlarında o, yenə Abşeron rayonu, Xırdalan şəhərində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən narkotik vasitə almışdır. Həmin şəxsə 20 manat verərək bir büküm heroin və bir büküm metamfetamin almış, həmin maddələri cibinə qoyaraq yaşadığı evə getmişdir. Həmin gün, yəni 08 sentyabr 2022-ci il tarixdə təxminən saat 16:40 radələrində Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda Taxta dayanacaq deyilən ərazidə hərəkət edən zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşmış və ondan şəxsiyyətini təsdiq edən sənədi soruşmuşlar. Söhbət zamanı onun narkotik vasitənin təsiri altında olması polis əməkdaşlarında şübhə yaratmış və bu səbəbdən onlarla birlikdə Xəzər RPİ 3-cü PŞ-nə getməsini istəmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə PŞ-nə getmişdir. Polis Şöbəsində narkotik vasitələrin qəbulunda şübhəli olduğu üçün vəkil dəvət olunmuş və o, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilməsinin zəruri olmasını bildirmişlər. O da buna etiraz etməmişdir. Bir qədər sonra polis əməkdaşları hüquqlarının müdafiəsi məqsədi ilə təyin olunmuş vəkilin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyini və əgər üzərində narkotik vasitə, yaxud gəzdirilməsi qanunla qadağan olunmuş əşya varsa, könüllü təqdim etməsini bildirmişlər. O başa düşmüşdür ki, polislər üzərinə baxış keçirtsələr yuxarıda göstərdiyi həmin narkotik vasitə və psixotrop maddəni aşkar edəcəklər, ona görə əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən siqaretin gümüşü və ağ kağızına bükülmüş iki bükümü təqdim etmişdir. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, həmin maddələr narkotik vasitə heroin və psixotrop maddə metamfetamindir və həmin narkotik vasitə və psixotrop maddəni Abşeron rayonu Xırdalan şəhərindən öz şəxsi istifadəsi üçün almış, başqa məqsədi olmamış, həmin maddələrdən başqa üzərində heç bir narkotik vasitə və qadağan olunmuş əşya yoxdur. Polis əməkdaşı üzərində şəxsi axtarış aparmış, lakin təqdim etdiyi qeyd olunan narkotik vasitə heroindən və metamfetamindən başqa üzərindən saxlanılması, gəzdirilməsi qanunla qadağan olunmuş heç bir maddə, əşya aşkar edilməmişdir. Göstərilən maddələr polis əməkdaşları tərəfindən onun iştirakı ilə yerindəcə qablaşdırılıb götürülmüş, bu barədə polis əməkdaşı protokol tərtib edib iştirakçılara ucadan oxumuş, protokolun doğruluğunu, həmçinin üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qablaşdırıldığı zərfi o və digər iştirakçılar imza etmişlər. Törətdiyi əməli etiraf edir və peşmançılıq çəkir. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 Alayının 11-ci Patrul Bölüyünün polis nəfəri, polis serjantı Şahid1 göstərdi ki, 08 sentyabr 2022-ci il tarixdə, təxminən saat 16:40 radələrində, 11-ci Patrul Bölüyünün polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə 9676 çağırışlı avtopatrulla Xəzər rayonu Binə qəsəbəsi Hövsan südçülük sovxozunda, xidmətdə olan zaman, “Taxta dayanacaq” deyilən ərazidə bir nəfər şəxsin onları gördükdə gizlənməyə çalışması və özünü şübhəli aparması diqqətlərini cəlb etmişdir. Onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənədinin olub-olmamasını soruşmuşlar. Həmin şəxsin danışıq tərzi və onların suallarına düzgün cavab verməməsi, onun narkotik vasitənin təsiri altında olması ehtimalı yaratmışdır. Onlar həmin şəxsin üzərində də narkotik vasitə olduğundan şübhələnib onu 3cü Polis Şöbəsinə dəvət etmişlər. Həmin şəxs də etiraz etməyərək onlarla birlikdə 3-cü PŞ-nə getmişdir. PŞ-də həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra, hadisə barədə raport yazıb məruzə etmiş və bununla əlaqədar araşdırmanın aparılması Xəzər RPİ 3-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı Nihad Mustafayevə həvalə edilmişdir. PŞ-nin inzibati binasında xidməti otaqların birində təhqiqatçı Nihad Mustafayev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra dəvət edilmiş müdafiəçi və təhqiqatçı Nihad Mustafayev tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş və üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl video çəkilişdən istifadə olunaraq Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən, siqaretin gümüşü və ağ rəngli kağızlarına bükülmüş, 02 ədəd bükümdə olan maddələri təqdim etmişdir. Həmin bükümləri açdıqda bükümlərdən birinin içərisində ağ rəngli psixotrop maddə metamfetaminə bənzər, digərində isə qəhvəyi rəngli, tozşəkilli, narkotik vasitə heroinə bənzər maddə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmasını, onları 08 sentyabr 2022-ci il tarixdə, səhər saatlarında Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən tanımadığı şəxsdən ümumilikdə 20 manat müqabilində aldığını və özünün istifadə etməsi üçün üzərində saxlayıb gəzdirdiyini bildimişdir. Həmin narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər kütlələr təhqiqatçı Nihad Mustafayev tərəfindən 01 ədəd zərfə qoyularaq qablaşdırılmış, protokol tərtib edilərək ucadan oxunmuş, heç bir şikayət və ya ərizə daxil olmadığı üçün həm zərf, həm də protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən hiddə X2 11-ci Patrul Bölüyünün polis nəfəri, polis serjantı Şahid2 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının 09 sentyabr 2022-ci il tarixli 6/4977 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “..... 1) Təqsirləndirilən şəxs.........” yazılan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,310 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd bükümdə təmiz çəkisi 0,07 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Qeyd: Heroinin təmiz çəkisi – 0,310 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,260 qram, Metamfetaminin təmiz çəkisi – 0,07 qram, tədqiqata sərf edildi – 0,03 qram, qalıq – 0,04 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 88,00 (səksən səkkiz) manat təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizasının 28 sentyabr 2022-ci il tarixli, 5602 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 0,310 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təmiz çəkisi 0,07 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və hazırkı çəkisi 0,260 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, hazırkı çəkisi 0,04 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhkəmənin hökmünə qədər Xəzər RPİ-də saxlanılır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 3-cü PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 19 sentyabr 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 09 fevral 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 69.4-cü maddəsinə əsasən üzərində qəti olaraq 1000 (bir min) manat miqdarda cərimə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 24 may 2018-ci il tarixli qərarı ilə Bakı Hərbi Məhkəməsinin 09 fevral 2018-ci il tarixli hökmü dəyişdidirlmiş, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 69.4-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 01 ay 28 müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 22 yanvar 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətdiyi anda məhkumluğu ödənilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üstündə daşıyaraq saxlaması faktı onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 10 sentyabr 2022-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 08 sentyabr 2022-ci il tarixdən 10 sentyabr 2022-ci il tarixə qədər saxlanıldığı 02 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən nömrəsiz fərdi evində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,260 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,04 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 3-cü PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntü olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 88,00 (səksən səkkiz) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 30 (otuz) iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və məhkəmə baxışı zamanı 10 saat) ümumilikdə 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 08 sentyabr 2022-ci il tarixdən 10 sentyabr 2022-ci il tarixə qədər saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən nömrəsiz fərdi evini axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,260 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,04 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 3-cü PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 88,00 (səksən səkkiz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar