Məhkəmə qərarları › İş №1(003)-555/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-555/2021

01.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-555/2021 01.12.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1975-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Xətai küçəsi döngə 13 ev 13-də qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsi Yeni Sahədə nömrəsiz evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını açıq olaraq talamaq məqsədi ilə 22 iyul 2021-ci il tarixdə saat 16:08 dəqiqədə Zərərçəkmiş şəxs Xəzər rayonu Şağan qəsəbəsi S.Yesenin küçəsində yerləşən avtobus duracagındakı oturacağın üzərinə qoyduğu içərisində qəpik və xırda pul əskinaslardan ibarət ümumilikdə 50 manat məbləğində pul olan sellofan torbanı açıq talayıb Şağan qəsəbəsindən gələn yola tərəf qaçaraq etibarnamə əsasında idarə etdiyi “Hunday-Accent” markalı **-HZ-*** dövlət nömrə nişanlı avtomobilinə əyləşib hadisə yerindən uzaqlaşmaqla soyğunçuluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ibtidai istintaq zamanı özünü qismən təqsirli bilsə də, hazırda ğzünü tam təqsirli bilir. Belə ki, o, etibarnamə ilə idarə etdiyi “Hunday-Accent” markalı **- HZ-*** dövlət nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 22 iyul 2021-ci il tarixdə saat 16 radələrində Şağan qəsəbəsində yol kənarında yerləşən dayanacağın yanında idarə etdiyi “Hunday-Accent” markalı **-HZ-*** dövlət nömrə nişanlı avtomobillə dayanıb taksi fəaliyyəti ilə məşğul olarkən, daim orada dayanıb dilənçilik edən rus milliyətli, sonradan adının Natalya olmasını bildiyi yaşlı qadını görmüşdür. Oradakı süpürgəçi qadınların həmin qadınla pis rəftar edərək ayaqqabılarını yolun ortasına atdıqlarını gördükdə onlara iradını bildirərək Natalyanın ayaqqabılarını götürüb ona qaytarmışdır. Bir qədər sonra Natalya xırda pullarını saymasını görüb ona zarafatca rus dilində “ver, sayım” demiş, Natalya isə onu təhqir edərək söyüş söymüş, bu da onun acığına gəlmişdir. Bir müddət sonra Natalyanın əlindəki pul yığdığı şəffaf sellofan torbanı yerdə qoyub köşk tərəfə getməsini görmüş və heyfini çıxmaq üçün qəsdən onun yığdığı pullar olan sellofanı gizlicə götürüb avtomobilinə əyləşərək oradan uzaqlaşmış, həmin sellofanı Şağan qəsəbəsində təxminən 300 metr məsafədə olan yol kənarındakı zibil qabına atıb evinə getmişdir. Natalya onu söydüyünə görə o, ondan acıq çıxmaq və onu cəzalandırmaq üçün sellofandakı pulları götürmüş, həmin pulları talamaq məqsədi olmamışdır. Çünki o, taksi sürüb pul qazandığı üçün Natalyanın həmin pullarına ehtiyacı olmamışdır. Həmin gün axşam yaşadığı evdə olarkən saat 20:30 radələrində Xəzər RPİ 1-ci PŞ-nin əməkdaşları gələrək onu Polis şöbəsinə aparmışlar. Orada ona məlum olmuşdur ki, Natalya onun barəsində şər-böhtan dolu ərizə yazmış və ya o formada ona ərizə yazdırılmışdır. Bir daha qeyd edir ki, o, pul əldə etmək məqsədi ilə Natalyanın sellofan torbasını dartıb alıb soyğunçuluq etməmiş və ona qarşı heç bir zor tətbiq etməmişdir. Həmin pulların çoxu qəpiklər, bir neçəsi isə manatlıqlar olmuş, lakin o, tam baxmamış, torbanı götürdüyü kimi də içinə dəqiq baxmadan zibilliyə atmışdır. Torbanı götürüb uzaqlaşarkən o, həmin qadının qışqırmasını eşitməmiş, arxasına baxmadan qaçaraq avtomobilinə çatıb əyləşmiş və sürüb uzaqlaşmışdır. Hələ ibtidai istintaq zamanı zərərçəkmiş şəxslə barışaraq ona dəymiş maddi ziyanı tamamilə ödəmişdir. Aralarında keçirilmiş üzləşdirmə zamanı zərərçəkmiş şəxs bunu etiraf edərək ondan heç bir şikayətinin olmamasını bildirmişdir. Əməlini etiraf edir və peşmançılıq çəkir, himayəsində bir azyaşlı uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs ittiham aktında göstərilən ünvanına dəfələrlə çağırış vərəqəsi, mobil telefonuna isə “sms” göndərilərək məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o, məhkəmə iclaslarına gəlməmiş, onun məhkəmə iclasına məcburi gətirilməsi barədə qərarın icrası da mümkün olmamışdır. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, heç bir yerdə işləmir və tək qadın olduğu üçün dolanışığını dilənməklə, bəzən isə salfetka satmaqla təmin edir. 22 iyul 2021-ci il tarixdə saat təxminən 16:00 radələrində Şağan qəsəbəsində yerləşən dayanacaqda əyləşmiş və əlində olan ağ rəngli sellofan torbasına dayanacaqda oturduğu yerdə yanına qoymuşdur. Ayağa qalxıb dayanacağın yanındakı köşkə tərəf getdikdə bir nəfər şəxs – sonradan adını bildiyi Təqsirləndirilən şəxs dayanacağa tərəf gəlmiş və oradakı oturacağın üzərində qoyduğu içində yığdığı pullar olan sellofan torbanı götürüb qaçmağa başlamışdır. Bunu gördükdə o, onun arxası ilə qışqıraraq çağırsa da, həmin şəxs ona məhəl qoymamış və avtomobilinə çatıb əyləşərək sürüb oradan uzaqlaşmışdır. Həmin hadisəni ətrafda dayanacaqda olan tanımadığı adamlar da görmüş və onun arxası ilə qaçaraq saxlamaq istəsələr də, həmin şəxs əməlini dayandırmamış, avomobilinə əyləşib sürüb getmişdir. Torbasında təxminən 50 manat məbləğində xırda və qəpik pul olmuşdur. Öz mobil telefonu olmadığından orada olan bir qadından xahiş etmiş və həmin qadın öz mobil telefonu ilə DİN “102” xidmətinə zəng edərək hadisə barədə onun adından məlumat vermişdir. Bir qədərdən sonra hadisə yerinə gələn polis əməkdaşına ərizəsini və izahatını vermiş, hadisə yerinə gələn təhqiqatçı tərəfindən baxış keçirilərək protokol tərtib edilmiş və o, həmin protokolu imzalamışdır. İş materiallarında olan ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında 20 avqust 2021-ci il tarixdə keçirilmiş üzləşdirmə istintaq hərəkətinin protokolundan görünür ki, Zərərçəkmiş şəxs verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmiş, eyni zamanda göstərmişdir ki, Nadir ona dəymiş ziyanı tamamilə ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, 22 iyul 2021-ci il tarixdə saat 16 radələrində o, Şağan qəsəbəsində H.Əliyev prospektində yolun kənarındakı dayanacağa tərəf keçib avtobus gözləmək üçün dayandığı vaxt orada bir nəfər əvvəllər də gördüyü, rus milliyətindən olan, sonradan adının Zərərçəkmiş şəxs olmasını bildiyi dolu bədənli, yaşlı, əsasən dilənçilik edən qadının dayanacağın oturacağında əyləşdiyini görmüşdür. Bir azdan həmin qadın bir qədər kənarlaşıb dayanacağın yanındakı köşkə tərəf getmiş, onun əlində olan ağ sellofan torba isə dayanacaqdakı oturacağın üstündə qalmışdır. Bu vaxt bir nəfər 40 yaşlarında kişi, sonradan adını bildiyi Təqsirləndirilən şəxs iti addımlarla oraya yaxınlaşaraq həmin qadının sellofan torbasını götürüb iti addımlarla oradan uzaqlaşmışdır. İlkin olaraq nə baş verməsini anlamamış, lakin Zərərçəkmiş şəxs qışqıraraq həmin şəxsi səslədikdə və torbasını aparmasını dedikdə, o, qaçaraq həmin şəxsin arxası ilə qaçmış, lakin, həmin şəxs qaçaraq ağ rəngli avtomobilinə minib sürərək oradan uzaqlaşmışdır. Bundan sonra o, Natalyanın yanına qayıtmış və ondan bu barədə soruşduqda, Natalya onun torbasında 45- 50 manat civarında xırda və qəpik pullar olduğunu demişdir. Natalya ondan polisə məlumat verməyi xahiş etdiyi üçün və azərbaycan dilini yaxşı bilmədiyi üçün, o, özünə məxsus ***-***-**-** saylı nömrədən DİN “102” xidmətinə zəng edərək Zərərçəkmiş şəxs adından soyğunçuluq hadisəsi barədə məlumat vermişdir. Bir müddət sonra oraya ərazi üzrə polis əməkdaşları yaxınlaşıb Natalyanı Polis şöbəsinə ərizəsini almaq üçün aparmışlar. Həmin soyğunçuluq hadisəsini törədən şəxsi Natalyanın pulları olan torbanı götürüb gedərkən onun baxmadığı üçün görməmişdir, lakin onu arxadan səsləyərək dalınca qaçıqda arxadan görmüşdür. Həmin şəxs arıq bədənli, orta boylu olmuş, onun əynində qısa qol ağ rəngli köynək və ağ rəngli şalvar olmuşdur. Həmin vaxt orada ondan başqa, tanımadığı başı bağlı qadın və bir neçə nəfər də kişi olmuş və həmin şəxsin arxası ilə hamıdan əvvəl o qaçıb qışqıraraq torbanı geri qaytarmasını tələb etsə də, hadisəni törədən şəxsin onu çağırmağını eşidib qaçaraq cəld yolun kənarında saxladığı ağ rəngli markasını xatırlamadığı avtomobilinə əyləşib sürüb oradan uzaqlaşmışdır. İş materiallarında olan DVD diskinə baxış keçirilməsi barədə protokoldan görünür ki, 22 iyul 2021-ci il tarixdə saat 16:00-dan saat 16:20-dək olan müddət ərzində DİN-in Təhlükəsiz Şəhər Xidmətinin TŞ 7-013 nömrəli videomüşahidə qurğusunun 1-ci və 3-cü kameralarının görüntüləri qeydə alınmış DVD diskinə videogörüntülər olan DVD diskinə baxış zamanı müəyyən edilmişdir ki, həmin diskdə 02 videogörüntü faylları vardır. 1-ci fayl və 2-ci fayl açıldıqda həmin videogörüntülərdə 22 iyul 2021-ci il tarixdə saat 16:08-də Şağan qəsəbəsi H.Əliyev prospektinin Bakı şəhəri mərkəz istiqamətində yolun sağındakı dayanacaqda oturacaqda dolu bədənli qadın əyləşmiş və onun yanında oturacağın üzərində ağ rəngli sellofan torba vardır. Həmin vaxt bir nəfər qısa qol ağ köynək və ağ şalvarlı şəxsin iti addımlarla həmin dayanacağa gələrək qadının ayağa qalxıb bir-iki addım asta addımlarla oradan köşkə tərəf uzaqlaşmasından istifadə edərək cəld hərəkətlə oturacağın üstündə qalmış ağ rəngli torbanı götürüb iti addımlarla, sonra isə qaçaraq həmin yola birləşən yolun kənarındakı ağ rəngli avtomobilə tərəf uzaqlaşması müşahidə edilir. Həmin şəxsin arxası ilə isə dayanacaqda dayanmış şəxslərdən bir neçəsinin, ən qabaqda bir nəfər (arıq) qadının qaçaraq onu təqib etmələri də həmin görüntülərdə əks olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs Nəsib oğlu bildirmişdir ki, həmin videogörüntülərdə olan şəxs o özüdür və 22 iyul 2021-ci il tarixdə qeyd edilən saatda Şağan qəsəbəsindəki dayanacaqda olan diləncilik edən sonradan adının Zərərçəkmiş şəxs olmasını bildiyi qadının onu təhqir etməsinə əsəbiləşib həmin qadının pul yığdığı sellofan torbasını götürüb avtomobilinə minib oradan uzaqlaşmışdır. İş üzrə Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və o, ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 21 may 2021-ci il təvəllüdlü X3 adlı bir azyaşlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 26 avqust 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını açıq olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla soyğunçuluq etməsi faktı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CMnin 180.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışaraq maddi ziyanı tamamilə ödəməsini, himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 24 iyul 2021-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 22 iyul 2021-ci il tarixdən 24 iyul 2021-ci il tarixə qədər 02 (iki) gün saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsi Yeni Sahədə nömrəsiz evdə çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, X1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs hadisəni tərədən vaxt hadisə yerində yerləşən TŞ kameralarından götürülmüş videogörüntü olan disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri X2 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 10 (on) iş saatına görə cəmi 60,00 (altmış) manat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə isə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 10 (on) iş saatına görə cəmi 60,00 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 22 iyul 2021-ci il tarixdən 24 iyul 2021ci il tarixə qədər 02 (iki) gün saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsi Yeni Sahədə nömrəsiz evini axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut - Təqsirləndirilən şəxs hadisəni tərədən vaxt hadisə yerində yerləşən TŞ kameralarından götürülmüş videogörüntü olan disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 60,00 (altmış) manat və Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə 60,00 (altmış) manat olmaqla, cəmi 120,00 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən:Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar