Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-556/2021 24.11.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Ramin Qasımov küçəsi ev 28 mənzil 7-də qeydiyyatda olmaqla orada yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli 1(003)-313/2021 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu 28 iyul 2021-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakını gizli yolla talayaraq təkrar oğurluq etmiş, bununla yanaşı istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 14 may 2021-ci il tarixdə saat 19:20 radələrində radələrində Bakı şəhəri Suraxanı rayonu Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən nömrəsiz fərdi evin qarşısında, küçədə dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs1 məxsus “Hyundai Sonata” markalı **-TV-*** dövlət qeydiyyat nömrəli avtomobilə sükan tərəfdən qapısını açmaqla daxil olaraq avtomobilin salon hissəsində sürət qutusunun yanında yerləşən dirsəkaltı qutunun içində olan bir ədəd qara rəngli pul kisəsinin içindən 4200 AZN-i və həmin dövrdəki məzənnəsi 340 AZN təşkil edən 200 ABŞ dollarını gizli yolla talayaraq zərərçəkmişə 4540 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 30 may 2021-ci il tarixdə saat 23 radələrində Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən nömrəsiz evin qarşısında, küçədə dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs2 məxsus “VAZ 2106” markalı **-ZT-*** dövlət qeydiyyat nömrəli avtomobilin ön qapısının şüşəsinin nəfəslik hissəsinə güc tətbiq edərək açdıqdan sonra avtomobilin qapısını açaraq avtomobilə daxil olub həmin avtomobilin kapotunu açıb oradan dəyəri 55 manat olan 01 ədəd akkumulyatoru, daha sonra avtomobilin salon hissəsində quraşdırılmış dəyəri 70 manat olan 01 ədəd “pioneer” markalı maqnitafonu, ümumi dəyəri 40 manat olan həmin avtomobilin arxa şüşələri üçün nəzərdə tutulmuş 02 ədəd pərdəni və günlük yerindən 1000 AZN pulu gizli yolla talayaraq zərərçəkmişə 1165 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi - 0,194 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, üzərində saxlamaqla daşımış, 28 iyul 2021-ci il tarixdə saat 16:00-da Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsi ilə piyada hərəkətdə olan zaman Xəzər RPİ 1-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq 1-ci PŞ-nə gətirilmiş, şöbənin inzibati binasında dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində keçirilmiş şəxsi axtarış, baxış və götürmə istintaq hərəkəti nəticəsində əynindəki qara rəngli cins şalvarın sağ cibindən siqaretin qızılı rəngli kağızına bükülmüş 01 bükümdə qeyd olunan çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, narkotik vasitələr əldə etmək üçün tez-tez Suraxanı rayonu ərazisinə gedir, burada adını bilmədiyi, üzdən tanıdığı müxtəlif şəxslərdən narkotik vasitə əldə edir. 14 may 2021-ci il tarixdə narkotik vasitə əldə etmək məqsədi ilə Suraxanı rayonu Binə qəsəbəsi Südçülük sovxozuna getmiş və üzdən tanıdığı həmin şəxs ona borca narkotik vasitə verməkdən imtina etmiş, bu səbəbdən o, pul əldə etmək üçün oğurluq etmək fikrinə düşmüşdür. Həmin ərazidə gəzişərkən saat təxminən 19:20 radələrində evlərin birinin qarşısında dayanmış “Hyundai Sonata” markalı **-TV-*** nömrəli avtomobil onun diqqətini çəkmişdir. Bir qədər ətrafa nəzər yetirib onu görən kiminsə olmadığına əmin olduqdan sonra həmin avtomobilə yaxınlaşmış və sürücü tərəfdən qapının açıq olduğunu görmüşdür. Bundan sonra həmin qapını açaraq avtomibilə əyləşmiş, sürət qutusunun yanında açılıb-bağlanan saxlanc yerini açıb oradan bir ədəd qara rəngli pul kisəsini götürmüş və onu açaraq içindən pulları götürmüş, pul kisəsini isə götürdüyü yerə ataraq oradan uzaqlaşmışdır. Pulları saydıqda 4200 AZN və 200 ABŞ dolları olduğu ona məlum olmuş, həmin pulları narkotik vasitələrə olan ehtiyacına və digər ehtiyaclarına xərcləmişdir. 30 may 2021-ci il tarixdə gecə saat 23 radələrində narkotik vasitə almaq üçün pul əldə etməkdən ötrü oğurluq etmək fikri ilə Binə qəsəbəsi Südçülük sovxozunda piyada hərəkətdə olarkən bir evin qarşısında dayanmış “VAZ-2106” markalı avtomobil onun diqqətini çəkmişdir. Ətrafa baxıb onu görən heç kimin olmadığını dəqiqləşdirdikdən sonra yaxınlaşıb avtomobilə daxil olmaq üsulları barədə bir qədər düşünmüş və ön qapının şüşəsinin nəfəslik hissəsinə bir az güc tətbiq edib açmış, daha sonra qapını açaraq avtomobilə daxil olmuşdur. Əvvəlcə avtomobilin kapotunu açaraq onun üzərinə quraşdırılmış 01 ədəd akkumulyatoru xətlərdən ayıraraq götürmüş, daha sonra avtomobilin salonuna qayıdaraq buradan avtomobilə quraşdırılmış 01 ədəd maqnitafonu, iki ədəd şüşə pərdəsini götürmüş, avtomobilin digər hissələrini axtararkən günlük yerində pul olduğunu görmüş, həmin pulu və digər əşyaları götürərək oradan uzaqlaşmışdır. Pulları sayarkən orada 1000 manat pul olduğu ona məlum olmuşdur. Növbəti gün akkumulyator, maqnitafon və iki ədəd pərdəni Mərdəkan qəsəbəsində “VAZ-2103” markalı, dövlət qeydiyyat nömrəsini xatırlamadığı avtomobilin tanımadığı sürücüsünə 65 manata satmış, əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. 28 iyul 2021-ci il tarixdə günorta saatlarında Suraxanı rayonunda üzdən tanıdığı, adını bilmədiyi bir şəxsdən öz istifadəsi üçün 10 manata 01 büküm narkotik vasitə heroin almış, həmin bükümü əynindəki şalvarın cibinə qoyub evə tərəf yollanmışdır. Həmin gün saat 16 radələrində Binə qəsəbəsi Ə.İsazadə küçəsində piyada hərəkətdə olan zaman iki nəfər mülki geyimli polis əməkdaşı onu saxlayıb onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, Xəzər RPİ 1-ci PŞ-nə aparmışlar. Burada polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edilərək vəkili Müdafiəçi iştirakı ilə videoçəkilişlə onun üzərinə axtarış keçirilmişdir. Bundan əvvəl isə ona üzərində qanunla qadağan edilmiş əşya və ya digər predmet varsa könüllü təqdim etməyi təklif edilmiş, o da əynindəki şalvarın cibində saxladığı 01 bükümü təqdim edib onun içində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin büküm zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, iştirakçılar tərəfindən zərfin üzəri və protokol imzalanmışdır. Törətdiyi əməllərindən peşmandır, lakin maddi imkanı olmadığına görə zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı indiyə qədər ödəyə və onlarla barışıq əldə edə bilməmişdir. Himayəsində bir azyaşlı uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, 14 may 2021-ci il tarixdə saat 19 radələrində yaşadığı evdən çıxıb qaynanasıgilin yaşadığı Suraxanı rayonu Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən nömrəsiz evə qonaq getmişdir. Təqribən yarım saat sonra evin çölündə küçədə saxladığı özünə məxsus “Hyundai Sonata” markalı **-TV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən səs gəlmişdir. Evdən çıxıb avtomobilə yaxınlaşaraq qapısını açdıqda salondakı saxlanc yerində olan qara rəngli pul kisəsini yoxlamış və orada saxladığı 4200 AZN və 200 ABŞ dollarının olmamasını aşkar etmişdir. Avtomobili bir qədər axtardıqdan sonra pulunun oğurlandığına əmin olaraq DİN “102” xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Oğurluq nəticəsində ona 4540 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan indiyə qədər ödənilməmişdir. Buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir. Bütün bunların nəzərə alınaraq ona dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsini və təqsirləndirilən şəxsə törətdiyi əməlinə görə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, o, 30 may 2021-ci il tarixdə axşam saat 18 radələrində anasının müalicəsi ilə bağlı Bakı şəhərinə - bacısının yaşadığı Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən evə gəlmişdir. Həmin axşam saat 20:30 radələrində bacısının yaşadığı ünvanın qarşısında küçədə saxladığı özünə məxsus “VAZ-2106” markalı avtomobilin qapılarını bağlayıb bacısıgilə getmişdir. 31 may 2021-ci il tarixdə saat 07:00 radələrində küçəyə çıxan zaman avtomobilin qabaq kapotunun açıq olduğunu görmüşdür. Bundan sonra avtomobilə baxış keçirən zaman ona məlum olmuşdur ki, avtomobildə quraşdırlmış dəyəri 70 manat olan 01 ədəd “pioneer” markalı maqnitafon, dəyəri 55 manat olan 01 ədəd akkumulyator, ümumi dəyəri 40 manat olan 02 ədəd avtombilin arxa şüşələrinin pərdəsi və avtomobilin gün qoruyucu hissəsində saxladığı 1000 manat pul oğurlanmışdır. O, bu barədə polisə məlumat vermişdir. Oğurluq nəticəsində ona 1165 manat maddi ziyan dəymiş, lakin həmin ziyan indiyə qədər ödənilməmişdir. Buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir. Bütün bunların nəzərə alınaraq ona dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsini və təqsirləndirilən şəxsə törətdiyi əməlinə görə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ 1-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması və həmin şəxsin cinayət əməlinin ifşa olunması məqsədi ilə Xəzər RPİ 1-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs ətrafında bir müddət müşahidələr apardıqdan sonra 28 iyul 2021-ci il tarixdə saat 16 radələrində onu Binə qəsəbəsi Ə.İsazadə küçəsində saxlayaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib 1-ci PŞ-nə aparmışlar. PŞ-nin inzibati binasında təhqiqatçı Elgün Zülfüqarov onun, Şahid2 və Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirməyə başlamışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və ya sənədləri könüllü sürətdə verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın cibində saxladığı 01 ədəd bükülünü çıxararaq təqdim etmiş və içində heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən sübut əhəmiyyətinə malik olan başqa heç nə aşkar olunmamışdır. Həmin bükülü zərfə qoyularaq möhürələnmiş, bu barədə tərtib edilmiş protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etdi. İş materiallarında olan 14 may 2021-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə Suraxanı rayonu Binə qəsəbəsi Südçülük sovxozu, nömrəsiz ünvanın qarşısında dayanmış “Hyundai Sonata” markalı **-TV-*** nömrəli avtomobildə baş vermişdir. Baxış zamanı hadisə yerinin yaxınlığında yerləşən ərzaq mağazasının müşahidə kamerası vasitəsi ilə qeydə alınmış videogörüntülər sübut əhəmiyyətli olduğu üçün götürlümüşdür. İş materiallarında olan “CD diskinə baxış keçirilməsi haqqında” 27 avqust 2021-ci il tarixli protokoldan görünür ki, CD diskdə 4 ədəd videogörüntü vardır. Videogörüntülərdə Təqsirləndirilən şəxs 14 may 2021-ci il tarixdə saat 19:20 radələrində Bakı şəhəri Suraxanı rayonu Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən nömrəsiz evin qarşısında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs1 məxsus “Hyundai” markalı **-TV-*** dövlət nömrə nişanlı avtomobilin salonundan 4200 AZN və 200 ABŞ dolları nağd pulu oğurladıqdan sonra avtomobilin dayandığı məhəllə ilə qaçaraq hərəkət etməsi əks olunmuşdur. Təqsirləndirilən şəxs müdafiəçisi Gülşən Səlimovanın iştirakı ilə videogörüntülərə baxdıqdan sonra videogörüntülərdə qaçaraq hərəkət edən şəxsin özü olmasını və qeyd edilən hadisədən sonra qaçdığı zaman kameralara düşdüyünü bildirmişdir. İş materiallarında olan 31 may 2021-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxounda yerləşən fərdi yaşayış evinin qarşısında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs2 məxsus “VAZ-21062” markalı **-TZ-*** dövlət qeydiyyat nömrəli avtomobildə baş vermişdir. İş materiallarında olan ifadələrin yerində yoxlanılması barədə protokollardan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadələrinin dəqiqliyini yoxlamaq üçün onun ifadələri yerində yoxlanılmış və o, ifadələrində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 29 iyul 2021-ci il tarixli 6/3166 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi zərflər üçün № 157” dairəvi möhür əksi olan, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan bir ədəd kağız bükümdə təmiz çəkisi 0,194 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təmiz çəkisi 0,194 qram olan heroinin 0,050 qramı tədqiqata sərf edilmiş, 0,144 qram hissəsi qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 91,76 (doxsan bir, yetmiş altı) manatdır. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”in İ siyahısına daxildir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 23 sentyabr 2021-ci il tarixli, 3590 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 0,194 qram çəkidə olan narkotik vasitə - heroin maddi sübut kimi tanınmış və hazırkı çəkisi 0,144 qram olan narkotik vasitə - heroin məhkəmənin hökmünə qədər Xəzər RPİ-də saxlanılır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxsnın üzərində şəxsi axtarış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk və Təqsirləndirilən şəxs 14 may 2021ci il tarixdə “Hyundai Sonata” markalı avtomobildən oğurluq etdikdən sonra qaçarkən qeydə alınmış videogörüntülərinin əks olunduğu 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi internet saytından edilmiş çıxarışdan görünür ki, 14 may 2021-ci il tarixdə 1 ABŞ dollarının Azərbaycan manatına ekvivalenti 1,7000 manat olmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşaq vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 08 oktyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 sentyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 18 yanvar 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu ödənilməmişdir (və ya götürülməmişdir). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxsnın özgə əmlakını gizli yolla talayaraq təkrar oğurluq etmiş, bununla yanaşı istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib daşıyaraq üzərində saxlama cinayətləri törətməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, hadisə yerinə baxış keçirilməsi və ifadənin yerində yoxlanılması haqqında protokollarla, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran, işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar mövcud deyildir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxsnın əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxsnın törətdiyi əməlləri etiraf edərək peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə, onun şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələrinin hər biri ilə ayrı-ayrılıqda həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün – azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu 28 iyul 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq qalmış, kustar üsulla hazırlanmış narkotik vasitə - 0,144 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxsnın üzərində şəxsi axtarış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk və Təqsirləndirilən şəxs 14 may 2021-ci il tarixdə “Hyundai Sonata” markalı avtomobildən oğurluq etdikdən sonra qaçarkən qeydə alınmış videogörüntülərinin əks olunduğu 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 91,76 (doxsan bir, yetmiş altı) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxslər tərəfindən müxtəlif məbləğlərdə maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxsə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxsnın dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 30 iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı 28 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxsnın barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq qalmış, kustar üsulla hazırlanmış narkotik vasitə - 0,144 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxsnın üzərində şəxsi axtarış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk və Təqsirləndirilən şəxs 14 may 2021-ci il tarixdə “Hyundai Sonata” markalı avtomobildən oğurluq etdikdən sonra qaçarkən qeydə alınmış videogörüntülərinin əks olunduğu 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 91,76 (doxsan bir, yetmiş altı) manat məbləğində ekspertiza xərci alınaraq Dövlət Büdcəsinə keçirilsin. Zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxsnın hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-556/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-556/2021
24.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver