Məhkəmə qərarları › İş №1(003)-56/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-56/2021

27.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-56/2021 27.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Qax rayonu, Şotavar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilmiş, evli, ali təhsilli, Qax rayonu, Şotavar kəndində qeydiyytada olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs Dövlət Sərhəd Xidmətində xidmətə bərpa edəcəyini vəd etməklə etibarından sui-istifadə etməklə aldadaraq Zərərçəkmiş şəxs 5000 manat pulu xx xxxx 2019-cu il tarixdə ünvan 1 ünvanında ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs 5000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, o, Nərimanov rayonu, Böyükşor qəsəbəsində yaşayan zaman tanış olduğu Şahid2 ona əvvəllər Sərhəd xidmətində işləmiş lakin sonradan xidmətdən xaric olan bir şəxsin xidmətə bərpa olmaq istəməyindən söz açaraq ona bildirmişdir ki, həmin şəxsə kömək etmək lazımdır. O, Ələsgərlə razılaşmışdır. 2019-cu ilin iyun ayında 28 may metrosu yaxınlığında Ələsgər və onun haqqında danışdığı Zərərçəkmiş şəxsla danışmışdır. Ələkbər, ona əvvəllər DSX-da işlədiyini müəyyən səbəblərdən xidmətdən xaric olduğunu bildirmiş və xidmətə bərpa olunmaq istədiyini söyləmişdir. O, isə Ələkbəri xidmətə bərpa edə biləcəyini bunun üçün 5000 manat pul verməli olduğunu bildirmiş, bu pulu verdikdən sonra Ələkbəri növbəti 3 ay ərzində xidmətə bərpa etdirəcəyini söyləmişdir. Bir müddətdən sonra 2019-cu ilin iyul ayında Ələsgər ona Ələkbərin pulu hazırladığını onu gedib götürməli olduqlarını bildirmiş və onlar birlikdə Xəzər rayonu Türkan qəsəbəsinə Ələkbərin yaşadığı evə getmiş, orada masa arxasında oturmuşlar. Ələkbər və onun qaynı da oradaymış. Bir müddət söhbət etdikdən sonra Ələkbər pulu gətirərək qaynına vermiş qaynı pulu sayıb 5000 manat pulu ona vermiş, o, pulu götürüb saymışdır. Onlara narahat olmamalarını 3 ay ərzində Ələkbəri işinə bərpa olunacağını bildirmişdir. Bir müddət oturduqdan sonra pulu da götürüb Ələsgərlə birlikdə duraraq oranı tərk etmişdirlər. Daha sonra birlikdə Nərimanov rayonu, Böyükşor qəsəbəsinə yaşadığı evə gəlmişdir. O, Ələkbərdən aldığı pulları öz işləri üçün xərcləmiş, pulu Ələkbərin işinə bərpa olunması üçün istifadə etməmişdir. Növbəti günlərdə Ələkbər ondan işin aqibəti ilə bağlı maraqlandıqda o, Ələkbərə işin üzərində çalışdığını, həll edəcəyini bildirirmişdir. Bundan başqa o, ifadəsində bildirmişdir ki, Ələkbərdən pulu onu işə düzəltmək məqsədi ilə almış, lakin ondan aldığı pulu öz işlərinə xərcləmiş, Ələkbər ondan pulu istədikdə o, müxtəlif bəhanələrlə onu aldadaraq onun işinin üzərində çalışdığını bildirmiş, lakin heç bir iş görməmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəmək niyyətində olduğunu, himayəsində azyaşlı uşağının olmasını bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, o, 2009-2017-ci illərdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində müxtəlif vəzifələrdə işləmişdir. 2017-ci ildə xidmətdə yol verdiyi nöqsanlara görə xidmətdən xaric olunmuşdur. O, bundan sonra xidmətə bərpa olunmaq istədiyindən müxtəlif ünvanlara müraciət etsə də, xidmətə bərpa edilməyi mümkün olmamışdır. Bildirmişdir ki, 2019-cu ilin iyun ayında qaynı Şahid3 ona iş yoldaşı Sərxan adlı şəxsin qohumu Ələsgərin tanışının onun işini həll edəbiləcəyini bildirmişdir. Buna görə də, bundan bir müddət sonra o, 28 May metrosu yaxınlığında Ələsgər və onun tanışı olan Rəşidlə görüşmüş, onun işə bərpa olunma məsələsi ilə bağlı söhbət etmişdirlər, Rəşid ona yaxşı yerlərdə tanışlarının olduğunu bu əlaqələrindən istifadə edib onu Dövlət Sərhəd Xidmətindəki işinə bərpa edəcəyini, bunun üçün ona 7000 manat pul verməli olduğunu yalnız bundan sonra 3 ay ərzində işə bərpa məsləsinin həll ediləcəyini bildirmişdir. O, Rəşidə bildirmişdir ki, 7000 manat çoxdur buna imkanı çatmayacaq, ona biraz güzəşt etsin. Daha sonra Rəşidlə telefon danışığında Rəşid ona bildirmişdir ki, Sərxanla Ələsgərə görə bu işi 5000 manata həll edəcək, lakin, iş alınandan sonra yəni o, öz işinə bərpa olunandan sonra 1000 manat daha verməlidir. O, Rəşidlə razılaşmış və 2019-cu ilin iyul ayının əvvəllərində “xxxx” ASC-dən 5000 manat kredit müqaviləsi əsasında pul götürmüşdür. xx xxxx 2019-cu ildə Rəşid və Ələsgərlə birlikdə pulu Rəşidə vermək üçün Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Sovxoz ev “5B” ünavanına gəlmişdirlər. Bundan sonra Rəşid, Ələsgər, qaynı Seymur və o, birlikdə stol arxasında əyləşmişlər. Onlar bir daha onun işi ilə bağlı söhbətlər etmişlər, Rəşid bir daha bildirmişdir ki, 5000 manat pul qarşılığında bu məsləni həll edəcək və 3 ay ərzində onu Dövlət Sərhəd Xidmətinə işə bərpa edəcəkdir. Bundan sonra o, 5000 manat pulu gətirərək adlarını çəkdikləri şəxslərin yanında sayıb Rəşidə verməsi üçün Seymura vermiş, Seymur pulu sayıb Rəşid adlı şəxsə vermişdir. Rəşid pulu aldıqdan sonra ona bildirmişdir ki, heç bir narahatlığa ehtiyac yoxdur, ona tam arxayın ola bilər, onu 3 ay içində DSX-da xidmətə bərpa edəcəkdir. Bundan sonra Rəşid pulu cibinə qoyub Ələsgərlə birlikdə evi tərk etmişdirlər. İki-üç gündən sonra Rəşid ona zəng edərək tanış bir taksi göndərəcəyini öz şəxsiyyət vəsiqəsini, diplomunun və.s sürətlərini çıxarıb ona verməyini, taksinin bu sənədləri ona çatdıracağını bildirmişdir. O, taksiyə Rəşidin dediyi sənədləri vermişdir. Daha sonra Rəşid ona zəng edərək sənədlərinin çatdığını, bu məsələ ilə məşğul olduğunu qısa müddətdə həll olacağını bildirmişdir. O, vaxtaşırı Rəşidlə danışıb işlə maraqlanmış, Rəşid hər dəfə onu arxayın salaraq həll olacağını bildirmişdir. 2019-cu ilin noyabr ayında axşam vaxtı o, Rəşidin Böyükşor qəsəbəsində kirayə yaşadığı evə gedib, Rəşidlə bu haqda söhbət edib, Rəşidə ona 3 ay deməsinə baxmayaraq artıq 5 aydır ki, bir nəticə olmadığını bildirdikdə Rəşid ona bir adamla danışdığını qısa müddətdə işin həll olunacağını demişdir. Bir nəticə olmadıqda bir aydan sonra onunla bir daha telefonla danışmışdır. Rəşid ona bildirmişdir ki, danışmışdır onu çağıracaqlar. Daha sonra Rəşid ona zəng edərək DSX-nin baş idarəsinin yanında onu gözlədiyini, oraya gəlib bərpa ərizəsi yazmalı olduğunu bildirmişdir. O, həmin yerə getdikdə Rəşid ona zəng edərək başqa işi çıxdığından, oradan getməli olduğunu, onun özünün girib bərpa məzmunlu ərizə yazmağını, orada onu tapşırdığını, heçkimə heçnə deməməyini bildirmişdir. O, qəbul şöbəsinə girərək bərpa məzmunlu ərizə yazıb növbətçiyə təqdim edib çıxmışdır. Bundan sonra o, Rəşidə məxsus nömrələrlə əlaqə saxlamağa çalışsa da bu mümkün olmamışdır. 2020-ci ilin mart ayında ona bildirmişdirlər ki, onun işə bərpa məzmunlu ərizəsinə baxılmış və rədd edilmişdir. Bundan sonra o, Rəşid tərəfindən aldadıldığını anlamışdır. Bu günə qədər onunla əlaqə yaradıb pulunu geri almağa çalışsa da, bu mümkün olmamışdır. Bildirmişdir ki, Rəşid Allahveridzadə ona ümumilikdə 5000 manat maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyandan 1000 manat ödənilməsi tələb edilsə də, o bu məbləği qəbul etməmişdir, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirdi ki, təxminən 2019-cu ilin iyul ayında ona əmisi oğlu Ələsgər zəng edərək tanışı Ələkbərin 2017-ci ildən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində işindən xaric edildikdən sonra bir müddət işsiz qaldığını, Ələkbər bir neçə dəfə öz işinə bərpa olunmaq istəsə də bu cəhdlərin uğursuz olduğunu bildirmiş və ondan köməklik etməsini xahiş etmişdir. O, tanışları ilə danışacağını və xəbər edəcəyini bildirmişdir. O, Ələsgərə zəng edərək iş yoldaşı Xəyyamın bir tanışının olduğunu həmin şəxsin Ələkbərə xidmətə bərpa olunmaqda kömək edəcəyini bildirmişdir. Bundan sonra Xəyyamın tanışı olan Rəşidin bunun müqabilində 5000 manat pul istəyərkən və Ələkbərdən həmin pulun alınarkən orada iştirak etməmişdir. Lakin, həmin pulun Ələkbərdən alınmasını və Rəşidin Ələkbəri aldatmasını bilmişdir. Bir dəfə həmin pulun geri alınması üçün Rəşidin evinə Qax rayonuna getmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, təxminən 2019-cu ilin iyul ayında iş yoldaşı Ələsgər ona zəng edərək bir tanışının olduğunu həmin şəxsin Ələkbərə xidmətə bərpa olunmaqda kömək edəcəyini bildirmişdir. Rəşid adlı şəxsi Ələkbərlə tanış etmişlər. Bundan sonra o, Ələkbər, Seymur və Rəşid birlikdə evdə stol arxasında əyləşmişlər, Rəşid Ələkbərin işə bərpa edilməsi ilə bağlı bildirmişdir ki, onun yaxşı yerlərdə tanışları vardır, 5000 manat pul müqabilində o, X3 Xidmətindəki işinə bərpa edəcəkdir. Bundan sonra Ələkbər 5000 manat pulu gətirərək sayıb Rəşidə verməyi üçün ona vermiş o, pulu sayıb Rəşidə vermişdir. Bundan sonra Rəşid bildirmişdir ki, narahat olmasın Ələkbər 3 aydan sonra əvvəlki işinə bərpa olunacaqdır. Bundan sonra Ələsgərlə birlikdə evi tərk edib getmişdirlər. bundan uzun müddət keçsə də, Rəşid Ələkbərin işi ilə bağlı heç bir iş görməmiş, hər-dəfə onu müxtəlif bəhanələrlə aldatmışdır. Bu günə kimi verilmiş pulu qaytarmamışdır. Bir dəfə həmin pulun geri alınması üçün Rəşidin evinə Qax rayonuna getmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, təxminən 2019-cu ilin iyul ayında əmisi oğlu Sərxana zəng edərək tanışı Ələkbərin 2017-ci ildən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində işindən xaric edildikdən sonra bir müddət işsiz qaldığını, Ələkbər bir neçə dəfə öz işinə bərpa olunmaq istəsə də bu cəhdlərin uğursuz olduğunu bildirmiş və ondan köməklik etməsini xahiş etmişdir. Sərxan ona bir tanışının olduğunu həmin şəxsin Ələkbərə xidmətə bərpa olunmaqda kömək edəcəyini bildirmişdir. Rəşid adlı şəxsi Ələkbərlə tanış etmişlər. Bundan sonra o, Ələkbər, Seymur və Rəşid birlikdə evdə stol arxasında əyləşmişlər, Rəşid Ələkbərin işə bərpa edilməsi ilə bağlı bildirmişdir ki, onun yaxşı yerlərdə tanışları vardır, 5000 manat pul müqabilində o, X3 Xidmətindəki işinə bərpa edəcəkdir. Bundan sonra Ələkbər 5000 manat pulu gətirərək sayıb Rəşidə verməyi üçün ona vermiş o, pulu sayıb Rəşidə vermişdir. Bundan sonra Rəşid bildirmişdir ki, narahat olmasın Ələkbər 3 aydan sonra əvvəlki işinə bərpa olunacaqdır. Bundan sonra Ələsgərlə birlikdə evi tərk edib getmişdirlər. Bundan uzun müddət keçsə də, Rəşid Ələkbərin işi ilə bağlı heç bir iş görməmiş, hər-dəfə onu müxtəlif bəhanələrlə aldatmışdır. Bu günə kimi verilmiş pulu qaytarmamışdır. Bir dəfə həmin pulun geri alınması üçün Rəşidin evinə Qax rayonuna getmişlər. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs onun bacısının yoldaşıdır. Ələkbər 2017-ci ildən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində işindən xaric edildikdən sonra bir müddət işsiz qalmışdır. Ələkbər bir neçə dəfə öz işinə bərpa olunmaq istəsə də bu cəhdlər uğursuz olmuşdur. Təxminən 2019-cu ilin iyul ayında Ələkbər ona onun qardaşı Xəyyamın bir tanışının olduğunu həmin şəxsin ona xidmətə bərpa olunmaqda kömək edəcəyini bildirmişdir, lakin, bunun müqabilində 5000 manat pul istədiyini demişdir. Bundan sonra Ələkbər Bankdan kredit əsasında 5000 manat pul götürmüşdür. 2020-ci ilin iyul ayının 23-ü axşam 20:00 radələrində Ələkbər iki şəxslə birlikdə yaşadıqları Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Savxoz küçəsi ev 5B-yə gəlmişlər, burada həmin şəxslərin adlarının Rəşid və Ələsgər olduqları ona məlum olmuşdur. Onlarla birlikdə evdə stol arxasında əyləşmişlər, Rəşid Ələkbərin işə bərpa edilməsi ilə bağlı bildirmişdir ki, onun yaxşı yerlərdə tanışları vardır, 5000 manat pul müqabilində o, X3 Xidmətindəki işinə bərpa edəcəkdir. Bundan sonra Ələkbər 5000 manat pulu gətirərək sayıb Rəşidə verməyi üçün ona vermiş o, pulu sayıb Rəşidə vermişdir. Bundan sonra Rəşid bildirmişdir ki, narahat olmasın Ələkbər 3 aydan sonra əvvəlki işinə bərpa olunacaqdır. Bundan sonra Ələsgərlə birlikdə evi tərk edib getmişdirlər. Bundan uzun müddət keçsə də, Rəşid Ələkbərin işi ilə bağlı heç bir iş görməmiş, hər-dəfə onu müxtəlif bəhanələrlə aldatmışdır. Bu günə kimi verilmiş pulu qaytarmamışdır. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1977-ci ildə Qax rayonunda doğulmuş Təqsirləndirilən şəxs Sumqayıt Hərbi Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən AR CM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 01 il azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. xx.xx.2010-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Hazırda məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan suiistifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsinə təşəbbüs etməsini (zərərçəkmiş şəxs tərəfindən həmin məbləğ (1000 manat) qəbul edilməmişdir) cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, ictimai iş, islah işi, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx xxx 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixdədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixdədək həbsdə saxlanıldığı 01 (bir) ay 10 (on) gün müddət ümumilikdə 01 (bir) ay 11 (on bir) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Qax rayonu, Şotavar kəndini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qax rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Qax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, ümumilikdə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar