Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-56/2025 06.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq xx.xx.2024cü il tarixdə saat 14 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində olan Mida yaşayış kompleksində kirayədə yaşadığı evdə arvadı X5 ilə aralarında ailə məişət münasibətləri zəmnində, yəni onun dostları ilə görüşməsinə narazı olması səbəbindən yaranmış mübahisə zamanı əlindən tutaraq qəsdən burub yerə yıxmış, yerdə təpik zərbələri ilə bədəninin müxtəlif nahiyyələrinə zəbələr endirib döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı yetirməklə və psixi iztirablar verməklə sonuncuya alının qırmızımtıl-göyümtül rəngli çapıq toxuması əzilmiş yara izi olub; sağ və sol bazunun, sağ dirsəyin, sol budun qançırları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ diz oynağının yumşaq toxumalarının əzilməsi, sağ əli İV barmağın orta falanqasının yerdəyişməyən, bitişmiş köhnə sınığı, İV barmağın uc falanqasının açıcı vətərinin distal ucdan travmatik qopması ilə nəticələnən sağlamlığa yüngül dərəcəli bədən xəsarəti, xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində olan Mida yaşayış kompleksində kirayədə yaşadığı evdə arvadı X2 nənəsinin ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı saçından tutaraq başını divara çırpıb döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı yetirməklə və psixi iztirablar verməklə sonuncuya alının qırmızımtıl-göyümtül rəngli çapığı ilə nəticələnən sağlamlığa yüngül dərəcəli bədən xəsarəti, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində olan Mida yaşayış kompleksində kirayədə yaşadığı evdə aralarında qısqanclıq zəmnində yaranmış mübahisə zamanı şillə ilə vurub hər iki qol və çiyin nahiyyələrinə yumruq zərbələri endirib döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı yetirməklə və psixi iztirablar verməklə sonuncuya sağ bazunun yuxarı üçdə birinin qançırı ilə nəticələnən sağlamlığa yüngül dərəcəli bədən xəsarəti, xx.xx.2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində özünə məxsus "Hyundai Getz" markalı, ** KZ *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda arvadı X3 aralarında ailə məişət münasibətləri zəmnində yaranmış mübahisə zamanı saçından tutaraq başını avtomobilin şüşəsinə vurub, daha sonra bədəninin müxtəlif nahiyyələrinə qəsdən zərbələr endirək döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı yetirməklə və psixi iztirablar verməklə sonuncuya sağ və sol bazunun, sağ dirsəyin, sol budun qançırı dərəcələrinə görə sağlamlığı zərər vurmayan bədən xəsarətləri yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan xəsarətlər yetirməklə əzab vermişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs onun arvadıdır. Ailə qurandan sonra Şəhriyyə ilə aralarında qısqanclıq zəmindən və digər səbəblərdən mübahisələri olmuşdur. Hal- hazırda boşanma işləri Xəzər Rayon Məhkəməsinin icraatındadır. 11 aprel 2024- cü il tarixdə saat 23 radələrində o, dostları ilə kafeyə gedən zaman Şəhriyəyə bildirmişdir ki, «evǝ nə vaxt gedəcəksən gəlim səni götürüm sonra gec olacaq», çünki Şəhriyyə, atasıgildə olmuşdur. Şəhriyyə onun dostlarının yanında olmağına narazılıq edib onlarla görüşməməyini bildirdiyi üçün oda cavab olaraq elə isə onunda atasıgildə olmayacağını, gəlib onu aparacağını demişdir. Telefonda mübahisə olmuş və o, Şəhriyyənin dalınca ünvana getmişdir. Şəhriyyə maşına oturmuş, onlar maşında olanda o, Şəhriyyənin hərkətinə irad bildirib onu danlamağa başlamış, lakin Şəhriyyə sakit durmayaraq maşın şit hissəsinə təpiklər, yumruqlar vurub ona əl qol atmışdır. O, da Şəhriyyənin bu hərəkətlərini sakitləşdirmək üçün əli ilə zərbələrinin qarşısını almağa çalışmışdır. Bu an Şəhriyyə onun sağ qolundan dişləmiş və əlini atıb maşının qapısını açıb özünü atmaq isdəyəndə o, qapının açılmasına imkan verməmişdir. Sonra o, Şəhriyyəni atasıgilin evinə qaytarmışdır. xx.xx.2024-cü il tarixdə anası maşında onun yanında oturmuş və onlar görüntülü Şəhriyyəyə yığıb danışmışlar. Həmin gün Suraxanı rayonu, Mida yaşayış kompleksində fərdi yaşayış evlərində anasının avtomobildə qabaq oturcaqda əyləşməsi səbəbindən Şəhriyyə mübahisə yaratmışdır. Bundan başqa 08 mart 2024-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan-Mida yaşayış kompleksində kirayədə yaşadığı fərdi yaşayış evində bayram təbriki ilə əlaqədar olaraq Şəhriyyə ilə birlikdə ailə üzlərinə baş çəkməyə getmişdir. Həmin gün aralarında ailə məişət münasibətləri zəmnində münaqişə düşmüşdür. Şəhriyyə münaqişə zəmnində üzünü cırmaqlamışdır. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs ilə xx.xx.2023-cü il tarixdə ailə həyatı qurmuş, birgə nikahdan övladları yoxdur. Onlar ailə qurandan sonra Bakı şəhəri, Suraxanı rayonu, Hövsan Mida yaşayış kompleksində kirayədə yaşamağa başlamışlar. Təqsirləndirilən şəxs ilə ailə həyatı qurandan sonra müxtəlif səbəblərdən aralarında mütəmadi olaraq münaqişələr baş verməyə başlamış, hər dəfə münaqişə olandan sonra Sənan onu döyüb işgəncə verirmiş. İlk dəfə onu döyəndə hüşunu itirmiş, köməksiz vəziyyətdə yerdə qalmış, vəziyyətini görüb qorxduğu üçün özü X15 zəng etmiş, lakin əməkdaşlara guya özünü pis hiss etdiyi üçün huşunu itirdiyini demişdir. Sənan ilə kirayədə yaşadığı evdə xx.xx.2024-cü il tarixdə saat 14 radələrində ailə məişət münasibətləri zəmnində münaqişə düşmuşdur. Belə ki, Sənan dostları ilə görüşmək istəyirdi, o, da onun dostlarının düzgün yolda olmadığını düşündüyü üçün etiraz etmiş və bu zəmində aralarında mübahisə düşmüşdür. Bu zaman Sənan qəsdən əlləri ilə sağ əlini tutub buraraq, 4-cü barmağını sındırmış, digər barmaqlarının çıxmasına səbəb olmuşdur. Həmin gün ailənin evinə getmək istəsə də, ona icazə verməmiş, getmək istədiyi üçün sillə ilə üz nahiyyəsindən bir neçə dəfə zərbələr endirmişdir. Bundan sonra sağ əlinin barmaqlarının şişdiyini görüb onu, ilk olaraq Mərdəkən qəsəbəsindəki 26 saylı xəstəxanaya aparmışdır. Orada maşından düşüb siqaret çəkən zaman onun vəziyyətinin yaxşı olmadığını görüb, özünü necə hiss etdiyini soruşmuşdur. O, isə barmaqlarının ağrıdığını bildirmişdir. Sənan onu həmin xəstəxanada düşürtməmişdir ki, xəsarət almağı ilə bağlı polisə məlumat verilməsin. Bu səbəbdən Zirə qəsəbəsində yaşayan sınıqçı kimi hamının tanıdığı Səriyyə Yunusovanın yanına aparmış, lakin əvvəlcədən ona barmaqlarının nə üçün bu hala düşdüyünü kimsə soruşduqda guya yıxıldığını, barmaqlarının üstünə düşdüyü üçün sındığını deməyini istəmişdir. Səriyyə əlinə baxan kimi yıxılmaya oxşamadığını bildirmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixidə saat 15 radələrində yaşadıqları mənzildə mübahisə baş vermişdir. Mübahisə baş verməsinə səbəb onun nənəsigilə getmək istəyi olmuşdur. Sənan isə heç bir səbəb olmadan onların arxası ilə ünvanlarına nalayiq ifadələr işlətmişdir. O, Sənana irad bildirdiyi üçün sonuncu onu döymüşdür. Sənan onun saçından tutub bir neçə dəfə qəsdən divara vurmuşdur. Bu zaman başından qan axmağa başlamışdır. Həkimə getmək istəsə də, Sənan buna icazə verməmişdir. Onu döyüb işgəncə verməsini ailəsinə desə də, onlar öz oğullarına haqq qazandırmışlar. Sənan evləndikdən sonra onun narkotik istifadə etdiyini öyrənmişdir. İstifadə etdikdən sonra hər dəfəsində onu şiddətli şəkildə döyüb əzab vermişdir. xx.xx.2024-cü il tarixdə axşam radələrində kirayədə yaşadıqları evdə olan zaman telefonda aralarında münaqişə yaranmışdır. Təxminən bir neçə saat sonra anası Sevinc ilə birlikdə evə gəlmişdir. Evə girdiyi an anasının gözü qarşısında onu vəhşicəsinə döymüşdür. Həmin vaxt hamilə olduğunu həm özü, həm də anası bilmişdir. Lakin anası Sənanın onu döydüyünü gördüyü halda heçnə deməmişdir. O, mətbəxə gedib qapını bağlayıb içəri keçmişdir. Həmin vaxt özümü balkondan aşağı atmaq istəmişdir. Bundan qorxduqları üçün anası Firuzəyə zəng edərək onun qapını bağladığını, özünə zərər verəcəyini deyərək çağırmışlar. Atası və anası gələrək onu qanlar içində görmüşlər. Qayınanası onları çölə çıxararaq yalandan guya bütün günahın onda olduğunu, oğullarına cavab qaytardığını, onlara hörmətsizlik etdiyini demişdir. 2 həftə sonra yenidən onu amansızcasına döydüyü üçün qanaxması olmuş, buna görə də həkimə getmişdir. Həmin vaxt həkim ona uşağın tələf olduğunu, təcili əməliyyat olunaraq və ya dərman vasitəsilə onu bədənindən çıxarmağını, əks təqdirdə zəhərləcəyini, fəsadlar törədəcəyini bildirmişdir. O və ailəsi, onun övladının tələf olmasına səbəb olmuşdur. Bundan başqa xx.xx.2024-cü il tarixində axşam 23:00 radələrindən səhər saat 05:00 radələrinə qədər dayanmadan onu amansızcasına döymüşdür. Başını dəfələrlə həm divara, həm də döşəməyə vurmuşdur. xx.xx.2024-cü il tarixində anasına olanları xəbər vermiş, atası və anası gələrək onun nə hala düşdüyümü görmüşlər. İşə getdiyi zaman iş yoldaşları da üzündəki göyərmələri görmüşlər. xx.xx.2024-cü il tarixində iş saatının bitməsinə 3 saat qaldığı vaxt ona zəng edərək təcili evə gəlməyini demişdir. O, də qorxduğu üçün məcbur olub, işdən icazə almağa vaxt belə tapmadan evə getmişdir. Saat 18 radələrində qapıdan içəri daxil olduğu anda səbəbsiz yerə şillə vurub, hər iki qol nahiyyəsinə, çiyninə yumruq zərbələri endirməyə başlamışdır. Sonra hər iki qolundan bərk tutaraq onu divara vurmuşdur. Həmin gün onu elə vəziyyətdə ağrılar içində qoyaraq qapını bağlayaraq evdən çıxıb getmişdir. Ondan qorxduğu üçün zəng edib heç kəsdən kömək istəyə bilməmişdir. Onun bu hərəkətləri nəticəsində bədəninin müxtəlif yerlərində xəsarətlər yaranmışdır. xx.xx.2024-cü il tarixdə Zirə qəsəbəsində ailəsinin evində olmuşdur. Sənan ona zəng edərək gecə dostlarının yanında olacağını, onu Hövsan qǝsəbəsinə atasının evinə aparmasını demişdir. Bu zaman ona dostlarıyla istədiyi qədər vaxt keçirməsini, amma axşam gəlib onu evə aparmasını xahiş etmişdir. Bu zaman o, qışqırmağa başlayaraq ona "gör indi gəlib səni nə hala salacam, sən mənim dostlarımla vaxt keçirməyə qoymursan, çıx qapıya gəlirəm" demişdir. O, Sənana məxsus "Hyundai Getz" markalı avtomobildə əyləşəndən sonra hər iki qollarına, ayaqlarına, bud hissəsinə yumruqla vuraraq müxtəlif bədən xəsarətləri yetirmişdir. Eyni zamanda saçından tutaraq başını avtomobilin pəncərəsinə vurmuşdur. Təxminən 20 dəqiqə ərzində maşınla ətrafda dövrə vuraraq, Zirə qəsəbəsi ərazisində müxtəlif bədən xəsarətləri yetirməyə davam etmişdir. Evlərinin qarşısına çatdıqda o, qışqırmağa başlamışdır. Onun səsinə anası evdən çıxmış, Sənan onun gözü qarşısında maşında onu amansızcasına döyməyə davam etmişdir. Anası avtomobilin pəncərəsinə vuraraq onu dayandırmağa çalışsa da, Sənan buna əhəmiyyət verməmişdir. Anası güc bəla ilə onu Sənanın əlindən almışdır. Daha sonra atası da gəldikdən sonra o, çıxıb getmişdir. Daha sonra həmin gecə ona mesaj yazaraq danışmalı olduqlarını, gəlib onu aparacağını demişdir. O, da ailəni dağıtmamaq üçün son dəfə danışmaq üçün onunla Hövsanda yaşadıqları ünvana getmişdir. Səhəri gün qayınanası, qayınatası və baldızısı ora gəlmişlər. Onlar Sənana "sən Şəhriyyəyə hər dəfəsində şans verirsən, onu başına çıxarmısan" demişlər. O, da Sənanın ona yox, onun Sənana şans verdiyini, hər dəfə başını partlatdıqda, barmaqlarını sındırdıqda onun günahından keçdiyini demişdir. Bu zaman qayınatası "zirəyə gedək, mən orada oğlumla danışacam" dedi. Lakin maşına mindikdə Sənan ona “bundan sonra bir də Hövsana getməyəcəklərini, artıq ailəsi ilə birlikdə yaşayacaqlarını” dedikdə, o, Sənana onun orada yaşamaq istəmədiyini demişdir. Sənan ona “ya yaşayarsan, ya da boşanarıq” dedikdə, o, da “özün bilərsən” demişdir. Daha sonra onu ailəsinin yaşadığı evə aparmışdır. Təqsirləndirilən şəxslə barışmadığını bildirərək, ona ağır cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış Şahid1 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində olan "Lana Beauty" adlı saç salonunda 2024-cü ilin mart ayının əvvəlindən başlayaraq həm kassada oturmuş, həm də işçilərə nəzarət etmişdir. X4 həmin saç salonunda dırnaq ustası kimi işləmişdir. Şəhriyyə ondan bir neçə gün əvvəl işə başlamışdır. Təxminən mart ayının ortalarında Şəhriyyə işə gəlməyəndə hansı səbəbə gəlməməsini soruşmaq üçün Şəhriyyənin mobil telefonuna zəng vurmuşdur. Telefona Şəhriyyənin əri Sənan cavab vermiş, arvadı Şəhriyyǝyǝ zəng vurmağını işə hansı səbəbə gəlməməyini maraqlanmağını irad kimi bildirib, onun ünvanına nalayiq ifadələr işlətmişdir. Şəhriyyə işə gələndə üz və qol nahiyyələrində xəsarət izlərinin olduğunun şahidi olmuşdur. Şəhriyyənin özündən soruşanda ilk olaraq deməmiş, lakin işə gələndən sonra mütəmadi olaraq kefsiz olmasından və ağlamasından hiss etmişdir ki, ailə problemi var və əri tərəfindən döyülür. Bir müddət birlikdə işləyəndən sonra Şəhriyyə əri Sənan tərəfindən döyüldüyünü və işgəncələr verildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış X8 ifadəsində bildirmişdir ki, Şəhriyyə və əri Sənanı kənd sakini kimi tanıyır, onların toyunda iştirak etmişdir. Tibbi diplomu yoxdur, lakin sınıq və çıxıq xəsarətlərinin ilkin müayinəsindən başı çıxır, kənd sakinləri olur ki, çıxıq xəsarətləri alıb yanına gəlirlər, oda çıxığın salınmasına köməklik edir. 2024-cü ilin təxminən yanvar ayında, axşam radələrində Şəhriyyə öz əri Sənan ilə birlikdə onlara gəlmişdir. Şəhriyyə bildirmişdir ki, stolun üzərinə çıxıb, ətçəkən maşını mebelin üzərinə qoymaq istəyəndə, yıxılıb və əlindən xəsarət alıbdır. Oda Şəhriyyənin əlinə baxmış, rentgenə getməli olduğunu bildirmişdir. Çünki Şəhriyyənin əlində şişkinlik çox olmuşdur. Şəhriyyənin əlində xəsarətlər ciddi olmuş, düşünmüşdür ki, sınıq ola bilər, bu səbəbdən ona həkimə müraciət etməsini məsləhət vermişdir. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış Şahid4 bildirdi ki, qızı Şəhriyyə xx.xx.2023-cü il tarixində Təqsirləndirilən şəxs rəsmi nikaha daxil olmuşdur. xx.xx.2023-cü il tarixində yaşamaq üçün Bakı şəhəri Suraxanı rayonu Hovsan qəsəbəsi MİDA yaşayış kompleksində yerləşən mənzilə köçmüşlər. Qızı onlara deməsə də, sonradan öyrənmişlər ki, ilk vaxtlardan mübahisələri yaranmışdır. Daha sonra Şəhriyyə Sənanın ona fiziki şiddət göstərdiyini demişdir. Sonra Şəhriyyənin barmağındakı şişlikləri və göyərmələri gördükdən sonra onu sınıqçıya aparmışdır. Artıq həmin vaxtdan etibarən bilmişdir ki, Sənan qızına qarşı fiziki şidət göstərir. Qızı bunları ona danışsa da, ailəsinin dağılmasını istəmədiyi, zamanla onun düzələcəyini dediyi üçün ondan bunları atasına deməməyini xahiş etmişdir. Daha sonra bir neçə dəfə də qızının Sənan tərəfindən döyüldüyünü bilmişdir. 2024-cü il fevral ayının əvvəllərində qızının hamilə olduğunu öyrənmişdir. 2024-cü ilin fevral ayında Sənan ona zəng edərək Şəhriyyənin mətbəxə keçərək qapını bağladığını, onu çağırdıqda cavab vermədiyini, onun özünə zərər verəcəyindən qorxduğu üçün ona təcili Hövsana gəlməli olduğunu demişdir. O, da işdən icazə aldıqdan sonra həyat yoldaşına zəng edərək işdən icazə alıb Hövsana getməsini demişdir. O, qızının yaşadığı mənzilə çatdığı zaman, evdə əşyaların yerlǝbir olduğunu görmüş və bu zaman mətbəxin qapısını döyüb qızını çağırmış, ondan qapını açıb çölə çıxmasını istəmişdir. Qızı yalnız onların evdən çıxdıqları halda qapını açacağını demişdir. Sənangil çölə çıxdıqdan sonra qapını açdığı zaman Şəhriyyənin üzünün qanlı olduğunu, şişib göyərdiyini görmüşdür. xx.xx.2024-cü il tarixində qızı ona mesaj yazaraq dünəndən Sənanın onu vəhşicəsinə döydüyünü, halının pis olduğunu demişdir. Həmin gün atası ilə birlikdə qızının yanına getmişdir. Getdiyi zaman Şəhriyyənin üzünün, boynunun, alnının göyərdiyini, şişdiyini görmüşdür. xx.xx.2024-cü il tarixində qızı onların yaşadığı ünvan 2 ünvanında yerləşən evlərinə qonaq gəlmişdir. Sonra tez-tələsik ona Sənanın gəldiyini, əsəbi olduğunu deyib getmişdir. Təxminən 20 dəqiqədən sonra yolda səslərin gəldiyini eşitmişdir. Çölə çıxdığı zaman Sənanın maşının içində qapıları bağlayaraq qızını döydüyünü, saçların yolduğunu, yumruqlar vurduğunu görmüşdür. Qapını açması üçün qışqırıb maşının pəncərələri döysə də əvvəlcə qapını açmamış. Qapını açdığı zaman qızını götürüb evə aparmışdır. Həmin gecə Sənan qızına mesaj yazaraq danışmaq istədiyini demiş, Şəhriyyəni götürüb Hövsana aparmışdır. Lakin onunla heçnə danışmayıb, səhəri gün Sənanın atası, anası, bacısı gələrək onları götürüb qızını Zirə qəsəbəsində yerləşən onların evinə aparmışlar. Məhkəmə iclasında Şahid5 verdiyi ifadəsində Şahid4 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun bildirdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə digər Şahid6 Allahverdi qızı verdiyi ifadəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. O, X5 ilə 2023-cü ildə rəsmi nikaha daxil olmuşdur. Toydan sonra köçərək yaşamaq üçün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, MİDA yaşayış kompleksində yerləşən mənzildə yaşamağa başlayıblar. Təqsirləndirilən şəxs həyat yoldaşı Şəhriyyəyə qarşı həmişə diqqətcil olub, onu döyməyib, heç vaxtda incitmiyib. Hətta Sənan ailə qurandan sonra Şəhriyyə onunla görüşlərinə də narazılıq etdiyi üçün ailəsində söz- söhbət yaranmaması üçün Şəhriyyənin dediyi ilə oturub durmuşdur. 2024-cü ilin fevral ayında oğlu Sənan ilə birlikdə sonuncuya məxsus "Hyundai Getz" markalı avtomobildə qabaq oturacaqda əyləşmişdir. Sənan yolda olan zaman birgə şəkillərini çəkmiş və həmin şəkli arvadı Şəhriyyə Əlizadəyə göndərmişdir. Bundan sonra Şəhriyyə mesaj yazaraq Sənana “anan mənim yerimdə oturub” demişdir. Sənan da həmin yazını görüb, arada sakitliçilik yaratmaq üçün, görüntülü Şəhriyyəyə yığmışdır. Şəhriyyə salam vermədən, onun ərinin yanında oturmusan sözlərini işlətmiş, o, Şəhriyyəni yenə də əzizləmiş və kobudluq etməmişdir. Buna baxmayaraq, Şəhriyyə onunla pis danışmışdır. Onlar Sədərək ticarət mərkəzinə gedəndən sonra Sənanın arvadı Şəhriyyə ilə birlikdə yaşadıqları evə getmişlər. Əvvəl o, qalxmasada sonradan Sənan zəng vurmuş və evə qalxmağını istəmiş, o, da qalxmışdır. Telefonda Sənan yığanda artıq səs-küyü eşidirmiş, Şəhriyyə evə qalxan kimi, ona oğlun Sənanı götür get sözlərini işlətmişdir. Həmin vaxt Sənanın ağzından qan gəldiyini görmüş, Şəhriyyə digər otağa keçib, qapını bağlamışdır. Bir müddət sonra Şəhriyyənin anası atası gəlmiş və onlar birlikdə evdən çıxıb getmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində şahid X6 qeyd etmişdir ki, X4 ilə qonşu yaşayır. xx.xx.2024-cü il tarixdə axşam saatlarında küçədən səs-küy eşidib, həyətə çıxmışdr. Həmin vaxt şahidi olmuşdur ki, qonşusu Sənan "Hyundai Getz" markalı avtomobilin içərisində arvadı Şəhriyyəni döyür. Onları çətinliklə Firuzə aralamış, Şəhriyyə öz evlərinə girmək istəsədə, Sənan onların arxası ilə evə girib Şəhriyyəni döymək istəyirmiş. Lakin buna Firuzə mane olmuş, Şəhriyya gələndən sonra isə qorxub dayanmış və çıxıb getmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X14-Təcrübi və Tədris Birliyinin 26 aprel 2024-cü il tarixli, 317 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər alının qırmızımtıl-göyümtül rəngli çapıq toxuması əzilmiş yara izi olub; sağ və sol bazunun, sağ dirsəyin, sol budun qançırları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ diz oynağının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmişlər. Törənmə müddətləri: Sağ əlin İV barmağın orta falanqasının yerdəyişməyən, bitişmiş köhnə sınığı, İV barmağın uc falanqasının açıcı vətərinin distal ucdan travmatik qopmasının törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 3-4 ay əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə; alının qırmızımtıl-göyümtül rəngli çapıq toxumasının törənmə müddəti onun məhkəmə-tibb müayinəsindən 3-4 ay əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə; sağ bazunun yuxarı üçdə birinin qançırının törənmə müddəti onun məhkəmə-tibb müayinəsindən 7-8 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə; sağ və sol bazunun, sağ dirsəyin, sol budun qançırları və ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ diz oynağının yumşaq toxumalarının əzilməsinin törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 6-7 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə; uyğun gəlir. Qeyd olunan xəsarətlərdən; alının qırmızımtıl-göyümtül rəngli çapıq toxuması, sağ əlin İV barmağın orta falanqasının yerdəyişməyən, bitişmiş köhnə sınığı, İV barmağın uc falanqasının açıcı vətərinin distal ucdan travmatik qopması, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ diz oynağının yumşaq toxumalarının əzilməsi istər birlikdə, istərsədə ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa Yüngül dərəcəli zərərvurmaya aiddirlər; sağ və sol bazunun, sağ dirsəyin, sol budun qançırları isə istər birlikdə, istərsədə ayrı ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X14- Təcrübi və Tədris Birliyinin xx.xx.2024-cü il tarixli, 22-ə/317 nömrəli ekspert rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə «Diaqnoz» Tibb Mərkəzində icra olunmuş USM-də 5-6 həftəlik hamiləlik qeyd olunmuşdur. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə «Diaqnoz» Tibb Mərkəzində icra olunmuş USM-də hamiləlik qeyd olunmamışdır (hamilə olmadığı müəyyən edilir). Ş.Ş.Əlizadǝin hamiləliyinin pozulması barədə tibb müəssisəsində tərtib olunmuş sənəd olmadığından və bu barədə heç bir tibb müəssisəsinə müraciət etmədiyindən hamiləliyin pozulmasının travma ilə bağlı olubolmaması barədə konkret fikir söyləmək mümkün deyil; İş materiallarında olan: - xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 12:45də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 133.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi M.Cəfərov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur; - Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 133.1-ci maddəsindən Həmin Məcəllənin 133.2.2, 133.2.6-cı maddələrinə tövsif edilmişdir; - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi M.Cəfərov tərəfindən Azərbaycan Respublikasının CM-nin 133.2.2, 133.2.6-cı maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4 (003)-202/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsinə dair təqdimat təmin edilməmişdir; - Qətimkan tədbirinin seçilməsinə dair xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir; - cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 133.2.2, 133.2.6-cı maddələrindən Həmin Məcəllənin 133.2.6-cı maddəsinə tövsif edilmişdir; - Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 133.2.6cı maddəsi ilə yeni ittiham elan edilmişdir; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X7 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X7 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, onun törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 133.2.6-cı maddəsindən, Azərbaycan Respublikası CM-in 133.1-cü maddəsinə tövsif edilməli və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-in 133.1-ci maddəsinə əsasən “Bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə” cinayət məsuliyyətinə səbəb olur. Həmin Məcəllənin 133.2.6-cı maddəsinə əsasən eyni əməllər işgəncə verməklə törədildikdə əməl həmin maddə ilə tövsif edilir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Belə ki, Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin mənasına görə məhkəmə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham daxilində işə baxır. İttiham aktında isə işgəncə verilməklə törədilməsi öz əksini tapmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs qarşı CM-in 133.2.6-cı maddəsi ilə verilmiş ittihamla razılaşmır və hesab edir ki, həmin maddə ilə ittiham səhv verilmişdir. Məhkəmə bu qənaətə gələrkən qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs niyə görə məhz işgəncə verilməklə əzab vermə maddəsi ilə ittiham verilməsi ittihamda əsaslandırılmamış, onun əməllərinin hansı səbəbə görə və hansı kriteriyalar nəzərə alınmaqla işgəncə hesab olunması göstərilməmişdir. Halbuki, təqsirləndirilən şəxsə verilmiş ittiham dəqiq və əsaslandırılmış olmalıdır. Əlavə olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası CM-in 293-cü (İşgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza) maddəsinin qeydində göstərilmişdir ki, “Bu maddədə, habelə bu Məcəllənin digər maddələrində “işgəncə” dedikdə şəxsin özündən və ya digər şəxsdən məlumat və ya etiraf almaq, yaxud onu və ya digər şəxsi qorxutmaq, özünün və ya digər şəxsin törətdiyi və ya törədilməsində şübhəli bilindiyi əmələ görə cəzalandırmaq, iradəsi əleyhinə hər hansı əməli törətməyə məcbur etmək məqsədilə və ya ayrı-seçkiliyə əsaslanan hər hansı səbəbdən ona güclü fiziki ağrı və ya psixi iztirablar vermə başa düşülür. Göründüyü kimi yuxarıda qeyd edilən maddənin qeydində işgəncəyə verilən tərifin məzmunu Azərbaycan Respublikası CM-in 133.1-ci maddəsinin məzmunu ilə eynilik təşkil edir. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan cinayət kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən Təqsirləndirilən şəxs əməlini əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə tövsif etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsindən CM-nin 133.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə təqsirləndirilən şəxsin CM-nin 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 133.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində ona elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsindən, həmin Məcəllənin 133.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 133.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №1(003)-56/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-56/2025
06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver