Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-560/2023 17.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1990-cı il tarixdə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Beyləqan rayonu “Bahar” qəsəbəsində yaşamış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-167/2023 saylı 01 aprel 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 30 mart 2023-cü il tarixdən hesablanan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə təkrarən dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs vahid niyyətlə əhatə olunmaqla aldatma yolu ilə özgə əmlakını ələ keçirmək niyyətilə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək 14 iyul 2022-ci il tarixdə təxminən saat 20 radələrində Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq massivində 2000 manat, 19 iyul 2022-ci il tarixdə təxminən saat 17 radələrində Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən “Dostlar” kafesində isə 500 manat pulunu torpaq sahəsinə çıxarış alacağını vəd verib aldadaraq ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs4 2500 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs aldatma yolu ilə özgə əmlakını ələ keçirmək niyyətilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək 29 oktyabr 2022-ci il tarixdə təxminən saat 12 radələrində Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Mərdəkan körpüsünün yaxınlığında Koreya Respublikasından 2015-ci il istehsalı olan “KİA Sportage” markalı avtomobil gətirəcəyini vəd verib aldadaraq 7000 manat, yəni xeyli miqdarda pulunu alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs1 həmin məbləğdə ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs aldatma yolu ilə özgə əmlakını ələ keçirmək niyyətilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək 2022-ci ilin noyabr ayının əvvəllərində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yaşayış massivində Koreya Respublikasından 2015-ci il istehsalı olan “KİA Sportage” markalı avtomobil və bir ədəd “İphone 14 Pro Max” mobil telefonu gətirəcəyini vəd verib aldadaraq cəmi 8700 manat, yəni xeyli miqdarda pulunu alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs3 həmin məbləğdə ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən vahid niyyətlə əhatə olunmaqla aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 etibarından suiistifadə edərək 2022-ci ilin sentyabr-dekabr aylarında Koreya Respublikasından 2020-ci il istehsalı olan “KİA Sportage” markalı avtomobil gətirəcəyini vəd verib aldadaraq sonuncu dəfə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Atçılıq yaşayış massivində olmaqla hissə-hissə 15050 manat, yəni xeyli miqdarda pulunu alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs2 həmin məbləğdə ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, X1 təxminən 2 il olar ki tanıyır. Belə ki, onunla bir nəfər tanışının ad günündə təsadüfən tanış olmuş və həmin vaxt o, ona özünü avtomobil alveri ilə məşğul olan şəxs kimi, biznesmen kimi təqdim etmişdir. Həmin vaxtdan onunla dostluq münasibəti olmuş, aradabir görüşmüşlər. 29 oktyabr 2022-ci il tarixdə təxminən saat 12 radələrində Mərdəkan qəsəbəsi Mərdəkan körpüsünün yaxınlığında Ramilədən onun üçün Koreya Respublikasından 2015-ci il istehsalı olan “Kia Sportage” markalı avtomobil gətirəcəyi adı ilə əlbəəl olaraq 7000 manat pul almış və bildirmişdir ki, avtomobili ən geci 07 yanvar 2023-cü il tarixdə ona verəcəkdir. O, hələ Ramilə üçün avtomobili gətirib təhvil verməmiş, Ramilə dostu Zərərçəkmiş şəxs3 da Koreya Respublikasından 2015-ci il istehsalı olan “Kia Sportage” markalı avtomobil və bir ədəd “İphone 14 Pro Max” mobil telefon gətizdirmək istədiyini bildirmiş, o, da heç bir problem olmadığını demiş, bununla bağlı 2022-ci ilin noyabr ayının əvvəlində Binə qəsəbəsi Atçılıq yaşayış massivində Ramilə ilə görüşmüş və Ramilə ona əlbəəl olaraq avtomobil üçün 7000 manat, mobil telefon üçün isə 1000 ABŞ dolları pul vermiş, həmin pulları Ədalətin verdiyini demişdir. Həmin vaxt o, Ramiləyə demişdir ki, 07 yanvar 2023-cü il tarixədək Ədalət üçün gətirəcəyi avtomobili və mobil telefonu da təhvil verəcəkdir. Bundan başqa, Ramilə rəfiqəsi olan Zərərçəkmiş şəxs2 ilə də onu tanış edərək onun da Koreya Respublikasından “Kia Sportage” markalı avtomobil gətizdirmək istədiyini bildirmiş, o, onunla da razılaşmış və hissə-hissə olmaqla 2022-ci ilin sentyabr-dekabr ayı ərzində Xalidədən ümumilikdə 15050 manat pul almışdır. O, qeyd olunan hadisələri pula ehtiyacı olduğundan törətmiş, görmək istədiyi bir iş olmuş, həmin işi görəndən sonra əldə edəcəyi gəlirlə həmin şəxslərin pullarını qaytaracaqmış, buna görə də pulları alandan sonra onlarla əlaqəni kəsmiş, görüşməkdən imtina etmişdir. Hazırda etmiş olduğu əmələ görə səmimi peşmançılıq çəkir. Söz vermişdir ki, ən qısa müddətdə həmin şəxslərə vurmuş olduğu ziyanı tam olaraq qaytaracaqdır. Qeyd olunanlardan başqa, Zərərçəkmiş şəxs3 əlavə olaraq 4000 manat da borc pul istəyib almışdır və həmin pulu da qaytaracaqdır. Bundan başqa, tanışı Davudun vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs4 torpaq sahəsinə çıxarış alacağını vəd verib aldadaraq 2022-ci ilin iyul ayının ortalarında əvvəlcə 2000 manat, bir neçə gün sonra isə 500 manat pulunu ələ keçirmiş və həmin pulun hamısını şəxsi ehtiyaclarına xərcləmişdir. Maddi imkanı olmadığı üçün zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı indiyə qədər ödəyə və onlarla barışa bilməmişdir. Əməllərindən peşmandır, himayəsində bir azyaşlı uşağı vardır. Xalidə Həsıənovanın mülki iddiasını etiraf edir, lakin həmin məbləği bir dəfəyə ödəmək imkanı yoxdur. Əgər ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilərsə, işləyərək həmin borcları hissə-hissə ödəyəcəkdir. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, Təqsirləndirilən şəxs rəfiqəsi Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanımışdır. Belə ki, 28 sentyabr 2022-ci il tarixdə rəfiqəsi Ramilə Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən, işlədiyi salona gəlmiş, həmin vaxt ona Koreya Respublikasından özü üçün avtomobil gətizdirmək istədiyini bildirmiş, o, da ona Vüqar adlı bir nəfər dostunun olduğunu, məhz həmin işlə məşğul olduğunu demiş, razılaşmışlar ki, həmin gün axşam saatlarında görüşüb bu barədə söhbət etsinlər və belə də etmişlər. 28 sentyabr 2022-ci il tarixdə təxminən saat 20 radələrində Nərimanov rayonunda yolüstü Vüqarla görüşüb bu barədə danışmışlar. Həmin vaxt o, özü üçün “Kia Rio” markalı avtomobil gətirmək istədiyini bildirmiş, Vüqar onun üçün 7000 manata 2015-ci il istehsalı olan “Kia Rio” markalı avtomobil gətizdirə biləcəyini demiş, həmin vaxt o, ona necə etibar edəcəyini soruşmuş, o da idarə etdiyi avtomobili və qeydiyyat nömrə nişanını göstərərək idarə etdiyi avtomobilin tək qeydiyyat nişanının onun gətizdirəcəyi maşından baha olduğunu və bu yaxşılığı ona rəfiqəsi Ramilənin xatirinə etdiyini bildirmişdir. Bundan sonra o, Vüqara etibar etmiş və elə həmin yerdəcə özünə məxsus bank kartının hesabından mobil tətbiq vasitəsi ilə Vüqarın təqdim etdiyi ona məxsus 4169-7385-3084-8567 nömrəli “Umico Birkart” kartına 7000 manat pul köçürtmüşdür. 30 sentyabr 2022-ci il tarixdə Vüqarın istifadə etdiyi ***-***-**-** nömrəsinə zəng edərək ona onun üçün gətizdirəcəyi avtomobilin rənginin göy olmasını istədiyini demiş, Vüqar da problem olmadığını və bunun üçün əlavə 1500 manat pul lazım olacağını demişdir. O da razılaşmış və həmin gün saat 12:46 radələrində eyni qayda ilə özünə məxsus bank kartından Vüqara məxsus bank kartına 1500 manat pul köçürtmüşdür. Bu hadisədən təxminən 1 həftə sonra Vüqar ona zəng edərək 2015-ci il istehsalı olan ağ rəngli “Kia Sportage” markalı avtomobilinin olduğunu bildirmiş və “Kia Rio” markalı avtomobildənsə həmin avtomobili almağı ona məsləhət görmüşdür. O da onun təklifini dəyərləndirərək razılıq vermiş və bu zaman Vüqar bununla bağlı ona əlavə 5000 manat pul ödəməli olmasını demişdir. O, razılaşmış və həmin gün “Emanat” ödəniş terminalı vasitəsi ilə onun kartına 2500 manat pul göndərmiş, ardınca elə həmin gün öz kartından əlavə 1500 manat da pul köçürtmüş, 24 noyabr 2022ci il tarixdə yenə kartla Vüqara məxsus karta 500 manat pul köçürmüşdür. Həmin vaxt Vüqar ona təklif etmişdir ki, 2020-ci il istehsalı olan “Kia Sportage” markalı avtomobil alsın. Bunun üçün isə yenə də əlavə olaraq 5000 manat pul verməli olmasını demiş, o da onun təklifini dəyərləndirib yenə də onunla razılaşmışdır. Həmin gün təxminən axşam saat 21 radələrində Vüqar yaşadığı evin yaxınlığına gəlmiş və o, Vüqara əlbəəl olaraq 1000 ABŞ dolları pul vermişdir. Daha sonra 29 noyabr 2022-ci il tarixdə Vüqarın kartına özünə məxsus kartdan 300 manat, 21 dekabr 2022-ci il tarixdə isə 50 manat pul köçürtmüşdür. Qeyd etmişdir ki, Vüqarla danışıqları belə olmuşdur ki, Vüqar ona avtomobili 7 yanvar 2023-cü il tarixdə təhvil verəcək və həmin vaxt o, Vüqara avtomobilin qalan pulunu ödəyəcək. Buna baxmayaraq, Vüqar vədinə əməl etməmiş və onu aldatmışdır. Belə ki, o nəinki onun üçün avtomobil gətirməmiş, hətta ondan aldığı pulları geri qaytarmaqdan imtina etmişdir. Vüqarla ilkin olaraq onun üçün 7000 manat qarşılığında “Kia Rio” markalı avtomobil gətirmək barədə razılaşmaları olsa da, sonradan Vüqarın təklifi və onun razılığı əsasında 17550 manat qarşılığında 2020-ci il istehsalı olan “Kia Sportage” markalı avtomobili gətirməsi barədə razılaşmaları olmuşdur. O, ümumilikdə ona 15050 manat pul ödəmiş, həmin pulun 1700 manatını 1000 ABŞ dolları şəklində vermiş, qalan 2500 manat pulu isə avtomobili ona təhvil verəndən sonra ona ödəyəcəkmiş. Vüqar onu aldadaraq aldığı 15050 manat pulu indiyə qədər qaytarmamışdır. Buna görə də o, Vüqara qarşı mülki iddia ilə məhkəməyə müraciət edərək ondan maddi ziyana görə 15050,00 (on beş min əlli) manat və 137,00 (yüz otuz yeddi) manat dövlət rüsumu tutularaq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir və hazırda mülki iddiasını müdafiə edir. Bunların nəzərə alınaraq mülki iddianın təmin edilməsini, dəymiş maddi ziyanın ödənilməsinə köməklik göstərilməsini və Vüqara törətdiyi əməlinə görə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 2 il olar ki tanıyır. Belə ki, onunla bir nəfər tanışının ad günündə təsadüfən tanış olmuş və həmin vaxt o, ona özünü avtomobil alveri ilə məşğul olan şəxs kimi, biznesmen kimi təqdim etmişdir. Həmin vaxtdan onunla dostluq münasibəti olmuş, aradabir görüşmüşlər. 29 oktyabr 2022-ci il tarixdə təxminən saat 12 radələrində Mərdəkan qəsəbəsi Mərdəkan körpüsünün yaxınlığında Vüqara onun üçün Koreya Respublikasından 2015-ci il istehsalı olan “Kia Sportage” markalı avtomobil gətirməsi üçün əlbəəl olaraq 7000 manat pul vermiş, Vüqar pulu ondan alandan sonra bildirmişdir ki, avtomobil ən geci 07 yanvar 2023-cü il tarixdə ona veriləcəkdir. O, maşın almaq istəməyi barədə dostu Zərərçəkmiş şəxs3 demiş, bildirmişdir ki, Vüqar adlı bir nəfər var, ucuz qiymətə Korayadan maşın, telefon gətirir. Ədalət də özü üçün maşın və telefon almaq istədiyini bildirmiş, bundan sonra onlar birlikdə Vüqarla görüşmüş və Vüqara bu barədə demişlər. Aralarında olan razılaşmaya əsasən Vüqar Ədalət üçün Koreya Respublikasından 2015-ci il istehsalı olan “Kia Sportage” markalı avtomobil və bir ədəd “İphone 14 Pro Max” mobil telefonu gətirəcəkmiş. Bununla bağlı 2022-ci ilin noyabr ayının əvvəlində Binə qəsəbəsi Atçılıq yaşayış massivində Vüqarla görüşmüş və Vüqara əlbəəl olaraq avtomobil üçün 7000 manat, mobil telefon üçün isə 1000 ABŞ dolları pul vermişdir. Hansı ki, həmin pullar Ədalətin olmuşdur. Həmin vaxt Vüqar bir daha bildirmişdir ki, 07 yanvar 2023-cü il tarixədək Ədalət üçün gətirəcəyi avtomobili və mobil telefonu da təhvil verəcəkdir. Lakin buna baxmayaraq, Vüqar vədinə əməl etməmişdir. O, həm öz pulunu, həm də Ədalətin pulunu geri almaq üçün Vüqarla dəfələrlə əlaqə saxlamağa çalışsa da, Vüqar gah telefonlarına cavab verməmiş, gah telefonunu söndürmüş, gah da müxtəlif bəhanələr gətirmişdir. Bundan sonra o, başa düşmüşdür ki, Vüqar onu aldadaraq etibarından sui-istifadə etməklə ona qarşı dələduzluq edərək onun 7000 manat pulunu, Ədalətin isə 7000 manat və 1000 ABŞ dolları məbləğində pulunu ələ keçirmişdir. Vüqar ona vurduğu ziyanı indiyə qədər ödəmədiyi üçün, o, Vüqardan şikayətçidir, ona dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsini və Vüqara törətdiyi əməlinə görə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 göstərdi ki, Təqsirləndirilən şəxs 1 ilə yaxındır ki, tanıyır. Belə ki, onunla bir nəfər tanışının ad günündə digər tanışı Ramilənin vasitəsi ilə tanış olmuş və həmin vaxt Vüqar ona özünü avtomobil alveri ilə məşğul olan şəxs kimi, biznesmen kimi təqdim etmişdir. Həmin vaxtdan onunla münasibəti olmuş, aradabir görüşmüşlər. 2022-ci ilin oktyabr ayının sonlarında X5 Respublikasından ucuz qiymətə avtomobil və telefon gətirdiyini ona demiş, o da telefon və avtomobil almaq istədiyini bildirmişdir. Bundan sonra onlar birlikdə Vüqarla görüşmüşlər, Vüqara bu barədə demiş, aralarında olan razılaşmaya əsasən Vüqar onun üçün Koreya Respublikasından 2015-ci il istehsalı olan “Kia Sportage” markalı avtomobil və bir ədəd “İphone 14 Pro Max” mobil telefonu gətirəcəkmiş, bununla bağlı o, Ramilə ilə 2022-ci ilin noyabr ayının əvvəlində Binə qəsəbəsi, Atçılıq yaşayış massivində, Ramilənin yaşadığı evdə görüşmüş, avtomobil və mobil telefon gətirmək məqsədi ilə Vüqara verməsi üçün 7000 manat və 1000 ABŞ dolları pulu Ramiləyə vermişdir. Bir gün sonra Ramilə ona verdiyi pulları Vüqara verdiyini və Vüqarın 07 yanvar 2023-cü il tarixədək onun üçün gətirəcəyi avtomobili və mobil telefonu təhvil verəcəyini dediyini bildirmişdir. Bir müddət sonra Vüqar başqa bir avtomobil gətirmək üçün ona 4000 manat pul lazım olduğunu demiş və həmin avtomobili gətirib satdıqdan sonra aldığı 4000 manat puldan əlavə də ona pul verəcəyini bildirmiş, o, Vüqarla razılaşmış və bu məqsədlə 10 noyabr 2022-ci il tarixdə, təxminən saat 15:00 radələrində Bakıxanov qəsəbəsində yerləşən “Armud” restoranında Ramilə ilə birlikdə Vüqarla görüşüb Ramilənin yanında əlbəəl olaraq Vüqara 4000 manat pul vermişdir. Vüqar da bir neçə günə həmin avtomobili gətirib satacağını və 4000 manat puldan əlavə də ona pul verəcəyini bir daha demişdir. Lakin buna baxmayaraq, Vüqar vədinə əməl etməmiş, o və Ramilə pullarını geri almaq üçün Vüqarla dəfələrlə əlaqə saxlamağa çalışsalar da, Vüqar gah zənglərə cavab verməmiş, gah telefonunu söndürmüş, gah da müxtəlif bəhanələr gətirmişdir. Bundan sonra o, başa düşmüşdür ki, Vüqar onları aldadaraq ona olan etibarlarından sui-istifadə etməklə onlara qarşı dələduzluq edərək Koreya Respublikasından avtomobil və telefon gətirmək üçün onun 7000 manat və 1000 ABŞ dolları pulunu, bundan başqa xaricdən digər avtomobil gətirmək üçün ona 4000 manat pul lazım olduğunu deyib əlavə olaraq 4000 manat məbləğində pulunu ələ keçirmişdir. Vüqar ona vurduğu ziyanı indiyə qədər ödəmədiyi üçün, o, Vüqardan şikayətçidir, ona dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsini və Vüqara törətdiyi əməlinə görə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 göstərdi ki, 2022-ci ilin iyul ayında ona məxsus Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq massivində yerləşən torpaq sahəsinə çıxarış almaq istəyirmiş, bununla bağlı öz ətrafında olan tanışlarından maraqlanmağa başlamış və həmin ərəfədə Buzovna qəsəbəsində yaşayan torpaq alqı-satqısı ilə məşğul olan əvvəldən tanıdığı Davud adlı şəxs bu məsələdə tanışının ona kömək edə biləcəyini bildirmişdir. Bundan sonra o, onu Təqsirləndirilən şəxs ilə tanış etmişdir. Vüqar ona 12 sot torpaq sahəsi üçün çıxarış almaqdan ötrü 7000 manat pul verməli olacağını söyləmiş, o, Vüqarla razılığa gəldikdən sonra 14 iyul 2022-ci il tarixdə Buzovna qəsəbəsi Albalılıq massivində torpaq sahəsi yerləşən ərazidə ortaq tanışları Davudun iştirakı ilə Vüqara əlbəəl 2000 manat pul vermiş, bunun ardınca 19 iyul 2022-ci il tarixdə Buzovna qəsəbəsi ərazisində yerləşən “Dostlar” adlanan kafedə Vüqarla görüşmüş və bu dəfə ona əlavə 500 manat da pul vermişdir. Aralarında olan danışıqlarına əsasən yerdə qalan 4500 manatı isə çıxarış alındıqdan sonra Vüqara verməli imiş. Vüqar 45 günə ona çıxarışı verəcəyini bildirmiş, lakin dediyi müddətdə çıxarışı verə bilməmiş, hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Beləcə uzun müddət o, onun çıxarışı verəcəyinə inanaraq gözləmiş, sonradan Vüqarın ondan başqa ayrı-ayrı şəxsləri də aldadıb pullarını alıb ələ keçirməsini və barəsində çoxsaylı şikayətlərin olmasını öyrənmiş, bu məsələ ilə bağlı maraqlandıqda isə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs barəsində Xəzər RPİ-nin İstintaq şöbəsində cinayət işi başlanılmış və Vüqar etmiş olduğu cinayət əməllərinə görə həbs olunmuşdur. Vüqar ona 2500 manat məbləğində ziyan vurmu, lakin həmin ziyanı indiyə qədər ödəməmişdir. Vüqar ona vurduğu ziyanı indiyə qədər ödəmədiyi üçün, o, Vüqardan şikayətçidir, ona dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsini və Vüqara törətdiyi əməlinə görə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o, Təqsirləndirilən şəxs ilə təxminən 3 il bundan əvvəl Sabunçu rayonu Maştağa qəsəbəsində çayxanada olarkən təsadüfən tanış olmuş, özünü ona Torpaq-Xərtəçəkmə Komitəsinin sürücüsü kimi təqdim etmişdir. O da torpaq alqısı ilə məşğul olduğuna görə gələcəkdə onunla iş görmək, yəni 2006-cı ildə Maştağa qəsəbə sakini Hikmət adlı şəxsdən 12000 manata aldığı Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq massivində yerləşən 24 sot sənədsiz torpağına sənəd düzəltdirmək məqsədilə onun telefon nömrəsini götürmüşdür. Onu qeyd olunan torpaq sahəsinə aparıb həmin yeri ona göstərmiş, bildirmişdir ki, Buzovna bələdiyyəsinin verdiyi sənədi var, lakin çıxarış almaq istəyir. Həmin bələdiyyə sənədini ona təqdim etmiş, o da bildirmişdir ki, həll edə bilər, lakin 1 sotuna görə 500 manat pul lazım olacaq. O isə ona pulunun olmadığını demiş, Vüqar isə ona pul olmasa sənədin düzəlməyəcəyini bildirmişdir. Bununla da onun torpağa sənəd düzəltmək məsəlsim həll olunmamış qalmışdır. 2022-ci ilin iyul ayında tanışı Cavid ona məxsus Buzovna qəsəbəsi Albalılıq massivində yerləşən torpaq sahəsinə çıxarış almaq istədiyini bildirmiş, bununla bağlı bu məsələdə Vüqar adlı tanışının ona kömək edə biləcəyini bildirmiş, bundan sonra o, onu Vüqar ilə tanış etmişdir. Vüqar ona 12 sot torpaq sahəsi üçün çıxarış almaqdan ötrü 7000 manat pul verməli olacağını söyləmiş, o, Vüqarla razılığa gəldikdən sonra 14 iyul 2022-ci il tarixdə Buzovna qəsəbəsi Albalılıq massivində torpaq sahəsi yerləşən ərazidə onun iştirakı ilə Vüqara əlbəəl 2000 manat pul vermişdir. Sonradan eşitmişdir ki, əlavə olaraq Cavid Vüqara 500 manat da pul vermişdir. Aralarında olan danışığa əsasən yerdə qalan 4500 manatı isə çıxarış alındıqdan sonra Vüqara verməli imiş, lakin Vüqar dediyinə əməl etməmiş və çıxarışı düzəltməmişdir. Cavid bu barədə ona bildirmiş, o, da onun nə üçün belə etməsini başa düşmədiyini, onun həmin işlə heç bir əlaqəsinin olmadığını demişdir. Buna baxmayaraq, Cavid xeyli müddət Vüqarın barəsində şikayət etməyərək ondan aldığı 2500 manat pulu geri qaytarmasına ümid etmişdir. Lakin Vüqar ona pul qaytarmamış, bundan sonra eşitmişdir ki, Cavid Vüqarın barəsində şikayət etmişdir. Vüqar Cavidin torpağına çıxarışı düzəltdikdən sonra aldığı puldan 300 manatını şirinlik kimi ona verəcəkmiş, lakin o, ona 1 manat da olsun pul verməmişdir. İş materiallarında olan diskə baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs4 Şahid iştirakı ilə Təqsirləndirilən şəxs torpaq sahəsinə çıxarış almasından ötrü 2000 manat əlbəəl olaraq pul verir və Təqsirləndirilən şəxs həmin pulu götürüb sayaraq cibinə qoyur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 2000 manat pulu alarkən çəkilmiş videogörüntü olan 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci il təvəllüdlü X4 adlı bir azyaşlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 14 mart 2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə təkrarən dələduzluq cinayət əməlini törətməsi məhkəmə iclasında onun etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, eləcə də cinayət işində olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş digər sənədlərlə kifayət qədər sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlləri etiraf edərək peşmançılıq çəkməsini, himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli tutulduğu 30 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 2000 manat pulu alarkən çəkilmiş videogörüntü olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 179.1, 179.2 və 179.3-cü maddələrinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur, mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikası CPM-nin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia ilə məhkəməyə müraciət edərək mülki iddianın təmin edilməsini, dəymiş ziyana görə 15050,00 (on beş min əlli) manatın və 137,00 (yüz otuz yeddi) manat dövlət rüsumunun Təqsirləndirilən şəxs alınaraq ona verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh mülki iddianı etiraf etdi. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə belə nəticəyə gəlir ki, mülki iddia təmin edilməli, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs dəymiş ziyana görə 15050,00 (on beş min əlli) manat və 137,00 (yüz otuz yeddi) manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 ödənilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 tərəfindən maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxsə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, həmin zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmədə müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 40 iş saatına görə (ibtidai istintaq zamanı 30 saat və məhkəmə baxışı zamanı 10 saat) ümumilikdə 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu 30 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut - Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 2000 manat pulu alarkən çəkilmiş videogörüntü olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 Mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs dəymiş ziyana görə 15050,00 (on beş min əlli) manat və 137,00 (yüz otuz yeddi) manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 ödənilsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-560/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-560/2023
17.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver