Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-560/2024 27.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Xüsusi ittihamçı X2, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs X13 iştirakları ilə, 05 aprel 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ X4 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X13 xüsusi ittihamçı X4 haqqında qəsdən böhtan və təhqir dolu məlumatları internet informasiya ehtiyatlarında, yəni “Tik-tok” sosial platformasında qəsdən yayıb paylaşdığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb olunması və barəsində həmin maddələrin sanksiyasında göstərilən yuxarı həddə cəza təyin olunması barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, bacısının keçmiş həyat yoldaşı X23 yalan olduğunu bilə-bilə onun foto şəklini öz “Tik-tok” səhifəsində paylaşaraq onu təhqir etmişdir. Təxminən 01 il öncə bacısı X1 əri X10 rəsmi şəkildə boşanmış və uşaqları atalarının yanında qaldığı üçün onlara rəsmi olaraq hər ay aliment ödəyirmiş. Bir müddət öncə M.Kazımov ona və həyat yoldaşı X11 məxsus foto şəkillərin üzərinə həqiqətə uyğun olmayan təhqiramiz ifadələr yazaraq 26, 27 və 28 dekabr 2023-cü il tarixlərində “Tik-tok” səhifəsində paylaşmaqla təhqir etmişdir. Təqsirləndirilən şəxs bu məlumatların yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları qeyd olunan sosial şəbəkə platformasında yaymaqla ona qarşı böhtan atmış və onu təhqir etmişdir. Bütün bunlar öz təsdiqini xx.xx.2024-cü il tarixli Yasamal RPİnin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında öz əksini tapmışdır. Yasamal RPİ-nin 28-ci Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru X14 həyat yoldaşının müraciəti əsasında toplanmış materiallardan da göründüyü kimi X23 qeyd edilənləri etiraf edərək bunun guya “ailəsinin dağılmasında bizi günahkar bildiyindən və guya bizim onun keçmiş həyat yoldaşının uşaqları ilə görüşməyə maneə olduğundan etdiyini bildirmişdir.” Qeyd edilmişdir ki, təqsirləndirilən şəxs Yasamal RPİ-nin 28-ci Polis Şöbəsində verdiyi izahatda “bu əməli törətdiyini özü etiraf etmişdir.” İşə əlavə edilmiş foto şəkillərdən də göründüyü kimi X23 “Tik-tok” səhifəsində onun və həyat yoldaşının şəkillərini paylaşaraq üzərinə “feysər və tovuzda bir dəfə mənimlə sevgili olan arvadı”, “ərinən oqurluq edən ərnə xəyanət edən”, “ərinən ful orqayam sevgilim”, “ay yiyəsiz qəhbələr evinizin poxunu yığışdırın burda olan kişilər sizə soxmaq üçün axtarır”, “bayraqı gör kim tutub hərbini satan” və s. yazılar yazmışdır. Qeyd edilənlərlə bağlı foto şəkillər əlavə edilmişdir. X5 profillərdən istifadə edərək “Tik-tok” səhifəsində başqa şəxslərin foto şəkillərindən istifadə edərək, yəni internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən onun barəsində həqiqətə uyğun olmayan, yalan məlumat yerləşdirməklə böhtan atmış və onu təhqir etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsin etdiyi əməllərlə bağlı həm respublika prokurorluğuna, həm də Xəzər rayon prokurorluğuna ərizə ilə müraciət etmişdir. Lakin həmin orqanlar qanuna əsasən təqsirləndiirlən şəxsə heç nə edə bilmirdilər. Bu hallardan sonra təqsirləndirilən şəxs daha da azğınlaşmağa başlamışdır. Yəni təqsirləndirilən şəxsi prokurorluğa dəvət edirdilər. Ona qarşı hər hansı bir tədbir görülmürdü. Bu şəxs də düşünürdü ki, nə yaxşıdır. Gedirəm prokurorluğa mənə heç nə etmirlər. Bu hallar Müşfiqin əl-qolunun daha da açılmasına səbəb olmuşdur. Sonradan təqsirləndirilən şəxs Xoşqədəmin verilişinə çıxmışdır. Həmin verilişə çıxmaq məqsədi onları biabır etməkdən ibarət idi. Həmin verilişin əməkdaşları da təqsirləndirilən şəxsin həmin verilişə hansı məqsədlə gəldiyini anladılar. Bu səbəbdən də, təqsirləndirilən şəxsi həmin verilişdən qovdular. Ona qarşı şər və böhtan xarakterli şəkil və videolar paylaşılmışdır. Onun şəkli paylaşılmış və üzərində də müəyyən yazılar və sözlər qeyd edilmişdir. X23 cinayət məsuliyyətinə cəlb olunmayacağı təqdirdə yeni-yeni şeylər fikirləşir və yeni əməlləri həyata keçirir və eyni zamanda qeyd etmişdir ki, təqsirləndirilən şəxs tərəfindən paylaşılan video və şəkillər üzrə baxış sayı gündən günə artır. Qeyd etmişdir ki, onlar həmin paylaşılan video və fotoları özləri görməmişdir və onlara bildiriblər ki, belə bir video və fotolar sosial şəbəkə üzərindən paylaşılmışdır. Baxış sayları əlavə edilən sənədlərdəki kimi deyildir. Həmin baxış sayları qat-qat artmışdır. Şəxsin niyyəti onu biabır etməkdən və təhqir etməkdən ibarət olmuşdur. Məhkəmədən təqsirləndirilən şəxs X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci madddələrinə əsasən cinayət məsuliyyətinə cəlb olunmasinı və barəsində həmin maddələrin sanksiyasında göstərilən yuxarı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X23 özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2004-cü ildən xüsusi ittihamçı ilə qohum olmuşdur. İki övladı vardır. 2013-cü ildə həyat yoldaşı maşın almaq üçün Pərvanə xanımdan pul istəmişdir. Pərvanə xanım da öz yoldaşından 600 manat pul oğurlayıb göndərmişdir. Daha sonra o Pərvanə xanımın oğurlayaraq göndərdiyi 600 manat pulu yoldaşına verməyə çalışmışam. Pərvanə xanımın yoldaşı Tovuz rayonunda hərbçi işləyirdi. Pərvanə xanım ona bildirmişdir ki, yoldaşından pulu oğurlayıb göndərmişdir. O da verilən pulu qaytarmaq üçün getdiyini bildirmişdir. Pərvanə xanımın yoldaşı 200 manat cibinə əlavə pul qoymuşdur. Sonradan oraya gedən zaman Pərvanə xanımın əxlaqsız hərəkətləri ilə rastlaşmışdır. Lakin bununla bağlı nə həyat yoldaşına, nə də başqasına heç nə deməmişdir və qayıdıb evə gəlmişdir. Gələndə Pərvanə xanım ona bildirmişdir ki, onun evini dağıdacaq və. dediyi kimi də olmuşdur. 2016-cı ildə Pərvanə onun ailəsini dağıtmışdır. Yaşadığı yerdə onunla həqiqətə uyğun olmayan sözlər demişdir. Guya ki, o həyat yoldaşını döymüş və söymüşdür. Sonradan məlum olmuşdur ki, Pərvanənin yoldaşı da düz yolda deyil və bir türk vətəndaşı ilə şəkillərini paylaşmışdır. Həmin şəkillərin paylaşma vaxtları təqdim edilən diskdə vardır. Sonradan həyat yoldaşının atasını və qardaşını çağırmışdır. Onlar ondan Pərvanəgillə barışmağı xahiş etmiş və oda o da Pərvanəgillə barışmışdır. Pərvanəyə ondan və ailəsində əl çəkmələrini bildirmişdir. Daha sonra 2021-ci ildə o əməliyyat keçirmiş və Pərvanə xanımla onun qayınatası yenidən onun ailəsini dağıtmışdır. O da onlardan ailəsini dağıtmamalarını xahiş etmişdir. Lakin onlar onu dinləməmiş və həyat yoldaşını aparıb evlərində saxlamışlar. Sonradan o Pərvanə xanımın yoldaşına zəng edərək oğlunun əsgər getdiyini, qızının da anası ilə görüşmək istədiyini bildirmiş və sadəcə bir dəfə uşaqların anaları görüşməsinə şərait yaradılmasını xahiş etmişdir. Rauf da ona telefonda onun yoldaşının orada olmadığını və onun burada heç kimi olmadığını və ona zəng etməməli olduğunu bildirmişdir. O da deyilən sözlərdən sonra bu paylaşımlarə etmiş, yəni xüsusi ittihamçı onu bu paylaşımları etməyə təhrik etmişdir. Bundan sonra xüsusi ittihamçı Yasamal RPİ-yə, daha sonra isə Xəzər RPİ-yə şikayət etmişlər. Xəzər RPİ-yə şikayət etmələrini əməliyyat müvəkkilinin ona zəng etməsindən sonra məlumatı olmuşdur. Daha sonra xəstə olan zaman onun və uşaqlarının suyunu kəsdirmişlər. O da 2023-cü ilin dekabr ayında xüsusi ittihamı və onun həyat yoldaşının 3-4 şəklini paylaşmışdır. Çünki artıq yaşadığı ərazidə biabır olmuşdur. Əlavə olaraq qeyd etmişdir ki, şikayətə əlavə edilən bəzi şəkillər “it boğuşduran” və s şəkillər onlar hamısı şər xarakterli şəkillərdir və o həmin şəkilləri paylaşmamışdır. O 3-4 həyat yoldaşının, Pərvanə xanımın isə 2-3 şəklini və bir də su sayğacının videosunu paylamışdır. Həmin videoda qeyd etmişdir ki. 3 ildir həm xəstənin, həm də uşaqların suyunu yoldaşının atasıgil kəsdiriblər. Eyni zamanda bildirmişdir ki, Xəzər Rayon Məhkəməsinin qətnaməsinə əsasən himayəsində yetkinlik yaşına çatmayan övladı X18 vardır. Beləliklə, o himayəsində yetkinlik yaşına çatmayan uşağı olmasını, əməlindən peşman olmasını bildirərək Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə daha yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X8 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş feysər və tovuzda bir dəfə mənimlə sevgili olan arvadı”, “ərinən oqurluq edən ərnə xəyanət edən”, “ərinən ful orqayam sevgilim”, “ay yiyəsiz qəhbələr evinizin poxunu yığışdırın burda olan kişilər sizə soxmaq üçün axtarır”, “bayraqı gör kim tutub hərbini satan” və s. yazılı video görüntü və foto şəkillərdən görünür ki, həmin video görüntü və foto şəkillər @user**********819 profilində paylaşılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.1975-ci il təvəllüdlü X24 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(003)-804/2022 saylı qətnaməsindən görünür ki, X24 ilə Kazımova (Məmmədova) Əfsanə Fəxrəddin qızı arasında Bakı şəhəri Xəzər Rayon Qeydiyyat şöbəsində xx.xx.2004-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 245 nömrə ilə qeydə alınmış nikah pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X15 və xx.xx.2006-cı il təvəllüdlü X19 nikah pozulduqdan sonra atası – X16 yanında saxlanılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş AZ İİİ №727242 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2006-cı ildə Bakı şəhərində doğulmuş və bu barədə 16 yanvar 2007-ci il tarixdə doğum haqqında akt qeydləri kitabında № 37 ilə qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş X13 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Məhkəmə təqsirləndirilən şəxs X24 tərəfindən törədilmiş əməllərə münasibətdə belə qənaətə gəlir ki, o, “tik-tok” sosial platformasında özünə məxsus “@user**********819” adlı hesabında 2023-cü ilin dekabr ayında xüsusi ittihamçı X3 aid fotoşəkilləri paylaşaraq həmin fotoşəkilin üzərində “feysər və tovuzda bir dəfə mənimlə sevgili olan arvadı”, “ərinən oqurluq edən ərnə xəyanət edən”, “ərinən ful orqayam sevgilim”, “ay yiyəsiz qəhbələr evinizin poxunu yığışdırın burda olan kişilər sizə soxmaq üçün axtarır”, “bayraqı gör kim tutub hərbini satan” ifadələrini qəsdən işlədək xüsusi ittihamçı X3 böhtan atmaqla, eyni zamanda təhqir etmiş və digər istifadəçilərin həmin paylaşımın altında nalayiq ifadələr yazmalarına və bəyənmələrinə şərait yaratmış, bununla da Azərbaycan Respublikası CMnin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olubolmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3-cü maddəsinə əsasən ittihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz. 350.2-ci maddəsinə əsasən Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, bu şəxs təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğundur. Qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X7rşı 18 yanvar 1978-ci il tarixli məhkəmə qərarlarında, həmçinin bir sıra qərarlarda sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı, Mülki və siyasi hüquqlara dair Beynəlxalq Paktın 14-cü maddələrinə müvafiq olaraq hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz sayılır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 38-ci bəndində göstərilir ki, şəxs cinayət qanununun bir maddəsi ilə tövsif olunan bir neçə cinayətin və yaxud çox epizodlu cinayətin törədilməsində təqsirləndirilirsə və məhkəmə baxışı nəticəsində bunlardan bəziləri üzrə ittiham təsdiq edilmirsə, bu hallar cinayətin tövsifinin dəyişməsinə səbəb olmadıqda, məhkəmə ittihamın bu hissədə əsassız hesab edilməsi barədə nəticəni və gəldiyi qənaətin motivlərini hökmün təsviri-əsaslandırıcı hissəsində göstərir. Böhtanla bağlı məhkəmə aşağıda qeyd olunan xüsusatları vurğulayır: Böhtan maddəsi üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatın doğru olmaması; belə məlumatların yayılması. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barədə mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatın yalan olması dedikdə onun həqiqətə uyğun olmaması başa düşülür. Məlumatı yayma dedikdə başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma başa düşülür. Təhqirlə bağlı məhkəmə aşağıda qeyd olunan xüsusatları vurğulayır: Məhkəmə qeyd edir ki, təhqir cinayətinin bilavasitə obyekti şəxsiyyətin şərəf və ləyaqətidir. Obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmada ifadə olunur. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət başa düşülür. Məhkəmə qeyd edir ki, böhtan cinayətindən fərqli olaraq təhqir cinayətində şəxsin nüfuzu cinayətin obyektinə daxil edilməmişdir. Şəxsin nüfuzu dedikdə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Digər tərəfdən məhkəmə qeyd edir ki, təhqiredici hərəkətin nalayiq olması qiymətləndirilən anlayışdır və onun məzmununun nalayiq olub-olmaması cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq müəyyən edilir. 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. «Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cu maddəsinə əsasən, kütləvi informasiya vasitələri-dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet, kinoxronika proqramları və digər yayım formaları başa düşülür. Həmin Qanunun «Kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi»ndən bəhs edən 10-cu maddəsində deyilir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirləri yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədavəti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və xüsusi ittihamçıların ifadələrinin, məhkəmə hərəkətlərinin protokollarının, təqdim edilmiş fotoşəkillərin, 01 ədəd “DVD-R” diskdə olan görüntülərin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxs X13 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə düzgün tövsif olunmuşdur (CPM 144- 146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma—min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, təqsirləndirilən şəxs X23 Azərbaycan Respublikası CM-nin 147.1 və 148ci maddələri ilə təqsirli hesab edilməli və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslərin qeyd olunan maddələrlə törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015-ci il tarixli, 3 saylı qərarının 9-cu bəndində göstərilir ki, məhkəmələrə tövsiyə edilsin ki, təhqir və böhtanla bağlı işlər üzrə təqsirləndirilən şəxslər barəsində cəza tədbiri seçərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini səciyyələndirən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, ifadə azadlığının demokratik cəmiyyətin təməl sütunlarından biri olmasını və bununla bağlı Avropa Məhkəməsinin presedent hüququnu nəzərə alsınlar. Avropa Məhkəməsi vurğulamışdır ki, Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş ifadə azadlığına müdaxilənin mütənasibliyi müəyyən edilərkən təyin edilən cəzanın xarakteri və ağırlığı nəzərə alınmalı amillərdir (bax, başqa mənbələrlə yanaşı, Ceylan Türkiyəyə qarşı (BP), § 37 və Skalka Polşaya qarşı, §§ 41-42). Baxmayaraq ki, Avropa Konvensiyasına tərəfdar çıxmış dövlətlər tərəfindən şəxslərin nüfuzunu qanuna münasib yolla müdafiəsini təmin etmək üçün ifadə azadlığının həyata keçirilməsinin nizamlanmasına yol verilir və hətta Konvensiyanın 8-ci maddəsinə əsasən bu sahədə olan pozitiv öhdəliklərə görə onlar bunu etməyə məcburdur (bax, Pfeyfer Avstriyaya qarşı, § 35 X22rşı, § 57). Bu, kütləvi informasiya vasitələrini açıq-aşkar və ya şübhə edilən hüquqpozmalar barədə ictimaiyyəti dərhal məlumatlandırmaq rolunun həyata keçirilməsindən son dərəcədə çəkindirən tərzdə edilməməlidir. Avropa Məhkəməsi qeyd etmişdir ki, cəza təyin edilməsinin, prinsip etibarilə, məhkəmələrin səlahiyyətinə aid məsələ olmasına baxmayaraq, mətbuatla bağlı cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi müstəsna hallarda Konvensiyanın 10-cu maddəsi ilə təmin edilən jurnalistlərin ifadə azadlığına uyğun ola bilər (Cumpana və Mazare Rumıniyaya qarşı (BP), § 115). Məhkəmə təqsirləndirilən şəxs X13 himayəsində xx.xx.2006-cı il təvəllüdlü X9 olmasını AR CM-nin 59.1.4-cü maddəsinə əsasən, cinayət əməlini törətməsini etiraf etməsini AR CM-nin 59.2-ci madəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. X13 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X23 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs X23 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən X20 hazırki hökm üzrə təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 42, 43, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ X23 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat cərimə cəzasına, CM-nin 148-ci maddəsi ilə təqsili bilinərək 1000 (bir min) manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla X20 qəti olaraq 1500 (bir min beş yüz) manat cərimə cəzası təyin edilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Adullayev Eldar oğlu tərəfindən təqsirləndirilən şəxs X13 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 14 saata görə 84 (səksən dörd) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-560/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-560/2024
27.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver