Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-563/2021 22.12.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Abış oğlunun, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1986-cı il tarixdə Abşeron rayonunun Şuraabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Xızı rayonunun Şuraabad qəsəbəsində qeydiyyatda olmaqla Abşeron rayonunun Masazır qəsəbəsindəki 2 nömrəli məktəbin yaxınlığında yerləşən fərdi yaşayış evində yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-419/2021 saylı 18 oktyabr 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 16 oktyabr 2021-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs silah qismində istifadə etdiyi əşya ilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək qəsdən zərərçəkmiş şəxsin sağlamlığına az ağır xəsarət yetirərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 30 aprel 2021-ci il tarixdə saat 14 radələrində sərxoş vəziyyətdə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük Sovxozu yeni yaşayış sahəsində yerləşən mağazanın qarşısında, küçədə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs Abış oğluna onun salamına cavab verməməsini bəhanə gətirib heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə sonuncunu nalayiq sözlərlə təhqir edib onun sol barmağını buraraq, silah qismində istifadə etdiyi əlindəki bıçağın dəstəyi ilə başına bir zərbə vurmaqla sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır dərəcəli zərər vuran təpə nahiyəsinin əzilmiş yarası, sol əlin İİİ barmağının sınığı ilə nəticələnən bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, cinayət işinin materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri elan olunmuş ittiham üzrə özünü əvvəlcə təqsirli bilməyərək göstərdi ki, Zərərçəkmiş şəxs uzun müddətdir ki, yaşadığı qəsəbədən tanıyır. Ravil ilə birlikdə işləmiş, lakin onunla o qədər də yaxın münasibətdə olmamışdır. 30 aprel 2021-ci il tarixdə atasının yaşadığı Binə qəsəbəsində yerləşən evinə getmişdir. Belə ki, atasıgil Ravilin yaşadığı ünvanın yaxınılığnda digər məhəllədə yaşayırlar. Həmin gün günorta saatlarında atasıgildə bir qədər pivə içmiş, saat 14:00 radələrində Ravilgilin yaşadığı məhəllədə yerləşən mağazaya siqaret almaq üçün getmişdir. Həmin mağazanın qarşısında Ravil və bir neçə şəxs olmuş, o, salam verib keçərkən Ravilin onun salamını almadığını düşünmüş və ondan nə üçün salamını almamasını soruşmuşdur. Ravil “mən beləyəm, sənin salamını almıram” deyərək cavab vermişdir. Ravilin bu sözünə görə aralarında sözlə mübahisə yaranmış, mübahisə zamanı Ravil həmin mağazanın qarşısında, yəni küçədə başı ilə onun burnundan zərbə vurmuşdur. Ravilin vurduğu zərbədən o, huşunu itirib yerə yıxılmışdır. Eyni zamanda Ravil onun boyun nahiyəsindən yumruqla da vurmuşdur. Mübahisə zamanı orada adlarını bilmədiyi bir neçə şəxs olmuşdur. Bundan sonra o, özünə gəlib oradan uzaqlaşaraq ərazi üzrə Xəzər RPİ 3-cü Polis Bölməsinə ərizə ilə müraciət etmiş, aldığı xəsarətlə bağlı tibbi muayinədən keçmişdir. O, ümumiyyətlə Ravili vurmamış, nə də ona heç bir xəsarət yetirməmişdir, əksinə, Ravil onu vuraraq xəsarət yetirmişdir. Eləcə də onun əlində hər hansı bıçaq və ya alət olmamış, o, həmin bıçağın dəstəyi ilə Ravilin baş nahiyəsinə zərbə vurmamışdır. Məhkəmə iclasının sonunda Təqsirləndirilən şəxs göstərdi ki, əvvəllər özünü təqsirli bilməsə də, hazırda özünü təqsirli bilir, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs Abış oğlu ilə barışmışdır və onun ondan heç bir şikayəti yoxdur. Himayəsində bir azyaşlı uşağı vardır. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs Abış oğlu göstərdi ki, Təqsirləndirilən şəxs Südçülük sovxozu ərazisindən tanıyır. Ceyhun spirtli ickilərin aludəçisidir və mütəmadi olaraq sərxoş vəziyyətdə olur. 30 aprel 2021-ci il tarixdə saat 14:00 radələrində Südçülük sovxozu ərazisində yaşadığı evin kücəsində yerləşən və onun işlətdiyi ərzaq mağazasının qarşısında firma malı gətirən Elçin Quliyevlə malların təhvil-təslimini edirmiş, qardaşı Qədim və qonşuları Lazım da orada olmuşlar. Həmin vaxt hər zamankı kimi sərxoş olan Ceyhun onların yanından keçərək salam vermiş, lakin o, Ceyhunun verdiyi salamı eşitməmişdir. Ceyhun ondan “niyə mənim salamımı almırsan”, deyə soruşmuş, o da cavab olaraq eşitmədiyini demiş və üzrlü saymağını xahiş etmişdir. Lakin Ceyhun söhbəti uzadaraq salamını almadığını irad bildirmiş, demişdir ki, bir azdan sonra gəlib niyə onun salamını almadığının cavabını izah edər. Həmin zaman qardaşı Qədim onların yanına yaxınlaşıb Ceyhunu məhəllənin başına yola salmış, o da Elçinlə birlikdə işlərinə davam etmişdir. Təxminən 10 dəqiqədən sonra Ceyhun yenidən ora qayıtmış və onunla kənarda söhbət etmək istədiyini bildirmişdir. O, Ceyhuna sərxoş olduğunu deyərək sonra söhbət etmələrini bildirmişdir. Lakin Ceyhun onun ünvanına nalayiq söyüşlər söydüyündən, o da Ceyhunun ünvanına nalayiq söyüşlər söymüşdür. Bu zaman qardaşının həyat yoldaşı Elnarə mağazaya gəlirmiş və o, Ceyhuna irad bildirmişdir ki, sakit dursun. Elnarə ona yaxınlaşıb kənara çəkmək istəyən zaman Ceyhun onu itələmişdir. Qardaşı Qədim və Lazım onları sakitləşdirməyə çalışmışlar. Elçinin isə nisbətən kənarda başı malları saymağa qarışmışdır. Ceyhun onun üzərinə gələrək əlini sıxıb sol barmağını əzərək qırmışdır, o, barmağını Ceyhunun əlindən cıxarmaq istədiyi zaman Ceyhun əlindəki nə olduğunu bilmədiyi küt alətlə onun başına zərblə vurmuşdur. Ceyhun ora gələrkən əli bükülü vəziyyətdə olmuş, onun əlindəki bıçaq olmuş, çünki bir hissəsi kəsici şeyə oxşayırmış. O, əsəbi olduğundan Ceyhunu özündən ayırmaq üçün başı ilə onun sifətindən zərbə vurmuş, Ceyhun sərxoş olduğuna görə müvazinətini itirərək yerə yıxılmış və burnundan xəsarət almışdır. Ceyhun yerdən qalxdıqdan sonra oradan uzaqlaşmışdır. Səs-küyə gələn Xəlil və Fərmail də ora yaxınlaşıb onları sakitləşdirmişlər. Bundan sonra həmin yerə gələn polis əməkdaşları onları Polis bölməsinə aparmışlar. Aralarında olan mübahisə dava-dalaş təqribən 10-15 dəqiqə davam etmişdir. Hazırda Ceyhunla barışmışdır, ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Barışmalarının nəzərə alınaraq Ceyhuna yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Zərərçəkmiş şəxs onun qonşusudur, bir məhəllədə yaşayırlar. 30 aprel 2021-ci il tarixdə saat 15:00 radələrində o, yaşadığı evdə olarkən məhəllədən səs-küy gəldiyini eşidib məhəlləyə çıxmış və orada yerləşən Ravilin işlətdiyi mağazanın yaxınlığında Ravil ilə qəsəbədən tanıdığı Ceyhun adlı şəxsin uca səslə mübahisə etdiklərini görmüşdür. O, onların yanına yaxınlaşanda Ravilin qardaşının həyat yoldaşı da orada olmuşdur. Ceyhun Ravilin ünvanına nalayiq söyüş söydüyündən, Ravil öz iradını ona bildirmiş, bu zaman Ceyhun anidən Ravilin əlini sıxaraq əlində olan nəsə əşya ilə onun başına zərbə vurmuş, Ravil isə Ceyhunu özündən kənar tutmaq üçün başı ilə Ceyhunu vurmuşdur. Ceyhun həmin zaman sərxoş olduğundan, muavizətini saxlaya bilməyib yerə yıxılmışdır. Həmin zaman orada adını sonradan bildiyi firma işçisi Elçin, Ravilin qardaşı, qardaşının həyat yoldaşı, Xəlil və bir nəfər adını sonradan bildiyi Fərmail adlı şəxs olmuşdur. Ceyhun ayağa durduqdan sonra oradan uzaqlaşmış, bundan sonra oraya polis əməkdaşları gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X1 göstərdi ki, Zərərçəkmiş şəxs onun qaynıdır. 30 aprel 2021-ci il tarixdə saat 15:00 radələrində o, məhəllədə yerləşən mağazaya gedərkən mağazanın yaxınlığında Ravil ilə bir nəfər şəxsin uca səslə danışdıqlarını və həmin şəxsin nalayiq söyüş söydüyünü eşitmişdir. Ravil həmin şəxsə söyüş söydüyünə görə irad bildirmişdir. Ravilə yaxınlaşmışdır ki, onu evə aparıb sakitləşdirsin, bu zaman həmin tanımadığı, adını sonradan Ceyhun bildiyi şəxsin əli təsadüfi olaraq ona dəymiş və o, kənara çəkilmişdir. Ravil təkrar Ceyhuna iradını bildirən zaman Ceyhun Ravilin sol əlini sıxaraq zədələmiş və Ravil əlindən çıxmaq istəyən zaman əlindəki nəsə əşya ilə onun başından vurmuşdur. Ravil həmin şəxsi özündən kənara çəkmək üçün itələmiş və həmin şəxs yerə yıxılmış, bundan sonra oraya polis əməkdaşları gəlmişlər. Həmin zaman orada qonşular da olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 göstərdi ki, 30 aprel 2021-ci il tarixdə saat 15 radələrində qəsəbədən tanıdığı Ravilin yaşadığı məhəllədən keçərkən Ravil ilə bir nəfər tanımadığı sərxoş vəziyyətdə olan, adını sonradan Ceyhun bildiyi şəxsin uca səslə danışıdığını və Ceyhunun Ravilin ünvanına nalayiq söyüşlər söydüyünü eşidib dərhal ora yaxınlaşmışdır. O, Ravilgilə yaxınlaşıb onları sakitləşdirməyə çalışmışdır. Lakin buna baxmayaraq, bir qədər sonra oraya gələn bir qadını da Ceyhun əli ilə itələyərək nalayiq söyüşlərlə söymüşdür. Bu zaman Ravil Ceyhuna öz iradını bildirmiş, Ceyhun isə Ravilin sol əlini sıxaraq əlindəki bıçağa bənzər əşya ilə Ravilin başından zərbə vurmuşdur. Ravil Ceyhunu özündən kənarlaşdırıb ayırmaq üçün başı ilə zərbə vurub Ceyhunu uzaqlaşdıran zaman sərxoş vəziyyətdə olan Ceyhun tarazılığını saxlaya bilməyib yerə yıxılmış, daha sonra isə ayağa qalxaraq oradan uzaqlaşıb getmişdir. Hadisə zamanı orada bir qadın da olmuş, bundan başqa Ravilin qardaşı Qədim, Lazım, Fərmail və Ravilin mağazasına mal gətirən firma işçisi Elçin adlı şəxslər olmuşdur. Ceyhunun əlindəki əşyanın bıçaq olduğunu təxminən görmüş, həmin əşyanı Ceyhun əlinin içində sıxıb saxladığından tam görə bilməmiş, əlamətlərini də tam bilmir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 göstərdi ki, 30 aprel 2021-ci il tarixdə saat 14:00 radələrində qardaşı Ravilin işlətdiyi mağazanın qarşısında qonşusu Lazım ilə dayanıb söhbət edirmişlər. Eyni zamanda Ravil mağazaya gətirilmiş malları Elçin adlı firma işçisi ilə təhvil-təslim edirmiş. Həmin zaman yaşadığı qəsəbədən sərxoşluq həyatı yaşayan şəxs kimi tanıdığı Ceyhun onların yanından keçərək salam vermiş, onlar Ceyhunun salamını aldıqdan sonra Ceyhun Ravilin üzərinə gedərək nə üçün salamını almadığını soruşmuşdur. Ravil də Ceyhuna salam verdiyini eşitmədiyini demiş, eləcə də üzrlü saymağını xahiş etmişdir. Ceyhun da geri cavab olaraq Ravilə təkrar irad bildirmiş və sonra gələcəyini, onun salamını niyə almadığı üçün ona cavab verməli olduğunu demişdir. O, Ceyhunu sərxoş olduğuna görə və eləcə də mübahisənin böyüməməsi üçün aparıb məhələnin başından yola salmışdır. Onlar yenidən söhbətlərinə davam etmişlər. Bir qədər sonra tanışı Fərmail də oraya gəlmişdir. Ravil də Elçinlə birlikdə öz işləri ilə məşğul olmuşlar. Bir neçə dəqiqədən sonra Ceyhun yenidən mağazanın yanına qayıtmış və Ravilin üzərinə gələrək onunla kənarda söhbət etmək istədiyini demişdir. Ravil firma işçisi ilə, yəni Elçinlə malları sayırmışlar. Ravil Ceyhuna sərxoş olduğu üçün onunla söhbət etmək istəmədiyini bildirmişdir. Həmin vaxt isə qardaşı Nailin həyat yoldaşı Elnarə dükana gəlirmiş. Ceyhun Elnarəni görmədən Ravilin ünvanına uca səslə nalayiq söyüş söyməyə başlamışdır. Elnarə Ravilə yaxınlaşıb kənara çəkmək istəyirmiş ki, Ceyhun Elnarəni əli ilə itləmişdir. Onlar Ceyhungili ayırmaq üçün ora yaxınlaşdıqda Ceyhun Ravilin əlindən tutub sıxmış və digər əli ilə onun başına nə iləsə zərbə vurmuşdur. Ceyhunun əlində bıçağa bənzər əşya olmuş, hətta Ceyhun Ravilin yanına yaxınlaşanda əli bükülü vəziyyətdə olmuş, buna görə də o, həmin əşyanın əlamətlərini tam görə bilməmişdir. Bu zaman Ravil də əsəbiləşib Ceyhunu özündən kənara çəkmək üçün başı ilə ona zərbə vurmuş və Ceyhun sərxoş olduğundan tarazılığını itirib yerə yıxılmış, onlar onu sakitləşdirməyə çalışmışlar. Mübahisə zamanı oraya qəsəbədən tanıdığı Xəlil adlı şəxs də yaxınlaşmış və hadisənin şahidi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X3 göstərdi ki, 14 ildir ki, “Veysəloğlu” şirkətində işləyir, hazırkı vəzifəsi satış müdiridir. Zərərçəkmiş şəxs təxminən 4 ildir ki, tanıyır. Belə ki, şirkətlərinə məxsus ərzaq mallarından Ravilin işlətdiyi mağazaya satır. 30 aprel 2021-ci il tarixdə saat 14:00 radələrində o, hər zamankı kimi sürücü ilə birlikdə Ravilin işlətdiyi Binə qəsəbəsi Südçülük Sovxozunda yerləşən mağazaya mal aparmışdır. Onlar Ravil ilə birlikdə mağazanın qarşısında malları sayıb təhvil-təslim edirmişlər. Elə bu zaman adını sonradan bildiyi Ceyhun adlı şəxs sərxoş vəziyyətdə mağazanın qarşısından keçərək salam vermiş, onlar onun salamını aldıqdan sonra o, Ravilə nə üçün salamını almadığını deyərək iradını bildirmişdir. Ravil də həmin şəxsə cavab olaraq eşitmədiyini deyib üzrlü saymağını xahiş etmişdir. Ceyhun isə təkrar olaraq Ravilə öz iradını bildirmişdir. Həmin zaman orada olan Ravilin qardaşı Qədim Ceyhunu sakitləşdirib oradan uzaqlaşdırmışdır. Onlar yenidən Ravil ilə birlikdə öz işləri ilə məşğul olmuşlar. Lakin Ceyhun bir qədər keçdikdən sonra yenidən ora yaxınlaşmış və Ravili kənara çağırıb onunla söhbət etmək istəmiş, o isə öz işi ilə məşğul olub malları sayırmış. Bir anlıq səsküy olduğunu eşitmiş, ona sonradan məlum olmuşdur ki, Ravil ilə Ceyhun arasında sözlə yaranmış mübahisə dava-dalaşa çevrilmiş, onlar bir-birlərinə xəsarət yetirmişlər. Ancaq tam olaraq davanı görməmişdir, çünki, onun başı malları saymağa qarışmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmə tibbi ekspertizasının 408 saylı 25 may 2020-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs Abış oğlunun bədəni üzərində aşkar edilmiş xəsarətlər - təpə nahiyəsinin əzilmiş yarası, sol İİİ barmağının sınığı küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun “Bonl Del” hospitalına müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 30 aprel 2021-ci il tarixə uyğun gələ bilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa AZ AĞİR dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarına əlavə edilmiş üzləşdirmə protokollarından görünür ki, zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs istintaq zamanı vermiş olduqları ifadələrində göstərdiklərini bir-birinin üzünə bildirmişlər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 16 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 17 oktyabr 2021-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsindən həmin Məcəllənin 127.2.3 və 221.3-cü maddələrinə tövsif edilmiş, 18 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-419/2021 saylı 18 oktyabr 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilərək həbsetmənin əvvəli 16 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarından görünür ki, 17 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsindən həmin Məcəllənin 127.2.3 və 221.3-cü maddələrinə tövsif edilmiş, 18 oktyabr 2021-ci il tarixdə ona həmin maddələrlə yeni ittiham elan edilmiş və barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli № 4(003)-419/2021 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı vardır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətə islah işləri təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 06 avqust 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin 15 dekabr 2013-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə islah işləri cəzası təyin edilmiş, Abşeron Rayon Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətə islah işləri təyin edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Probasiya şöbəsinin icra məmuru, kiçik ədliyyə müşaviri Adil Bünyadov tərəfindən qəbul edilmiş 09 dekabr 2021-ci il tarixli Qərarın surətindən görünür ki, “8 noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.8-ci bəndinə əsasən Təqsirləndirilən şəxs ona Abşeron Rayon Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli 1(102)-598/2019 nömrəli hökmü ilə təyin edilmiş islah işləri növündə cəzadan azad edilmişdir. “8 noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.8-ci bəndinə əsasən Təqsirləndirilən şəxs ona Abşeron Rayon Məhkəməsinin 7-ci bəndinə əsasən Bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin əməlin cinayət olmasını aradan qaldıran, işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar mövcud deyildir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs silah qismində istifadə etdiyi əşya ilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək qəsdən zərərçəkmiş şəxsin sağlamlığına az ağır xəsarət yetirərək xuliqanlıq hərəkətləri etməsi məhkəmə baxışının sonunda verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü məhkəmə istintaqının əvvəlində təqsirli bilməmiş, lakin onun həmin ifadəsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışının əvvəlində özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3cü maddələri ilə tövsif edilmişdir və o, törətdiyi cinayətlərə görə cəza almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli məhkəmə istintaqının sonunda etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini, himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2 maddələsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli tutulduğu 16 oktyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 25 iş saatına görə (ibtidai istintaq zamanı 15 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 150,00 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı 16 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 150,00 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-563/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-563/2021
22.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver