Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-564/2021 17.11.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), Bakı şəhəri ünvan 1-də qeydiyyatda olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üstündə daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi – 0,266 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsinə daşıyaraq üzərində saxlamış, 13 avqust 2021-ci il tarixdə saat 17:30 radələrində Xəzər RPİ 3-cü PB-nin əməkdaşları tərəfindən Xəzər rayonu Binə qəsəbəsi 29 saylı Birləşmiş Şəhər Xəstəxanasının yaxınlığında saxlanılaraq 3-cü PB-nə gətirilmiş və həmin gün saat 18:45 radələrində 3-cü PB-nin inzibati binasında xidməti otaqların birində videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə siqaretin gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 0,266 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, 5 ildir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir, istifadəsi üçün narkotik vasitələri və psixotrop maddələri əsasən Bakı şəhərinin müxtəlif yerlərindən üzdən tanıdığı, adını bilmədiyi şəxslərdən alır. Tutulmamışdan təxminən bir həftə əvvəl o, Suraxanı qəsəbəsindən üzdən tanıdığı, adını bilmədiyi şəxsdən psixotrop maddə olan şüşəni bir bükümdə 8 manata almış və cibinə qoyaraq yaşadığı evə getmişdir. Həmin vaxt bədənində ağrılar olmadığı üçün o, həmin psixotrop maddəni istifadə etməmişdir. 13 avqust 2021-ci il tarixdə təxminən saat 17:30 radələrində o, Binə qəsəbəsində 29 nömrəli xəstəxananın yaxınlığında olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim etmiş və onu narkotik vasitələrin qəbulunda şübhəli olduğu üçün Xəzər RPİ 3-cü PB-nə aparmışlar. Orada təhqiqatçı vəkil dəvət etmiş və onu şübhəli şəxs qismində tutduqdan sonra videoçəkilişlə üzərində şəxsi axtarış keçirilməsinin zəruri olmasını bildirmiş, o da buna etiraz etməmişdir. Bir qədər sonra polis əməkdaşları vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirtmişlər və əvvəlcə ona əgər üzərində narkotik vasitə, yaxud gəzdirilməsi qanunla qadağan olunmuş əşya varsa, könüllü təqdim etməsini təklif etmişlər. O, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş bir büküm şüşəni çıxarıb təqdim etmişdir. Sorğu zamanı polis əməkdaşlarına həmin maddənin psixotrop maddə metamfetamin olduğunu və onu Suraxanı qəsəbəsi ərazisindən öz şəxsi istifadəsi üçün aldığını, həmin psixotrop maddədən başqa üzərində heç bir qadağan olunmuş əşya olmadığını bildirmişdir. Polis əməkdaşı onun üzərində şəxsi axtarış aparmış, lakin könüllü təqdim etdiyi həmin psixotrop maddə metamfetamindən başqa üzərindən saxlanılması, gəzdirilməsi qanunla qadağan olunmuş heç bir maddə, əşya aşkar edilməmişdir. Göstərilən psixotrop maddə polis əməkdaşları tərəfindən qablaşdırıb götürülmüş, bu barədə protokol tərtib edilərək ucadan oxumuş, protokolu, həmçinin üzərindən aşkar edilərək götürülmüş psixotrop maddənin qablaşdırıldığı zərfi o və digər iştirakçılar imzalamışlar. Törətdiyi əməli etiraf edir və peşmançılıq çəkir. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ 3-cü PB-nin baş əməliyyat müvəkkili Şahid1 göstərdi ki, Xəzər RPİ 3-cü PB-nin sahə inspektoru, polis leytenantı Şahid2lə birlikdə 13 avqust 2021-ci il tarixdə Xəzər rayonu Binə qəsəbəsi S.Vurğun küçəsi ev 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq Binə qəsəbəsi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatını yoxlamaq məqsədilə yaradılmış qrupun tərkibində həmin gün saat 17:30 radələrində Binə qəsəbəsi 29 saylı BŞX-nın yaxınlığında Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi görmüş, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib, xidməti vəsiqələrini göstərdikdən sonra onun Təqsirləndirilən şəxs olduğunu müəyyən etmiş və ona üzərində narkotik vasitə olması barədə məlumat aldıqlarını bildirib üzərinə baxış keçirilməsi üçün onu əllərini cibinə salmağa imkan vermədən avtomobilə əyləşdirib 3-cü PB-nə aparmışlar. Orada xidməti otaqların birində təhqiqatçı Səfa Usubov videoçəkilişlə şübhəli kimi gətirilən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməyə başlandığını elan etmiş, daha sonra üzərinə şəxsi axtarış və götürmənin aparılmasında iştirak edən polis əməkdaşlarını, müdafiəçini və ilkin təhqiqat araşdırılması aparılanı təqdim etmişdir. Həmin xidməti otaqda 3-cü PB-nin təhqiqatçısı Səfa Usubov, Təqsirləndirilən şəxs, iştirakçılardan o, 3-cü PB-nin sahə inspektoru, polis leytenantı Şahid2 və müdafiəçi 08 saylı vəkil Bürosunun vəkili Müdafiəçi olmuşlar. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan hər hansı bir əşya, narkotik vasitə və psixotrop maddə olub-olmadığı soruşulmuş, əgər varsa, könüllü təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuş, içərisində "metamfetamin" olduğunu bildirmişdir. Bundan sonra həmin bükülü təhqiqatçı Səfa Usubov tərəfindən açılmış və içərisində ağ rəngli kristal formalı maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs psixotrop maddəni Suraxanı rayonu ərazisindən şəxsi istifadəsi üçün tanımadığı şəxsdən aldığını, üzərində başqa heç bir əşyanın olmadığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin üzərindən başqa heç nə aşkar edilməmişdir. İçərisində narkotik vasitəyə bənzər kristal formalı maddə olan 01 (bir) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülüdə olan maddə zərfə qoyulmuş, ağzı zərflər üçün nəzərdə tutulmuş “244” nömrəli möhürlə möhürlənmiş və həmin zərfin üzəri hər bir iştirakçı tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs həmin maddənin tərkibini, növünü və miqdarını müəyyənləşdirmək üçün zərfin kimyəvi ekspertizaya göndəriləcəyi bildirilmiş, protokol tərtib edilərək ucadan oxunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ 3-cü PB-nin sahə inspektoru Şahid2 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının 14 avqust 2021-ci il tarixli 6/3495 saylı rəyindən görünür ki, təqdiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ..." yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,266 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Ümumi çəkisi 0,266 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin 0,050 qramı tədqiqata sərf edilmiş, 0,216 qram hissəsi qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114,00 (bir yüz on dörd) manat təşkil edir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizasının 28 avqust 2021-ci il tarixli, 3128 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,266 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, psixotrop maddə metamfetaminin qalıq qalmış – 0,216 qram hissəsi saxlanılması üçün Xəzər RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 3-cü PB-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan “disk” maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 25 avqust 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 2010-cu ildə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə, 2014-cü ildə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilmiş, sonuncu dəfə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 22 oktyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin əldə edib daşıyaraq üstündə saxlaması faktı onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 13 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 15 avqust 2021-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 13 avqust 2021-ci il tarixdən 15 avqust 2021-ci il tarixə qədər 02 (iki) gün saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli həbsə alındığı tarixdən hesablanmalı, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,216 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 3-cü PB-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd “disk” hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 114,00 (bir yüz on dörd) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 30 iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və məhkəmə baxışı zamanı 10 saat) cəmi 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 13 avqust 2021-ci il tarixdən 15 avqust 2021-ci il tarixə qədər 02 (iki) gün saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı 17 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,216 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 3-cü PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd “disk” hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 114,00 (bir yüz on dörd) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-564/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-564/2021
17.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver