Məhkəmə qərarları › İş №1(003)-567/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-567/2023

06.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-567/2023 06.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1994-cü ildə Lənkəran rayonu, Haftoni kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, ali təhsilli, fərdi əməklə məşğul olan ünvan 1 ünvanında yaşayan, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə vahid qəsdlə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs Fövqəladə Hallar Nazirliyinin Masallı rayon Şöbəsinə işə düzəldəcəyini vəd edərək, 13 sentyabr 2021-ci il tarixdə Lerik rayonunda yerləşən “OBA MARKET”-də quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsilə istifadəsində olan 5261 6333 3392 2152 hesab nömrəsinə köçürmə yolu ilə 4000 manat pulunu, 19 sentyabr 2021-ci il tarixdə qeyd edilən hesab nömrəsinə köçürmə yolu ilə 800 manat, həmin tarixdə saat 12:36 dəqiqədə dostu X3 məxsus “KAPİTAL BANK” hesab kartına köçürmə yolu ilə 806 manat, həmin tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən “SAMİR MARKET”-də quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsilə istifadəsində olan yuxarıda qeyd edilən hesab nömrəsinə köçürmə yolu ilə 1390 manat olmaqla Zərərçəkmiş şəxs ümumilikdə 6996 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə talayaraq zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs bir müddətdir ki, tanıyır. Onunla aralarında heç bir düşmənçiliyi və ədavətləri yoxdur. Zərərçəkmiş şəxs həqiqətən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Masallı şöbəsinə işə düzəlmək üçün ona 6996 manat pul vermişdir. Onunla görüşlərinin birində ona işsiz olduğunu bildirmişdir. Həmin vaxtlar maddi durumu pis olduğuna görə yalandan demişdir ki, guya onu Masallı rayonunda Fövqəladə Hallar Nazirliyinə işə düzəldəcək. O, da 6996 manat pulu özünə məxsus Rabitəbanka aid kart hesabına göndərmişdir. Zərərçəkmiş şəxs ona məxsus Rabitə Bank ASC-yə aid 5261 6333 3392 2152 nömrəli kart hesabına 13 sentyabr 2021-cü il tarixdə 4000 manat, 19 sentyabr 2021-ci il tarixdə 800 manat, tanışı X3 məxsus karta həmin gün 806 manat və sonda 1390 manat pul göndərmişdir. Yusifin bu məsələyə heç bir aidiyyatı olmamışdır. Sadəcə olaraq pul göndərilməsində Yusifdən xahiş etmişdir ki, kart hesabını versin. Halhazırda Yusif ilə əlaqəsi yoxdur, onun harada olması barədə məlumatsızdır. Bir müddət sonra Afiqin onun barəsində şikayət etdiyini eşitmişdir. O, da Afiqin 6996 manat pulunu 2023-cü ilin yanvar ayının 25 də ödəmişdir. Hal-hazırda onunla barışmışdır, aralarında heç bir narazılıqları yoxdur. Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, onunla barışdığını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanı ödədiyini göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, kənd təsərrüfatı ilə, daha doğrusu heyvandarlıqla məşğul olub özünü və ailəsini dolandırır. Ailə üzvlərilə, o cümlədən kənar şəxslərdən heç kimlə arasında düşmənçilik və ədavət yoxdur. Təqsirləndirilən şəxs onun bibisi oğludur. Asif Ağaməliyev ilə aralarında heç bir zaman düşmənçilik və ədavət olmamışdır. Bibisi oğlu Asif Ağaməliyev 11 fevral 2021-ci il tarixdə ona Dövlət Təhlükəsizliyi Xidmətində çalışan tanışı vasitəsi ilə onu və qardaşı X6 Nazirliyində işə düzəldə biləcəyini bildirmişdir, bunun üçün 30.000 (otuz min) manat pul lazım olduğunu bildirmişdir. O, “Yelo Bank”dan 16 aprel 2021-ci il tarixdə 30.000 (otuz min) manat kredit pul götürüb 18 aprel 2021-ci il tarixdə təxminən saat 22 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən yaşadıqları evdə bibisi oğlu Asif Ağaməliyevə vermiş, həmin vaxt Asif ona onu və qardaşını yaxın zamanlarda Fövqəladə Hallar Nazirliyinə çağıracaqlarını, gedib imza atacaqlarını, daha sonra onlara forma veriləcəyini bildirmişdir. Təxminən üstündən 1 ay keçdikdən sonra o, Asifdən məsələnin nə yerdə olduğunu soruşmuş, Asif hər şeyin hazır olduğunu, təkcə imza məsələsinin qaldığını və imza atmalı olan əməkdaşın koronavirusa yoluxduğunu bildirmişdir. Beləcə təxminən bir müddət keçmiş, yenidən Asifdən işin nə yerdə olduğunu soruşmuş, həmin gündən bu günə kimi Asif Ağaməliyev müxtəlif bəhanələr gətirərək onu aldatmış, ona verdiyi 30.000 (otuz min) manatı da geri qaytarmamışdır. Asifə gedib ondan hüquq-mühafizə orqanlarına şikayət edəcəyini bildirəndə o kimə istəyirsə şikayət etməsini, heç kimdən qorxmadığını bildirmişdir. Asif Ağaməliyevin qanunsuz hərəkətləri nəticəsində hər ay 1318,63 manat məbləğində kredit ödəməyə məcbur olduğunu bildirmişdir. O, ifadəsinə əlavə olaraq bildirmişdir ki, bibisi oğlu X2 Hallar Nazirliyinə onu və qardaşını işə düzəltmək qarşılığında 30.000 manatı verdiyi zaman Asif Ağaməliyevin “Faberlic” şirkətində işlədiyini, lakin onun hansı vəzifədə işləməsindən məlumatının olmadığını qeyd etmişdir. O, bibisi oğlu X2 Hallar Nazirliyinə onu və qardaşını işə düzəltmək qarşılığında 30.000 manatı verdiyi zaman Asifə pul verməyinə şahidlik edən şəxslərin qardaşı İsrail və anası X7 olduğunu bildirmiş, Asifə pul verməyilə bağlı səs yazılarının, telefon yazışmalarının isə təəssüf ki, telefonun yaddaşından sildiyini qeyd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığı, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığı və gələcəkdə də olmayacağı, həmçinin cinayət nəticəsində dəymiş ziyanın qanunvericiliklə müəyyən edilmiş pay üzrə məbləği dövlət büdcəsinə ödənilməsi qeyd edilmiş və bu səbəbdən onun cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun Təqsirləndirilən şəxs ilə barışdığı, Tural tərəfindən ona dəymiş ziyanın ödənildiyi, ona qarşı heç bir şikayət və tələbinin olmadığı və gələcəkdə də olmayacağı qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1994-cü ildə Lənkəran rayonunda doğulmuş Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Nizami RPİ tərəfindən AR CM-nin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və ********* saylı cinayət işi baxılması üçün xx.xx.2023-cü il tarixdə məhkəməyə göndərilmişdir. İş materiallarında olan 15 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Nizami Həmidov tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 15 aprel 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin icraatı dayandırılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 may 2023-cü il tarixdə Xəzər RPİ 3-cü PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq aidiyyəti üzrə Xəzər RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan 06 may 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin icraatı təzələnmişdir. İş materiallarında olan 06 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında qətimkan” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 27 may 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin icraatı dayandırılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 iyun 2023-cü il tarixdə könüllü olaraq Xəzər RPİ 3-cü PŞ-nə gələrək təslim olmuşdur. İş materiallarında olan 08 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin icraatı təzələnmişdir. İş materiallarında olan 09 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Nizami Rayon Məhkəməsinin 1(007)-359/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsi barədə cinayə işi məhkəmənin icraatındadır və yekun məhkəmə aktı çıxarılmamışdır. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı teleqramdan görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə 1750 (bir min yeddi yüz əlli) manat pul ödənilmişdir. Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərər çəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72 – 73-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri iştirakçılıqla törədildiyi hallarda həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən zərər çəkmiş şəxsə dəymiş ziyan və dövlət büdcəsinə ödənişin iştirakçıların hər biri tərəfindən müəyyən pay üzrə ödənilməsi məhkəməyədək icraat zamanı təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarı, məhkəmə icraatı zamanı isə məhkəmənin qərarı ilə həll olunur. Məhkəmə, iş üzrə təqsirləndirilən və zərər çəkmiş şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs az ağır cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2021 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.5, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən, yəni zərər çəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün həmin Məcəllənin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai araşdırma zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil X4 və Müdafiəçi ödənilməsi 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar