Məhkəmə qərarları › İş №1(003)-567/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-567/2024

26.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-567/2024 26.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər - Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası küçəsi ev 5, mənzil 8-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozub ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 12 sentyabr 2022-ci il tarixdə Sabunçu rayon Məhkəməsinin 3(008)-4933/2022 nömrəli qərarına əsasən nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmasına baxmayaraq sürücülük vəsiqəsini aidiyyəti üzrə təhvil verməyib «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələbələrini pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan 25 yanvar 2024-cü il tarixdə saat 16:40 radələrində əvvəllər notarial etibarnamə ilə idarə etdiyi X8 məxsus texniki cəhətdən saz vəziyyətdə olan "Zil 4505" markalı **-BC- *** dövlət nömrə nişanlı yük avtomobilini idarə etməkdə davam edib nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuş, Buzovna-Maştağa yolunun Xəzər rayonu, Buzovna qəsəbəsindən keçən hissəsində Maştağa qəsəbəsinə doğru "Saboil" yanacaq doldurma məntəqəsinin qarşısındakı yolda saatda 30-40 km sürətlə hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə görə sürücü keçidə yaxınlaşarkən sürətini lazımınca azaltmalı, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymamalı, mövcud şəraitdə həmin qaydalara riayət etməklə hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı və bununla da yol-nəqliyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara əməl etməmiş, yolu soldan - sağa adi addımlarla piyadalar üçün nəzərdə tutulmuş keçidlə keçən azyaşlı piyada 2016-cı il təvəllüdlü Zərərçəkmiş şəxs yolun hərəkət hissəsinin sağ kənarından 13,8 metr məsafədə sağdan birinci hərəkət zolağında piyadalar üçün təhlükəli şərait yaradıb, yük avtomobilinin ön hissəsi ilə ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs vuraraq ona travmatik şokla müşayiət olunan sağ ayağın İİİ-İV-V barmaqlarının daraq sümüklər ilə birgə amputasiyası, döş qəfəsinin və qarnın küt travması, yuxarı boş vena sindromu, sağ bazunun, döş qəfəsinin arxa səthinin və belin əzilmiş yaraları ilə müşayiət olunan ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla dayanıqlı itirilməsi ilə (25%) nəticələnən ehtiyatsızlıdlan Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulmasına səbəb olmaqla nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, "Zil 4505" markalı **-BC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini etibarnamə və BC dərəcəli sürücülük vəsiqəsi əsasında idarə edir. Sürücülük vəsiqəsinin Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 2022-ci ildə məhdudlaşdırılması barədə məlumatı olmayıb, ona görə də yol patrul xidmətinə sürücülük vəsiqəni təqdim etməmişdir. Dəfələrlə onu müxtəlif küçələrdə yol patrul xidməti əməkdaşları saxlayıb, sürücülük vəsiqəsinə baxıb ona qaytarıblar, sənədlərini yoxlayıblar. Lakin məhdudlaşdılma barədə ona məlumat verməyiblər. xx.xx.2024-cü il tarixdə 15 radələrində yük maşını ilə Zabrat-Maştağa yolunda yerləşən daş bazarına doğru gedirmiş. Bir qədər getdikdən sonra Buzovna-Maştağa yolu ilə üzü Maştağa qəsəbəsi istiqamətində hərəkətdə olarkən "Saboil" yanacaqdoldurma məntəqəsinin qarşısında yerləşən piyada zolağında qarşı əks yolda dayanmış sərnişin avtobusundan bir azyaşlı olmaqla iki nəfər piyadanın zolaqla hərəkətdə olduğu yolun sol hissəsindən sağ hissəsinə doğru qaçaraq keçmələrini görmüşdür. Əyləcdən istifadə edib sükanı sağa doğru istiqamətləndirsə də hadisənin qarşısını ala bilməyib idarə etdiyi yük maşının qabaq hissəsi ilə piyadanın birini ehtiyatsızlıqdan vurmuşdur. Dərhal yük avtomobilini saxlayıb yerə düşmüş və görmüşdür ki, qadın cinsli uşaq piyada müxtəlif dərəcəli xəsarətlər almışdır. Bu barədə TTYS-na və DİN-nin 102 zəng mərkəzinə zəng vuraraq məlumat vermişdir. Əməlindən peşmandır, 570 manat pul maddi yardımını Edanur adlı uşağın valiydeyninə vermişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Nümayəndə bildirmişdir ki, zərərçəkmiş şəxsin ayağında zədə olduğu üçün o məhkəmə iclasında iştirak etməmişdir. Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyan ödənilməmişdir. Buna görə də təqsirləndirilən şəxslə barışmadığını, ondan şikayətçi olduğunu qeyd edərək onun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Nümayəndə iştirakı ilə Zərərçəkmiş şəxs ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs istintaq zamanı ifadəsində qeyd etmişdir ki, 25 yanvar 2024-cü il tarixdə günorta saatlarında oxuduğu Sabunçu rayonu, 128 saylı tam orta məktəbə getmiş, dərsdən çıxdıqda sonra qonşuluqda yaşayan adını bilmədiyi şəxslə yolu keçib yaşadığı evə getmək istəmişdir. Piyada zolağının qurtarmasına az qalmış yük avtomobili onu vurmuş, o xəsarət almış, sonra onu həkim müayinəsinə aparmışlar. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə birlikdə işləyir. xx.xx.2024-cü il tarixdə 15 radələrində Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən daş karyerində 400 ədəd mişar daşını yük maşının yük hissəsinə yükləyib Zabrat-Maştağa yolunda yerləşən daş bazarına doğru gedirmişlər. Bu ünvanla həmin günü təxminən saat 16:40 radələrində Buzovna- Maştağa yolu ilə üzü Maştağa qəsəbəsi istiqamətində sağ tərəfdən birinci zolaqda təxminən 15-20 km saat sürətlə hərəkətdə olarkən "Saboil" yanacaqdoldurma məntəqəsinin qarşısında yerləşən piyada zolağında qarşı əks yolda dayanmış sərnişin avtobusundan bir azyaşlı və biri kişi cinsli şəxslər olmaqla iki nəfər piyada, piyada zolaqla hərəkətdə olduğu yolun sol hissəsindən sağ hissəsinə doğru qaçaraq keçmələrini təxminən 15-16 metr məsafədə gördükdə Ağarza əyləcdən istifadə edib sükanı sağa doğru istiqamətləndirsə də hadisənin qarşısını ala bilməyib idarə etdiyi yük maşının qabaq sağ ön hissəsi ilə piyadanın birini ehtiyatsızlıqdan vuraraq yol nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahid ibtidai istintaqa verdiyi ifadəsində bildirmişdir ki, 25 yanvar 2024 tarixdə saat 16-40 radələrində 107 saylı marşrut xətt avtobusuyla Xəzər rayonu, Albalılıq yaşayış massivi “Saboil” yanacaq doldurma məntəqəsiylə üzbəüz yerə gəlmiş, avtobusdan düşmüş piyada keçidiylə yoldan əks istiqamətə yolu adi addımlarla keçməyə başlamışdır ki, yaxınlıqda olan evinə getsin, bu zaman yanında adını sonradan bildiyi 9 yaşlı Edanur adlı qız da yolu keçirmiş, sonrakı saniyələrdə sağ tərəfdən gələn təxminən 40 km sürətlə hərəkət edən “Zil” markalı yük avtomobili onları ehtiyatsızlıqdan vurmuş, nəticədə o, xəsarət almasa da Edanur xəsarət almış, sonra sürücü Edanuru xəstəxanaya aparmışdır. Onlar yolu keçərkən təxminən 80-90 metr məsafədən “Zil” markalı avtomobil hərəkətdə olmuş, həmin avtomobil onlara yaxınlaşarkən sükanı sağa bursa da qəzadan qaça bilməmişdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin xx.xx.2024-cü il tarixli, 1/713 saylı protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18:30da müayinə zamanı ayıq vəziyyətdə olmuşdur; - AA N 488493 seriyalı qeydiyyat şəhadətnaməsinin surətindən məlum olur ki,** BC *** dövlət qeydiyyat nişanlı “ZİL-4505 yük” avtomobili X6 mülkiyyətindədir; - xx.xx.2020-ci il tarixdə verilmiş etibarnamənin surətindən aydın olur ki, ** BC *** dövlət qeydiyyat nişanlı “Zil 4505 yük” markalı nəqliyyat vasitəsinin idarə edilməsi Təqsirləndirilən şəxs etibar edilmişdir; - AD 143960 seriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir; - Sabunçu Rayon Məhkəməsinin 12.092022-ci il tarixli 3(008)-4933/2022 nömrəli qərarından aydın olur ki, Təqsirləndirilən şəxs İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 06 ay müddətinə məhdudlaşdırılmışdır; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2024-cü il tarixli, 3-13- 16/2-72010/2024 saylı və xx.xx.2024-cü il tarixli 3-13-16/2-187828/24 məktubularından görünür ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmə hüququ Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə məhdudlaşdırılmış, o, sürücülük vəsiqəsini təqdim etmədiyi və ya sürücülük vəsiqəsini itirməyi barədə ərizə vermədiyi üçün İXM-nin 153.3-cü maddəsinə əsasən onun sürücülük hüququnun məhdudlaşdırılması müddətinin axımı dayanmış və həmin qərar icra olunmamışdır; - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 74 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində travmatik şokla müşayiət olunan sağ ayağın İİİ-İV-V barmaqlarının daraq sümüklər ilə birgə amputasiyası, döş qəfəsinin və qarnın küt travması, yuxarı boş vena sindromu, sağ bazunun, döş qəfəsinin arxa səthinin və belin əzilmiş yaraları ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan ehtiyatsızlıqdan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər almışdır; - xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tnınmışdır; - xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Nümayəndə Zərərçəkmiş şəxs qanuni nümqyəndəsi qismində tanınmışdır; - Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 18 aprel 2024-cü il tarixli, 8/869 saylı rəyindən görünür ki, “ZİL 4505 yük” markalı **-BC-*** nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; - Yol nəqliyyat hadisənin videgörüntüsü əks olunmuş yaddaş kartına məhkəmə iclası zamanı baxış keçirilmiş və müəyyən edilmişdir ki, “ZİL 4505 yük” markalı **-BC-*** nömrə nişanlı avtomobil hərəkətdə olarkən sürücü idarə etdiyi nəqliyyat vasitəsini saxlaya bilməyərək yolu keçən piyada ilə toqquşur, nəticədə yol nəqliyyat hadisəsi baş verir; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrumedilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə cəzasının sonu ilə azad olunmuşdur. Məhkumluğu ödənilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞnin müstəntiqi O.Qnyazov tərəfindən Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; - Sübutların qiymətləndirilməsi və cinayət işinin tövsif edilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-nin 263.1-ci maddəsindən CM-nin 263-1.1-ci maddəsinə tövsif edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - AA ******* seriyalı, AA3780190 seriyalı şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü İslam Niyətov və xx.xx.2015-ci il təvəllüdlü Hacı Niyətzadə - Təqsirləndirilən şəxs övladlarıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməlin törədilməsində təqsirli olması tam sübuta yetmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarına əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən əməlindən səmimi peşman olmasını, himayəsində azyaşlı uşağın olmasını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyandan qismən ödəniş etməsini cəzanı yüngülləşdirici hal kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən iş üzrə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, 85 manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıdakıları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 85 manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə tutulsun (X5, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22). Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar