Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-568/2023 14.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı qızının, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1985-ci il tarixdə Xaçmaz rayonunun Xudat şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan dörd uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Xaçmaz rayonu Xudat şəhəri SMD-10 qəsəbəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddət pozulmasına səbəb olduğuna görə sağlamlığa qəsdən yüngül zərər vurma cinayəti törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 15 yanvar 2023-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri, ünvan 2 ünvanında yaşadıqları evdə vətəndaş nikahında yaşadığı arvadı Zərərçəkmiş şəxs ilə ona süzdüyü çayın açıq olmasına görə aralarında ailə münasibətləri zəmnində yaranmış mübahisə zamanı əlində şüşə materialından olan fincanla qəsdən sonuncunun baş nahiyəsinə bir zərbə vuraraq ona alının solğun qırmızımtıl rəngli çapıq toxumasının əzilmiş yarası ilə nəticələn, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aid xəsarət yetirmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü məhkəmə iclasının əvvəlində təqsirli bilməyərək göstərdi ki, o, ibtidai istintaq zamanı özünü təqsirli bilərək göstərmişdir ki, 2010-cu ildən 2023-cü ilin yanvar ayının sonuna kimi Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi olaraq ər-arvad kimi yaşamışdır. 15 yanvar 2023-cü il tarixdə saat 16 radələrində bazardan kirayədə yaşadıqları Mərdəkan qəsəbəsi Mərdəkan bağları Hacı Aslanov küçəsi dalan 1 ünvanında evə qayıtdığı zaman Arifədən ona çay süzməyini xahiş etmiş, Arifənin süzdüyü çayın rəngi açıq olduğuna görə Arifəyə əsəbiləşmiş, ona əsəbi halda “mənim tünd çay içdiyimi bilirsən, niyə çayı açıq etmisən” demiş, bundan sonra aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı əsbi olduğuna görə əlində şüşə materialından olan çay fincanını Arifənin baş nahiyəsinə vurmuş, Arifə xəsarət almışdır. Həmin vaxt evdə özü və Arifədən başqa orada heç kim olmamışdır. Arifəni mütəmadi olaraq döyməmiş, aralarında bir neçə dəfə ailə münasibətləri zəminində mübahisə olmuşdur. Bununla bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsində işlərinə baxılıb və məhkəmə iclasında barışdıqlarına görə cinayət işinə xitam verilmişdir. Məhkəmə iclasının sonunda Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək göstərdi ki, əməlindən peşman olaraq Arifə ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Hazırda Arifənin ondan heç bir şikayəti və ya tələbi yoxdur. Himayəsində yetkinlik yaşına çatmayan dörd uşağı vardır. Barışmalarının nəzərə alınaraq onun barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2010-cu ildən 2023-cü ilin yanvar ayına kimi qeyrirəsmi olaraq ər-arvad kimi yaşamışdır. Bundan başqa, Zaur 5 ildir ki, qeyri-rəsmi olaraq İlahə adlı bir qadınla yaşayır. 15 yanvar 2023-cü il tarixdə saat 16 radələrində Zaur bazardan yaşadıqları evə gəlmiş və ondan ona çay süzməyini istəmişdir. Zaura çay süzmüş, Zaur çayın rəngi açıq olduğuna görə ona irad bildirmiş və əsəbi halda “sən bilirsən mən tünd çay içirəm, bu nə çaydı gətirmisən” demişdir. Zaura əsəbələşməli bir halın olmadığını demiş və bundan sonra aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Zaur əlində şüşə materialından olan fincanı onun başına vurmuş, xəsarət almışdır. Əsəbi olduğundan guya Zaurun bacısı Ceyhunə Hüseynovanın istifadəsində olan “Whatsapp” ani mesajlaşma proqramına səsli mesaj ataraq onu öldürəcəyini deməsini bildirmişdir, lakin Zaur onu ölümlə hədələməmişdir. Zaurla aralarında ailə mübahisələrinin bir neçə dəfə olmasına baxmayaraq Zaur onu mütəmadi olaraq döyməmiş, onun üzərinə su tökməmiş, oyuncaq yalamamış, bir dəfə Abşeron rayon Polis İdarəsində, bir dəfə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində işləri araşdırılmış və barışdıqlarına görə cinayət işinə xitam verilmişdir. Hazırda Zaur onunla barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Buna görə də onun Zaurdan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq Zaur barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 238 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət – alının solğun qırmızımtıl rəngli çapılmış toxuması əzilmilş yara izi olub məhdud səthə malik tinli əşya təsirindən törənmiş, törənmə müddəti onun məhkəmə-tibb müayinəsindən 2-3 ay əvvəl olmaqla, müayinə olunanın göstərdiyi tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə bu YÜNGÜL dərəcəli zərərvurmaya aiddir. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarında olan və 08 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.1, 333.4, 332.2.2, 66.3-cü maddələrinə əsasən 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2010-cu ildə Abşeron Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1, 67.1-ci maddələri ilə təqsirli bilinərək 1 (bir) il 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2007-ci ildə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə AR CPM-nin 514, 520-ci maddələrinə əsasən qalan 2 (iki) il 10 (on) ay 1 (bir) gününü çəkmək üçün MTCÇM-nə keçirilmiş, xx.xx.2010cu ildə Quba Rayon Məhkəməsinin qərarı ilə AR CPM-nin 514, 520-ci maddələrini rəhbər tutaraq cəzasının qalan hissəsini çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə qaytarılmış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1, 67.1-ci maddələri ilə təqsirli bilinərək 1 (bir) il 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Quba Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 1 (bir) il 1 (bir) ay 5 (beş) gününü çəkmək üçün CÇM-nə qaytarılmış, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cu il tarixli 1268 saylı Əfv fərmanına əsasən cəzanın çəkilməmiş hissəsindən azad edilmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128, 67-ci maddələri ilə təqsirli bilinərək 4 (dörd) ay 26 (iyirmi altı) gün müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə aylıq qazancından dövlət nəfinə 10% məbləğdə pul tutulmaqla 6 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli Amnistiya qərarının1.4-cü bəndinə əsasən islah işləri cəzasından azad edilərək şöbənin qeydiyyatından çıxarılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan və Zərərçəkmiş şəxstərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş 14 avqust 2023-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tamamilə ödənilmişdir, buna görə də onun ondan heç bir şikayəti yoxdur. Barışmalarının nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona istinad edilən əməli törətməsi onun özünün və zərərçəkmiş şəxsin ifadələri, MTE və PA Birliyinin aktı və cinayət işinin materiallarında olan digər sənədlərlə tam sübuta yetirildi. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallardan başqa, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinin tələbinə görə, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Azərbaycan Respublikası CPM-nin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası CPM-nin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ya ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimaixüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilə bilməz. Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin ləğv edilməsi məqsədə uyğundur. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) iş saatına görə (ibtidai istintaq zamanı 15 saat və məhkəmə baxışı zamanı 5 saat) ümumilikdə 120,00 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 43.3, 197-198, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinə görə onun barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə 120,00 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-568/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-568/2023
14.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver