Məhkəmə qərarları › İş №1(003)-57/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-57/2022

12.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-57/2022 12.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şükürlü Murad Şahin oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 oğlunun, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 21 noyabr 2001-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşaxuna Bağlar massivində nömrəsiz evdə yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)- 375/2021 saylı 13 sentyabr 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 11 sentyabr 2021-ci il tarixdən hesablanan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış yerinə və saxlanc yerinə qanunsuz olaraq daxil olub özgənin əmlakını gizli olaraq talayıb, təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 16 iyul 2021-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşaxuna massivində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin plastik pəncərəsini aralayıb açmaqla içəri qanunsuz olaraq daxil olub, oradan 01 ədəd 130 manat dəyərində olan “Shivaki” markalı aspirator, 01 ədəd 125 manat dəyərində “Aristokrat” markalı qaz plitəsi, 01 ədəd 30 manat dəyərində hamam duşu dəsti, 01 ədəd 25 manat dəyərində pistolet su kranını, 01 ədəd 100 manat dəyərində “Markus” markalı hidraforu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 410 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 11 avqust 2021-ci il tarixdə saat 01:25 radələrində Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsində yerləşən “OBA” marketə anbar tərəfdən plastik qapını açıq içəri qanunsuz daxil olmaqla mağazadakı seyfin açarını dolabdan əldə edərək açıb oradan 1200 manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nə həmin məbləğdə ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 11 sentyabr 2021-ci il tarixdə saat 01:30 radələrində Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsində yerləşən “OBA” marketə anbar tərəfdən plastik qapını açıb içəri qanunsuz olaraq daxil olmaqla mağazadakı masanın üzərində olan plastik qabın içindən 200 manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nə həmin məbləğdə ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxsrin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Həzi Quluzadə ilə Qala qəsəbəsi Xaşaxuna Bağlar massivində qonşudur, dostluq münasibəti vardır. Pula ehtiyacı olduğundan o, Həziyə oğurluq etməyi təklif etmiş, Həzi də razılaşmışdır. 16 iyul 2021-ci il tarixdə saat 03 radələrində yaşadıqları Xaşaxuna bağlar massivində əvvəlcədən gördüyü təmir olunan 1 mərtəbəli bağ evinin yanına birlikdə gəlib hasarı aşaraq həyətə daxil olmuşlar. O, həmin evin plastik pəncərəsini əli ilə itələyərək açmış, əvvəl özü, arxası ilə isə Həzi içəri daxil olmuşdur. Otaqlardan birində olan aspiratoru, qaz sobasını, su motorunu və 02 ədəd su kranını Həzi ilə birlikdə oğurlayıb əllərində daşıyaraq onun yaşadığı evin yaxınlığındakı sahibsiz bağ sahəsinə gətirib yarımçıq tikilinin içində gizlətmişlər. 18 iyul 2021-ci il tarixdə saat 19 radələrində tanışı - taksi sürücüsü Bəymurada zəng vuraraq ona satlıq ev əşyaları olmasını, Binə qəsəbəsinə aparmaq lazım olmasını bildirərək Xaşaxuna bağ massivində həmin yerə çağırmış və həmin əşyaları onun “VAZ-2107” markalı avtomobilinə yükləyib Həzi ilə birlikdə Binə qəsəbəsinə getmişlər. Orada o, Bəymuradla avtomobilin yanında qalmış, Həzi isə həmin qaz sobasını, aspiratoru, su motorunu və iki ədəd su kranını götürüb avtomobili idarə edərək onların yanından aralanıb Binə qəsəbəsində bilmədiyi ünvana kəndin içinə getmiş, təxminən 20 dəqiqə sonra geri qayıtmış və onlar həmin avtomobillə Xaşaxuna Bağlar massivindəki məhlələrinə qayıtmışlar. Həzi ona oğurluq əşyaların satışından əldə etdiyi puldan 30 manat xərclik vermiş, lakin ona həmin əşyaları neçəyə, kimə satmasını deməmiş, o da maraqlanmamışdır. Bundan başqa, o, 09 avqust 2021-ci il tarixdə qonşuluqunda yaşayan məhlə uşağı Amala kömək məqsədilə onun işlədiyi Zirə qəsəbəsinə yerləşən “OBA” marketə getmişdir. O Amala kömək etdikdən sonra qərara gəlmişdir ki, oradan da oğurluq etsin. Bu niyyətlə orada olan giriş-çıxış, kamera sistemini, seyfin açarının yerini dəqiqləşdirmişdir. 10 avqust 2021-ci il tarixdə saat 23:50 radələrində yaşadığı evdən çıxmışdır. Məhəllədə olarkən Həzini görüb oğurluq etmək məqsədini ona demiş və o da birlikdə həmin oğurluğu etməyə onunla razılaşmışdır. Bir müddət mağazanı müşahidə edərək ətrafda yaşayan sakinlərin yatmasını gözləmişlər. 11 avqust 2021-ci il tarixdə saat 01:50 radələrində Həzi ilə razılaşmışlar ki, o bayırda pusquda qalsın və ətrafı müşahidə etsin, özü isə içəri girib mağazadan oğurluq etsin. Beləliklə, Həzi həmin vaxt 40 metr aralıda gözləyərək ətrafı müşahidə etməyə başlamış, o isə mağazanın arxada anbar hissəsinin qapısını yoxladıqda, qapısının açıq vəzyətdə olmasını aşkar etmiş və oradan içəri girib mağazanın kassasına yaxınlaşaraq seyfin açarını şkafdan götürüb seyfi açmış, orada olan pulları götürüb mağazadan çıxaraq Həzinin yanına getmiş və birlikdə mağazadan 100-150 metr aralanmışlar. Orada Həzi ilə birlikdə pulu saydıqda 1041 manat pul olmasını müəyyən etmişlər. O, Həziyə 500 manat vermiş, özü də 500 manat götürmüş, qalan 41 manatı isə siqaret və taksiyə vermişdir. Daha sonra, Xəzər RPİ-nin 1ci PŞ-nin əməkdaşları yaşadığı evə gələrək onun oğurluqda şübhəli olmağını bildirərək onu həmin PŞ-nə aparmışlar. Orada o, Həzi ilə birlikdə törətdiyi hər iki oğurluq hadisəsini etiraf etmiş və 500 manat pulu təhqiqatçıya qaytarmışdır. Sonuncu dəfə isə, əvvəl oğurluq etdiyi Zirə qəsəbəsindəki “Oba” marketdən oğurluq hadisəsini tək özü törətmişdir. Belə ki, yenə pula ehtiyacı olduğundan, o, 11 sentyabr 2021-ci il tarixdə saat 01:30 radələrində Xəzər rayonu Zirə qəsəbəsində yerləşən “Oba” marketdən təkrarən oğurluq etmək üçün gəlmiş və ətrafı müşahidə etdikdə heç kimin olmadığını görmüş və özü ilə əvvəlcədən götürdüyü qapı qulpunun içəri hissəsini həmin marketin qapısına salıb açaraq içəri girmişdir. Marketi gəzdikdə orada masanın üzərində plastik qabın içində pulların olmasını görmüş və həmin pulları götürüb saydıqda 1 ədəd 100 manatlıq, 1 ədəd 50 manatlıq və digərləri 10 manat, 20 manat, 5 manatlıq və 1 manatlıq pullar olmaqla təxminən 200 manat pul olmasını müəyyən etmişdir. Marketin arxa plastik qapısından çıxmış və yola tərəf çıxmaq istədikdə polisin post patrul xidmətinin əməkdaşlarının gəldiyini görüb həyəcandan pulu marketin arxasında yerə atmışdır. Post patrul xidmətinin polis əməkdaşları onu saxlamış, o da qaçmayaraq sorğu-sual zamanı onlara törətdiyi oğurluq əməlini səmimi olaraq etiraf etmişdir. Bundan sonra onlar onu Xəzər RPİ-nin 1-ci PŞ-nə gətirib təhvil vermişlər. İlk dəfə törətdiyi əməllərindən peşmandır, zərərçəkmiş hüquqi şəxs OBA market” MMC-nə dəymiş ümumilikdə 1400 (bir min dörd yüz) manat maddi zərərin 690 (altı yüz doxsan) manat hissəsini istintaq zamanı polisə təqdim etmiş, maddi imkanı zəif olduğundan OBA market” MMC-nə dəymiş maddi zərərin qalan hissəsini, həmçinin Zərərçəkmiş şəxs1 dəymiş 410 manat maddi ziyanı hələlik ödəyə və onlarla barışıq əldə edə bilməmişdir. Ona bir qədər vaxt verilərsə, ziyan məbləğini hissə-hissə ödəyə biləcəkdir. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, 2014-cü ildən Müdafiə Nazirliyinin Hərbi X7 qəsəbəsində yerləşən N saylı hərbi hissəsində xidmət edir. O, özünə məxsus Xəzər rayonu Qala qəsəbəsində yerləşən 3 sot torpaq sahəsində həyətyanı sahəni hasara alaraq 1 mərtəbəli kürsülü ev tikdirmişdir. Həmin evin təmiri tam başa çatmamış və orada yaşayış yoxdur. Mütəmadi olaraq təmir işləri ilə bağlı həmin evinə gəlib-gedir. Sonuncu dəfə 15 iyul 2021-ci il tarixdə saat 20:30 radələrində həmin evində təmir işlərini yekunlaşdırıb yaşadığı evə qayıtmışdır. 16 iyul 2021-ci il tarixdə saat 08:00 radələrində o, həmin Xaşaxuna massivindəki evinə gəlmiş və həyətyanı sahəyə darvaza qapısının kilidini açarla açıb girmişdir. Bu zaman evin mətbəx otağının plastik pəncərəsinin açıq vəziyyətdə olmasını görmüş və evin giriş qapısını açıb içəri daxil olub baxdıqda evdən naməlum şəxs və ya şəxslər tərəfindən oğurluq edilməsini aşkar etmişdir. Belə ki, evindən mətbəx pəncərəsindən daxil olmaqla naməlum şəxslər tərəfindən arxa qapısı qoyulmayan otağa qoyduğu 01 ədəd 130 manat dəyərində olan “Shivaki” markalı aspirator, 01 ədəd 125 manat dəyərində “Aristokrat” markalı qaz plitəsi, 01 ədəd 30 manat dəyərində hamam duşu dəsti, 01 ədəd 25 manat dəyərində pistolet su kranı, 01 ədəd 100 manat dəyərində “Markus” markalı hidrafor oğurlanmışdır. Həmin oğurluq hadisəsi nəticəsində ona 410 manat dəyərində maddi ziyan dəymişdir. Həmin ziyan indiyə qədər ödənilmədiyi üçün o, təqsirləndirilən şəxsdən şikayətçidir. Bütün bunların nəzərə alınaraq ona dəymiş maddi ziyanın ödənilməsinə köməklik göstərilməsini və təqsirləndirilən şəxsə törətdiyi əməlinə görə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilən X4 göstərdi ki, Şahid2 Xəzər rayonunda yerləşən "xxxx" MMC-nin Zirə 1 filialında mağaza administratoru vəzifəsində işləyir. 11 avqust 2021-ci il tarixdə saat 01:25 radələrində Şahid2 elektron email ünvanı vasitəsi ilə "xxxx" MMC-nin rəsmi internet adresinə Xəzər rayonu Zirə qəsəbəsində yerləşən Zirə-1 "xxxx" mağazasından kassadan pul oğurlanması barədə məktub göndərmiş və daha sonra ərazi üzrə Xəzər RPİ-nin 1-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Bundan sonra həmin hadisəni törədən şəxslər polis əməkdaşları tərəfindən isti izlərlə tutularaq istintaqa cəlb edilmişlər. Belə ki, həmin şəxslərdən birini Amal kamera görüntülərindən tanımış və ərazi polis orqanına məlumat vermişdir. Bundan bir ay sonra eyni şəxs, yəni əvvəl həmin Zirə-1 "xxxx" mağazasından oğurluq edən, sonradan adının İntiqam olmasını müəyyənləşdirdiyi şəxs eyni üsulla mağazanın arxa plastik qapısından daxil olaraq oradan 200 manat pul oğurlamış və hadisə yerindən uzaqlaşmaq istədikdə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilmişdir. O, həmin iki faktla bağlı "xxxx" MMC-nin mühasibat şöbəsi ilə dəqiqləşdirmə apardıqdan sonra rəsmi məktubla Xəzər RPİ-nin İŞ-nə müraciət etmişlər. 11 avqust 2021-ci il tarixdə Zirə -1 “Oba marketin” seyfindən 1200 manat pul oğurlanmışdır. Daha sonra isə 11 sentyabr 2021-ci il tarixdə həmin marketin arxa otağındakı plastik qabın içindən 200 manat pul eyni şəxs, yəni İntiqam adlı şəxs tərəfindən oğurlanmışdır. Həmin iki oğurluq nəticəsində "xxxx" MMC-nə ümumilikdə 1400 (bir min dörd yüz) manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs həmin ziyanın 690 (altı yüz doxsan) manat hissəsini istintaq zamanı polisə təqdim etmiş, qalan hissəsini isə indiyə qədər ödəməmişdir. Həmin ziyan indiyə qədər ödənilmədiyi üçün təqsirləndirilən şəxsdən şikayətçidirlər. Bütün bunların nəzərə alınaraq dəymiş maddi ziyanın tam ödənilməsinə köməklik göstərilməsini və təqsirləndirilən şəxsə törətdiyi əməlinə görə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, o, 2018-ci il tarixindən DİO-da və Xəzər RPİ-nin PPXB-də polis nəfəri kimi xidmət edir və polis serjantı xüsusi rütbəsindədir. 10 sentyabr 2021-ci il tarixdə saat 21:00-da iş yoldaşı Şahid3la birlikdə gecə növbəsində 6358 çağırışlı avtopatrul avtomobili ilə xidmətə başlamışlar və Zirə qəsəbəsinə təhkim olunmuşlar. 11 sentyabr 2021-ci il tarixdə saat 02 radələrində Zirə qəsəbəsində ara küçələrlə avtopatrul avtomobili ilə hərəkətdə olarkən “Oba” marketdən siqnalizasiya zənginin səsini eşidərək oraya yaxınlaşmışlar. Bu zaman bir nəfər şəxsin içəridən çıxmasını görmüşlər. Həmin şəxs arxa qapıdan çıxıb qaçmaq istədikdə onu tutub saxlamışlar. Sorğu-sual edərkən həmin şəxs Təqsirləndirilən şəxs olmasını, “Oba” market mağazasına oğurluq etmək məqsədi ilə daxil olaraq oradan pul oğurlayıb çıxmasını etiraf etmişdir. Daha sonra iş yoldaşı Şahid3la birlikdə həmin şəxsi Xəzər RPİ 1-ci PŞ-nə aparıb raport yazaraq təhvil vermiş və yenidən xidməti əraziyə qayıtmışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 da Şahid1 ifadəsi ilə oxşar, eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, o, 2020-ci ilin noyabr ayıdan Zirə qəsəbəsində yerləşən "xxxx" mağazasında administrator vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Xaşaxuna bağlar massivindən məhlə adamı kimi tanıyır. 11 avqust 2021-ci il tarixdə saat 02 radələrində işlədiyi Zirə qəsəbəsindəki “OBA” marketin siqnalizasiya şəbəkəsindən istifadə etdiyi ***-***-**-** nömrəsinə mağazaya müdaxilə ilə bağlı siqnal gəlmişdir. O, yaxın olduğu üçün Zirə qəsəbəsində yaşayan baş satıcı X3 zəng vurub mağazadan siqnalizasiya çağırışı olmasını deyərək, ora gedə bilibbilməyəcəyini soruşmuş, Xanım da gedə bilməyəcəyini demişdir. O, özü də uzaqda olduğu üçün mağazaya həmin vaxt getməmişdir. 11 avqust 2021-ci il tarixdə saat 07:55 radələrində o, marketə gələrək içəri daxil olub baxdıqda müəyyən etmişdir ki, mağazaya yardımcı otağın plastik qapısını açıb içəri daxil olmaqla oradakı seyfdən 1200 manat pul oğurlanmışdır. Bu barədə DİN 102 xidmətinə zəng edib məlumat vermiş və hadisə yerinə gələn polis əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilmiş və tərtib edilmiş protokola imza etmişdir. Hadisə yerində polis əməkdaşları ilə birgə mağazanın müşahidə kameralarına baxdıqda həmin görüntülərə düşən oğurluq edən İntiqam adlı qəsəbə sakinini tanımışdır. Daha sonra isə Xəzər RPİ-nin 1-ci PŞ-nə gedərək hadisə barədə ərizə və izahat vermişdir. İntiqamı o, tanışı kimi 09 avqust 2021-ci il tarixdə mağazada məhsulları bayırdan içəri daşımaq üçün köməyə çağırmışdır və İntiqam həmin gün saat 20 radələrində mağazaya gələrək küçədən təxminən 5-6 kisə soğan və 7-8 kisə kartofdan ibarət tərəvəz məhsullarını içəri daşımışdır. Mağazanı bağladıqdan sonra isə onlar birlikdə yaşadıqları evə getmişlər. 10 avqust 2021-ci il tarixdə istiqahət günü olduğu üçün marketə gəlməmişdir. Həmin mağazanın siqnalizasiya sistemindən onun mobil telefon nömrəsinə 11 avqust 2021-ci il tarixdə müdaxilə barədə siqnal mesajı gəlmişdir. Həmin hadisə zamanı mağazadan seyfdə olan 1200 manat nağd pul oğurlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 göstərdi ki, o, fərdi qaydada tikinti işlərində fəhlə kimi işləyir. X10 qəsəbəsi Xaşaxuna bağlar massivində uşaqlıq vaxtından tanıyır, onunla normal münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs da Həzinin tanışı kimi Xaşaxuna massivində yaşayan şəxs kimi tanımışdır. X1 “VAZ-2107” markalı ağ rəngli **-XU-*** dövlət nömrə nişanlı avtomobili vardır və onun da sürücülük vəsiqəsi olduğundan ona sürmək üçün etibarnamə də vermişdir və həmin avtomobili hər ikisi idarə edir, yəni o, taksi fəaliyyəti ilə məşğul olur. 2021-ci ilin iyul ayının 17-də saat 20 radələrində Həzi ona zəng vuraraq Binə qəsəbəsinə yeznəsigilə getməli olduğunu və onu “VAZ-2107” markalı avtomobili ilə aparmağını xahiş etmiş, o da razılaşmışdır və Həzini Xaşaxuna massivində “Fantan” restoranının arxasındakı küçədən götürmüşdür. Həmin vaxt Həzinin yanında olan İntiqam da avtomobilə əyləşmişdir. Həzi kiçik, içi görünməyən sellofan torbada yükünü avtomobilin arxa saxlanc yerinə qoymuşdur və o avtomobili idarə edərək Binə qəsəbəsinə dar küçələrə gəlmişdir. Həzi ona demişdir ki, avtomobili ona versin ki, yeznəsinin ünvanına tək getsin, çünki həmin ünvana 3 nəfərin getməyinin ayıb olmasını demişdir. O da razılaşmış və İntiqam ilə bərabər avtomobildən düşmüşdür. Həzi avtomobili sürüb ara məhləyə girmiş və 10 dəqiqə sonra geri qayıtmışdır. Daha sonra o özü sükan arxasına əyləşmiş və avtomobili idarə edərək Həzini və İntiqamı Xaşaxuna massivinə yeraltı piyada keçidinin yanında düşürtmüşdür. Həzi ona yol xərci kimi 8 manat vermiş və çıxıb getmişlər. O Həzinin onun avtomobilinə qoyduğu sellofandakı əşyanın nə olmasını bilməmiş, nə də bu barədə ondan soruşmamışdır. İş materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs Zirə qəsəbəsində yerləşən “Zirə-1 Oba market” mağazasından oğurladığı pullardan 500 manat və 190 manat pul maddi sübut qismində götürülərək protokollaşdırılmışdır. İş materiallarına əlavə olunmuş ifadələrin yerində yoxlanılması barədə protokollardan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadələrinin dəqiqliyini yoxlamaq üçün onun ifadələri yerində yoxlanılmış və o, ifadələrində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11 avqust 2021-ci il tarixdə Xəzər rayonu Zirə qəsəbəsində yerləşən "xxxx"dən oğurluq etməsinə dair videomüşahidə kameralarının görüntüləri olan 01 ədəd DVD diski maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, 24 noyabr 2021-ci il tarixdə ********* nömrəli cinayət işinin materiallarından təqsirləndirilən şəxs X5 barəsində Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 08 sentyabr 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və o, törətdiyi cinayətlərə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməllərdən peşman olmasını, cinayət nəticəsində dəymiş zərəri qismən ödəməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli tutulduğu 11 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - Təqsirləndirilən şəxs 11 avqust 2021-ci il tarixdə Xəzər rayonu Zirə qəsəbəsində yerləşən "xxxx"dən oğurluq etməsinə dair videomüşahidə kameralarının görüntüləri olan 01 ədəd DVD diski hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nə dəymiş 1400,00 (bir min dörd yüz) manat maddi ziyanın 690,00 (altı yüz doxsan) manat hissəsinin ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxslər tərəfindən müxtəlif məbləğlərdə maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxsə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, həmin zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 40 iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 20 saat) cəmi 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu 11 sentyabr 2021-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Təqsirləndirilən şəxs 11 avqust 2021-ci il tarixdə Xəzər rayonu Zirə qəsəbəsində yerləşən "xxxx"dən oğurluq etməsinə dair videomüşahidə kameralarının görüntüləri olan 01 ədəd DVD diski hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. İş üzrə zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nə dəymiş 1400,00 (bir min dörd yüz) manat maddi ziyanın 690,00 (altı yüz doxsan) manat hissəsinin ödənilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB**********1700266117, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar